• şənbə, 21 Dekabr, 06:05
  • Baku Bakı 8°C

Kəmiyyət, yoxsa keyfiyyət göstəricisi?

08.11.24 01:16 1635
Kəmiyyət, yoxsa keyfiyyət göstəricisi?

Alimlərimizin dünyanın aparıcı elmi jurnallarında dərc olunan məqalələrinin sayında ciddi artım var. Mütəxəssislər bu statistikaya ölkəmizdə elmin inkişafının indikatoru kimi yanaşmanı doğru hesab etmirlər. 

Hazırda alimlərin, təşkilatların və hətta ölkələrin elmin inkişafına verdiyi töhfələr həm də elmi nəşrlərin sayı və istinadlarına görə qiymətləndirilir. Yəni müasir elm fəlsəfəsinin təməl daşı orijinal tədqiqatın nəticələrinin məcburi nəşridir. Yalnız bu yolla yoxlanıla və bundan sonra onlar “elmi bilik” dediyimiz tədqiqatın bir hissəsi ola bilər. Məsələn, elmi inkişaf etmiş ən qabaqcıl ölkələrdə çalışan alimlər iddia edirlər ki, vaxtlarının çoxunu, təxminən 70-80%-ni məqalə, məruzə, layihə yazmağa sərf edirlər, nəinki təcrübələrin aparılmasına, nəticələrin işlənilməsinə və hesablamalara.

Ölkəmizdə alimlərimizin elmi məqalələrinin nüfuzlu jurnallarda dərci həmişə axsayan yerimiz olub.

Elmi işlərin sayı ilk dəfə 3 000-dən çox olacaq

Bu günlərdə Elm və Təhsil Nazirliyinin mövzu ilə bağlı yaydığı məlumat deyəsən, problemin çözümünə doğru addımdır. Nazir Emin Əmrullayevin məsələ ilə bağlı paylaşımı bu sahədə ciddi irəliləyişdən xəbər verir.  “Alimlərimizin “Scopus” elmmetrik bazasındakı göstəriciləri ciddi şəkildə yaxşılaşıb. Ötən illə müqayisədə bu ilin 8 ayında bazadakı məqalələrin sayı 2 dəfədən çox artaraq 2 382-yə çatıb. Alimlərimizin məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. 2025-ci ildə ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3 000-dən çox olacağı istisna edilmir”, - paylaşımda deyilir. Həmçinin qeyd edilib ki, Q1 və Q2 kvartilli jurnallarda dərc olunan məqalə sayımızda da ciddi artım müşahidə edilir. 

Ancaq sual yaranır: “Elmi məqalələrin artımı elmi nailiyyətlərin bütövlükdə göstəricisi və ya Azərbaycan alimlərinin beynəlxalq elmi fəaliyyətində yüksəlişdirmi?”

Məsələyə münasibətdə tədqiqatçıların fikirlərini öyrənməyə çalışdıq: 

“Orada “Azərbaycan elmi” sözü olsun”

Akademik Rafiq Əliyev hesab edir ki, göstərici kəmiyyət baxımından çox yaxşıdır: “Scopus”a düşmək böyük uğurdur. Amma məndə informasiya yoxdur ki, məqalələr hansı jurnallarda çap olunub. Dünyada elmi jurnallar 4 kateqoriyaya - Q1, Q2, Q3 və Q4 kateqoriyalarına bölünür. Əgər 3 minə yaxınlaşan elmi məqalənin 50-60 faizi Q1-Q2 kateqoriyasına daxildirsə, bu, böyük uğurdur. Məqalələrin dünyanın seçilmiş jurnallarında çap olunması çox gözəl olardı. Yəni onlara çoxlu istinadlar olsun, yayılsın, orada “Azərbaycan elmi” sözü olsun. Daha çox “Web of Science”ə və “Scopus”da çap olunmağa fikir vermək lazımdır. Bunlar dünya elmi cəmiyyəti tərəfindən ən yaxşı dərc edilən jurnallar kimi qəbul edilir. Onda biz keyfiyyətlə kəmiyyət arasında müqayisə apara bilərik. Arzum budur ki, bu tədqiqatlar gələcəkdə davam eləsin və birinci kateqoriyaya aid olsun. Sevindiricidir ki, bizim üç universitetimiz - Bakı Dövlət Universiteti,  İqtisad Universiteti və Dövlət və Neft Sənayesi Universiteti “QS Dünya Universitetlərinın Reytinq” sıralamasında yer alıb”. Akademik alimləri stimullaşdırmaq üçün onlara  pul mükafatı verilməsinə də münasibət bildirib: “Dünyanın nüfuzlu jurnallarında çıxan məqalələrdən müəyyən qədər bal toplanırsa, mütəmadi olaraq alimə əlavə maaş verilir. Belə bir prosedur dünyanın başqa universitetlərində də var. Bu, elm adamlarında, tədqiqatçılarda stimul yaradır. Ancaq onların stimullaşdırılması üçün birdəfəlik yox, mütəmadilik yaxşı olardı”.

Nəhayət ki, ciddi addımlar atılır

“Ümumiyyətlə, məqalə sayı ilə elmi işlərin keyfiyyəti arasında korrelyasiya mövcuddur. Lakin məqalə sayının çox olması hər zaman keyfiyyətin göstəricisi deyil”, - deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov bildirir: “Bu, yalnız elmi işlərin mövcudluğunu və alimlərin aktivliyini əks etdirir. Şübhəsiz ki, kəmiyyət və keyfiyyət bir-birindən fərqli anlayışlardır. Ancaq əgər kəmiyyət yoxdursa, keyfiyyətdən danışmaq çətin olardı. Bu aspektdə Çin elminin inkişafına nəzər yetirmək maraqlı olar. 1990-cı və 2000-ci illərdə Çində daha çox məqalə sayına diqqət yetirilirdi və təxminən 2010-cu illərdə Çindən çıxan elmi məqalələrin sayı Avropa və Amerikada çıxan məqalələrlə bərabər oldu. Lakin keyfiyyət baxımından bu məqalələr müqayisə olunmaz dərəcədə fərqli idi. 2010-cu illərin ortalarından etibarən Çin elmi dairələrində əsas diqqət keyfiyyətə yönəldildi və hazırda orada çıxan məqalələr Avropa və Amerika məqalələri ilə həm keyfiyyət baxımından müqayisə edilə bilər, həm də bəzən onları üstələyir”. 

Elmin inkişafı iqtisadiyyata təsir etməlidir

Alimin fikrincə, keyfiyyəti ölçmək üçün müxtəlif meyarlardan istifadə etmək vacibdir: “Məsələn, jurnalların impakt faktorları bu məqsədlə istifadə edilən ən geniş yayılmış meyarlardan biridir. Baxmayaraq ki, bu yanaşma bəzən ziddiyyətli qəbul olunur. Elmin keyfiyyətinin əsas meyarı elmi nəticələrin ölkənin iqtisadiyyatına təsiri ilə ölçülə bilər. Lakin belə bir təsirin yaranması üçün elmi mühitin inkişafı və mütəxəssislərin hazırlanması mühümdür. Müşahidəmə görə, hazırda Azərbaycanda elmin inkişafı sənayeyə və iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərəcək səviyyədə deyil. Atılan addımlar alqışlanmalıdır, nəhayət, Azərbaycanda elmin inkişafına təkan vermək üçün ciddi addımlar atılır”. 

Min manatlıq mükafat problemləri həll etməyəcək

Alim hesab edir ki, ümumiyyətlə, elm və təhsil sahələrində maaş strukturunda köklü dəyişikliklər edilməlidir. Hazırkı maaş strukturu qənaətbəxş deyil və maaşların miqdarı çox aşağıdır: “Lakin maaş strukturunu elmi işlərin kəmiyyətini və keyfiyyətini ölçə bilən dəqiq mexanizmlər tətbiq edilmədən dəyişdirmək düzgün nəticə verməz. Ümid edirəm ki, hazırda istifadə olunan elmmetrik metodlar, tam mükəmməl olmasa da, maaş strukturunda və ümumiyyətlə elmin təşkilində islahatlar üçün atılan ilk addımdır”. 
Mükafatlara gəlincə, alim deyir ki, bu təcrübə inkişaf etmiş ölkələrdə və aparıcı müəssisələrdə adi bir praktikadır: “Əlbəttə, təkcə min manatlıq mükafat elmin təşkilində mövcud olan bütün problemləri həll etməyəcək. Lakin kiçik bir addım kimi buna müsbət baxıram”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər