bazar, 27 Noyabr, 02:57

Baku Bakı 15°C

İşığı və yolu olmayan şəhər - REPORTAJ

icon 1786 icon 28 may 2022 | 04:00 İşığı və yolu olmayan şəhər - REPORTAJ

Goranboy rayonunun Dəliməmmədli şəhərinin yolları uzun illərdir asfalt örtüyə həsrətdir. Payız-qış fəsillərində, ümumiyyətlə yağıntılı havalarda palçıq, çirkab su gölməçələri səbəbindən küçələrdə piyadaların sərbəst hərəkəti qeyri-mümkün olur. Şəhərin işıqlandırma sistemi də bərbad vəziyyətdədir. 

Goranboy rayonunun Dəliməmmədli şəhəri Azərbaycanın böyük yaşayış məntəqələrindən biridir. Bakı-Qazax magistral yolu üzərində yerləşən bu şəhər iqtisadi cəhətdən əlverişli mövqeyə malikdir. Burada hələ sovetlər birliyi dövründən çoxsaylı zavod və fabriklər, taxıl və pambıq qəbul məntəqələri, digər zəruri sosial obyektlər fəaliyyət göstərib. Bir sözlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra şəhər statusu alan bu yaşayış məntəqəsi vaxtilə inkişaf səviyyəsinə, iş yerlərinin həcminə, abadlığın, quruculuğun miqyasına görə fərqlənib.

Sərbəst hərəkət qeyri-mümkündür

Amma hazırda Dəliməmmədli şəhərinin mərkəzi ünvanlarında, küçələrində müşahidə edilən mənzərə təəssüf hissi doğurur. Abad diyar yolundan tanındığı üçün, Dəliməmmədlinin də vəziyyətini yollarındakı durum açıq şəkildə ifadə edir. Şəhər sakinlərinin redaksiyamıza müraciətində bildirilir ki, bu yaşayış məntəqəsinin məhəllələrarası yolları uzun illərdir asfalt örtüyə həsrətdir. Payız-qış fəsillərində, ümumiyyətlə yağıntılı havalarda zığ-palçıq, çirkab su gölməçələri səbəbindən küçələrdə piyadaların sərbəst hərəkəti qeyri-mümkündür.

Şəhidin adını daşıyan təmirsiz küçə

Şəhid Ələs Rüstəmovun adını daşıyan küçədə müşahidə olunanlar deyilənlərə əyani misaldır. Burada çirkab su gölməçələrinin dərinliyi, əhatəsi o həddə çatıb ki, sakinlər şəxsi avtomobilləri ilə hərəkət etməkdə çətinlik çəkirlər. Sakinlərin sözlərinə görə, hansısa bir xəstə üçün təcili tibbi yardım çağıranda həkimləri gətirən nəqliyyat vasitəsi küçənin başında dayanır, içəriyə doğru hərəkət etmir. Uşaqların məktəb və bağçaya, böyüklərin iş-gücə gedib-gəlməsini də bu küçədəki vəziyyət müşkülə çevirir. Piyadalar, sürücülər əlavə məsafə qət etməklə, nisbətən daha yaxşı vəziyyətdə olan küçələrdən istifadə etmək məcburiyyətində qalırlar. Canını Vətən uğrunda fəda edən Ələs Rüstəmovun adının əbədiləşdirildiyi küçədəki vəziyyət hazırda şəhid adına hörmətsizliyi açıq şəkildə ifadə edir. Azərbaycan küçəsində asfalt örtüyün durumu da şəhər təsərrüfatının idarə olunmasına cavabdehlik daşıyan şəxslərin biganəliyi, laqeydliyini büruzə verir. Yoldakı çala-çökəklər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə ciddi maneə yaradır.  

İşıq dirəkləri var, işıq yox

Bakı-Qazax magistral yolundan Dəliməmmədli şəhərinə doğru uzanan mərkəzi yolda isə əsas problem işıqlandırma sisteminin, elektrik naqillərinin bərbad durumudur. Yolun hər iki tərəfində işıq dirəkləri olsa da, işıqlandırma yoxdur. Avtomobillərin çırpılması nəticəsində işıq dirəklərinin əyri-üyrü vəziyyəti, sınıq-salxaq, aşağıya doğru sallanan lampalar “göz oxşayır”. Hətta elə yerlər var ki, elektrik dirəklərinin aşması, hansısa bədbəxt hadisəyə səbəb olması an məsələsidir. Elektrik dirəkləri arasında məsafənin çox olması səbəbi ilə naqillərin aşağıya doğru sallanması da həm hərəkət iştirakçıları olan piyada və sürücülərə, həm də daşınan və daşınmaz əmlaklara ciddi təhlükə yaradır. Vətəndaşlar deyirlər ki, bu çatışmazlıqlar aidiyyəti qurumları düşündürmür, onları narahat etmir. Əgər belə olmasaydı, illərdir hamının gözü önündə olan, həllini gözləyən problemlərə əncam çəkilərdi.

Təqsirkar vətəndaşlardır?

Dəliməmmədlidə fotoçəkiliş aparmaqla, sakinlərin müraciətində qeyd olunan çatışmazlıqları bilavasitə müşahidə etməklə yanaşı, şəhər təsərrüfatını idarə edən aidiyyəti qurumlarla əlaqə saxlamaq, problemləri onların diqqətinə çatdırmaq qərarına gəldik. Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovla əlaqə saxladıq. Sualımızı dinləyən S.Nazarov bizi Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qənbərliyə yönəltdi. Ş.Qənbərli “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Şəhid Ələs Rüstəmovun adını daşıyan küçəyə ad yeni verilib. Onun sözlərinə görə, əvvəl bu küçənin adı Vaqif olub: “Şəhidimizin yaşadığı ünvan olduğu üçün sonradan onun adı həmin küçəyə verildi. Şəhid Ələs Rüstəmov küçəsindəki vəziyyət orada yaşayan sakinlərin davranışından qaynaqlanır. Belə ki, sakinlər özləri suyu yola buraxırlar və bu da yolda gölməçələrin yaranmasına, yolun dağılmasına səbəb olur. Bu küçədə yola buraxılan su Azərbaycan küçəsinə kimi axıb gəlir. Dəliməmmədli şəhərində 900 yerlik yeni məktəb binası inşa edilir. Hazırda məktəb binasında tamamlanma işləri gedir. Məktəbin tikintisi tam başa çatdırıldıqdan sonra təhsil müəssisəsinin ətrafındakı bütün küçələr, o cümlədən Şəhid Ələs Rüstəmov küçəsi də təmir olunacaq, asfalt örtük vurulacaq. Dəliməmmədlidəki Azərbaycan küçəsi isə şəhər bələdiyyəsinin daxili imkanları hesabına təmir olunacaq. Sadəcə indi yağıntılar ara vermir deyə, təmir işləri aparmaq effektli deyil. Yağıntılar qurtaran kimi təmirə start veriləcək”. 

İşıqlandırmaya vəsait ayrılsa da... 

Şəhərin işıqlandırma sisteminin vəziyyətinə münasibət bildirən şöbə müdiri bildirdi ki, bununla bağlı həm bələdiyyəyə, həm də İcra hakimiyyəti başçısının Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müvafiq tapşırıqlar verilib: “İşıqlandırmaya sərf olunan enerjiyə görə vəsait ayrılsa da, işıq dirəkləri, naqillər, işıqlandırma vasitələrinin təmirinə pul ayrılmır. Buna rəğmən, daxili imkanlar hesabına qeyd edilən problem də aradan qaldırılacaq”.

Rufik İSMAYILOV

Fotolar müəllifindir