İzolyasiya qaydalarına ciddi riayət olunmalıdır
Virusun Azərbaycanda yayılmasının
qarşısının alınması üçün ən vacib şərt budur
Koronavirus infeksiyası
(COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) martın 17-nə olan son statistik məlumatına görə,
dünya üzrə 162 ölkədə 182742 nəfər koronovirusa yoluxub. Son yoluxma sayı 290
nəfərdir. Onların içərisində 7 174 şəxs artıq ölüb. Bu günə qədər virus
infeksiyasından 79 883 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən,
onlardan 1 300 nəfər yeni sağalanlardır. ÜST-ün baş direktoru Tedros Adhanom
Hebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, koronavirus pandemiyası
dövrümüzün ən böyük səhiyyə böhranıdır. Onun sözlərinə görə, hazırda dünyanın
digər ölkələrində yoluxma və ölüm halları Çindəki göstəriciləri üstələyib. ÜST
rəhbəri deyib ki, koronavirusa qarşı mübarizədə müayinə və testlərin sayı
artırılmalıdır. ÜST rəhbəri, həmçinin dünyanın bir sıra ölkələrində
koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini alqışlayıb. O, test
və müayinələrlə yanaşı yoluxanlar və onlarla təmasda olan şəxslərin ciddi
şəkildə cəmiyyətdən təcrid olunmasının vacibliyini vurğulayıb. Çünki
infeksiyanın əlamətləri yox olduqdan sonra xəstələnmiş şəxs hələ iki həftə
boyunca ətrafındakı insanları yoluxdura bilər. Ona görə də ev şəraitində
karantində olan şəxslər və onların yaxınları ehtiyat tədbirləri görməli,
qaydalara ciddi riayət etməlidirlər.
Vətəndaşlarımızın iştirakı və dəstəyi
Dünyanın koronavirus bəlası
ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının
qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət
tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Nazirlər Kabineti
yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması,
yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi
tədbirlər görməyə sövq edib. Virusun qarşısının alınması istiqamətində ÜST-ün
tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində də bir sıra
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Ölkə daxilində
bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin
dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi
riayət etmələri tələb olunub. Bütün bunlara baxmayaraq, vətəndaşlarımızın
iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə
bilməz. Ona görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin
vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan
karantin qaydalarına ciddi riayət etməlidirlər.
Təhlükəsizlik
məsələlərinə daha diqqətlə yanaşmaq
Vətəndaşlar koronovirusla
mübarizə məsələsinə ciddi yanaşmalı, panikaya yol verməməlidirlər. Artıq heç
kimə sirr deyil ki, koronovirus xəstəliyinin müalicəsi yoxdur, hətta dünyanın
inkişaf etmiş ölkələri belə, virusun qarşısını ala bilmirlər. Bununla belə, hansı
ölkələr ki səmərəli qabaqlayıcı tədbirlər görürlər, orada vəziyyət nisbətən
daha qənaətbəxşdir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda da bütün mümkün
qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Hətta bu baxımdan Azərbaycan
bir çox ölkələrini qabaqlayır. Bütün bunlara rəğmən, heç bir ölkə və şəxs heç
nədən sığortalanmayıb. Ona görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da
daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır.
Digər tərəfdən, nəzərə alınmalıdır ki, yaşlı insanlar virusun təsirinə daha tez
məruz qalır. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Vətəndaşlara
tövsiyə olunur ki, imkan daxilində evdə otursunlar, kütləvi tədbirlərə,
qonaqlıqlara, gəzintilərə getməsinlər, ictimai nəqliyyatdan istifadə,
mağazalarda alış-veriş edərkən daha etibarlı qorunsunlar. Xüsusən də ictimai
nəqliyyatda xəstəliyin yayılma imkanları geniş olduğu nəzərə alınaraq, insanlar
qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik
məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.
Sanitar-gigiyenik
qaydalara əməl etmək
Səhiyyə Nazirliyinin baş
infeksionisti Cəlal İsayevin mediaya açıqlaması da onu deməyə əsas verir ki,
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün
qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Baş infeksionistin
sözlərinə görə, Azərbaycan bu baxımdan hətta bir çox ölkələri qabaqlayır.
C.İsayev koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanla qonşu
ölkələrin - Türkiyə, Rusiya və İranla gediş-gəlişin məhdudlaşdırılmasını da
olduqca mühüm tədbir hesab edib. Qeyd edib ki, Azərbaycanda səmərəli
qabaqlayıcı tədbirlərin görülməsi sayəsində vəziyyət nisbətən daha
qənaətbəxşdir: "Lakin buna baxmayaraq, məsələyə ciddi yanaşmaq, panikaya yol
verməmək, təhlükənin real olacağını da başa düşmək lazımdır. Buna görə də
insanlar virusun daha çox yayılmaması üçün tələb olunan sanitar-gigiyenik
qaydalara əməl etməlidirlər”.
Lüzumsuz
panika və ajiotaj
Onu da qeyd etmək yerinə
düşər ki, Azərbaycanda həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri
də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı
olmasını təmin etməkdir. Bununla yanaşı, əhalinin məlumatlandırılması ilə bağlı
müvafiq işlər də görülür. Nazirlər Kabineti yanında operativ qərargah gündə bir
neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir.
Bütün bunlara rəğmən, təəssüf ki, ayrı-ayrı məsuliyyətsiz şəxslər cəmiyyətdə
panika, ajiotajın yaradılmasına xidmət edən, hər hansı fakta, dəlilə
əsaslanmayan şayiələr yayırlar. Sözsüz ki, həmin şəxslər gec-tez müəyyənləşdiriləcək
və onların barəsində ən sərt tədbirlər görüləcək. Çünki, koronovirus xəstəliyi
kiçik miqyasdan çıxaraq qlobal xarakter alıb, bütün dövlətlər, o cümlədən
ölkəmiz üçün təhlükəyə çevrilib. Belə bir şəraitdə qeyri-obyektiv, şayiə
xarakterli məlumatlar yayaraq insanlara psixoloji təsir göstərən, bir sıra
hallarda onlara mənəvi sarsıntı yaradan insanlar bağışlana bilməzlər. Onlar bu
əməlləri ilə milli marağın əleyhinə çıxır, Vətənə, dövlətə və xalqa xəyanət
edirlər. Xəyanətkarları isə heç bir halda bağışlamırlar.
Ehtiyatlarımız
kifayət qədərdir
Belə məsuliyyətsiz şəxslər
bəzi hallarda koronovirus təhlükəsinin yayılması fonunda Azərbaycanda ərzaq
çatışmazlığı yaranacağını da iddia edirlər. Halbuki, Azərbaycanın ərzaq
təhlükəsizliyi təmin olunub, ərzaq məhsulları ilə bağlı qıtlıq yaranması
imkanları istisna edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu barədə mətbuata açıqlamasında
bildirib ki, Azərbaycanda hər il ərzaq balansının tərtib olunması buğda, sair
dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, kartof,
soğan, tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət
məhsulları, süd və süd məhsulları, bitki yağları, kərə yağı, çay və sair məhsul
növləri üzrə aparılır. Ərzaq balanslarını təhlil edən ekspert deyib ki, ölkədə
ərzaq bazarında vəziyyət qənaətbəxşdir. Onun sözlərinə görə, Azərbaycanda dənli
(çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır
və bu sahədə ehtiyatlarımız son illər 1-1,2 milyon ton olub: "Bir qayda olaraq
dənlilər üzrə ilin əvvəlinə qalıq, ərzaq məhsullarının istehsalı üçün istifadə
edilən məhsulun 40 faizindən çox olur. 2019-cu ildə kartofla özünü təminetmə
səviyyəsi 87,8 faiz olub. Azərbaycanda kartof üzrə də ilin əvvəlinə qalıq,
həmişə ərzaq kimi istehlak olunan məhsulun 70 faizindən çox olur. Ölkəmizdə
özünütəminetmə səviyyəsi tərəvəz üzrə 112 faiz, bostan məhsulları üzrə 100,8
faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, ət və ət məhsulları üzrə 82,5 faiz,
yumurta üzrə 101,8 faiz, süd və süd məhsulları üzrə 86,2 faiz, duz üzrə 111,4
faiz və çörək və çörək məmulatları üzrə 100 faizdir. Bütün növ ərzaq məhsulları
üzrə ehtiyatlarımız kifayət qədərdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da
bildirib ki, ölkəyə məhsulların, o cümlədən, ərzaq məhsullarının gətirilməsində
heç bir çətinlik yoxdur. Üstəlik, dövlətin də ərzaq ehtiyatları var ki,
istənilən fors-major halında əhalinin təminatı həyata keçirilə bilər”.
Ərzaq
təhlükəsizliyi indeksi yüksəkdir
Mərkəzin icraçı direktoru V.Qasımlı
nüfuzlu beynəlxalq qurumların hesabatlarına istinad edərək qeyd edib ki, son
illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə
yüksəlib: "Bu baxımdan, "The Economist Group” tərəfindən hazırlanan Qlobal
Ərzaq Təhlükəsizliyi İndeksinə (The Global Food Security Index) baxmaq
kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq
təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib. Hesabata
görə bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib, ölkəmiz bu göstərici
üzrə siyahıya liderlik edir. Məlumat üçün qeyd edək ki, digər ölkələr üzrə bu
göstərici ən yaxşı halda 6-7 faiz olub. 2019-cu ildə Azərbaycan bu hesabatda
daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq
təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk
onluqda təmsil olunur. Həmçinin ölkəmiz bu reytinqdə keçmiş SSRİ-yə daxil olan
bir çox respublikanı qabaqlayıb. Qeyd edək ki, sözügedən hesabata əsasən son 7
il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə
olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə
olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə
ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb”.
Rufik
İSMAYILOV