“İstədiyim hər şeyi edirəm, fiziki məhdudiyyət əngəl deyil” - Örnək
İnsanda fiziki məhdudiyyətin
olması nə dünyanın sonu deməkdir, nə də hansısa məqsədə əngəl... Bu, sözdə olan
fikir yox, reallıqda müşahidə olunan, kifayət qədər nümunələrlə sübut edilə biləcək
bir faktdır. Düzdür, əvvəllər bizdə fiziki məhdudiyyəti olan insanlar daha çox
ev şəraitində qalmağa üstünlük verirdilər, cəmiyyətə çıxmırdılar. Amma hazırda
sosial cəhətdən aktiv insanların içərisində bu cür şəxsləri də görürük.Onlardan biri də idman rəqsi üzrə paralimpiyaçı, "Asan” Xidmət
Mərkəzinin əməkdaşı, "Əlil İdmançılara Dəstək İctimai Birliyi”nin katibi,
Moskva Dövlət Humanitar İqtisad Universitetinin Hüquq fakültəsinin tələbəsi Vüsalə
Kərimovadır. Fiziki məhdudiyyətinin ona arzu və istəklərini
yerinə yetirməyə mane olmadığını deyən Vüsalə xanım yeni başladığımız "Örnək” rubrikamızın ilk
qonağıdır.
-
İnsan doğularkən hər hansı fiziki məhdudiyyəti olarsa, zamanla buna alışır, o
cür yaşamağı öyrənir. Amma sonradan hansısa bu cür məhdudiyyət yaranarsa, ona
alışmaq heç də asan olmur. Sizdə də problem məhz sonradan yaranıb. Bəs bunun
öhdəsindən necə gəldiniz?
- Bəli, 15 yaşımda onurğa
sütunumdan aldığım zədə nəticəsində əlil arabası istifadəçisi oldum. Biz öz
aramızda buna "ikinci həyat” deyirik. İkinci həyatı yaşamaq çox çətindir.
Uyğunlaşmanın az müddət aldığını demək olmaz. Məndə 7-8 il vaxt apardı. Düzdür,
həmişə pozitiv olmağa çalışmışam, amma öyrəşmək, cəmiyyətə inteqrasiya etmək
zaman alır. Zədəni alan kimi arabaya oturub cəmiyyətə çıxmaq deyə bir şey
yoxdur. Zədə alandan ilyarım sonra arabaya oturmuşam. Çünki anam icazə vermirdi.
Uyğunlaşma dövrünü keçəndən sonra hər şey sanki daha rahat olur. Müalicə üçün
Krımın Saki şəhərinə getmişdim. Orada ilk dəfə xeyli əlil arabası istifadəçisi
gördüm və şoka düşmüşdüm ki, bu qədər əlil arabası istifadəçisi ola bilər?
Yavaş-yavaş öyrəşdim, həmin insanlarla ünsiyyət qurdum, gördüm ki, heç də yeriyən
insanlardan nə xarakter, nə də fiziki cəhətdən geri qalmırlar, hətta bəzən
onlardan daha çox iş görürlər. Ölkəmizə qayıdandan sonra mən də artıq cəmiyyətə
inteqrasiya etməyə qərar verdim. Əvvəllər məlumatım olmadığı üçün bir az qapalı
vəziyyətdə qalmışdım. Onları görəndən sonra dedim ki, aktiv olmaq lazımdır.
Çünki mənim təbiətim aktivdir.
- Yəni
motivasiya bu oldu?
- Bir neçə ölkəyə
getdim, əlilliyi olan insanların aktiv olduğunu görəndə bizim əlillərin bu cəhətdən
çox geridə olduğunu hiss etdim. Mənim bir dostum var - Kamal Məmmədov. Hazırda Azərbaycan Milli Paralimpiya Komitəsində çalışır. Zədə aldıqdan sonra qısa zamanda aktiv həyata
qayıtdı. Öz aktivliyi ilə o, bir çox əlilliyi olan şəxslərə motivasiya verib,
eləcə də mənim də cəmiyyətə inteqrasiya olunmamda onun köməyi olub. Bir çox
amillərin rolu oldu və mən bunu etdim.
-
Qeyd etdiniz ki, ananız əlil arabasına oturmağınıza icazə vermirdi. O, bunu qəbul
edə bilmirdi?
- Bəli, düşünürdü ki, əlil
arabasına otursam, orada da yapışıb qalacam. Amm mən özüm anamı təkidlə yola gətirdim.
Hətta ondan xəbərsiz əlil arabasını əldə etdim. Bunun mənim üçün vacib olduğunu
düşünürdüm. Çünki nə qədər köməklə hərəkət edə bilərdim axı? İlyarım
doğmalarımın köməyi ilə hərəkət etdim, amma cəmiyyətə çıxmaq, sosial sferada
aktiv olmaq üçün bunu etməliydim. Əlil arabasının təkərləri mənim ayaq
funksiyamı yerinə yetirir, getmək istədiyim yerə məni aparmağa kömək edir. Tam
olmasa da, əşya kimi ayaqlarımın funksiyasını yerinə yetirir.
- Həmin
ilyarım müddətində bu gün cəmiyyətdə aktiv olmayan əlillərin bir qismində mövcud
olan pessimist ruh sizdə oldumu? "Bundan sonra mən nə edə bilərəm axı?” kimi
düşünürdünüzmü?
- Bəli oldu, amma çox olduğunu
desəm, yalan danışaram. Sadəcə yönünü, aktiv həyata necə başlayacağımı bilmirdim.
Mən 2004-cü ildə zədə almışdım. O vaxt Azərbaycanda əlilliyi olan insanlar çox
qapalı idilər. Cəmiyyətə çıxan tək-tük əlilliyi olan insan varıydı. İndi
haradasa cəmiyyətə inteqrasiya edənləri görmək olur. 13 keçib. O vaxt indiki
kimi deyildi, əlil arabasında kimisə görəndə, dilənçi olduqlarını, ya da nəsə
istəyəcəklərini düşünürdülər. Amma indi əlillərin cəmiyyətə inteqrasiyasını
görürük. Düzdür, Avropadakı qədər deyil, amma aktivləşmə var. O vaxt hara
müraciət etməli olduğumu, idmanla necə məşğul olacağımı bilmirdim. Orta məktəbi
təzə bitirmişdim, heç nədən başım çıxmırdı, ailəm də məlumatlı deyildi. O vaxt
internetdən də az istifadə olunurdu. Ordan-burdan eşitdiyimiz məlumatlara əsasən
nəsə edə bilirdik. Ona görə məndə uyğunlaşma çox vaxt apardı. İndiki dövrdə zədə
alsaydım, aktivliyim daha rahat olardı.
-
İnsanın özünün güclü olması ilə yanaşı, ətrafın reaksiyası da önəmlidir. Bəzən
onların da fikrini dəyişmək lazım gəlir. Nələri dəyişməyə ehtiyac oldu?
- İlk olaraq ailəm, ətrafımdakı
insanlar, qohumlarımın fikrindən başladıq. Bizim nəsildə indiyə qədər əlil şəxs
olmayıb. İlk öncə onların gözləri öyrəşdi, qəbul etdilər. Sonra yavaş-yavaş şəhərə
çıxmağa başladım. Çünki cəmiyyətdəki insanların da gözünü öyrəşdirmək lazım
idi. Nə qədər çox görsələr, o qədər tez buna öyrəşirlər. Həm də biz cəmiyyətə
çıxdıqca, şəhərdə, obyektlərdə əlil arabaları ilə hərəkət edən şəxslər üçün
infrastruktur da düzəlir. Çünki biz getdiyimiz yerlərdə - idarələrdə, inzibati
binalarda əlillər üçün şərait olmadığını görən müəssisə rəhbərləri bizim ora
tez-tez getdiyimizi görəndə, artıq şərait yaratmağa çalışırlar. Düzdür, hər
yerdə belə olmur, amma qarşılaşdığım belə insanlar çox olub. Birinci dəfə gedəndə,
əlil arabası üçün heç bir şərait olmasa da, bu problemi hiss ediblər, növbəti
gedişimdə artıq orada şərait yaradıldığını görmüşəm. Cəmiyyətdə olmağımızın
müsbət tərəfləri çoxdur. Həm də gözləri öyrəşdikcə, bizi özləri kimi qəbul
edirlər.
-
Sosial cəhətdən aktiv insansınız, öz işiniz, məşğuliyyətləriniz var. Bəs sizə
görə çətin olan nədir?
- Bəzən əlilliyi olan dostlarıma
deyirəm ki, neynirsiz gəzməyi, gül kimi oturmuşuq da yerimizdə (gülür). Gəzməyin
həsrətini bir o qədər də çəkmirəm. İstədiyim hər şeyi edirəm, fiziki məhdudiyyət
əngəl deyil. Gəzə bilmədiyim, bilirsiz, nə vaxt yadıma düşür? Qarşıma pilləkənlər
çıxır, orda əlillər üçün şərait olmur və mən hərəkət etmək üçün kiminsə köməyinə
ehtiyac duyuram. Tez-tez yarışlarla bağlı xarici ölkələrə gedirəm. Bir çox
Avropa, Asiya ölkələrində tamamilə köməksiz hərəkət etmişəm. Əlil olduğumu
orada hiss etmirəm. Köməyə ehtiyac olmayan bir şərait qurulsa, əlil olduğumu
hiss etmərəm. İnanın ki, başqa heç yerdə əlilliyimi problem kimi görmürəm.
- Əlil
arabasında idman rəqsləri üzrə Moskvada keçirilən "Qitələr Kuboku” yarışının
qalibi olmuşdunuz. Latın Amerikası rəqslərinə başlamağınız necə oldu?
- Rəqsə 2012-ci ildə başlamışam.
Bizdə yeriyən insanlara Latın Amerikası rəqsləri ilə məşğul olmağa ailələr çox
vaxt icazə vermirlər. Təsəvvür edin ki, Azərbaycanda əlilliyi olan xanım, özü də
Latın Amerikası rəqsi edir. Bu mənim üçün baryer idi. Əvvəl xarici ölkələrə rəqs
yarışlarına gedəndə burada göstərmirdim. Çünki reaksiyaları bilmirdim. Bu idman
növü ilə Minsk şəhərində tanış olmuşam. Əvvəl mənə əlil adamların bu rəqslə məşğul
olması haqda danışanda, qəribə gəlirdi. Canlı izləyəndən sonra çox gözəl
olduğunu gördüm və mən də bu rəqslə məşğul olmağa qərar verdim. Əlilliyi olan şəxs
nəinki öz əlil arabasında cəmiyyətə çıxır, həm də onda rəqs edir. Bu 3-4 qat
motivasiya, baryeri aşmaqdır. Həyatımı dəyişən addımlardan biri də rəqsin özü
olub.
- Əlillərin
paraşütlə tullanması ilə bağlı digər ölkələrdə müəyyən təcrübə olsa da, bizdə
buna risk edənləri demək olar ki, görməmişdik. Bu riski necə gözə aldınız?
- Uşaqlıqdan paraşütlə tullanmaq
arzum varıydı. Amma əlil olandan sonra bu arzumun ürəyimdə qaldığını
düşünürdüm. Fikirləşirdim ki, necə atlaya bilərəm axı? Azərbaycanda ilk dəfə əlilliyi
olan kişilər arasında Kamal Məmmədov atladı. Sonra əlilliyi olan qadınlar
arasında mən atlandım. Əvəzedilməz duyğulardır. Təbii ki gərək içində qorxu
olmasın. Bir az qorxu olur, amma onu yenmək lazımdır. Həyəcanı yenəndən sonra səmada
bundan zövq alırsan. Artıq 3 dəfə atlanmışam, bu il mənə paraşütçü şəhadətnaməsi
də verdilər. Çünki 3 dəfə atlayan şəxslər paraşütçü şəhadətnaməsi ilə təltif
olunurlar. Hər il atlanmaq fikrim var.
-
Başqa nə məşğuliyyətləriniz var?
- Hazırda Moskvada hüquq fakültəsində
qiyabi təhsil alıram, bu il sonuncu kursdayam. Eyni zamanda, güllə atıcılığı
üzrə Olimpiya oyunlarına hazırlaşıram. Düzdür, 2014-cü ildən məşğul oluram,
amma tam ciddi bir ildir ki, fasiləsiz məşqlərə gedirəm. Məqsədim 2020-ci ildə
Tokioda keçiriləcək olimpiya oyunlarına lisenziya qazanmaqdır. Səhər tezdən məşqə
gedirəm, ordan ASAN-a işə gəlirəm. İstirahət günləri də məşqə gedirəm. İstirahətə
vaxtım qalmır. Eyni zamanda QHT ilə bağlı sosial layihələrimiz olur. Bir çox
başqa sosial yönümlü layihələrə qoşulmuşam. Əlimdən gələn qədər ictimai fəaliyyətimin
olmasına çalışıram.
- Bəs
əlilliyi olan xanımların cəmiyyətə inteqrasiyası üçün hansısa bir kömək edirsinizmi?
- Rəqsi götürək. İlk dəfə Azərbaycanda
əlilliyi olan xanımlar arasında nümunə kimi bu rəqsə mən başlamışam. İndi bu
cür xanımların sayı çoxalıb. Əlimdən gələn qədər kömək edirəm ki, hər hansı şərait
yaradaq, nə isə edək. Hazırda bunun üstündə çalışıram ki, kimlərisə cəlb edək.
Hələ ki yığıram, cəlb edirəm. Hələlik əlimizdən gələn qədər onları yarışlara
hazırlamaq üçün çalışırıq. Aktiv oluram, kimisə məcbur gətirmirəm, öz nümunəmlə
əlilliyi olan şəxsləri cəmiyyətə cəlb etməyə çalışıram.
- Nə
vaxtsa yaşadıqlarınızı kitab şəklinə salmağı düşünürsünüzmü?
- Bu haqda çoxdan fikirləşirəm.
Dostlar da kitab çapında yardımçı olacaqlarını deyirlər. Amma düşünürəm ki, hələ
buna yaşım əl vermir. Müəyyən bir yaş dövrünə gəlim, nailiyyətlərim artsın ki,
deməyə sözüm də çox olsun.
Aygün Asimqızı