IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin mətbuatında geniş işıqlandırılıb - Fotolar

"12-22 may tarixində Azərbaycan ictimaiyyəti böyük
idman, eyni zamanda ictimai-siyasi hadisəyə şahidlik etdi. Ölkəmizin IV İslam Həmrəyliyi
Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etməsindən, idmançılarımızın
nümayiş etdirdiyi bacarıqlardan, qazandıqları qələbələrdən qürurlandıq, Azərbaycanla
bir daha fəxr etdik. Bu yarışların ölkəmizdə keçirilməsi ilə İslam aləminin həmrəylik
prosesində yeni mərhələyə start verildi. Biz beynəlxalq ictimaiyyətə sübut
etdik ki, İslam dünyasının gəncləri müharibə meydanlarında, səngərlərdə,
münaqişə ocaqlarında deyil, idman arenalarında qarşı-qarşıya gəlməli, birlik-bərabərlik
uğrunda mübarizə aparmalıdırlar. Bütün bu proseslər sülh və əmin-amanlıqla
müşayiət olunmalıdır”.
Bu fikirləri Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov"IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması”
mövzusunda bu gün Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan "dəyirmi
masa”da səsləndirib. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə
o, İslam dünyasının da daxili inteqrasiyaya, həmçinin könül körpüsünün
yaradılmasına, əlaqələrin daha da gücləndirilməsinə ehtiyacı duyduğunu dilə gətirib.
Bildirib ki, zaman-zaman bu əlaqələrin olmaması, bəlkə də bilərəkdən ölkələrarası
münasibətlərə xələl gətirilməsi səbəbindən hazırda bəzi İslam dövlətlərində
ziddiyyətlər, qanlı toqquşmalar müşahidə edilir. Administrasiya rəsmisinin sözlərinə
görə, birmənalı olaraq demək olar ki, İslam dünyasında həmrəyliyin təmin
olunması istiqamətində öz üzərinə götürdüyü missiyanı Azərbaycan uğurla davam
etdirir. B.Həsənov qeyd edib ki, Azərbaycan mədəniyyəti İslam sivilizasiyasının
formalaşmasında çox mühüm elementdir. O, İslam ölkələri arasında əməkdaşlıqda
media həmrəyliyinin də çox mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:
"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının mətbuatında da
geniş işıqlandırıldı. Biz bir daha şahidi olduq ki, İƏT-ə üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyasının təsis edilməsi çox gözəl ideyadır. Bu Oyunlar
assosiasiyanın yaradılmasının zəruriliyini bir daha nümayiş etdirdi. Əminik ki,
bu Oyunlar gələcəkdə İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verəcək”.
"İrşad” Dini
Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev Azərbaycanın son illər beynəlxalq əhəmiyyətli tədbirlərə
uğurla ev sahibliyi etdiyini söyləyib. Qeyd edib ki, Bakıda keçirilən
"Avroviziya-2012”,
"Bakı-2015: I Avropa Oyunları” kimi, "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları”
da öz möhtəşəmliyi ilə seçilib. Onun sözlərinə görə, bu Oyunlar bütün İslam ölkələrinin
kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb ki, bu da Azərbaycanın
dünyada daha da tanıdılmasına səbəb olub.
İƏT-ə üzv
Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov da IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə
keçirildiyini qeyd edib. O, bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti,
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın
böyük əməyi sayəsində İslamiada ən yüksək səviyyədə təşkil olunub. F.Abbasovun
fikrincə, bunu bütün İslam ölkələrinin KİV-lərində yayılan informasiyalarda da
açıq-aydın görmək olar: "Ötən əsrin 60-cı illərindən, mən şərqşünas kimi İslam
şərqində baş verən olayları çox yaxından, içdən
izləmişəm, İslam birliyi haqqında şüarları çox eşitmişəm, bu mövzuda
regional toplantıları da yaxından izləmişəm. Neçə-neçə İslam dövləti liderlərinin
birliyə çağırışlarını dinləmişəm. Lakin onların heç birini bu il Azərbaycanın,
onun liderinin İslam birliyinə və həmrəyliyinə verdiyi möhtəşəm töhfələrlə
müqayisə etmək olmaz. Hamımızın gözü qabağında bir sıra müsəlman ölkələrinin
dağıdılması, uşaqlı-qocalı milyonlarla müsəlmanın qaçqına çevrilməsi, bəzi Qərb
dairələrinin yeritdiyi İslamofobiya siyasətinin fonunda Azərbaycan
prezidentinin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsi və IV İslam Həmrəyliyi
Oyunları ilə onu reallaşdırması siyasi iradə tələb edirdi. Bu siyasi iradənin
kökü İslam ümmətinə sevgidən qidalanır. Tək müsəlman xalqları deyil, bütün
dünya əmin oldu ki, Azərbaycan prezidenti İlham Əliyev öz dilinə, dininə, kökünə
qırılmaz tellərlə bağlıdır. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsində
böyük əməyi olan Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevadan başlayaraq, sadə könüllü gənclərə kimi,
hamılıqla elə bir müsbət aura yaradılıb ki, bu aura təkcə Bakıya gələn
idmançılara, onları müşayiət edən jurnalistlərə, azarkeşlərə, turistlərə, bütün
İslam ölkələrində müsəlmanlara sirayət edib. Biz bunu İslam dövlətləri
mediasında Oyunlar haqqında gedən yazıların hər sətrində, hər kəlməsində
duyurduq”.
Mərakeşin Azərbaycandakı
səfiri Məhəmməd Adil Embarx IV İslam Həmrəyliyi Oyunlarının 100 milyonlarla insan tərəfindən izləndiyini
bildirib. Qeyd edib ki, Mərakeş mətbuatında, telekanallarında da IV İslam Həmrəyliyi
Oyunları geniş işıqlandırılıb: "Bu oyunlar Azərbaycanın yeni infrastrukturunu
görmək üçün böyük fürsət idi. Azərbaycan həm də bu oyunlarda turizm
infrastrukturunu təqdim etdi. Azərbaycanda gözəl hotellər, aeroportlar, turizm
guşələri var. Bu turizm imkanları Azərbaycana gələcəkdə qeyd olunan sahədə daha
da inkişaf etməyə imkan verəcək. Bununla yanaşı, Oyunlar çərçivəsində
idmançılar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının
şahidi oldular. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat
Komitəsi çox uğurla fəaliyyət göstərdi. Mən oyunların yüksək səviyyədə təşkil
olunması ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm”.
"Dəyirmi masa"da Türkiyə, İran, İndoneziya və digər ölkələrin
Azərbaycandakı səfirliklərinin nümayəndələri də çıxış edərək IV İslam Həmrəyliyi
Oyunlarının yüksək səviyyədə təşkil olunmasından söhbət açıblar.
Tədbirin sonunda Misir yazıçısı Ahmed Abdo Tarabikin "Qarabağ - Qafqazda sülhə aparan yol" kitabının da təqdimatı olub.
Rufik İSMAYILOV




