Kim uduzdu, kim uddu... - TƏHLİL

Ekspertin
fikrincə, Moskva-Kiyev gərginliyində uduzan tərəf Ukraynadır. Ölkənin müəyyən ərazisi
işğal olunub, bir hissəsində isə separatçılar öz "müstəqilliklərini” elan ediblər:
Ukrayna iqtisadiyyatı zəifləyir, cəmiyyət müxtəlif problemlər yaşayır.
Bir neçə gün bundan öncəyə qədər bütün dünyanın əsas
mövzusu Ukrayna böhranı idi. Hamı gözləyirdi ki, Rusiya fevralın 16-da bu ölkəyə
hücum edəcək. Buna əsas kimi rusların Ukrayna sərhədi boyunca 120 mindən artıq
qoşun toplaması göstərilirdi.

Kremli razı salmaq mümkün deyil
ABŞ prezidenti Co Baydenin Rusiya dövlət başçısı
Vladimir Putinlə telefon danışıqlarının, Fransa prezidenti Emmanuel Makronun,
Böyük Britaniya xarici işlər naziri Liz Trassın, Almaniya kansleri Olaf Şoltsun
ard-arda Moskvaya səfərlərinin əsas mövzusu Kreml rəhbərliyini hücum planından
daşındırmaq, Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirmək idi. Amma
görünən bu oldu ki, danışıqlar prosesində V.Putini heç kim razı sala bilmədi.
Kreml rəhbərliyi Qərb liderlərinin boş vədlərinə inanmır, NATO-nun Rusiya sərhədlərinə
doğru genişlənməsini ölkəsi üçün təhlükə sayırdı. Vəziyyət getdikcə daha da gərginləşdiyindən,
Qərb dövlətləri müharibə riskini nəzərə alaraq diplomatlarını Kiyevdən təcili
geri çağırmışdılar. Bundan öncə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın,
ardınca Prezident İlham Əliyevin Ukraynaya səfərləri gerçəkləşmişdi. Bu səfərlərdə
də başlıca məqsəd Ukraynanın ərazi bütövlüyünə dəstək olmaq, yaranmış problemin
beynəlxalq hüquq çərçivəsində həllinə töhfə vermək idi. Hətta Türkiyə
Prezidenti Rusiya və Ukrayna dövlət başçılarını Ankarada qarşılamaqdan məmnun
olacağını açıqlayaraq, üçtərəfli görüş keçirilməsi təşəbbüsünü irəli sürmüşdü.
Lakin Moskva susurdu. İnadkarlıqla Ukrayna sərhədində qoşunların sayını
artırır, Belarusla hərbi təlimlərə start verirdi.

Bu gərginlikdə kim uduzdu, kim uddu?
Beləliklə, dünya dövlətləri fevralın 16-sı tarixini
gözləyir, Rusiya qoşunlarının Ukraynaya hücum edəcəyinə inanırdı. ABŞ mediası
Kreml rəhbərliyinin hücum planını da yaymışdı. Ancaq fevralın 16-dan indiyə qədər
ötən 3 gün ərzində belə bir hücum baş vermədi. O zaman maraqlı suallar yaranır:
Rusiya-Ukrayna gərginliyindən münaqişə tərəfləri, həmçinin ABŞ, NATO
ayrı-ayrılıqda nə qazandı? Azərbaycan və Türkiyə proseslərdə necə davrandı, nə nəticə
hasil etdi?

Rusiya güvəniləcək ölkə deyil
Mövzu ilə bağlı politoloq Toğrul İsmayıl
"Kaspi” qəzetinə bildirib ki, müharibənin olacağı ilə bağlı iddianı ortaya Qərb
mediası atıb. Onun sözlərinə görə, rəsmi şəkildə kimsə belə bir niyyətin
olduğunu bəyan etməyib. Politoloq söyləyib ki, Rusiya tərəfi müharibə
ehtimalını azaldan müsbət açıqlamalar versə də, Dumada Ukraynanın Luqansk və
Donetsk bölgələrinin "müstəqilliyinin” tanınmasına dair məsələ gündəmə gətirilib,
bununla vəziyyət yenidən gərginləşib: "Müharibənin bu gün və ya sabah
başlayacağını düşünmürəm. Amma görünən mənzərə budur ki, gərginlik də azalmır.
Qərb öz missiyasını davam etdirir, Rusiya öz mövqeyindən geri çəkilmir, Ukrayna
sərhədinə əlavə hərbçilər, hərbi texnika göndərir, təzyiqi artırır. Müharibənin
olub-olmamağı Rusiyanın özünü necə aparmasından, danışıqların nəticəsindən asılıdır.
Ukraynanın Krım Muxtar Respublikası Rusiya tərəfindən işğal olunub. Rusiyadan dəstək
alan separatçılar Şərqi Ukraynada – Donbasda silahlı münaqişə yaradıblar, müəyyən
fasilələr olsa da, atəş səsləri yenə eşidilməkdədir. Bunlar onu deməyə əsas
verir ki, Rusiya güvəniləcək ölkə deyil, istənilən razılaşmanı istədiyi vaxt
poza bilər”.

