• cümə, 29 Mart, 11:53
  • Baku Bakı 5°C

Keçmişdən öyrənməli, gələcəyə addımlamalı

04.12.19 10:30 932
Keçmişdən öyrənməli, gələcəyə addımlamalı
İndi sevə-sevə baxdığımız köhnə filmlər də öz zamanında az tənqid olunmayıb
"Deyirlər ki, indiki rejissorlar əvvəlkilər kimi film çəkə bilmirlər. Hətta sovet dövründə doğulanlar belə, bizi görəndə giley edirlər ki, indi əvvəlki kimi filmlər çəkilmir. Bəs indi çəkilənlər nədir? Halbuki, bəzən o filmlər də öz dövründə sevilməyib, zaman-zaman tənqidlərə tuş gəlib. Zamanında o filmləri tənqid edən insanlar indi oturub həmin filmlərə ləzzətlə baxırlar. Elə insanlar var ki, yeni film çəkilən ərəfədə ona baxa bilmir, müəyyən zaman keçəndən sonra onu izləyir və düşünür ki, əslində bu maraqlı film imiş” - bu fikirləri kinorejissor Rüfət Əsədov bizimlə söhbətində bildirmişdi. O qeyd edirdi ki, indi bizim sevərək izlədiyimiz filmlər öz dövründə müəyyən tənqidlərə tuş gəlib, müzakirələrə səbəb olub.
Bəs görəsən tənqidlərə tuş gələn filmlər müəyyən müddət keçdikdən sonra nə üçün böyük diqqət cəlb edir? Bunun üçün müəyyən zamanamı ehtiyac var? Vaxtilə tənqid olunan o məşhur filmlər indi nə üçün sevilərək qəbul edilir?
Suallarımıza cavab tapmaq üçün ekspertlərimizə müraciət etdik. Onlar bildirdilər ki, dövrlərin mübarizəsində köhnə filmlər hər zaman qalib gəlib. Bu gün yeni çəkilən filmlərimiz hər nə qədər beynəlxalq festivallara ayaq açsa da, maraqlı bir film izləmək istədikdə məhz o köhnə filmlərə baxırıq. Bu isə o deməkdir ki, o filmləri əvəz edə biləcək yerli filmlərimiz barmaqla sayılası qədərdir.
"40-50 il qabaq çəkilən bu filmləri sənət əsəri kimi qeyd etmək olmaz”
Tanınmış kinoşünas Aydın Kazımzadə deyir ki, hər dövrün öz filmi olub və kino yaranandan bu günə kimi ayrı-ayrı mərhələlər dövrü keçib, hər mərhələdə isə maraqlı filmlərimiz çəkilib: "Azərbaycan kino tarixinə nəzər yetirsək görərik ki, bizim çox yaxşı filmlərimiz olub. "Mavi dənizin sahilində”, "Uzaq sahillərdə”, "O olmasın, bu olsun”, "Arşın mal alan” (1945-ci il), "Bir cənub şəhərində” kimi filmlər Azərbaycan kinosunda yeni bir dövr yaradıb. Hansı ki, o vaxtadək çəkilən filmlər bir mərhələ hesab olunurdusa, bu filmlərdən sonra çəkilənlər ikinci mərhələ hesab olundu. Azərbaycan kinosunda yeni bir sənət ortaya qoyularaq italyan realizmi meydana gətirildi. Kinodakı hadisələri yeni bir baxış bucağından görməyə başladıq. Bundan sonra "Şərikli çörək”, "Yeddi oğul istərəm”, "Dəli Kür” kimi dəyərli filmlərimiz çəkildi. Bu filmlərdə köhnə ənənələrlə deyil, cəsarətli söz demək bacarığı ilə, sözaltı, şüuraltı fikirlərlə rejissorlarımız fikirlərini tamaşaçılara çatdırmağı başladılar. 50 il bundan qabaq çəkilən "Bizim Cəbiş müəllim” filmi bir şedevrdir. Böyük Vətən müharibəsində Azərbaycanın neft sənayesinin oynadığı rol ilk dəfə bu filmdə göstərildi. Bu filmdə Şəfiqə Məmmədova aktrisa olaraq Azərbaycan kinosuna yeni qadın obrazı gətirdi. O zamanlar da bu filmlər hər nə qədər tənqidə məruz qalsalar belə, yenə də sevilirdi. Bunlar kütlənin sevdiyi filmlərdir. Amma sənət əsəri kimi heç bir dəyərə malik deyillər. Özü də az deyil, çoxdurlar. Misal üçün, "Ulduz” filminin operettası gözəl olsa da, film kimi zəifdir. Onu bir sənət əsəri kimi qeyd etmək olmaz. "Əhməd haradadır?” filminin yarısı konsert, yarısı filmdir. Ümumiyyətlə Adil İsgəndərov kinorejissor deyildi. O, "Fətəli xan” filmini çəkəndə, filmi yarıdan sonra bağladılar ki, Adil İsgəndərovda alınmadı”.
