Könül Vəlibəyli: “Moda hər 50 ildən bir tükənir və yenidən doğulur”
Martın 15-də Bakı Milli Geyim Evinin 10 yaşı tamam
olacaq. Bu 10 ildə Milli Geyim Evi bir çox layihələr reallaşdırıb. Teatrlarda
aktyorları geyindirdi, Azərbaycan Dövlət Akademik Rəqs Ansamblının milli
geyimlə təmin etdi, tədris mərkəzi fəaliyyətə başladı, gəncləri ətrafına yığıb,
onlara bu sənətin sirlərini öyrətdi, "Sara Xatun” jurnalını çap etdirdi.
Bununla da kifayətlənmədi, beynəlxalq müstəvidə milli geyimlərimizi təqdim
etməyə başladı. Dünyanın bir çox
teatrlarında nümayiş olunan "Arşın mal alan” tamaşasında aktyorları geyindirdi.
Bu gün isə 10 yaşını qeyd edən Geyim Evi bir akademiyaya çevrilib. Geyim
Evinin rəhbəri Könül Vəlibəyli ilə görüşüb, bu 10 ildə qət etdikləri yola işıq
saldıq.
- Könül xanım, Bakı Milli
Geyim Evinin 10 illik yubileyinə necə hazırlaşırsınız?
- Geyim evimizin 10 illik yubileyində
hər il keçirdiyimiz "Ənənədən gələcəyə” adlı dəfiləmizdə ən çox sevilən,
müraciət olunan geyimlərimizi nümayiş etdirəcəyik. Yubileyə çox böyük həvəslə hazırlaşırıq.
İnanıram ki, çox gözəl 10 illik hesabatımız olacaq.
Bakı Milli Geyim Evi bir geyim evi statusundan çıxaraq, artıq bir məktəbə
çevrilib. Bu gün Geyim Evində tədris mərkəzi fəaliyyət göstərir. Dünyanın öndə gedən
ali təhsil ocaqları ilə əməkdaşlıq edirik. Orada öyrəndiyimiz yenilikləri, təcrübələri
həyata keçiririk. Geyimlərimizə, tələbələrimizə daha həssas, daha diqqətli yanaşırıq.
Addımladıqca, işin nə qədər çətin və məsuliyyətli olduğunu görürəm. Bizi bu 10 ildə
sevib, hər il bizimlə olan, bizi qəbul edən böyük bir çevrə formalaşıb. Onlar
bizə inanır, dəstəkləyir və işlərimizi bəyənirlər.
- 10 yaşlı Bakı Milli Geyim Evini necə xarakterizə edərdiniz?
- Geyim Evini yaradanda onun insanlar tərəfindən bu qədər
seviləcəyini gözləmirdim. İşimə sevgi ilə, ürəklə yanaşıram. Ondan heç bir qarşılıq gözləmirəm. Bacardığım qədər insanlara, cəmiyyətə yararlı
olmağa çalışıram. Bu gün Bakı Milli Geyim
Evi dünyanın ən öndə gedən ölkələrində sərgilər təşkil edir. Dünyanın prestijli
teatrlarında nümayiş olunan "Arşın mal alan”
tamaşasının, Azərbaycanın böyük teatrlarında tamaşaların, Dövlət Rəqs Ansamblının,
Gəncə Rəqs Ansamblının, Göygöl Rəqs Ansamblının geyimlərini hazırlayır. Xarici ölkələrdə
fəaliyyət göstərən təşkilatlara, səfirliklərə, xaricdə təhsil alan gənclərə hər
il Novruz bayramı ərəfəsində 70-80-ə yaxın geyimlər təhvil veririk. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaradılmış tədris mərkəzimiz
artıq universitetlərin geyim üzrə tədris
ocağına çevrilib. Moda və dizayner ixtisasına yiyələnən 3 və 4-cü kurs tələbələri
bizə təcrübəyə gəlirlər. Bu o deməkdir ki, bu illər ərzində nəsə əldə etmişik
ki, onlar bizdən öyrənməyə çalışırlar. İnanıram
ki, bu 10 ildə qazandığımız etimadı, uğuru ikinci 10 ildə beynəlxalq universitetlərdə
və beynəlxalq moda aləmində də yüksək səviyyədə təqdim edəcəyik.
- Dünyanın bir çox ölkələrində
- Tacikistanda, Özbəkistanda milli geyimlərdən
gündəlik geyim kimi yararlanırlar. Sizcə, biz öz milli geyim ənənələrimizi qoruyub
saxlamağı bacarmışıq?
- Elə xalqlar var ki, onlar olduqları yerdədir. Ancaq biz və inkişaf
etmiş ölkələr daima yeniliyə, inkişafa, müasirliyə, günün nəbzinə ayaq
uydurmağa çalışırıq. Böyük İpək Yolu Azərbaycandan keçdiyi üçün tarixən, elə
günü bu gün də bir çox mədəniyyətlər məhz
Azərbaycandan keçir. Belə ki, hər millətin, xalqın, dövlətin bütün gözəl
ənənələrini görmüşük, o gözəlliklərdən özümüzə nələrsə götürmüşük. Dünyadakı bütün
yenilikləri, inkişafı gördüyümüz üçün hər bir yenilikdən xəbərdarıq. Bu gün gənclərimiz
də moda aləmində baş verən yeniliyə meyillidirlər. Beynəlxalq arenaya çıxırlar,
özlərini inkişaf etdirirlər.
Hazırda gündəlik həyatda milli geyimlərimizi istifadə etmək həqiqətən
gülməli olar. Bizim milli geyimlərimiz o qədər zəngin, dəbdəbəli, bəzəklidir ki, onları gündəlik həyatımızda istifadə
edə bilmərik. Adlarını qeyd etdiyiniz həmin xalqlar gündəlik həyatlarında istifadə etdikləri milli geyimlərin forması
sadədir. Ancaq bizim milli geyimlərin gözəl kəsimləri var, misal üçün bir geyimdə
beş aksesuarımız olur. Onun arxalığı, ətəyi, köynəyi, araqçını, kəlağayısı, donu
və s. geyimlərimizə gözəllik qatır. Belə geyimi gündəlik həyatda daşımaq mümkün
deyil. Sevindirici haldır ki, biz gündəlik geyimlərimizdə öz kəlağayımızdan istifadə
edirik. Bu gün qədim arxalıqlarımızı gündəlik həyatda istifadə edə bilirik. Bəzi
incəsənət nümayəndələri gündəlik geyimlərində araqçınlardan istifadə etməyə başlayıblar.
Hər bir şəxsiyyət, incəsənət nümayəndələri öz üslubunda milli dəyərlərə xas elementlər
daşıyır. Bu gün məktəblərdə müxtəlif tədbirlər keçirilir. O zaman valideynlərimiz
övladlarına milli geyimlər geyindirirlər. Bu məni çox sevindirir. Çünki körpələrimiz
uşaq yaşlarından milli geyimləri tanıyarsa, o deməkdir ki, biz milli geyimlərimizi
gələcək nəslə də ötürürük. Uşaqlarımız milli geyimlərimizə sevgi ilə yanaşaraq
böyüyürlər. Nə yaxşı ki, orta yaşlı insanlara bu geyimlərin sadəcə, rəqs və müğənni geyimləri
olmadığını sübut edə bilmişik.
- Milli geyimləri "rəqs və müğənni geyimi” kimi
qiymətləndirənlər də var?
- Biz bu geyim evini yaradanda xanımlarımızla milli geyimdə bir
layihə etmək istəyirdik. Onlara müraciət edəndə dedilər ki, biz müğənni-zadıq bəyəm, milli geyim
geyinək? Ancaq bu gün millət vəkillərimiz, səfirlərimiz, səfirlərin xanımları, bir
çox ictimai fəallarımız milli geyim geyinərək tədbirlərdə iştirak edirlər. Bu da
o deməkdir ki, biz milli geyimlərimizi sevməyə, onu təmsil etməyə, tanıtmağa, varlığını
qəbul etməyə başlamışıq.
- Muzeylərə gedib bizim qədim
milli geyimlərə baxanda onların çox solğun, bəzəksiz, sadə olduğunu şahidi oluruq.
Ancaq indi milli geyim adı ilə təqdim olunan geyimlərimiz çox parıltılıdır,
zər-zibalıdır. Milli geyimlərimiz çoxmu deformasiyaya uğrayıb?
- Sadəlik hər zaman gözəllik bəxş edib. Muzeydə gördüyünüz geyimlərdə arxalıqların üzərində qızıl saplarla işlənmiş naxışlara
diqqət yetirsəniz, görəcəksiniz ki, o geyimlər aylarla, illərlə işlənib. Uzun illərdir
saxlanıldığı üçün rəngi solub, şuxluğunu, parlaqlığını itirib. Siz 200 illik geyimlərdən
danışırsınız. Əlbəttə ki, geyim hazırlayanda həmin gülməxmər, tirmə, naxışlı parçalardan
istifadə edilib. Bu gün mənim ən böyük çətinliyim də o parçaları tapmaqdır. Bəli,
bizim o milli geyimlərdən çox az sayda var və hər muzeydə yoxdur. Dünyanın inkişaf
etmiş ölkələrində geyim muzeyləri fəaliyyət göstərir ki, orada keçmişdə olan geyimlərlə indi hazırlanan milli geyimlər yanaşı
sərgilənir. Muzeyə gələn tamaşaçıların
müqayisə etmək imkanı olur. Həmçinin o muzeylərdə həmin geyimlərin satışı, fotosessiyaları
təşkil olunur. Biz bununla bağlı danışıqlar aparırıq.
İllər dəyişir, insan inkişaf edir. Uzun illər əvvəl xanımlarımız öz
geyimlərini hazırlayanda beli, boyu, yaxası, ətəyi o qədər düşünüblər ki, bütün
incəlikləri nəzərə alıb belə gözəl geyimləri bizə ərməğan qoyublar. Müasir zamanda
o incəliklər üzərində nə qədər dizaynerlər
işləsələr də, bu qədər yenilik edə bilməzlər. Azərbaycan milli geyimlərinin varlığını
olduğu kimi saxlamaq lazımdır.
- Bəzən milli geyimləri
rəqs geyimləri ilə də səhv salanlar olur. Onlarla necə mübarizə aparırsınız?
- Rəqs geyimləri çox dəbdəbəlidir. O geyimlər səhnə geyimləridir. Biz
Akademik Dövlət Rəqs Ansamblının geyimlərini hazırlayanda zər-zibanı, bərbəzəyi
bir az sadələşdirdik. Səhnə hər nə qədər parıltını, işıltını, zər-zibanı sevirsə,
bir o qədər də sadəliyi qiymətləndirir. Tamaşaçıların gözlərini yormaq, zövqünü
korlamaq olmaz.
- Dəb elə bir şeydir ki, sürətlə
dəyişir. Dəyişikliyin içərisində milli xüsusiyyətləri qoruyub saxlamağı bacarırıqmı?
- Etnoklassika çox önəmlidir və bu gün də tədris olunur. Dəb nə qədər
sürətlə inkişaf edirsə etsin, dəbin kökündə klassika, milli geyimlər, qədimilik
dayanır. Bu gün dünyanın ən qabaqcıl markaları təkrar-təkrar klassikaya, etnoya,
şərq naxışlarına, əl işlərinə qayıdırlar. Moda nə qədər inkişaf edirsə etsin, hər
50 ildən bir tükənir və yenidən doğulur. Doğularkən də klassikadan qidalanır.
- "Geyimə görə qarşılayıb, ağla görə yola salırlar” deyirik. Sizcə, bu deyim bizim geyim zövqümüzü kölgədə qoymurmu?
- Əksinə, inkişaf etdirir. Xanım düşünür ki, bir yerə gedirəmsə, gözəl
və fərqli geyinməliyəm. Məni geyimimə görə qarşılayacaqlarsa, daha gözəl geyinmək
məcburiyyətində qalmalıyam. Xarici ölkələrdə səfərdə olarkən bizim
xanımlarımızla bağlı deyirlər ki, çox zövqlü geyinirlər. Xanımlarımız geyimə
çox önəm verir, ancaq geyimlə bərabər, ağıl da böyük rol oynayır. İndiyə qədər
bizim kimi zövqlü geyinən, geyimə pul xərcləyən başqa bir xalq görməmişəm.
- Sabah 8 mart beynəlxalq
qadınlar günüdür. Bu gün xanımlarımıza nə arzu edirsiniz?
- Azərbaycan qadınları çox gözəldir. Azərbaycan qadını ailədə, cəmiyyətdə
həm gözəl ana, həm gözəl iş yoldaşı, həm iş qadını, həm də evinin xanımı olmağı
bacarır. Bu gün Azərbaycan xanımları böyük arenalarda iştirak edir, kişilərlə
bərabər çiyin-çiyinə çalışırlar. Müxtəlif
sferalarda xarici ölkələrdə Azərbaycanı təmsil edirlər. Nə olur-olsun, necə olur-olsun,
varlığımızdan, gözəlliyimizdən, ailəyə olan dəyərlərimizdən vaz keçməməliyik. Bu,
artıq bizim genimizdədir.
- Qadını geyimlə bərabər, bir
də sevgi gözəlləşdirir. Sevginin həyatınızdakı rolu nədən ibarətdir?
- Sevgilər müxtəlifdir. İşimə olan sevgim bütün sevgilərin önünə keçir.
İnsanları, təbiəti, yaşamı sevmək gözəldir, çünki biz həyata bir dəfə gəliriksə,
bu həyatda sevərək yaşamalıyıq. Ömür boyu bir şəxsi sevərək yaşaya bilməzsən. Onda
ortalığa heç bir şey çıxarmaq mümkün olmur. Qadınlar sevməsə, yaşaya bilməzlər.
Sevən insan yaradıcı insan olur. Yetər ki, sevə bilsin və daxilində sevgi həvəsi
olsun. İçindəki o sevgini nifrətə, neqativ işlərə xərcləməsin. Dünyanı yaşadan da,
inkişaf etdirən də, gözəllikləri bizə bəxş edən də sevgidir. Hər kəsə sevgi arzulayıram.
Xəyalə Rəis