Rubl dəyərini, Moskva etibarını itirir
T.İsmayıl deyib ki, Moskva-Kiyev gərginliyində uduzan
tərəf Ukraynadır. Çünki ölkənin müəyyən ərazisi işğal olunub, bir hissəsində isə
separatçılar öz "müstəqilliklərini” elan ediblər: "Atəşkəs təzəlikcə yenidən
pozulub. Artilleriya atəşi ilə orta məktəb binasına mərmi atılıb, ölən və
yaralananlar var. Qərbli diplomatların paytaxt Kiyevi təcili tərk etməsi
fonunda Ukrayna iqtisadiyyatı zəifləyir, cəmiyyət müxtəlif problemlər yaşayır.
Baş verənlərlə paralel olaraq ABŞ bölgədə öz gücünü artırır, Qərb ölkələrini
NATO ətrafında sıx birləşməyə məcbur edir. Hətta bəzi tərəfsiz Avropa ölkələri
də Rusiyadan gələ biləcək təhlükəni nəzərə alaraq, NATO-ya üzvlük məsələsində
aktivlik nümayiş etdirir və etdirəcəklər. Nəticə etibarilə NATO güclənəcək.
Rusiya ilə qonşu olan ölkələr də NATO ilə əməkdaşlığı artıracaqlar. Postsovet
ölkələr NATO-nun Şərqi Avropada "qurtarıcı” missiya həyata keçirdiyini qəbul edəcəklər.
Rusiya-Ukrayna gərginliyi fonunda Fransa, Almaniya istədiklərinə nail ola bilmədilər.
Rusiya ilk baxışda qazanclı və güclü görünsə də, iqtisadi sıxıntı yaşadığı hər
kəsə məlumdur. Qərb dövlətlərinin öz diplomatlarını geri çağırması birjalarda
rus rublunun dollar qarşısında dəyər itirməsinə səbəb oldu. Enerji sektorunda da
Rusiya Qərb qarşısında etibarlı tərəfdaş imicini itirir. Kremlin enerji təchizatından,
satışından siyasi alət kimi istifadə etməsi Avropa İttifaqında ciddi müzakirələrə
yol açacaq. Beləliklə, proseslərdə ən böyük qazanc əldə edən ABŞ-dır”.

Ukraynada yaşananlar Azərbaycan üçün ibrətdir
Politoloq Rusiya-Ukrayna gərginliyi fonunda Türkiyə-Azərbaycan
münasibətlərinin, hərbi-siyasi əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb:
"Türkiyə və Azərbaycan bölgədə yeni müharibənin baş verməsini istəmirlər. Həm Rəcəb
Tayyib Ərdoğan, həm də İlham Əliyev Ukraynaya səfər edib paytaxt Kiyevdə
müzakirələr aparıblar. Gərginliyin azaldılması, problemin diplomatik yolla,
beynəlxalq hüquq çərçivəsində həlli üçün münaqişə tərəfləri Türkiyəyə dəvət
edilib. Bununla yanaşı, Türkiyə və Azərbaycanda çevik şəkildə "Şuşa bəyannaməsi”
ratifikasiya olunub, təsdiqlənib. Bəyannamədən irəli gələrək ikitərəfli əlaqələr
möhkəmləndirilməlidir. Təhlükəsizlik sahəsində əməkdaşlıq təkmilləşdirilməli,
ordularımızın ortaq hərəkəti təmin olunmalıdır. İqtisadi, siyasi, mədəni sahələrdə
işbirliyimiz artırılmalıdır. Bu, Azərbaycanın dövlət müstəqilliyinin daha da
güclənməsinə xidmət edəcək. Ukraynada yaşananlar Azərbaycan üçün ibrət
olmalıdır”.
Rufik İSMAYILOV