Kinoşünas qeyd etdi ki, o dövrlər çəkilən televiziya filmlərinin əksəriyyəti zəif olsa da, bu gün sevilərək izlənilir: "Tarixə nəzər salsaq, müxtəlif dövrlərdə çəkilən "Avqust gələndə”, "Aşqarsızlıq şəraitində”, "Afroditanın qolları”, "Bizim küçənin oğlanları”, "Araqarışdıran”, "Bayquş gələndə”, "Karvadarların izi ilə”, "Çətirimiz buludlardır”, "Dörd bazar günü”, "Əlavə iz” kimi filmlər zəif filmlərdir”.
A.Kazımzadə yeni çəkilən filmlərin əksəriyyətini film hesab etmir. Deyir ki, onların arasında bəziləri var ki, çox sanballıdır, festivallarda iştirak edirlər. Seriallara gəlincə isə, o, "Vicdan haqqı” serialını bəyəndiyini bildirdi. Səbəb kimi isə real faktlar əsasında çəkildiyini vurğuladı.
"Su gələn arxa, bir də gələr”
Xalq artisti Rafiq Əzimov isə bildirir ki, o dövrdə çəkilən zəif adlandırdığımız filmlərdən qüvvətlisi çəkilsəydi, onlar göz önündə olardı: "İndi sevərək izlədiyimiz filmlər çəkiləndə, bir çoxu onları zəif adlandırırdı. Amma həmin o zəif adlandırdığımız filmlər indinin özündə belə çox gözəl qarşılanır və izlənilir. O dövrdə "Koroğlu”, "Ulduz” və bir neçə filmləri zəif film kimi qələmə verirdilər. Ancaq mən bu gün o filmlərə baxanda, belə qənaətə gəlirəm ki, həmin filmlərin bir kadrını çox çətinliklə çəkmək olar. İndi zaman tamam dəyişib, XXI əsrdir, gözəl mövzular var. Bu gün o filmlərin rejissorları, yaradıcı heyətləri haqq dünyalarına qovuşublar. O rejissorların əksəriyyəti Moskvada böyük sənətkarlardan dərs almışdılar. Demirəm ki, indiki rejissorlar istedadsızdır, əsla. İndiki gənclər xarici festivallara gedirlər, orda ustad dərslərinə qatılırlar. Hesab edirəm ki, az müddətin içərisində istedadlı rejissorlarımız və ssenaristlərimiz olacaq. Əsas səbəb yaradıcı heyətdədir. İndiki rejissorların müəyyən hissəsi sanki həvəskarlardan ibarətdir. Bu bir az da zövq məsələsidir. Zövqlər və baxışlar müxtəlifdir. Məni görən tamaşaçılar sual verirlər ki, "hanı o filmlər?”. Onlara cavab verirəm ki, su gələn arxa, bir də gələr. Bu sənət elədir ki, asanlıqla başa gəlmir. Birinci növbədə istedad, geniş fantaziya, üzərilərində işləmək, mütaliə etmək lazımdır. Gərək seçimini elə edəsən ki, çəkdiyin filmlər bir tarix olsun. Sabun köpüyü kimi baxılıb, unudulmasın. Bugünkü filmlərə baxırsan, görürsən ki, mənasız gülüşlə zəngindir. Bu gün çəkilən komediya filmlərində düşündürücü heç nə yoxdur”.
R.Əzimov qeyd edir ki, keçmiş filmlərin çəkildiyi dönəmlər texnologiya bu qədər inkişaf etməmişdi: "O vaxt köhnə kinostudiyada "O olmasın, bu olsun”, "Bəxtiyar”, "Görüş” kimi filmlər çəkilirdi. Bu gün həmin filmlərin rejissor işinə, aktyor oyununa baxanda görürsən ki, onlar ürəyəyatımlıdır. Misal üçün, "Yeddi oğul istərəm” filminin bu il 50 ili tamam olacaq. Əlbət ki, bu filmlər zamanında tənqid olunurdu. O vaxtlar mətbuat filmlərin tənqidinə geniş yer verirdi, Kino İttifaqında müzakirələr olurdu. Həmin rejissorlar tənqiddən nəticə çıxarırdılar. Kinonun auditoriyası geniş olduğu üçün bizim filmlər nəinki Azərbaycanda, ölkədən kənarda da nümayiş olunurdu. "Yeddi oğul istərəm” SSRİ-də istehsal olunan filmlər içərisində ən çox gəlir gətirənlərdən olub. Ondan başqa, "Arşın mal alan”, "O olmasın, bu olsun” dünyanın bütün qitələrini gəzib. Bu gün onlar qədər dünyada tanınan hansı filmlərimiz var?”.
"İndi elə bir rejissor varmı ki, "O olmasın, bu olsun”u o səviyyədə çəkə bilsin?”
Xalq artisti İlham Namiq Kamal isə deyir ki, bu gün də istedadlı insanlar var, ancaq köhnə filmlər insanların qəlbinə daha çox yatır, çünki o filmlərdə səmimilik var: "Bu gün bayramlarda, özəl günlərdə televiziyalarımız köhnə filmlərimizi nümayiş etdirirlər. Təbii ki, bu, əbəs yerə deyil. Çünki o filmlər xalq tərəfindən sevilir. Misal üçün, "O olmasın, bu olsun”, "Dəli Kür”, "Arşın mal alan”, "Qaynana” və digər filmlərdə nümayiş olunan fraqmentlər artıq dillər əzbərinə çevrilib. Onlara necə zəif film demək olar? Əgər bu filmləri tamaşalar əzbər bilirsə, filmin hər səhnəsini sevərsə, indi də izləyirlərsə, demək bu filmlər uğurlu filmlərdir. Mən bu filmləri çəkən rejissorları yaxşı tanıyıram. Adil İsgəndərov, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Əjdər İbrahimov, Kamil Rüstəmbəyov bizim böyük rejissorlarımız olub. Bunlar tarixdə qalan rejissorlardır. Çox xoşbəxtəm ki, onlarla birlikdə çalışmışam. Hər bir peşəkar rejissorun filminin öz dəsti-xətti var. O zamanlar deyirdilər ki, "Koroğlu” çox zəif filmdir. Ancaq bu gün "Koroğlu” səviyyəsində çəkilən filmlərimiz nə qədərdir? Varsa da, mən o rejissoru tanımıram. İndi elə bir rejissor varmı ki, "O olmasın, bu olsun”, "Qaynana” filmlərini o səviyyədə çəkə bilsin? Demək, hər şey peşəkar rejissordan asılıdır”.
"Tamaşaçını aldatmaq olmaz”
Əməkdar artist, yeni çəkilən film və seriallarda komik ata obrazı yaradanaktyor Niftulla Əsgərovunsözlərinə görə, hər dövrün öz hökmü var. Onlardan əvvəl də, onlardan sonra da istedadlı insanlar yaşayıb və yaşayır: "Hazırda kompüter əsridir. Ötən əsrin 80-ci illərində filmi 4-5 ilə ancaq çəkə bilirdilər. Ancaq indi bir filmi ayyarıma çəkirlər. Elə fraqmentlər olurdu, gözləyirdilər ki, Günəş çıxsın və ya Ay getsin, sonra çəksinlər. İndi isə Günəşin batmasını, buludun getməyini özləri kompüterlə həll edirlər. Bu onların iki dəqiqəsini alır. Məsələ burasındadır ki, keçmişdə çəkilən komediyalara bu gün də baxılır və adama ləzzət edir. Mən uşaqlıqda hər zaman onlara baxmışam, indi də baxıram. 1977-ci ildə "Qərib cinlər diyarında” filminə çəkilmişdim. Orada mən Qara cini oynayırdım. Çox maraqlı illər idi”.
N.Əsgərov deyir ki, indiki komediyalarla əvvəlki komediyalar arasında fərq var. Amma gəlin, indiki tamaşaçının zövqünü də nəzərə alaq: "Bugünkü tamaşaçının zövqü tamamilə fərqlidir. Misal üçün, "Ögey ana” filmində aktyor deyir ki, mənim bu qara buluddan gözüm su içmir. Gedim o qara buludun qabağını tutum. İndiki tamaşaçıya bu sözü deyə bilərsənmi? Tamaşaçını aldatmaq olmaz. Tamaşaçı həqiqəti, faktı olduğu kimi görmək istəyir. Bizim keçmiş komediya filmlərimizə hörmətimiz var və onlardan öyrənməli, nümunə götürməli, yeni-yeni əsərlər yaratmalıyıq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər