Lənkəran səhnəsinin Qızılgülü - Fotolar

Lənkəran Dövlət Dram Teatrının aktrisası Qızılgül Quliyeva 37
ildir ki, bu kollektivdə çalışır. İstedadlı aktrisa müxtəlif səpkili obrazların
müəllifidir. Deyir ki, Lənkəran Teatrı onun ikinci ailəsidir. Qızılgül xanım bir çox film və seriallarda da
rol alıb. "My name is İntiqam”da İntiqamın anası,"Çay dəzgahı”nda qadın,
"Həyat varsan”da həkim, "Günəşim ol”da Gülzar obrazlarını canlandırıb. Hazırda "Xəzər”
telekanalında yayımlanan "Xalxın evi”
serialında qaynana obrazını canlandırır.
- Gözəl adınız var. Cənub
bölgəsində güllə bağlı adlar sanki üstünlük təşkil edir.
- Təşəkkür edirəm, adımı rəhmətlik böyük bacım qoyub. Lənkəranda nadir
adlardandır.
- Sizi gülə bənzədənlər
olubmu?
- Uşaqlıqdan yanaqlarım qırmızı olub. Danışan kimi yanaqlarım
qızarardı. Deyirdilər ki, adı üstündədir gül kimi qızarır (gülürük).
-
Sizi Lənkəran Teatrının qızılgülü hesab etmək olarmı?
- Olar (gülürük). Filologiya
elmlər namizədi Mirhaşım Talışlı bir dəfə mənə şeir yazmışdı, orada məni Lənkəran
səhnəsinin Qızılgülü adlandırmışdı.

- Teatrla yolunuz necə
kəsişdi?
- Teatrda çalışmaq, aktrisa olmaq uşaqlıq arzum idi. Mən kənddə böyümüşəm. O vaxt Lənkəranda yerli aktrisalarımız
az idi. Demək olar ki, qadın aktrisa qıtlığı var idi. Səhnəyə çıxacaq xanım kadrlarımız
yox idi. Uşaq yaşlarımdan teatrı çox sevirdim. Hətta orta məktəbdə tədbirlərdə
aparıcılıq edir, şeirlər deyirdim. Hər kəs mənə "sənin yerin səhnədir” deyirdi.
Qismət elə gətirdi ki, elə yerimə də düşdüm və səhnəyə çıxdım. Niyyətim hara
idisə, mənzilim də ora oldu.
- Qeyd etdiniz ki, teatra
gələndə yerli kadr qıtlığı var idi. Lənkəranın mühafizəkar bir bölgə olduğunu
nəzərə alsaq, bir xanım aktrisa olaraq hansı çətinliklərlə üzləşdiniz? Ailə və
cəmiyyət tərəfindən qınaqlara tuş gəldinizmi?
- Çox şükür ki, özəl həyatımda bu çətinliklərlə üzləşməmişəm. Ailəmdən
heç bir qınaq görmədim. Ancaq çevrəmdəki insanlar bir az bunu yaxşı
qarşılamadılar. Lənkəran Teatrında məndən əvvəl yeganə aktrisa Şahnaz xanım idi.
O da teatrımıza şəhərdən gəlmişdi. Mən isə teatra elə kənddən
gəlmişdim. Çətin olsa da, arxamda valideynlərim dayanmışdı. Bu, mənə kömək
olurdu. Onlar mənə mane olmayıblar.

- 37 ildir ki, Lənkəran Teatrında çalışırsınız. Başqa teatrı getməyi düşünübsünüz?
- Mən Lənkəranda böyümüşəm, burda yaşamışam, həyatımın ən gözəl
illəri, çağları məhz burada keçib. Vətənimə, torpağıma bağlı insanam. Bəlkə
başqa bir yerdə böyüsəydim oranın mühitini götürərdim. Bu barədə düşünməmişəm
belə.
- Lənkəran Teatrının yeri,
həyatınızdakı rolu nədən ibarətdir?
- Bu teatr həyatımın mənasıdır. Mən teatrla nəfəs alıram.
Kollektivimiz mənim ailəmin bir parçasıdır. Günümü çoxu teatrda keçir. Gəncliyim,
yeniyetməliyim burada keçib, indi də burdayam. Teatrımızda səmimiyyət,
mehribançılıq var. O köhnə qayda-qanun indiyə qədər qorunub saxlanılır. Belə
ki, teatrımızda böyüyə hörmət, diqqət, qayğı var. Bizim teatr mühitimiz
fərqlidir, digər teatrlar kimi deyil.
Ona görə, hesab edirəm ki, Lənkəran Teatrında işləməyə dəyər.

