• şənbə, 27 Aprel, 08:19
  • Baku Bakı 12°C

İvanişvili “TBC-bank”a qarşı

18.01.19 18:33 626
İvanişvili “TBC-bank”a qarşı
Gürcüstan prokurorluğu ölkənin ən iri bankı "TBC-bank”ın rəhbərləri – Müşahidə Şurasının sədri Mamuka Xazaradze və onun müavini Badri Caparidzeyə qarşı cinayət işi qaldırıb. Onlar 17 mln. dollar mənimsəmədə ittiham olunurlar. Gürcü cəmiyyətində belə bir fikir formalaşıb ki, banka qarşı təzyiqlərin arxasında hakim "Gürcü Arzu” Partiyasının lideri Bidzina İvanişvili dayanır. Ölkənin ən nüfuzlu şəxsi Bidzina İvanişvili prezident seçkilərində namizədi Salome Zurabişvilinin qələbəsindən sonra yenidən öz stilinə - kölgəyə çəkilməyə üstünlük verib. Onu hətta prezidentin inauqurasiya mərasimində də görmək mümkün olmadı. İvanişvili TBC Bank ətrafında yaşanan gərginliyi də şərh etmək istəmir. Hətta bankın rəhbərləri Xazaradze və Caparidzeyə qarşı ittihamlar səsləndirildikdən sonra belə fikir bildirməyib.
Rəsmi olaraq isə vəziyyət aşağıdakı kimidir. Prokurorluq ölkənin ən populyar bankı barəsində təhqiqata ötən ildən başlayıb. Sənədlərin tədqiqi zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini 2008-ci ildən bəri davam edən "şübhəli kombinasiya” cəlb edib. On il bundan əvvəl bank dövriyyə işlərini aparmaq üçün bir biznesmenə məxsus iki Tbilisi müəssisəsinə 17 mln. dollar ssuda təqdim edib. Prokurorluğun məlumatında bildirilir ki, ssuda prosedur normalarının kobud şəkildə pozulması ilə verilib. Belə ki, qeyd olunan 17 mln. dollar bank rəhbərlərinin hesablarına daxil olub. Prokurorluğun əldə etdiyi məlumata görə, 2012-ci ildə TBC Bank hər iki müəssisəni öhdəliklərdən azad edib. İddia edilir ki, onlar götürdükləri ssudanı ofşor zonalarda qeydiyyatdan keçən şirkətlərin hesablarına köçürüblər. Hüquqşünaslar hesab edirlər ki, bank rəhbərlərinə qarşı qaldırılan cinayət işi sübuta yetirilərsə, bu, onların həbsxana divarları arxasına düşməsi ilə nəticələnə bilər. Öz növbəsində vəkillər düşünür ki, prokurorluq əməkdaşlarının əlində pulların yuyulması ilə bağlı tutarlı faktlar yoxdur və keçirilən bank əməliyyatları qanuni əsaslarla olub. Dəfələrlə müxtəlif dövlət strukturları, beynəlxalq audit şirkətləri tərəfindən yoxlamalar, hətta Gürcüstan Mərkəzi Bankının inspeksiyası da həyata keçirilib. Vəkillər bir məqamı da diqqətə çatdırırlar ki, proseslər uzaq keçmişə gedib çıxır və indi bunun araşdırılması cəmiyyətdə çoxsaylı suallar doğurur. Prosesdə əsas fiqur olan Mamuka Xazaradze bəyan edib ki, proses siyasiləşdirilib. Əlavə edib ki, belə şeylər onları qorxuda bilməz. Dəfələrlə müxtəlif hakimiyyətlər tərəfindən bu kimi təzyiqlərin şahidi olublar. Lakin hər dəfə də özlərini qoruyub saxlayıblar. Buna baxmayaraq, baş verənlər banka və onun əsasını qoyanların reputasiyasına mənfi təsir göstərə bilər. Müşahidəçilər hesab edirlər ki, aparıcı gürcü bankının düşdüyü vəziyyəti gözlənilməz adlandırmaq olmaz. Yəni, proseslərin belə sonluqla başa çatacağı gözlənilirdi. Prezident seçkilərinin birinci turunun nəticələri bəlli olduqdan sonra Bidzina İvanişvili ölkənin aparıcı telekanallarına müsahibəsində ölkənin ağır iqtisadi durumunu şərh edərkən açıq şəkildə bildirmişdi ki, Gürcüstanın iki əsas bankı dövlətin axırına çıxıblar. Lakin əslində cəmiyyətin özündə TBC Bank-ə qarşı hər hansı bir mənfi münasibət bəslənilmir. Ölkədə 2 mln. insan bu bankın xidmətlərindən istifadə edir, onun müştəriləridirlər. Bankın adı bir dəfə də olsun qalmaqallarda çəkilməyib, reputasiyasında qaranlıq məqamlar yoxdur. Praktiki olaraq heç biri iri müəssisə "TBC Bank”ın sponsorluğundan yan keçə bilmir. Gürcüstanın ən nüfuzlu şəxsinin bankdan narazılığını göstərən bir sıra versiyalar var. Ən əsası odur ki, İvanişvili banka nəzarəti öz əlinə almağa çalışır. Və ya özünə məxsus "Cartu Bank”ın rəqibini aradan götürmək istəyirr. Versiyalardan biri odur ki, məhz adıçəkilən bank ölkənin ən iri layihələrindən biri olan Anakliyə yaxınlığındakı iri limanın reallaşmasında iştirak edir. Gürcü nəşrləri iddia edirlər ki, İvanişvili buna qısqanclıqla yanaşır. Bu, liman Qara dənizdəki Türkiyə və Ukrayna limanları ilə rəqabət aparmaq iqtidarında ola bilər. Unikallığı ilə seçilən bu limanın inşası bank rəhbərliyinə nəinki iqtisadi, həm də siyasi dividentlər gətirə bilər. Bu isə iddia olunur ki, İvanişvilinin maraqlarına uyğun gəlmir. Tbilisidə həm də başqa bir versiyanı irəli sürürlər – Xazaradze yüngül tərkibli narkotiklərin tətbiqinə qarşı, polis zorakılığı, eləcə də, övladları qətlə yetirilənlərin aksiyalarının, hətta müxalifətçi namizədlərin maliyyələşməsində iştirak edib. Lakin məsələ ondadır ki, bank rəhbərliyi prezident seçkilərinin ikinci turunda bütün əməkdaşlarını İvanişvilinin dəstək verdiyi Salome Zurabişviliyə səs verməyə çağırıb. Əgər məsələ belədirsə və Xazaradze bununla hakimiyyətə öz loyallığını sübut etmək istəyibsə, onda artıq gec olub. Ya da ola bilsin, bu addım kifayət etməyib.

AzərNURİYEV

banner

Oxşar Xəbərlər