• çərşənbə axşamı, 19 mart, 08:08
  • Baku Bakı 8°C

Kiyev Donbasda vəziyyəti nizamlamağa müvəffəq ola biləcəkmi?

05.06.20 17:14 1280
Kiyev Donbasda vəziyyəti nizamlamağa müvəffəq ola biləcəkmi?
"Normand dördlüyü”nün növbəti iclasına hazırlıq gedir

Vladimir Zelenski Ukraynada prezident seçildikdən sonra çoxları bu qənaətdə idi ki, tezliklə ölkənin ərazi bütövlüyü bərpa olunacaq və işğal altında olan ərazilərdə yaradılan separatçı qurumlar - Luqansk və Donbas məsələsi müsbət həlini tapacaq. Hətta sonrakı mərhələdə Krım məsələsinin həllini tapacağına ümid var idi. Lakin gözləntilərin əksinə olaraq, prosesdə nəinki bir irəliləyiş, əksinə, daha da geriləmə yaşandı. Rusiya da ilhaq prosesini qanuniləşdirməyə çalışaraq, danışıqlar prosesini uzadır.
Ukrayna daxilində hakim "Xalqın qulluqçusu” Partiyası və prezident Vladimir Zelenskidən narazılıqlar artmaqda davam edir. Keçirilən rəy sorğularının nəticələrinə görə, prezidentin xalq arasında reytinqi durmadan düşür. Məsələn, "Reytinq” şirkətinin keçirdiyi sorğuya əsasən, hazırda ölkədə Zelenskiyə əhalinin 39,3%-i səs verməyə hazırdır. Sözsüz ki, bu nəticə ölkə rəhbərliyinin həm də işğal altında olan torpaqlar ilə bağlı passiv siyasəti ilə bağlıdır.
Bütün bunların fonunda hakimiyyət danışıqlar prosesinə canlanma gətirmək niyyətindədir. Belə ki, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bu il ərzində "Normand dördlüyü”nün növbəti iclasının keçirilə biləcəyini anons edib. "Strana.ua” xəbər verir ki, Yermak Rusiya, Ukrayna, Fransa və Almaniya dövlət başçılarının görüşünün, pandemiyaya baxmayaraq, Berlində baş tutacağını bəyan edib. Ofisin rəhbəri ümidvardır ki, Donbas münaqişəsinin nizamlanmasında irəliləyiş baş verəcək. Əlavə edib ki, Rusiya ilə dialoq mürəkkəbdir, lakin gedir: "Üçtərəfli kontakt qrupunun növbəti videokonfransında Donbas nümayəndələrinin də iştirakı nəzərdə tutulub. Ukraynanın Donbas nümayəndələri ilə birbaşa dialoq aparması nəzərdə tutulmayıb”.
Xatırladaq ki, "Normand dördlüyü”nə Rusiya, Ukrayna, Fransa və Almaniya daxildir. Sonuncu sammit ötən ilin dekabrında Parisdə baş tutub. O zaman tərəflərin qəbul etdiyi kommunikedə Minsk razılaşmalarının yerinə yetirilməsi əks olunmuşdu.
Ukrayna Ali Radası ötən gün baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini Vadim Pristaykonun vəzifəsindən azad edilməsi və bu posta Olqa Stefanişanın təyin olunması barədə qərar qəbul edib. Deputatların sözlərinə görə, kadr dəyişiklikləri Ukrayna tərəfinin Qərb tərəfdaşları ilə danışıqlarının intensivləşdirilməsi, o cümlədən Donbasda vəziyyətin nizamlanması ilə bağlıdır. Donbas məsələsi ilə Pristayko 2019-cu ildən, daha dəqiq desək, xarici işlər naziri vəzifəsində işləyərkən məşğul idi. Martın 4-də isə Ali Rada kadr rotasiyası həyata keçirib – Pristayko baş nazirin müavini təyin edilib, ondan əvvəl bu vəzifədə çalışan Dmitri Kuleba isə xarici işlər naziri təyin edilib. Artıq üç aydır ki, Kuleba münaqişənin nizamlanması prosesində əsas rol oynayır. Bu günlərdə Kuleba və Yermak böyük bir nümayəndə heyətinin tərkibində Almaniyada olub. İndi də nümayəndə heyəti Fransaya yollanmağa hazırlaşır. Söhbət Xarici İşlər nazirliklərinin cəm olduğu "Normand dördlüyü”nün görüşünə hazırlıqdan gedir. Berlində olan Kuleba bəyan edib ki, "Normand formatı”nda nazirlər səviyyəsində danışıqları davam etdirəcəklər: "Çox tezliklə növbəti görüş baş tutacaq. Biz Donbasda sülhə gətirib çıxaracaq qərara nail olmaq istəyirik”.
Almaniya XİN rəhbəri Hayko Maas isə xatırladıb ki, nazirlər videokonfrans rejimində aprelin 30-da ünsiyyət qurublar: "Biz Normand sammiti çərçivəsində əldə olunan razılaşmalara yeni impuls verilməsi məsələsində eyni mövqedəyik”. Prezidentlərin qərarları ilk növbədə atəşkəsin tam əldə olunması, eləcə də silahlı birləşmələrin sərhəd ərazilərinə qaytarılmasını nəzərdə tutur. Artıq yarım ildir ki, münaqişə tərəfləri bir-birilərini qəbul edilən qərarları yerinə yetirməməkdə ittiham edirlər. Martın əvvəlində vəziyyəti Minskdə Rusiya prezidentinin administrasiya rəhbərinin müavini Dmitri Kozak və Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak müzakirə ediblər. O zaman Donbas probleminin həlli ilə bağlı məsləhət şurasının yaradılması ilə bağlı çərçivə qərar qəbul edilib. Ukraynada bir çoxları bu xəbəri qəzəblə qarşılayıblar: müxalifət Vladimir Zelenski komandasını separatçı Donbas və Luqansk qurumları ilə danışıqlar stolu arxasında oturmaq cəhdində ittiham edib. Hesab edilir ki, bu, qondarma qurumların leqallaşmasına doğru atılan addımdır. Məmurlar bəyan ediblər ki, birbaşa danışıqlar istisnadır. Vladimiz Zelenski aprelin əvvəlində (məsləhətçi şuranın ləğv edilməsi barədə xalq petisiyasına cavab olaraq) bildirib ki, martın 11-də Minskdə imzalanan protokol deklarativ xarakter daşıyır. Eyni zamanda əlavə edib ki, bu, heç bir halda Donetsk və Luqansk rayonlarına aid deyil. O ki qaldı Rusiyanın mövqeyinə, ölkə mediası Rusiya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadla maraq kəsb edəcək bir xəbər yayıb. Həmin şəxs bildirib ki, Rusiya heç vaxt Donbasdakı situasiya ilə bağlı danışıqlar aparmaqdan yayınmayıb, Vladimir Putin heç vaxt dialoqdan imtina etməyib. "Normand dördlüyü” formatında gəldikdə isə, bəli, burada şərtlər var: Parisdəki sammitin qərarlarının icrası və yekun qətnamələrin əvvəlcədən təsdiqlənməsi lazımdır”, - mənbə deyib. Nazirlik rəsmisi vurğulayıb ki, Kiyev Parisdəki 7 qərardan yalnız birini – girovların dəyişdirilməsini icra edib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski koronavirus pandemiyasından sonra Rusiya prezidenti ilə Krım və Donbas məsələsini üzbəüz müzakirə edəcəyini açıqlayıb. Mətbuatda yayılan xəbərlərə görə, iki ölkə prezidenti yaxınlarda görüşüb önəmli qərarlara imza ata bilərlər. "İşğal altındakı torpaqlarımızın, həbsdə olan insanlarımızın və Krımın geri qaytarılması üçün mübarizədən imtina etməyəcəyik. "Normand dördlüyü” formatında keçiriləcək növbəti görüşlə əlaqədar olaraq Almaniya, Fransa və Rusiya ilə danışıqlarımız davam edir. Koronavirus epidemiyasından sonra hər kəs bu görüşün keçirilməsinə razıdır", - Zelenski qeyd edib.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər