Kəndlərdə canlı tamaşa
Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni layihəsi var,
qocaman aktyorlar da keçmişdə mövcud olmuş ənənənin bərpa edilməsini
arzulayırlar
Səyyar kino, teatr, konsert və ya kitabxanalar ta
sovet vaxtından mövcuddur. Ödənişsiz olaraq kinoteatrların sovet
zəhmətkeşlərinin, fabrik və zavod fəhlələrinin, kolxoz və sovxoz əməkçilərinin
və ya sadə kənd və qəsəbələrin sakinlərinin qarşısında təqdim etdikləri
incəsənət nümunələri yaddaşlardadır. Bu tip sosial layihələr hətta
kinoteatrların ümumiyyətlə olmadığı, kino-tamaşa nümayiş etdirmək üçün
avadanlıq və şəraitin çatışmadığı yerlərə ayaq açırdı. Açıq səma altında, kənd
və qəsəbə klublarında, mədəniyyət evlərində və s. səyyar nümayişlər hər hansı
qazanc əldə etməkdən daha çox, insanların sosial-mədəni inkişaflarına
hesablanır, onları əməyə ruhlandırırdı. Bu tip təşəbbüslər dövlət müəssisələri
tərəfindən və büdcə vəsaiti hesabına həyata keçirilirdi.
Müasir avtoklublar Bu gün də
"Mədəniyyət” layihəsi ucqar kənd sakinlərinə musiqi, film və kitablar çatdırır.
Bütün bunlar müasir avtoklublar vasitəsilə həyata keçirilir. Bizim ölkəmizdə
deyil, Rusiyada həyata keçirilən layihə çərçivəsində təkcə bu il səyyar mədəniyyət
mərkəzləri rayonlara, ucqar kəndlərə 300 dəfədən çox səyahət edib.
Avtoklub ilk dəfə keçən ilin payızında Udmurtiya vilayətinin kiçik
bir kəndinə gəlib. Adi GaZell çoxfunksiyalı bir mədəniyyət mərkəzinə çevrilib.
İçərisi səhnə, tam səs avadanlığı dəsti və hətta xüsusi işıqlandırma cihazları
ilə təchiz edilən avtomobil əsl klub təsiri bağışlayıb. Cəmi bir neçə saat ərzində
küçədə maraqlı bir konsert proqramı təqdim olunub. Qonşu qəsəbədən olan folklor
qrupunun müğənnilərinin çıxışları qəsəbə sakinlərinin marağına səbəb olub.
Onlar "bizim öz klubumuz yoxdur, bayramlar nadir hallarda olur. Nəhayət
ki, artistləri canlı gördük”- deyə sevinclərini ifadə ediblər.Əvvəlcə avtoklubun fəaliyyətinə dodaq büzən bölgənin Mədəniyyət idarəsi sonradan klubun ucqar qəsəbələrə 700 dəfə, 2021-ci ilin yanvarından 300 dəfədən çox səfər etdiyini eşidincə heyrətdən fikrini necə ifadə edəcəyini bilməyib. "İstənilən hava şəraitində işləyirdik. Yalnız müğənniləri və rəqqasları deyil, kitabları da gətirirdik. Həm də film nümayiş etdirirdik. Hətta yerli sakinləri küçə filmləri festivalına qatılmağa məcbur edə bildik”- deyə avtoklubun rəhbəri bildirir.
Tarlalara, fermalara...
Mədəniyyət idarəsi etiraf edib ki, heç vaxt mədəniyyət evlərinin
olmadığı və sakinlərinin sayı yüzə çatmayan kiçik qəsəbələr üçün stasionar
mərkəzin tikintisi həmişə məsləhət görülmür. Belədə, məhz mobil mədəniyyət
mərkəzləri köməyə gəlir. Ucqar bölgələrdəki insanlar da canlı musiqi dinləmək,
müasir ədəbiyyatı oxumaq, yeni filmlərə baxmaq istəyirlər. "Bu gün yeni
marşrutlar formalaşır, avtoklublar mədəniyyəti hətta tarlalara və fermalara,
respublikanın istənilən ucqar nöqtəsinə çatdırmağa hazırdır”.
"Səyyar qatar” getdi...Sovet dövründə bizim ölkəmizdə də bu tip səyyar klublar məşhur idi.
Rayonlara kino, musiqi kollektivləri səyahət edir, zəhmətkeşlərdə xoş ovqat
yaradır, asudə vaxtlarının mədəni təşkilinə çalışırdı. Sovetlər birliyi dağılandan
sonra "səyyar qatarı” da çəkib özü ilə apardı. Paytaxtdan, şəhər və rayon
mərkəzlərindən uzaq kəndlər, qəsəbələr, ucqar yerlər canlı incəsənət
nümunələrinə - teatr tamaşalarına, konsertlərə və ya kinolara həsrət qaldı.
İnsanlar bir növ mədəni kütləvi tədbirlərdən uzaq düşdülər. Müğənnilərə də belə
konsertlər maraqlı deyil. Elə şair və yazıçıların da çoxdandır ki, rayon
klublarından, mədəniyyət evlərindən səsləri gəlmir. Xüsusən pandemiya dövründə
sərt karantin teatrları da təhsil kimi virtual aləmə sürüklədi. Açıq havada
mobil teatrların fəaliyyəti də baş tutmadı. Hərçənd bəzi rayon mərkəzlərində veteranlara, hərbçilərə ünvanlanan
səyyar kitabxanalar təşkil olundu. Amma bunlar müəyyən bir təbəqəni əhatə edən
və qısa müddətli tədbirlərdən o yana keçmədi.
"Kəndlərdə kino”Azərbaycan Kinematoqrafçılar
İttifaqı arada "Kəndlərdə kino”
layihəsinə start vermək istəsə də, bu günə qədər bunu reallaşdıra bilməyib.
Səbəb pandemiyadır. Kinoittifaqın İdarə Heyətinin üzvü,
kinorejissor Tahir Tahiroviç layihənin
faydalı olacağına əmindir: "Hər həftə bir kənddə səyyar kino təşkil edəcəkdik.
Xüsusən ucqar yerlərdə yaşayanlar üçün səyyar kinoları izləməyin böyük mənası
var. Unudulan, yaddan çıxan, həmçinin müasir dövrdə çəkilən filmlərimizi
nümayiş etdirmək istəyirdik. Daha sonra məktəblərin kino klubunu yaratmaq istəyirdik.
Tanınmayan filmlərin nümayişini nəzərdə tuturduq. Bu, uşaqlar üçün böyük əhəmiyyət
kəsb edərdi. Amma layihəni pandemiya səbəbindən həyata keçirə bilməmişik”.
O
günlərin həsrətiMilli
Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimov səyyar teatr günlərini nağıl kimi xatırlayır:
"Sovet vaxtında Mədəniyyət Nazirliyinin göstərişi ilə hər il bölgələrə bir
aylıq qastrollara çıxırdıq. Həm şəhər mərkəzində, həm də kəndbəkənd gəzib tamaşalar
göstərirdik. Onda repertuar siyasətimiz daha geniş idi. Məqsəd o idi ki,
paytaxtda nümayiş olunan tamaşalara uzaq kəndlərin insanları, əməkçiləri də
baxsın. Bu, maliyyə məsələsində teatra kömək edir, həm də tamaşaçılarla
aktyorlar arasında canlı ünsiyyət yaranırdı. Çünki o insanlar həmişə paytaxta,
tamaşalara baxmağa gələ bilmirdilər. Ona görə biz tamaşaçıya tərəf gedirdik”. Aktyor
xatırlayır ki, bəzən yük maşınlarında düzəldilmiş səhnədə tamaşa göstəriblər:
"Maşının arxa salonunu səhnə kimi bəzəyirdilər, biz orada oynayırdıq. Bütün
kənd camaatı tamaşaya baxmağa gəlirdi. Onlar hətta yerdə oturub böyük maraqla baxırdılar.
Demək olar ki, bütün korifey sənətkarlar səyyar səfərlərdə iştirak edirdi.
Onları yaxından görmək uzaq yerlərin sakinlərinə çox xoş idi. Başları
gecə-gündüz işə qarışan kolxoz-sovxoz işçiləri Bakıdan gələn işçilərlə görüş
üçün müraciət edirdilər. Biz də həvəslə onların görüşünə gedirdik. Konsert
briqadaları da tez-tez bölgələrə səfər edirdi. O günlər həmişə xatirimdədir.
İndi də həmkarlarla söhbət edəndə "hanı o günlər?” deyə arzulayırıq”. R.Əzimov
deyir ki, səyyar tamaşaların mövcud olduğu dövr təkcə aktyorlara əlavə qazanc
gətirmirdi, həmçinin yaradıcılıq imkanlarını genişləndirirdi: "Hamı işlə məşğul
idi, ona görə inkişaf da vardı. Planı artıqlaması ilə doldururduq, bizə mükafat
da yazılırdı. İndi o günlərin həsrətindəyik”.
Səyyar
tədbirlərin bərpasıAktyor hesab edir ki, pandemiya dövründə səyyar
tədbirləri bərpa etmək olardı: "Təəssüf ki, o yaxşı ənənə unudulub. Əli
paytaxta, kinoteatrlara, konsert salonlarına çatmayanlar mədəni tədbirlərdən
yalnız TV-lər və ya internet vasitəsi ilə xəbər tuturlar. Amma canlı ünsiyyəti
heç nə əvəz edə bilməz. Yaxşı ənənələri qoruyub saxlamaq lazımdır”.
Təranə
Məhərrəmova