• şənbə, 21 Dekabr, 21:23
  • Baku Bakı 9°C

Lökbatan sakinləri suya həsrət qalıb - PROBLEM

10.12.22 04:00 6569
Lökbatan sakinləri suya həsrət qalıb - PROBLEM

İcra hakimiyyəti susur, icra nümayəndəsi sualı cavablandırmaqdan yayınır, “Azərsu”dan isə deyirlər ki, problemin səbəbi ərazidə əhalinin plansız məskunlaşmasıdır. Həmin ərazidə mərkəzləşdirilmiş su şəbəkəsi qurulmasa, əhalinin su təchizatını yaxşılaşdırmaq, mövcud problemi həll etmək mümkün deyil.

Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv, 3, 4 və 5-ci küçənin sakinləri redaksiyamıza müraciət edərək üzləşdikləri su çatışmazlığından şikayətləniblər. Vətəndaşların sözlərinə görə, yaz,yay və payız aylarında 1-ci massivdə yaşayan sakinlərin evlərinə lazımi qaydada su verilmir. Onlar bu problemlə bağlı Qaradağ Sukanal İdarəsinə dəfələrlə müraciət etdiklərini, lakin heç bir müsbət dəyişiklik olmadığını söyləyiblər.

Qış fəslinə qədəm qoyulsa da, normal təzyiqlə su yoxdur

Sakinlərin iddiasına görə, sukanal idarəsindən ərazidə məskunlaşmanın artdığını, əhalinin çoxaldığını əsas gətiriblər. Həmçinin qeyd ediblər ki, su xətlərinin istismar müddəti keçib, xətlər köhnəlib. Məhz buna görə həmin su xətlərinə təzyiqlə su vurmaq qeyri-mümkün olur. Nəticədə də Lökbatan qəsəbəsinin 1-ci massivindəki evlərin su təchizatında problemlər yaşanır. Sakinlər iddia edir ki, rayon sukanal idarəsinin vətəndaşlara söylədikləri yalnız bəhanədir. Onların qənaətincə, bu ilin yay ayına qədər yaşadıqları massivdə indiki kimi su çatışmazlığı yaşanmayıb. Buna başlıca səbəb sakinlərə gələn suyun ayrı-ayrı yaşıllaşdırma təsərrüfatlarına yönəldilməsidir. Massivdə yaşayanlara yaz və yayda gün ərzində gecə 2-3 radələrində cəmi 1-2 saat arası zəif təzyiqlə su verilir, sonra tamam kəsilir. Kim gecə oyaq qalıb su ehtiyatını götürdüsə, gün ərzində onun içməyə bir qab suyu olur, kim gecikdisə, su tələbatını ödəmək üçün gün ərzində ya ona-buna möhtac qalır, ya da əlavə pul xərcləyib su alır. Sakinlər deyir ki, yaz, yay, payız bitib, qış fəslinə qədəm qoyulsa da, Lökbatan qəsəbəsinin 1-ci massivinə hazırda da normal təzyiqlə su verilmir. Redaksiyamıza müraciət edən Lökbatan sakinləri deyir ki, problemlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 955 “Qaynar xətti”nə dəfələrlə zəng vurub şikayətlərini çatdırıblar. Amma bu da onların su çatışmazlığı probleminin həllinə kömək etməyib.

İcra hakimiyyəti və icra nümayəndəliyi susur

Lökbatan sakinlərinin üzləşdiyi problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin elektron ünvanına ([email protected]) oktyabrın 10-da sorğu göndərsək də, heç bir cavab ala bilmədik. Məcbur qalıb İcra başçısının Lökbatan qəsəbə nümayəndəliyi ilə telefon əlaqəsi saxladıq. İcra nümayəndəsi ilə danışıb rəsmi mövqe öyrənmək istədik. Lakin bu cəhdimiz də uğursuz oldu. Telefon zəngimizi cavablandıran xanım əməkdaş icra nümayəndəsinin ərazidə olduğunu əsas gətirərək, problemlə bağlı hər hansı məlumat verə bilməyəcəyini söylədi. O, telefon nömrəmizi, çalışdığımız media qurumunun adını qeyd edərək, icra nümayəndəsi gələn kimi məlumat verəcəyini, bizimlə dərhal əlaqə saxlanılacağını vurğuladı. Amma günlər keçsə də, nə icra nümayəndəsi ərazidən qayıda bildi, nə də bizimlə əlaqə saxlanıldı. Rayon ərazisindəki problemlərə biganə yanaşan İcra hakimiyyəti aparatı, həmçinin Lökbatan qəsəbə nümayəndəliyi jurnalistin sorğusuna da eyni münasibəti sərgilədi.

Problemdən yeganə çıxış yolu

Lökbatan sakinlərinin şikayətini araşdırmaq üçün “Azərsu” ASC-yə də müraciət etdik. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, yay aylarında Lökbatan qəsəbəsinin qeyd olunan ünvanında su təchizatında həqiqətən problem yaranır. Onun sözlərinə görə, problemin kökündə mərkəzləşmiş su şəbəkəsinin olmaması dayanır: “Yeni massivdə yaşayan sakinlər vaxtilə öz aralarında yığışıb fərdi qaydada su xətləri çəkdiriblər. Hazırda isə həmin ərazidə yaşayış çoxalıb, sakinlərin sayı artıb. Diametri kiçik olan su xətləri massivdəki bütün vətəndaşların su tələbatını ödəmir. Su təzyiqlə verilsə də, ən axır nöqtələrə gedib çıxmır. Belə hal Lökbatanda, yarımçıq qalmış xəstəxana binasının ətrafında, qəbiristanlığın yaxınlığında olan ərazilərdə yaşanır. Bu problemdən “Azərsu” ASC-nin məlumatı var. Həmin ərazidə mərkəzləşdirilmiş su xətti, su şəbəkəsi qurulmasa, əhalinin su təchizatını yaxşılaşdırmaq, mövcud problemi həll etmək mümkün deyil. Yeganə çıxış yolu həmin ərazidə mərkəzləşdirilmiş şəbəkənin qurulması, yeni magistral su kəmərinin və paylayıcı şəbəkənin tikilməsidir”.

Təkliflər hökumətə təqdim olunub

Mətbuat katibi söylədi ki, qeyd edilən problemlə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri sözügedən ərazilərdə olub, baxış keçirilib, müvafiq təkliflər hazırlanaraq hökumətə təqdim olunub: “Bu problemin birdəfəlik həlli üçün təkliflərimizi Nazirlər Kabinetinə vermişik. “Azərsu” ASC olaraq biz istəsək də, nəinki indi, eləcə də yaz-yay aylarında qeyd olunan ərazilərə su verə bilmirik. Çünki şəbəkə vətəndaşlar tərəfindən primitiv səviyyədə qurulub. Oradakı su borularının diametri kiçikdir. Bu da suyun hər yerə çatdırılmasına imkan vermir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər