• cümə, 22 Noyabr, 02:20
  • Baku Bakı 14°C

Gözəlliyin təbiətdəki əksi - REPORTAJ

06.07.24 03:00 5042
Gözəlliyin təbiətdəki əksi - REPORTAJ

Bakıətrafı ərazilər gül yetişdirmək üçün əlverişli deyil. Bu, qiymətlərə də təsir edir. Mütəxəsis deyir ki, radiasiya çox olan ərazilərdə yetişən güllər daha keyfiyyətli olurlar.

İnsanlar Allahın gülü tikanlı yaratdığından şikayət etmək əvəzinə, tikanlar arasında gül yaratdığına görə şükür etməlidirlər. Möhtəşəm rəng çalarları, hiss, xəyal və sevda dolu ətri, körpə tumurcuqları, qısaca göz qamaşdıran gözəlliyi ilə varlığımızın dəyərli bir parçasıdır güllər. 

Güllər klassiklərin təxəyyülü ilə...

Əgər gül insan hisslərinin simvolu olmasaydı, gülü sevən tikanına dözməzdi. Fransız şair Malherbe dünyada iki gözəl varlığın qadın və gül olduğunu da deməzdi. 

Şairlər illərlə bu təxəyyül incilərini sadalamağa davam edərkən, bir gün Viktor Hüqo öz sözləri ilə qızılgülü qadınla bağlayır və deyir: “Tanrı ilk gün qadını və onun könlü xoş olsun deyə ardınca gülü yaradıb”. 

Ətirli güllər daha həssas olur

Budəfəki söhbətimiz məhz təbiət möcüzəsi güllər haqqında olacaq. Bunun üçün Qalada yerləşən, güllərin vətəni kimi bilinən Niderlanddan gətirilmiş son texnologiyanın istifadə olunduğu gül istixanasına üz tutmuşuq.

Üç hektar ərazidə 18 növ gülün yetişdirildiyi istixanada güllərdən sadəcə bir növü ətirlidir. Həmin qızılgülün kəskin ətri iybilmə reseptorlarımızı qıcılandıraraq özünə valeh edir. Təəssüf ki, ətirli güllər daha həssas olduğuna və zərərverici həşəratları özlərinə çəkdiklərinə görə istixanalarda onların yetişdirilməsinə çox da maraq göstərilmir. 

İstiliyi sevmir, radiasiya dostudur...

Güllər təbiəti etibarilə yay fəslini sevmirlər və radiasiyanın çox olduğu ərazilərdə daha yaxşı yetişirlər. 

İstixana, həmçinin burada yetişdirilən güllər barədə məlumat almaq üçün aqronom, sistem administratoru Aqil Yusifovla həmsöhbət oluruq. 
Həmsöhbətimiz bildirir ki, istixana altı ildir ki, fəaliyyət göstərir: “18 növ qızılgüldən doqquzu kol qızılgülləri, yerdə qalan doqquzu isə təkbaş qızılgüllərdir. Hazırda mövsümlə əlaqədar proqrama keçmişik. Yay fəslində güllər zərəvericilərə və floral xəstəliklərə qarşı daha həssas olduqları üçün hər gün gübrələmə, sulama və zərərvericilərə qarşı dərmanlama həyata keçiririk. İstixanada Niderlanddan gətirilən priva sistemi tətbiq olunur”. 

Hər gün 18-20 minə yaxın gül istehsal edilir...

Hömsöhbətimiz əlavə edir ki, hər gün istixanada orta hesabla 18-20 minə yaxın gül istehsal edilir: “Güllər yığıldıqdan sonra 24 saatlıq -2, -4 dərəcəli soyuducularda depolanır və daha sonra çeşidlənməyə gedir. Təkbaş qızılgüllər 20 ədəd, kol qızılgüllər isə 15 ədəd olmaqla buketlənir. İstehsala başladığımız gündən indiyədək yerli bazarla yanaşı, Rusiya və Gürcüstan bazarlarına da ixrac etmişik”. 

Yalnız Azərbaycanda yetişdirilən Alov qızılgülü

Onu da öyrənirik ki, Alov qızılgülü dünyada yalnız Azərbaycanda və yalnız bu istixanada yetişdirilir. Məhsuldarlığı yüksəkdir, kvadrata düşən sayına görə digər növlərə nisbətən daha çoxdur. Azərbaycanda gülçülük əsasən ötən əsrin 70-ci illərindən inkişaf edib. 90-cı illərdə sözügedən sahədə irərliləyiş bir qədər səngiyib. Son illərdə isə yenidən intensivləşib. Buradakı güllər Fransa və Niderlanddan alınan çiliklərdən istehsal edilir. 

Əlverişsiz şərait qiymətlərə təsir edir

A.Yusifov bildirir ki, Bakı və Bakıətrafı ərazilər gül yetişdirmək üçün əlverişli deyil: “Bu hal qiymətlərə də təsir edir. Radiasiya çox olan ərazilərdə yetişən gül daha keyfiyyətli olur. Məsələn, Qəbələ rayonundakı istixanalarda gül yetişdirmək daha asandır, nəinki Bakıda”. 
Güllərin yetişdirilməsi üçün ən əlverişli şəraitə malik olan ölkələrin Keniya və Ekvador olduğunu da öyrənirik. Elə bu səbəbdəndir ki, dünyada gül bazarlarında həmin ölkələrdə yetişən güllər qiymətinə, həmçinin görünüşünə görə liderlik edir. 

Havanın isti olması səbəbindən gül yığımı səhər saat 7.00 radələrindən başlayır və günorta saat 14:00-a dək davam edir. 

Bu həssas kol bitkisinin tarixi bəşəriyyət tarixindən milyonlarla il əvvəldən başlayır. Koloradoda Florissant fosilləri araşdırılarkən qızılgülün yaşının 40 milyon il olduğu üzə çıxıb. Molekulyar bioloqlar isə qızılgülün DNT-sini tədqiq edərkən onun yaranışının 200 milyon il əvvələ aid olduğunu iddia edirlər. 

Duyğuların ifadəsinə çevrilən qızılgüllər

Duyğuları ifadə etmək üçün ən çox istifadə edilən çiçəklərdən biridir qızılgül. Onun hər bir rəngi xoş ətri ilə fərqli duyğuları özündə əks etdirir. Sevgi simvolu olan qızılgül bəzən ehtiras, bəzən həsrət, bəzən də ayrılığı ifadə edir. Gül dili olan bir çiçəkdir. Rəngləri və bir araya gəldiyi buketdəki sayı ilə duyğularımızın rəmzinə çevrilir, hərdən sevgidən, bəzənsə ayrılıqdan xəbər verir.

Qadınlar və güllər

Qadınların bu gözəllik qarşısında çox zaman aciz qalması isə mübaliğə deyil, reallıqdır. İstənilən qadına qarşı hisslərinizi ifadə edərkən gözəl sözlərin qəlbdəki yerini rahat tapa bilməsinə ən böyük dəstəyi verən də məhz bəhs etdiyimiz qızılgüllərdir. 
Güllər, onların yaydığı enerji, özünəməxsus gözəl ətirləri, eyni zamanda qadınlarla güllər arasındakı bağlar danılmazdır. 

Aysel Aslanqızı 

banner

Oxşar Xəbərlər