• bazar ertəsi, 02 dekabr, 00:28
  • Baku Bakı 8°C

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? - TƏHLİL

27.11.21 10:00 921
İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? - TƏHLİL
Mərkəzi Asiya və Qafqaz regionu üzrə ixtisaslaşmış iranlı ekspert Vali Kaledji ABŞ-da fəaliyyət göstərən nüfuzlu Ceymstaun Fondunda dərc edilmiş son məqaləsində qeyd edir ki, İranın Xəzər dənizində neft-qaz yataqlarını hasil etməməsinin 4 səbəbi var
Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib. Əsas müzakirə mövzularından biri iki ölkə arasında neft sahəsində əməkdaşlıq idi. Qeyd edək ki, Xəzər dənizinin İrana məxsus hissəsində zəngin enerji resursları var. Məsələn, bu il İran Xəzərdə yeni nəhəng qaz yatağı ("Çalous”) aşkar edib. Bu yataqda 3,5 trilyon kubmetr qaz ehtiyatının olduğu güman olunur. Bəs Tehran indiyədək Xəzər dənizindəki enerji resurslarından niyə istifadə etməyib?
Sahilboyu ərazilərin dərin olması
Mərkəzi Asiya və Qafqaz regionu üzrə ixtisaslaşmış iranlı ekspert Vali Kaledji ABŞ-da fəaliyyət göstərən nüfuzlu Ceymstaun Fondunda dərc edilmiş son məqaləsində qeyd edir ki, İranın Xəzər dənizində neft-qaz yataqlarını hasil etməməsinin 4 səbəbi var: "Birincisi, Xəzərin İrana aid olan hissəsində sahilboyu ərazilərin dərin olmasıdır. Azərbaycan, Türkmənistan və Qazaxıstanın dənizdəki bölgələri Xəzərin "aşağı axını” adlandırılır. Bu hissələr çox dərin deyil. Faktiki olaraq, Xəzər dənizində hasil edilən neft-qaz mənbələrinin əksəriyyəti məhz dənizin dayaz hissəsinin payına düşür. Bu mənada yalnız bir istisna var. Söhbət "Şahdəniz” yatağından gedir. Azərbaycana məxsus olan bu qaz yatağının dərinliyi 300-400 metrdir. KEPCO şirkətinin keçmiş icraçı direktoru Əli Osulinin sözlərinə görə, son 20 ildə İranın Xəzər dənizindəki hissəsində 46 kiçik və böyük neft-qaz yatağı aşkar edilib. Lakin bu yataqların dərinliyi 500-800 metrdir. Bu yataqlarda 48 milyard barel neft-qazın olduğu proqnozlaşdırılır”.
V.Kaledji düşünür ki, dənizin dərin olması texniki nöqteyi-nəzərdən İranın işini çətinləşdirir: "İranın Xəzər dənizindəki hissəsində enerji resurslarının hasil edilməsi üçün dərin qazma qurğuları quraşdırılmalıdır. Amma bu məqsədlə böyük vəsaitə və yeni mürəkkəb texnologiyalara ehtiyac duyulur. Bu, hazırda sanksiyalar altında olan İran iqtisadiyyatı üçün ciddi problemdir. Digər tərəfdən, İran ölkənin cənubunda, yəni Fars körfəzində yerləşən neft-qaz yataqlarının istismarında çətinliklə üzləşmir. Çünki bu yataqlar dayazda yerləşir”.
Sanksiyaların mənfi təsiri
İranlı ekspert qeyd edir ki, Tehranın Xəzərdə enerji resurslarını hasil etməməsinin ikinci səbəbi sanksiyalardır: "Söhbət BMT Təhlükəsizlik Şurasının (2006-2015) sanksiyalarından və Donald Tramp administrasiyasının İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalardan gedir. Xatırladaq ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra Tehrana qarşı birtərəfli sanksiyalar tətbiq edib”.
Müəllif vurğulayır ki, bu sanksiyalar İran iqtisadiyyatına xüsusilə neft-qaz sahəsinə ciddi mənfi təsir göstərib: "Ölkənin neft-qaz sektorunun xarici investisiyalara ehtiyacı olduğunu qeyd etmək yerinə düşər. KEPCO şirkətinin hesablamalarına əsasən, Xəzər dənizində 12 neft quyusunun qazılması üçün 12 milyard dollar vəsaitə ehtiyac var. Bu yataqların istismarı Tehrana gələcək 25 ildə gündəlik ən azı 125 min barel neft tədarük etməyə imkan verəcək. Əlbəttə, beynəlxalq sanksiyalar nəticəsində yaranmış ağır iqtisadi durum İrana Xəzərin dərin hissəsindəki böyük vəsaitin tələb olunan yataqlarda enerji infrastrukturuna sərmayələr qoymağa imkan vermir”.
Xəzər dənizindəki yataqların sərfəli olmaması
İranlı ekspert hesab edir ki, üçüncü səbəb Xəzər dənizindəki yataqların istismarının sərfəli olmamasıdır. V.Kaledjinin sözlərinə görə, İran son 100 ildə cənubda yerləşən ərazilərində neft-qaz infrastrukturunu inkişaf etdirib: "Söhbət Xuzistan vilayətindən və Fars körfəzindən gedir. Yerüstü və Fars körfəzinin dayaz hissəsində yerləşən yataqlara kifayət qədər az maliyyə vəsaiti tələb olunur. Üstəlik, bu ərazilərdə neft terminalları və qaz kəmərləri var. Bundan başqa, neft-qaz resurslarının istismar edildiyi bölgələrin yaxınlığında dəniz limanları yerləşir. Bu, enerji resurslarının ixracını asanlaşdırır. Bütün bunlara görə, həmin ərazilərin iqtisadiyyatı inkişaf edib, müxtəlif sahələrə investisiyalar qoyulub”.
Müəllif Xəzər dənizində neft-qaz sahəsinin inkişafının İran üçün sərfəli olmadığını qeyd edir: "Bu mənada Rusiya ilə İranın yanaşmasında oxşarlıq var. Moskva da Xəzər hövzəsində enerji resurslarının istismarını əlçatan və ya iqtisadi nöqteyi-nəzərdən sərfəli hesab etmir. Məhz buna görə Azərbaycan, Türkmənistan və Qazaxıstan son 30 ildə Xəzər dənizində ən fəal oyunçular olublar”.
Xəzərin hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik
V.Kaledji dördüncü səbəb kimi Xəzər dənizinin hüquqi statusu ilə bağlı vəziyyətin qeyri-müəyyən olmasını göstərir: "Doğrudur, 2018-ci ilin avqustunda Xəzəryanı ölkələr dənizin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Amma hələlik Konvensiya İran parlamenti tərəfindən ratifikasiya olunmayıb. Konvensiya Tehran onu ratifikasiya etməyənə qədər Xəzəryanı dövlətlər tərəfindən hüquqi nöqteyi-nəzərdən həyata keçirilə bilməz”.
Sənan Ağamalızadə
banner

Oxşar Xəbərlər