• şənbə, 27 Aprel, 06:45
  • Baku Bakı 12°C

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb

07.01.21 13:01 349
İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb
"Sizin 2020-ci il 24 noyabr tarixli Sərəncamınızla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Əlaqələndirmə Qərargahı dərhal işə başlanıb”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev deyib.
Prezident Adminstrasiyasının rəhbəri bildirib ki, gündəlik məsələlərin həll edilməsi ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də başlanılıb:"İlk növbədə, qərargahın üzvləri toplaşaraq aidiyyəti üzrə bütün məsələlərin mərkəzləşdirilməsi məqsədilə müzakirələr aparıblar. Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılıb. Həmçinin bu mərkəzin nəzdində işçi qrupları yaradılıb. Möhtərəm cənab Prezident, qeyd etdiyiniz bütün istiqamətlər üzrə 16 işçi qrupu yaradılıb. İlk növbədə, əlbəttə ki, minalardan və partlamamış sursatlardan təmizləmə məsələləri ilə bağlı çox ciddi müzakirələr aparılıb və artıq müəyyən planlar tərtib olub. Həmçinin sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə işçi qrupları yaradılıb. Ən əsas da şəhərsalma planlaşdırılması, bu çərçivədə tarixi abidələrin qorunması və bərpası məsələlərinə də ciddi yanaşmalar təklif olunur. Eyni zamanda, infrastruktur məsələləri və enerji təminatı üzrə işlər aparılır. Qeyd etmək istəyirəm ki, bu gün qərargahın nəzdində fəaliyyət göstərən işçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir”.
Samir Nuriyev qeyd edib ki, son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılıb: "Artıq bu fəaliyyət planı hazırdır. Həmin planın əsasında tədbirlər planı da hazırlanıb və bütün aidiyyəti qurumlarla razılaşdırılıb. Əlbəttə ki, bütün işçi qruplarının arasında birmənalı olaraq əlaqələr qurulub. Bütün istiqamətlər üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi aparılır, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir. Bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılıb. Bununla yanaşı, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulub, danışıqlara başlanılıb. Yerli mütəxəssislərin cəlb olunması təmin edilib".
banner

Oxşar Xəbərlər