• cümə, 26 Aprel, 10:00
  • Baku Bakı 12°C

İsgəndərə yeni namə - FOTOLAR

30.12.21 11:45 797
İsgəndərə yeni namə - FOTOLAR
Beləliklə, Nizami dühası ədəbiyyatımızda əbədi olsa da, "Nizami Gəncəvi ili” başa çatdı. Və Nizami yaradıcılığına hörmət və sevgi ilə ərsəyə gələn bu tamaşa ən yaxşı nida oldu.
 
Yola salmaqda olduğumuz 2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə "Nizami Gəncəvi ili” idi. İl boyu müxtəlif tədbirlər, görüşlər, konfranslar keçirildi, kitablar, qəzet və jurnallarda məqalələr çap olundu. Nizami ilinin yekunu isə Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində Nizami Gəncəvinin "İsgəndərnamə” poeması əsasında yazıçı-dramaturq İlqar Fəhminin yazdığı və rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi "İsgəndərə yeni namə” tamaşası oldu. Tamaşa, poemanın postmodern dekonstruksiyası üzərində bir pyesdir. "İsgəndərə yeni namə” təkcə afişada ad kimi deyil, elə səhnədə də yeni bir nəfəs, yeni bir süjet, yeni bir quruluşdur.
 
 
Köhnə - klassik İsgəndər
 
Nizami Gəncəvi son poemasında – 1200-1203-ü illərdə yazdığı iki hissədən – "Şərəfnamə'' və "İqbalnamə"dən ibarət "İsgəndərnamə”də məşhur yunan hökmdarının epopeyasını yaratmaqla, əslində, özünün ədalət prinsipləri, idarəçilik mexanizmləri, ali ideyalar, böyük amallarla bağlı müdrik fikir və düşüncələrini təqdim etmək niyyətində idi. Əsərin sonuna yaxın gücdən düşən və ölümü yaxınlaşan İsgəndər hələ qarşıda daha böyük işlərin, böyük ideyaların dayandığını düşünərək ölmək istəmir. Bəyan edir ki, bütün dünyanı əhatə edən ideal quruluş, ən ali ədalətli idarəçilik yarada bilməyib, buna nail olmaq üçün isə "Dirilik suyu” içərək, əbədi həyata çatmalıdır. Məhz bu məqamda Nizami ətrafındakı filosofların dili ilə ona ədəbi həyatın yalnız ilk baxışdan gözəl və şirin nemət kimi görünə bildiyini bəyan edir.
 
 
Ölümlü İskəndər
 
Filosoflar İsgəndərə izah edirlər ki, əbədi həyata nail olmuş olsa, qarşıda onu böyük faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar gözləyir, çünki dünyadakı insanlar hələ ilahi ədalət üçün hazır deyil, həm də əbədiyyət yükünü yalnız Tanrı çəkə bilər, insan yox. İnsan yalnız öz boynuna düşən qədər yaşayıb, böyük əməllər həyata keçirə bilər. Beləliklə, Nizami öz əsərində İsgəndərə dirilik suyunu qismət etmir, əbədi həyat kahin Xızıra nəsib olur, o, dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir… İsgəndər isə dünyadan köçür.
 
 
Dekonstruktiv İsgəndər
 
XXI əsr tamaşaçısını, içi mən qarışıq təəccübləndirmək çox çətindir. Biz artıq hər şeydə bir yenilik, fərqli baxış, bir ayrı cür yaradıcı yanaşma axtarır, gözləyirik. Xüsusilə, teatr səhnəsində klassik tamaşalarla yanaşı, həmin tamaşaların yeni dekonstruktiv versiyası maraq doğurur. Çünki köhnə artıq darıxdırıcıdır. Bəzi düşüncələrə görə klassikaya toxunmaq olmaz. Onlar çox mühafizəkar, yenilik əleyhdarlarıdır. Amma indiki nəsil belə fikirləşmir. Onlar da klassikanı kitabdan oxuyub, səhnədə görüb, indi onu yeni və fərqli dünyagörüşlü beyində formalaşan süjet xəttində və quruluşda görmək istəyir. Sözümü tamamilə yeni üslubda səhnəyə qoyulmuş "İsgəndərə yeni namə”yə gətirirəm. Beləliklə, daha kreativ, daha fərqli yanaşma və struktur ortaya qoymaq lazım idi ki, orijinallığı ilə diqqət çəksin, rəğbət qazansın. Tamaşaya baxanda belə bir qənaətə gəldim ki, müəllif faylda ilk simvolları atmamış, birinci bu sualı qoyub: "Görəsən, İsgəndər son nəfəsində "dirilik suyu”nu içib, əbədi həyata ucala bilsəydi, onun aqibəti necə olardı?” Və bu düşüncə həmin əsəri yaratmaq üçün stimula çevrilib.
 
 
Ölümsüz İsgəndər
 
Pərdələr açıldı, zala qəribə bir sakitlik çökdü. Gözlərdə suallar nidalandı: "Həqiqətənmi, hər şey məhz Nizaminin filosoflarının təsvir elədiyi kimi faciəvi olacaq? Yoxsa İsgəndər öz düşündüyü kimi, dünyada ali ədaləti bərqərar edə biləcəkdi?” Pyesin birinci hissəsi sırf Nizaminin poeması ilə eynidir. İsgəndər ölüm ayağındadır və ədəbi həyat arzulayır. Filosoflar bunun mümkünsüzlüyünü izah edir. Lakin sonra İsgəndər bir yolla dirilik suyuna çatır, əbədiyyətə nail ola bilir…
 
Pyesin ikinci hissəsində İsgəndərin artıq 99 yaşı var, amma o, hələ də 33 yaşdakı kimi gəncdir, xanımı Rövşənək qocalıb. O da, yeganə oğlu və nəvələri də ona qarşı çıxır, xəyanət edir, ölümünü tələb edirlər. Konfliktlər içində getdikcə dramatikləşən vəziyyət o həddə çatır ki, dünyadan və insanlardan üz döndərən, nifrət edən İsgəndər Tanrıya yalvararaq əbədi həyatdan imtina edir, özünə ölüm arzulayır. Zəhər içib intihar etmək istəsə də, son anda imtina edir, yenə də yaşamaq istəyir. Bəli, can şirin şeydir. Və bütün əsər boyu İskəndərin taxt-tac sevgisi gözümdən yayınmadı. Səhnədə tez-tez yer dəyişir və dəyişdikcə də taxtını özü ilə daşıyırdı. Deməli, İsgəndərin sevgisi və əbədi yaşamaq yanğısı təkcə özünə yox, həm də taxtına, dünya malına və hökmranlığadır. Amma sonda onu məhz elə xanımı öldürür.
 
 
İsgəndərə yeni səhnə
 
Düşünürəm ki, əsər səhnədə bədii həllini çox yüksək səviyyədə tapıb. Bu fikrimi, aktyorları tamaşaçıların ayaq üstdə on beş dəqiqə boyu "bravo” sədaları altında alqışlaması təsdiqlədi. Aktyor oyunu səhnədəkilərin damarlarının gərginləşməsində, gözlərinin işığında, səslərinin ton-ton aşağı düşüb, yuxarı qalxmasında, plastikasında, hərəkətlərinin dinamikliyində, bir saniyə belə boşluqsuz, arakəsməsiz davamlığında özünü tam əks etdirirdi. Bədii həllə yanaşı, əsər elə texniki həllini də tapıb. Musiqi tərtibatı, işıq və su effektləri bədii həlli daha da mükəmməlləşdirdi. Falş heç nə yox idi. Hamı külüngünü bir yerə vurub ortaya mükəmməl bir tamaşa çıxardıb. Düşünürəm ki, tamaşa İlqar Fəhmi və Mehriban Ələkbərzadənin, həmçinin də baş rolun ifaçısı Ziya Ağa, Nurəddin Mehdixanlı, Kəmalə Müzəffər, Şövqi Hüseyn və digərlərinin böyük uğurudur. Bunu tamaşaçıların uzun sürən alqışları, səhnəyə gələn gül dəstələri, insanların üzündəki razılıq ifadəsi də göstərdi. Mən Ziya Ağanın oyununu xüsusi qeyd etmək istərdim. Tamaşa boyu aktyor özünəməxsus energetika ilə səhnəni ələ alır, səsi, hərəkətləri, dinamikliyi ilə tamaşaçının diqqət mərkəzində olmağı bacarırdı.
 
 
İsgəndərdən nəticə
 
Beləliklə, Nizami dühası ədəbiyyatımızda əbədi olsa da, "Nizami Gəncəvi ili” başa çatdı. Və Nizami yaradıcılığına hörmət və sevgi ilə ərsəyə gələn bu tamaşa ən yaxşı nida oldu. Kamil tamaşaçı özü üçün burdan bir nəticə də çıxara bildi: "İnsan əbədi həyatın yükünü çəkə bilməz, çünki İnsan Tanrı deyil, tanrılıq eşqinə də düşsə, bu yolun sonu qanlı faciələrlə doludur”.
 
Xanım Aydın
 
 
banner

Oxşar Xəbərlər