• cümə axşamı, 28 mart, 17:17
  • Baku Bakı 16°C

“Kiçik Akademiya”lar yaradıcılıq laboratoriyası kimi

23.06.20 20:25 4935
“Kiçik Akademiya”lar yaradıcılıq laboratoriyası kimi
"Bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin yetişdirilməsində və onların əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır”

Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki "Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir.
Hazırda paytaxtın 285 ümumi təhsil müəssisəsində "Kiçik Akademiya”lar fəaliyyət göstərir. 22 məktəbdə isə "Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür. "Kiçik Akademiya”ya rəhbərlik edən müəllimlər üçün də təlimlər keçirilir. Orta məktəblərdə "Kiçik Akademiya”ların təşkilində əsas məqsəd, yuxarı sinif şagirdlərinin elmi və yaradıcı axtarışlara sövq edilməsinə, onların müasir tədqiqat metodlarına yiyələnməsi nə nail olmaqdır. "Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdən hesab edilir. "Kiçik Akademiya”ların, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olduğu bildirilir. Belə ki, orta məktəblərdə fəaliyyət göstərən "Kiçik Akademiya”lar bütün mövcud imkanlardan istifadə edərək, şagirdləri yüksək səviyyədə maariflənməyə və təhsil almağa çağırır.
Bəs "Kiçik Akademiyalar”ın yaradılmasında üçün hansı kriteriyalar əsas götürülür?
Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva "Kaspi”yə müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb.
- Məktəblərdə "Kiçik Akademiya”ların yaradılmasında məqsəd nədir?
- "Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, məktəblilərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş apara bilmək məqsədilə ümumi təhsil məktəblərində "Kiçik Akademiya”lar fəaliyyət göstərir.
- "Kiçik Akademiya”ların yaranması üçün məktəblərin seçimi necə müəyyənləşir, hansı kriteriyalar əsas götürülür?
- "Kiçik Akademiya”ların bütün ümumi təhsil məktəblərində yaradılması və fəaliyyət göstərməsi nəzərdə tutulub. Akademiya daxilində hansı bölmənin fəaliyyət göstərməsi isə məktəblərin öz seçimidir.
- "Kiçik Akademiya”ların təhsilimizə töhfəsi nədir və şagirdlərin həyatında hansı təsiri var?
- Məktəblərdə "Kiçik Akademiya”nın fəaliyyət göstərməsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması baxımından önəmli rol oynayır.
- Akademiyalara üzvlük hansı prinsiplər əsasında həyata keçirilir?
- Akademiyaya üzvlük könüllü olaraq qəbul edilir. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən Akademiyaya üzv ola bilərlər. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və "Kiçik Akademiya”nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri var. Eyni zamanda, seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini artırır və ünsiyyət və davranış qaydalarına riayət etməklə, digər şagirdlərə bir nümunə göstərirlər. "Kiçik Akademiya” üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin yetişdirilməsində və onların əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq qabiliyyətinin və bacarığının formalaşdırılmasında bu şərtə riayət edilməsi vacib pedaqoji üsullardan sayılır. Əgər şagirdlərdə bu keyfiyyətlər aşılanarsa, şübhəsiz, onlarda ictimai işə olan maraq da artacaqdır.
- Akademiyaların fəaliyyət istiqamətləri hansılardır?
- "Kiçik Akademiya”nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir. Akademiya daxilində hansı bölmənin fəaliyyət göstərməsi məktəblərin öz seçimidir.
- İndiyə qədər fəaliyyətdə olan akademiyaların işi qənaətbəxşdirmi?
- "Kiçik Akademiya”sı kifayət qədər aktiv olan məktəblər də var, nisbətən passiv olan məktəblər də. "Kiçik Akademiya”ların işinin qənaətbəxş olması üçün Akademiya üzvləri arasında vaxtaşırı olaraq görüşlər, müsabiqələr, konfranslar təşkil olunur. Həmçinin Akademiyaya rəhbərlik edən müəllimlər təlimlərə cəlb olunur.
- Akademiyanın işlərində müəllim-valideyn tandeminin rolu, əsasən nədən ibarətdir?
- Akademiya üzvlərinin həyata keçirdiyi işlərdə müəllimlərin və valideynlərin də böyük dəstəyi olur. Tədqiqat işlərində müəllimlər şagirdi yönəldir, valideynlərsə şagirdin apardığı araşdırmalar zamanı onları motivasiya edir, mənəvi dəstək olurlar. Şagirdlər bütün işlərdə fəallığı ilə seçilirlər.

Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər