AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Koronavirusa inanmıram” düşüncəsinin yaratdığı təhlükə

“Koronavirusa inanmıram” düşüncəsinin yaratdığı təhlükə

Siyasət
03 İyun 2020, 18:07 1388
Ekspertlərin fikrincə, hər bir vətəndaş yanlış təbliğata uymamalı və dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməlidir
 
Karantin qaydaları yumşaldıldıqdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusa yoluxanlarla bağlı açıqladığı rəqəmlərdə artım müşahidə olunur. Yoluxmadakı artımın əsas səbəbi isə vətəndaşların mövcud qaydalara əməl etməməsindən irəli gəlir.
Ölkənin baş infeksionisti Cəlal İsayev mövcud vəziyyətlə bağlı bildirib ki, yoluxma sayı arta da bilər, azala da və ölüm halları da olacaq: "Bunlar hamısı gözləniləndir. Ancaq vacib məqamlardan biri də budur ki, insanların məsuliyyəti yoxdur. Karantin qaydalarına, sosial təcridə riayət etmirlər. Ona görə də yoluxma halları artır”.
Maraqlı məqam ondan ibarətdir ki, bəzi sosial şəbəkə istifadəçiləri koronavirus infeksiyasının olmadığını təbliğ edirlər. Təbii ki, bu da insanlar arasında sosial məsuliyyətsizliyə gətirib çıxarır. Nəticə də isə sanitar-gigiyenik qaydalara, sosial məsafəyə əməl etməyən insanlar arasında kütləvi şəkildə yoluxma sayı artır. Bəs görəsən, insanlar koronavirusun olmasına niyə inanmır və ya inanmaq istəmir?
 
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan ilk gündən virusla mübarizə sahəsində ən aktiv və operativ qərar qəbul edən ölkələrdən biri oldu: "Prezident İlham Əliyev bir neçə mühüm və vacib sərəncam imzaladı. Fond yaradıldı, əhaliyə maliyyə yardımları göstərildi, ərzaq paylanıldı. Prezidentimiz, həmçinin Birinci vitse-prezident bir neçə dəfə xalqa müraciət etdi. Bu işlərin nəticəsi olaraq xəstəliyə tutulan insanların sayı daha az oldu.    
Azərbaycanın həyata keçirdiyi tədbirlər, hətta bir sıra ölkələr tərəfindən nümunəvi model kimi qəbul edildi. Ölkəmiz bir neçə dövlətə virusla mübarizədə dəstək oldu. Bütün bunlar ölkəmizin nüfuzunun həm regionda, həm də dünyada daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf ki, məsələyə bəzi vətəndaşlarımızın laqeyd və biganə yanaşması pozitivliyi sona kimi qoruyub saxlamağa imkan vermədi. Reallıq ondan ibarətdir ki, virusun daha geniş yayılmaması hər birimizdən asılıdır. Ona görə, hamı səfərbər olmalı, qaydalara tam əməl etməlidir. O zaman virusla mübarizədə daha səmərəli mübarizə apara bilər, daha çox vətəndaşımızı qoruya bilərik.  
Bir daha vətəndaşlara səslənərək daha diqqətli və ehtiyatlı olmağa çağırıram. Əks halda dövlət daha sərt qərarlar qəbul etməyə məcbur ola bilər. Hər şey özümüzdən asılıdır. Məsuliyyətli olduqca, hər şey qaydasında gedəcək. Qaydalara əməl etməsək, daha ciddi problemlərlə üzləşəcəyik”. 
C.Məmmədov qeyd etdi ki, dövlətin əsas məqsədi öz vətəndaşlarını qorumaq, onlara dəstək olmaqdır: "Ona görə, vətəndaş da dövlətinin yanında olmalı, tapşırıq və tövsiyələrini yerinə yetirməlidir. Vətəndaş həmrəyliyi və birliyi olduğu təqdirdə, nəticələrimiz daha yüksək ola bilər. Təəssüflə onu da qeyd edək ki, aparılan bütün təbliğata və maarifləndirmə işlərinə baxmayaraq, bəzi insanlar məsələyə məsuliyyətsiz yanaşır və bir sıra hallarda yanlış təbliğat aparırlar. Guya virus yoxdur, hansısa qlobal güclərin növbəti siyasi oyunlarından söhbət gedir. Heç şübhəsiz ki, bu da bəzi insanlarda arxayınlıq və rahatlıq yaradır. Nəticədə isə virus daha geniş yayılır, daha çox insan yoluxur.
Onu qeyd edim ki, bu gün dünyada çox ciddi qlobal proseslər gedir. Bir sıra ölkələr bu sınaqdan üzüağ çıxa bilmədi. İnsanlar küçədə qaldılar, xəstəxanalarda yer olmadı, zəruri tibbi ləvazimatlar tapılmadı. Azərbaycan isə vəziyyətdən tez çıxmaqla yanaşı, 13 ölkəyə dəstək oldu, yardım göstərdi. Sevindirici haldır ki, özünə qapanmadı, bir neçə videokonfrans formatında tədbirlər təşkil etdi. Hər zamankı kimi nümunəvi model və eləcə də ölkə başçısının timsalında liderlik keyfiyyətlərini nümayiş etdirdi.
İlk günlər insanlarımız virusla mübarizədə daha ehtiyatlı və diqqətli olmağa çalışdılar. Təəssüf ki, sonrakı dövrdə məhz yanlış fikirlər üzündən insanlarda sərbəstlik və rahatlıq müşahidə olunmağa başladı, nəticədə virusa yoluxanların sayında ciddi artım baş verdi.
Nəzərə almalıyıq ki, bu gün dünyada virusun ikinci və üçüncü dalğalarından söhbət gedir. Ona görə, hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq. Bu gün dövlətimiz milli təhlükəsizliyimizi və vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün zəruri addımları atır. Vətəndaşlarımız isə çox diqqətli olmalı, özlərini qorumalıdırlar. 
Ona görə, hər birimiz yanlış təbliğata uymamalı və dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməliyik. Əks təqdirdə çox ciddi problemlərlə üzləşə bilərik. Əminik ki, ölkəmizdən, eləcə də, digər dövlətlərdən qara buludlar tezliklə çəkiləcək və insanlar yenidən normala həyata dönəcəklər. Bunun üçün hər birimiz çalışmalıyıq, özümüzü və yaxınlarımız qorumalıyıq”.
 
 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov bildirdi ki, pandemiyanın dünyada yayılması anından başlayaraq Azərbaycan dövləti, başda cənab Prezident olmaqla virusun qarşısının alınması üçün çevik addımlar atdı, bütün ölkələrə nümunə olacaq qərarlar qəbul edildi: "Çox sevindirici haldır ki, bu qərarlar öz müsbət nəticəsini verdi və ölkəmizdə yoluxma kütləvi hal almadı. Lakin, karantin qaydaları yumşaldıqca, çox təəssüf ki, vətəndaşlarımız sosial məsafə saxlamamaqla, maska taxmamaqla virusun yayılmasına zəmin yaratdılar. Son günlər yoluxmanın sayının artmasının əsas səbəblərindən biri məhz vətəndaş məsuliyyətsizliyidir. Digər vacib məqamlardan biri də insanlarımızın bu virusla bağlı yanlış düşüncələridir. Sosial şəbəkələrdə bəzi "maraqlı qrupların” apardığı müzakirələr insanların düşüncəsində virusun olmaması ilə bağlı reallıqdan uzaq fikirlər formalaşdırır. Hesab edirəm ki, görülən tədbirlərlə yanaşı, bu istiqamətdə maarifləndirmə işləri artırılmalıdır”. A.Xəlilov vurğuladı ki, dövlət uzun müddət insanları təcrid vəziyyətində saxlaya, eləcə də, iqtisadiyyatı tam dayandıra bilməz: "Bu, daha ağır nəticələrə gətirib çıxara bilər.
Bir vacib məsələ də insanların psixoloji durumu ilə bağlıdır. Uzun müddət sərt karantin qaydaları insanlara çox pis təsir edir ki, bu da koronavirus qədər problemli məsələdir. Hesab edirəm ki, dövlət tərəfindən atılmış addımlar bizi böyük təhlükədən qorudu. İndiki durumda isə biz vətəndaşlar məsuliyyət hissimizi dərk edib dövlətə yardımçı olmalıyıq. Bizdən çox da ağır şərt tələb olunmur, sadəcə mövcud qaydalara əməl etməliyik. Bu virusun nə vaxt qurtaracağı və vaksinin nə zaman hazır olacağı bilinmir, ona görə də, bunu həyatımızın bir hissəsi kimi qəbul edib, qorunmalıyıq. Əks təqdirdə, kütləvi yoluxma olarsa, bizim hər birimiz, eləcə də səhiyyəmiz üçün ağır durum yaranacaq. Artıq tibbi maskalarla bağlı cərimələr tətbiq olunur. Lakin müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, yenə də insanlar etinasızlıq edir. Bir daha bütün vətəndaşlarımızı məsuliyyətə dəvət edirəm və bəyan edirəm ki, koronavirus var. Dövlət nə lazımdırsa edir, çalışaq, görülən işlər hədər getməsin. Həkimlərimizi də düşünməliyik, artıq onlar da yorulub aylarla evlərinə gedə, ailələrini görə bilmirlər, uşaqlarına həsrətdirlər. Bu gün səhiyyəmiz, həkimlərimiz buna tab gətirir, sabah isə başqa problemlər ortaya çıxa bilər. Ona görə də, hər birimiz düşünək və qaydalara əməl edək”.
 
 
"Azpost.info” internet qəzetinin baş redaktoru Xəqani Səfəroğlunun fikrincə, bu məsələdə SSRİ faktorunun müəyyən izi qalıb: "Xalqın 60 faizindən çoxu sabiq sovet vətəndaşlarıdır. Azərbaycanda son 80 ildə kütləvi epidemiya baş verməyib. Lokal yoluxma faktları isə sovet rəhbərliyi tərəfindən gizlədilib və adamlara bildirilməyib. Adamlar epidemiyanın ancaq Afrikada olduğunu eşidiblər. Bu baxımdan insanlar yoluxma barədə məlumatlara skeptik yanaşırlar.
Halbuki, 2 ay əvvəl koronavirusla bağlı məlumatlara istehza ilə yanaşanlar bu gün tanıdıqlarının, qonşusunun, ətrafının bu virusa yoluxduğunu təəssüflə yazırlar. Məncə, yoluxma budur. Dövlət bunun qarşısını almağa çalışırdı”. 
X.Səfəroğlu bildirdi ki, pandemiya xalq arasında səhiyyə və sağlamlıqla bağlı kütləvi maarifləndirici işin zəif nöqtələrini üzə çıxartdı: "Bu yöndəki layihələr "quş qoymaq” xətrinə olmamalıdır. Qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə qurumları, dövlət qurumları səhiyyə ilə bağlı cəmiyyət arasında təbliğatın yeni formalarını axtarmalıdırlar. Bu, həm də dövlət təhlükəsizliyi məsələsidir.
Azərbaycanlıların sağlamlıq məsələlərinə münasibəti də öz sözünü deyir. Sosial vəziyyəti ağır olan vətəndaşlar işə getmək, çörək pulu qazanmaq xətrinə özlərini "virus yoxdur” şirin yalanına inandırmaq istəyirlər. Fikrimcə, bu məsələdə "vətəndaş inanır, inanmır” tezisini bir kənara qoymaq lazımdır. Dövlətin bu baxımdan epidemiyaya qarşı tətbiq etdiyi qaydalar doğrudur. İnsanlar hər şeyi bilə bilməz. Burada yalnız doğru informasiya və cəmiyyətin səfərbər edilməsi əsas köməkçi sayıla bilər”.
 
BƏXTİYAR