- 37 il heç də az rəqəm deyil.
O ildən bu ilə teatrda nələr dəyişib?
- Əslində o ildən bu ilə elə
də çox fərq yoxdur. Sadəcə, nəsil dəyişib. Yeni simalar gəlib. Müxtəlif
rejissorlar gəlir, müxtəlif səpkili tamaşalar hazırlanıb və sair. Əvvəlki
sistem, ədəb-ərkan qaydaları hələ də teatrımız tərəfindən qorunub saxlanılır.
- Sizi "My name is İntiqam”
filmində gördük, "Günəşim ol” serialında sevdik. İndi də "Xalxın evi”
serialında qəddar qaynana obrazını canlandırırsınız.
- Serialın, bizim tanınmağımızda rolu böyükdür. Ancaq teatrın yeri
başqadır. Çıxıram küçəyə, məni rolumun adı ilə çağırırlar. Teatr canlı
sənətdir.
- Filmlərdə və seriallarda sizə ancaq qəddar
qaynana obrazı həvalə edirlər. Sizcə, bunun səbəbi nədir?
- Bəli, filmlərdə mənə xarakterimə uyğun olmayan obrazlar həvalə
ediblər. Məhz bu səbəbdən də, mənə nifrət edirlər. Elə hesab edirlər ki, əgər
filmdə qəddar bir ananı oynayıramsa, yəqin həyatda da eləyəm. Çox istərdim ki,
kino sahəsində fərqli obrazlar oynayım. Hətta elə olur ki, yolda məni görəndə deyirlər
ki, niyə belə obrazlar canlandırırsınız? Onlara deyirəm ki, rejissorlar məni
belə görür. İstəyirəm ki, məni başqa cür
tanısınlar.Filmdən fərqli olaraq, teatrda hər cür rol oynamışam. Kinoda sənə nə
verirlərsə, onu da oyanmalısan. Ona görə, teatrı daha çox sevirəm. Teatr başqa dünyadır.
Teatrda xarakterli rollar oynayıram. Tamaşalarıma baxmayanlar elə bilir ki,
ancaq qəddar rollar oynaya bilərəm.

- Ancaq qəddar qaynana
rolunu o qədər məharətlə canlandırırsınız
ki, tamaşası elə hesab edir ki, bu obraz məhz sizin əyninizə biçilib.
- Bəlkə də elədir. Tamaşaçılar mənə nifrət edir. Yəqin yaxşı oynamışam ki, haqqımda belə
düşünürlər. Hərçənd ki, mənə xas olan bir rol deyil.
- Teatrda müxtəlif obrazlar
canlandırıbsınız. Lənkəranda teatrında formalaşmış, peşəkar aktrisasınız. Epizodik rol oynayarsınız?
- Mənim üçün rolun fərqi yoxdur. Bizim teatrda lazım olsa, epizodik rol da oynayaram və oynamışam da.
Əgər teatrda ona ehtiyac varsa, niyə də oynamayım? Mən də epizodik rollar ifa etmişəm, onları da
elə oynamışam ki, əsas qəhrəmandan daha çox alqış almışam. Mənim üçün fərqi
yoxdur, əsas səhnədir.
-
Rejissorlarla rol bölgüsü edibsiniz?
- Heç vaxt. Rolun böyüyü-kiçiyi
yoxdur. Aktrisa elə oynamalıdır ki, kiçik bir rol ilə də yaddaşlarda qalmağın mümkün olduğunu sübut
etsin.
- Teatra gələn gənc
aktyorlara nə məsləhət görürsünüz?
Onlarla təcrübələrinizi bölüşürsünüzmü?
- Gənclərə məsləhət görürəm ki, teatrı, səhnəni sevsinlər. Teatra nəyinsə
xətrinə gəlməsinlər. Hər şey pulun başında deyil. Teatr elə bir yerdir ki, onu
sevməsən, çalışmaq mümkün deyil. Hər çətinliyinə dözə bilmək üçün sevgi, arzu
mütləqdir. Belə olanda hər bir çətinliyə dözmək mümkün olur. Gərək bu sevgi
insanın içində olsun.
- Bu illər ərzində teatrda qalıbsınızsa, demək
ki, teatrı sevibsiniz.
- Hər çətinliyə dözüb qalmışıq.
Ömrünü teatra həsr etmək, orada çalışmaq hər aktyorun işi deyil. Biz barmaqla
sayılası adamlarıq. Teatrı sevən adam orda axıra qədər qalır.
-
Lənkəran Teatrının özəlliyi nədir?
- Kollektivin mehriban mühiti,
isti münasibət, qayğı, sevgi, hörmət... Biz gecə-gündüz işləyirik. Passiv oturmuruq. Bir
də, ən çox qastrola gedən teatrlardanıq. Bizim teatrın saytına baxsanız
görərsiniz ki, il ərzində ən çox qastrol səfərlərinə gedən teatrıq. Qastrollara,
festivallara hələ də dəvətlər alırıq. Dünyanın bir çox ölkələrini gəzmişik.
Bunun özü belə, bizi fərqli edir. Hələ də dəvətlər alırıq.
- Bu günü tamaşaçıları
səhnədə daha çox nəyə baxmaq istəyir?
- Hərdən deyirlər tamaşaçı bezib, ancaq komediyaya baxmaq istəyir.
Əslində belə deyil. Tamaşaçı yaxşı tamaşaya acdır. Teatra gəlirsə, nəyəsə baxıb,
düşünmək istəyir. Ötən il "Korlar”
tamaşası ilə isbat etdik ki, yaxşı tamaşaya baxılır və sevilir. Tamaşanı
hazırlayarkən düşünürdük ki, tamaşaçı bunu bəyənməyəcək. Ancaq
düşündüyümüz kimi olmadı. İndi bu tamaşa teatrımızın repertuarında ən çox
baxılan və izlənilən tamaşalardandır. Bizim tamaşaçı, düşündürən, insana zövq verən
yaxşı tamaşalara baxır. İstər komediya
olsun, istər dram. Lənkəran tamaşaçıları
teatrı sevirlər. Uşaqlıqdan teatra gəlirlər, onları aldatmaq olmur.
- Uzun müddətdir teatrdasınız.
Bundan sonra hansı obrazları oynamaq
istəyərsiniz?
- Teatr səhnəsində hər cür obraz oyanışam. Bütün rejissorlarla
işləmişəm - xarici, yerli öz teatrlarımızın rejissorları ilə də. O tamaşaların hər birində müxtəlif səpkili
obrazlar canlandırmışam. Onun üçün içimdə nisgili olan obraz yoxdur. İstəyərdim
ki, müharibə mövzusunda içimi, daxili hisslərimi çıxaran obraz oynayım. Düzdür, bu mövzuda
obraz canlandırmışam, amma yenə də
oynamaq istəyərdim. O vaxt belə bir
obraz canlandıranda cavan idim, ana obrazı oynayırdım. İndi bir az yaşlanmışam, yenidən ana rolunu
oynamaq istəyərdim. Bəlkə də zamanında aktrisalarımız az olub deyə, cavan vaxtı
ana rolunu oynamışam. Daxilimi təlatümə gətirən hissləri çıxartmaq istəyirəm.
-
Teatra hansı hisslərlə gəlmişdiniz?
- Teatra gələndə səhnəyə çıxıb, tamaşaçı qarşısına keçməyin
həyəcanını yaşayırdım. O hisslərlə indiki hisslər də bir deyil. Yaşlandıqca,
daha dərin düşünməyə başlayırsan. Səhnəyə çıxmağın özü böyük bir şeydir.... Qoy
o hisslər məndə qalsın.
-
Geriyə baxanda peşmançılıq hissi keçirirsinizmi?
- Keçirmirəm. Bəlkə də burda olmalı imişəm. Uşaqlıdan nə istəmişəmsə,
o da olub. Heç nə itirməmişəm. Geriyə baxanda utanmalı və peşman olası heç nə
etmədiyimi görürəm. Yerimdəyəm.
Xəyalə Rəis
