• çərşənbə axşamı, 26 noyabr, 17:51
  • Baku Bakı 11°C

İran və Rusiya Qərbi şantaj edir - TƏHLİL

24.06.23 01:00 3373
İran və Rusiya Qərbi şantaj edir - TƏHLİL

Rusiya İranla “qaz OPEC”i yaratmaq fikrinə düşüb. Ehtimallara görə, hər şey normal axarda getsə, Rusiya və tərəfdaşları enerji bazarına nəzarət edəcəklər. Amma ABŞ bu layihənin reallaşmasına da imkan vermək fikrində deyil. 

Ukraynaya hərbi təcavüz səbəbindən beynəlxalq sanksiyalarla üz-üzə qalan Rusiya yaranmış durumdan ən müxtəlif, ağlasığmaz layihələrlə çıxmağa çalışır. Moskva ağır iqtisadi duruma düşsə də, dünya bazarında mövqeyini saxlamaq üçün özünə yeni müttəfiqlər axtarır. Hələ ki, yanında duran dövlətlər isə Çin və İrandır. Lakin nəzərə alsaq ki, Çin hər an mövqeyini dəyişən dövlətdir, o zaman Kremlin ümidi molla rejiminə qalır.

İran dünyada qaz ehtiyatlarına görə ilk yerlərdən birini tutur. Bu səbəbdən Rusiya İranla “qaz OPEC”i yaratmaq fikrinə düşüb. Xarici medianın yazdığına görə, Moskvanın hədəfi qaz bazarında Qərbin hegemonluğuna qarşı çıxmaqdır. Moskva tək Türkiyənin qaz habının yaradılmasında deyil, həm də İranın enerji mərkəzinin yaradılmasında iştirak edəcək. Bu isə dünya birliyini təəccübləndirib, çünki İranın "mavi yanacağ"ı Rusiya qazının əsas rəqibidir. Buna baxmayaraq, Rusiya və İran digər ölkələrlə birlikdə "qaz OPEC"i yaratmaq niyyətinə düşüb. 

Qərbi qorxudan layihə

Nəşrlər qeyd edir ki, böyük enerji güclərinin bu yeni birgə layihəsi Qərb ölkələrini təşvişə salıb. Ekspertlərin qənaətincə, layihənin potensialı çox böyük siyasi və iqtisadi çəkiyə malik olduğundan Rusiya və İran bir çox Qərb sanksiyalarından uğurla yan keçə bilər. Bundan əlavə, hər iki ölkə dünyanın ən böyük qaz ehtiyatlarına sahibdir ki, bu da Moskva və Tehranın Qərbin məhdudiyyətlərindən yan keçmək və ABŞ ilə Avropa üçün kabusa çevriləcək uğurlu layihə yaratmaq imkanlarını təsdiqləyir. Ehtimallara görə, hər şey normal axarda getsə, Rusiya və onun tərəfdaşları enerji bazarına nəzarət edəcəklər. Onlar beynəlxalq siyasi qərarların qəbulunda həlledici söz sahibi olacaqlar. Hesab edirlər ki, “qaz OPEC”i çox real hekayədir, çünki Rusiya dünyada ən böyük qaz ehtiyatlarına malikdir və İranın da sərəncamında 33,7 trilyon kubmetrdən çox “mavi yanacaq” var. 

Plan nə vaxt reallaşa bilər?

Rusiya mediası yazır ki, təsisçiləri Rusiya, İran, Qətər və Türkmənistanın ola biləcəyi bu layihədə dünya qaz ehtiyatlarının 2/3-i cəmləşib. Üstəlik, ilk üçlükdə yeraltı anbarlarda yığılan qazın yarısından çoxu cəmləşib. Bu ölkələrin coğrafi cəhətdən yaxın yerləşməsi ticarətin maksimum koordinasiyasına və potensial olaraq qaz qiymətlərinin müəyyənləşdirilməsinə kömək edir. Tehran Türkmənistan və Qətərlə ümumi sərhədi bölüşür. Rusiya Azərbaycan vasitəsilə İranla, Qazaxıstan vasitəsilə isə Türkmənistanla həmsərhəddir. Əsas satış bazarları da yaxınlıqdadır - Çin və Hindistan. İndiyə qədər Rusiya Asiya qaz bazarlarında İranla rəqabət aparırdı. Ancaq son təşəbbüslərə əsasən, rəqabəti tərəfdaşlığa və hətta kartelə çevirmək qərarı verildi. İnfrastrukturun - qaz kəmərlərinin, qazın mayeləşdirilməsi üçün limanların və terminalların inkişafı gələcək kartelin iştirakçılarının işini asanlaşdırır.

İranın təşəbbüsü daha əvvəl, may ayında Rusiya baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri zamanı əldə edilmiş razılaşmaların “şifrəsidir”. Sonra məzmunu və təfərrüatı açıqlanmayan bir sıra sazişlər imzalanıb. Açıq okeana çıxışı olan İranın Çexbahar limanının birgə inkişafı ideyası son dərəcə cəlbedici görünür. Potensial olaraq, bu liman böyük LNG (sıxılmış qaz) tankerlərini qəbul edib yola sala bilər. Lakin bunun üçün limanın infrastrukturuna və dərinləşdirilməsinə xeyli vəsait yatırılmalıdır. 

ABŞ “qaz OPEC”i yaranmamış dağıtmaq istəyir

Lakin Qərb mediasında yer alan alternativ fikirlərə görə, bu layihə reallaşmaya da bilər. Səbəb də Birləşmiş Ştatlardır. Yayılan xəbərlərə görə, ABŞ və İran nümayəndələri Omanda qapalı danışıqlara başlayıblar. Danışıqlarda əsas məsələ bunlardır – ABŞ-nin İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılması, uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində və beynəlxalq aləmin nəzarəti altında həyata keçirilməsi. Vaşinqton Suriya və İraqda ABŞ-yə bağlı qüvvələrə qarşı təxribatlara son qoymasını tələb edir. İran Rusiyaya ballistik raketlər də verməməlidir. İran da atacağı addımlar müqabilində Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanksiyaların götürülməsini istəyir. Son istəyi isə iqtisadi sanksiyaların yumşaldılmasıdır. Danışıqlarda daha çox Tehranın maraqlı olduğu bildirilir. Belə ki, sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb. Bu səbəbdən də Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi, Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var. ABŞ-dəki sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol prezident Co Baydenə yazdığı məktubunda aparılan danışıqlarla bağlı yayılan xəbərlərdən narahatlıq keçirdiyini bildirib. O, molla rejiminin Yaxın Şərqdəki dağıdıcı fəaliyyətini diqqətə çatdırıb. “Bayden hökuməti hərbi önləyici rıçaqlarından istifadə etmək əvəzinə, İranın dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün apardığı danışıqlarla Tehran hökumətini mükafatlandırır”, - deyə Makkol fikrini tamamlayıb.

Beləliklə, bu qənaətə gəlmək olar ki, Tehran və Moskvanın “qaz OPEC”i yaratmaq arzusu baş tutmaya bilər. Lakin hər şeyi zaman göstərəcək.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər