• cümə axşamı, 28 mart, 23:46
  • Baku Bakı 13°C

İranın kimyəvi çirklənməyə məruz qalmış kənd təsərrüfatı məhsulları

03.05.17 11:00 1247
İranın kimyəvi çirklənməyə məruz qalmış kənd təsərrüfatı məhsulları
Son illərdə qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatına diqqət və qayğı günü-gündən daha da artırılır. Bununla bağlı dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir, müxtəlif sərəncamlar qəbul edilir. Elə bu yaxınlarda prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının inkişafı ilə bağlı əlavə sərəncam da imzalayıb. Sərəncam kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədi daşıyır. Görülən bütün bu tədbirlərin fonunda Azərbaycanda ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edən kəndə təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Aparılan islahatlar bu sahənin inkişafını təşviq etsə də, bəzi problemlər hələ də qalmaqdadır. Hələlik, kənd təsərrüfatı məhsulları daxili bazarın təminatını tam ödəmir. Buna görə də bir çox ölkələrdən bəzi məhsullar hələ də idxal edilir. Bu ölkələr sırasında qonşu İran da var. Lakin təəssüflər olsun ki, İrandan idxal olunan heç də bütün məhsulların tərkibi keyfiyyət baxımından qənaətbəxş səviyyədə deyil. Belə ki, İranın kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi cəhətdən çirkləndiyinə dair məlumat yayılıb. Fins.az-ın məlumatına görə, bunu İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi deyib. Onun sözlərinə görə, İranda kənd təsərrüfatı sahəsində pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə, kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb, bu isə insan sağlamlığı üçün təhlükə yaradır. B.Bonyadi deyib ki, İran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə başlamalıdır. Bəs görəsən İrandan idxal olunan malların arasında kimyəvi çirklənməyə məruz qalan məhsullar varmı? İrandan gətirilən malların tərkibi yoxlanılırmı? İndiyə kimi hansısa təhlükəli fakt aşkar edilibmi?
Məsələ ilə bağlı Kaspi-yə danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevbildirdi ki, ölkəmizə idxal olan bütün məhsullar yoxlamadan keçir: "İdxal olunan məhsulun keyfiyyəti yoxlanıldıqdan sonra respublikaya buraxılır və satışına icazə verilir. Bütün bu prosedurlar Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən həyata keçirilir. Qeyd edim ki, nəinki idxal, hətta ixrac olunan məhsulların keyfiyyətinə də adıçəkilən qurum tərəfindən nəzarət edilir. Ət və ət məhsullarının keyfiyyətinə isə Dövlət Baytarlıq Nəzarəti xidməti nəzarət edir. Hələlik ölkəyə kimyəvi cəhətdən çirklənmiş məhsul idxal olunmayıb. Bəzən olur ki, İrandan gətirilən kartoflarda zərərli maddələrə rast gəlinir. Ancaq təbii ki, həmin məhsulların ölkəyə idxalına icazə verilmir. Qeyd edim ki, hələlik bu məsələ ilə bağlı ciddi problemə rast gəlinməyib”.
"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, İrandan gələn kənd təsərrüfatı məhsullarının tərkibində problemlər aşkar olunub: "Məsələn, kartof, soğan, badımcan kimi kənd təsərrüfatı məhsullarının tərkibində nitritlərin miqdarı normadan çoxdur. Təəssüflər olsun ki, bu gün Azərbaycana İrandan genetik modifikasiya olunmuş məhsullar da ötürülür. Əslində, Azərbaycan qanunvericiliyində belə məhsulların ölkəyə idxalı qadağan edilib. Bu gün kənd təsərrüfatı məhsulları ciddi yoxlamadan keçmir. Bazarlarda həcmcə normadan çox böyük olan İran kartofları, soğanları və digər kənd təsərrüfatı məhsulları var. İstehlakçılar isə buna diqqət yetirmirlər və həmin kənd təsərrüfatı məhsullarının görünüşünə aldanıb alırlar. Lakin hələlik bununla bağlı bizə hansısa şikayət daxil olmayıb”.
E.Hüseynov deyir ki, belə məhsulların ölkəyə idxal olmasının qarşısını alınması üçün ilk növbədə ölkədə mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır: "Həmçinin, yeyinti məhsulları haqqında qanun daha da sərtləşdirilməlidir. Digər tərəfdən, biznes qurumlarının onlara verilən toxunulmazlıq şəraitindən sui-istifadə hallarına son verilməlidir. Hesab edirəm ki, ölkədə müstəqil laboratoriyalar yaradılmalı və bu laboratoriyalardan götürülən analizlər hüquqi sənəd kimi tanınmalıdır. Ölkəyə idxal olan kənd təsərrüfatı məhsullarının yoxlanma səviyyəsi qənaətbəxş deyil. Bu da bəzən sui-istifadə hallarına gətirib çıxarır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər