• çərşənbə, 08 May, 05:46
  • Baku Bakı 13°C

İvanişvili etirazçılara güzəştə getdi

24.06.19 18:23 584
İvanişvili etirazçılara güzəştə getdi
Gürcüstan paytaxtından ötən həftənin sonlarından başlayan etiraz aksiyaları səngimir. Heç kimin gözləmədiyi və proqnoz edə bilmədiyi hadisələr ölkədə xaotik vəziyyət yaradıb. Rusiyalı deputatın parlament binasında keçirilən tədbir çərçivəsində spikerin yerində oturması ilə başlayan qalmaqal ölkəni bir-birinə vurub. Minlərlə nümayişçi Gürcüstan paytaxtında artıq dördüncü gündür etiraz edir. Onlar aparıcı dövlət rəsmilərinin istefasını, erkən seçki tələb edirlər. Etirazlar dünən də davam edib. Əhali Tbilisinin Rustaveli prospektində parlament binasının qarşısına yığışıb. Bəzi etirazçılar əllərində Rusiyaya və Rusiya prezidentiVladimir Putinə qarşı plakatlar tutublar. "Rusiya işğalçıdır”, plakatların birində belə yazılıb. Bir etirazçının geyindiyi qısaqol köynək üzərində isə "Gürcüstan yazarları və naşirləri heç vaxt Rusiya işğalına dözməyəcəklər” yazılıb. Nümayişçilərin bəziləri Gürcüstan hakimiyyətini pisləyiblər. Üç gün öncə etirazçılarla polisin toqquşmalarında yüzlərlə adam yaralanıb, həbsə atılıb. Bildirilir ki, Tbilisidə etiraz aksiyaları zamanı xəsarət alanların 19 nəfəri xəstəxanalarda müalicəni davam etdirir. Bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Həmin şəxslərin ikisi tənəffüs aparatına qoşulub. Həkimlər onların vəziyyətinin ağır kimi qiymətləndirirlər. Digər 17 nəfər isə yüngül və orta dərəcəli bədən xəsarətləri diaqnozu ilə müalicə olunurlar. Qeyd edək ki, Tbilisidə iyunun 20 və 21-də keçirilən kütləvi etiraz aksiyaları zamanı polislə iştirakçılar arasında baş verən qarşıdurmalar nəticəsində, ümumilikdə, 250-yə yaxın şəxs xəsarət alıb. Onlardan 80 nəfəri polisdir.
Parlament binası qarşısına asılmış bir posterdə 20 iyun axşamı gözündən rezin güllə yarası almış yaralı etirazçının şəkli yer alıb. Bəzi etirazçılar aksiyaya gözləri sarıqlı gəliblər. Sarıqların üzərində Rusiyaya qarşı şüarlar yazılıb. Etirazların liderləri daxili işlər nazirinin istefasını, nümayişlərin birinci gecəsi saxlananların buraxılmasını, kütləyə qarı zorakılıqdan istifadə etmiş hüquq-mühafizə əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.
Maraqlı olan odur ki, hakim "Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin oğlu reper Bera İvanişvili də aksiyaçılara dəstək nümayiş etdirib. Bu bir çoxları üçün gözlənilməz olub. "Azadlıqsevər soydaşlarımın səsinə səs verirəm. Öz azadlığımızı heç kimə verməyəcəyik”, Bera özünün Feysbuk səhifəsində yazıb. Gürcüstanda fəaliyyət göstərən "Savea” və "Amirani” kinoteatrlar şəbəkəsi isə rus dilində olan bütün tamaşaların nümayişini dayandırıb. Bu şəbəkəyə daxil olan kinoteatrlar rus dilində olan bütün seanslardan imtina edib. Bu barədə Kinoteatrların İnformasiya Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda heç bir mədəniyyət ocağında rus dilində tamaşa göstərilmir.
Onu da qeyd edək ki, etirazlardan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana uçuşlara müvəqqəti qadağa qoyub. O, səyahət agentliklərini Gürcüstana turları dayandırmağa çağırıb. Gürcüstan hakimiyyəti ölkəyə gələn rusiyalı turistlərə heç bir təhlükə olmadığını bəyan edib. "Gürcüstana gələn qonaqlar, xarici jurnalistlər və Rusiya da daxil olmaqla xarici turistlər üçün heç bir təhlükə yoxdur”,- deyə Gürcüstan DİN-in yaydığı bəyanatda bildirilir.
Prezident Salome Zurabishivili də "Euronews” televiziyasına müsahibəsində deyib ki, Moskva ilə yaranmış gərginliyin turistlərə heç bir təsiri olmamalıdır və rusiyalı turistlər ölkəyə gəlməkdə davam etməlidirlər, çünki onlar Gürcüstanı sevirlər.
Yeri gəlmişkən, dünən səhər "Gürcü arzusu” Partiyasının Siyasi Şurasının növbəti iclasının yekununda da şok qərarlar qəbul edilib. Gürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək. Bu barədə "Gürcü arzusu”nun sədriBidzina İvanişvilibildirib. Onun sözlərinə görə,bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı verilib. Partiya sədri parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini də deyib.\
"Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”. Bunu ölkəninbaş naziriMamuka Baxtadzebildirib. Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib. Baş nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: "Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. Proporsional sistem ilə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”.
Öz növbəsində Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Frans Klinçeviç deyib ki, Rusiya Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edə bilər. Onun sözlərinə görə, Tbilisi rusdillilərə münasibətdə diskriminasiyanı davam etdirsə, Moskva bu addımı atacaq.
Vətəndaşlığını dəyişmək istəyən bütün Gürcüstan vətəndaşlarına Rusiya pasportları vermək lazımdır. Bu qalmaqallı açıqlamanı isə "İReactor” portalına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. "Niyə biz Gürcüstana pul xərcləməliyik? Kim özünü Rusiyaya münasibətdə belə aparır? Bəli, bu fəaliyyətin dirijorları xaricdə ola bilər, amma hücumları Gürcüstanın sıravi vətəndaşları həyata keçirir. Moskva və Tbilisi münasibətlərində problemlər I Pavelin səhvlərinin nəticəsidir. Məhz o, müşavirlərinin təklifi ilə Gürcüstanı Türkiyədən xilas etmək üçün Rusiya imperiyasının tərkibinə qatmaq haqqında qərar qəbul etdi. Əgər bu baş verməsəydi, bu gün Rusiya Türkiyə ilə ümumi sərhədə sahib olar, gürcülər isə rusların içində assimilyasiyaya məruz qalardı”, – deyə o bildirib.
Bu arada Gürcüstanın müxalif "Avropalı Gürcüstan” Partiyası "Gürcü arzusu” Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsi barədə qərarına münasibət bildirib. Partiya liderlərindən biriElene Xoştariaqərarı vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb. O bildirib ki, hakim partiyanın aksiyaların yalnız bir tələbini yerinə yetirməsi hakimiyyətin etirazçılarla daxili işlər naziri Giorgi Qaxarianı vəzifədə saxlamaq məqsədilə alver etdiyini göstərir: "Əsas tələb Giorgi Qaxarianın istefasıdır. Lakin hakim partiya bu tələbi diqqətdən kənarda saxladı. Hakim komanda iyunun 20-də etiraz aksiyasının dağıdılması zamanı baş verən qanlı olaylarda məsuliyyəti daxili işlər nazirində görmür. Bu yanaşma hakim partiya liderləri üçün utancvericidir”.
Son məlumatlar görə, Tbilisi Resbublika meydanından DİN binasına doğru avtomobil yürüşü başlayıb. Yürüş nazirlik binasının qarşısınadək davam edib və daxili işlər naziri G.Qaxarianın istefası tələb olunub.
Azər NURİYEV


banner

Oxşar Xəbərlər