• cümə axşamı, 18 aprel, 05:32
  • Baku Bakı 15°C

İran və Ermənistan arasında narkotik “birliyi”

14.06.13 09:01 2036
İran və Ermənistan arasında narkotik “birliyi”
Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan və İran vətəndaşları yaxalanıblar. Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib satış məqsədilə 8 kiloqramdan artıq həşişi və təxminən 7 kiloqram tiryəki, 9 kiloqram 500 qrama yaxın qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər. Həbs edilənlərin ifadələrindən bəlli olub ki, onlar narkotik vasitələri işğal olunmuş Qarabağ ərazilərində yetişdiriblər.
Beləliklə, keçirilən son əməliyyat bir daha sübut etdi ki, İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, eyni zamanda narkoticarət tərəfdaşlarıdır. Onların birgə səyi ilə bir vaxtlar əsrarəngiz təbii nemətləri ilə şöhrət qazanan Qarabağ torpaqların marixuananın yetişdirdiyi məkana çevirilib. İranda narkotik maddələrin istifadəsinə qarşı sərt cəzaların kəsildiyi hər kəsə məlumdur. Belə olan halda hər gün təhlükəsizlik orqanlarının yaxaladığı bu şəxslər haradan peyda olur? Bunun arxasında İranın müəyyən qüvvələrinin xüsusi rolunun olduğu şübhə doğurmur. İran dövlətinin Qarabağ separatçılarına ticarət marşrutu “təqdim etməsi” üzə çıxandan sonra hər vəchlə çalışacaqlar ki, günahı sadə azərbaycanlıların üzərinə yıxsınlar. Lakin faktlar göz qabağındadır. Narkotik məhz oradan gətirilir. Azərbaycanın şğal olunmuş ərazilərin xarici aləmlə birbaşa quru nəqliyyat əlaqəsi yoxdur. Hava uçuşlarının da reallaşmadığı bəllidir. Elə isə yeganə nəfəslik islam ölkəsi olan İranın ixtiyarında qalır.
Yeri gəlmişkən, Azərbaycan hökumətinin dünyanın əsas problemləri sırasında olan narkomaniyaya münasibəti göz günündədir. Bu məsələ Azərbaycan hökumətini və cəmiyyətini narahat edən əsas amillər sırasındadır. Azərbaycan üçün ən narahatedici məqam isə ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunmasıdır. Bu nəzarətsiz ərazidə narkomafiyanın əkin sahələri və laboratoriyalarının olması vəziyyəti daha da təhlükəli edir. Azərbaycan hüquq-mühafizə orqanları ölkə daxilində narkotik satıcısı və istifadəçiləri ilə mübarizəni gücləndirsə də, işğal olunmuş ərazilərdə bu istiqamətdə iş apara bilmir. Dağlıq Qarabağ işğal altında olduğu üçün qonşu dövlətlərdəki bəzi qüvvələr burada qanunsuz fəaliyyət həyata keçirirlər. Bu fəaliyyətin ən başlıca tərkib hissəsi məhz narkotik maddələrin qeyri-qanuni dövriyyəsidir. Aparılan təhlillər və istintaq sənədləri sübut edir ki, Əfqanıstanda istehsal olunan narkotiklər Dağlıq Qarabağ ərazisindən keçirilərək Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılır. Həmçinin bu ərazilərdə münbit torpaqlar olduğu üçün narkotik vasitələr becərilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının ötən ilki hesabatından da aydın olur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ əraziləri narkotik vasitələrin daşınmasında strateji marşrut xəttinin üzərində yerləşir. Baş nazirin müavini, komissiyanın sədri Əli Həsənov narkotik vasitələrin marşrut xətlərinə toxunaraq bildirib ki, ölkəmizin ərazilərinin işğalı ilə əlaqədar idxal olunan narkotik vasitələrin marşrutları Ermənistanın və digər qonşu ölkələrin nəzarətindədir: “Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib və hazırda ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir. Bu marşrutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır”. O da qeyd edilməlidir ki, beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan - İran - Dağlıq Qarabağdır. Bu marşrut da BMT-nin hesabatlarına daxil edilmir. Dağlıq Qarabağ həm narkotik vasitələrin tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. Beynəlxalq qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotik ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərmirlər. Onlar Dağlıq Qarabağda narkotik ticarətinin və terrorçuluğun artdığını yaxşı bilirlər. Həmin təşkilatlar bir çox ölkədə narkotik ticarətinə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apara bilir, tranzit marşrutlarının ünvanlarını hər il öz hesabatlarına daxil edir, amma Dağlıq Qarabağdakı vəziyyətə gələndə, heç bir addım atmırlar. Bu onu göstərir ki, problemin qalması beynəlxalq təşkilatlardakı mafiya qruplarının maraqlarına xidmət edir.
Beləliklə, faktlar göz qabağındadır. Beynəlxalq ictimaiyyət və təşkilatlar da bundan çıxış edərək rəsmi dövlət orqanlarının ortaya qoyduğu faktları araşdırmalıdır. Həmin ərazilərdə mütləq qaydada monitorinq işlərinə başlamalıdır. Təəssüf ki, bu məsələlər beynəlxalq təşkilatlar qarşısında qaldırılanda onlar bir çox hallarda birmənalı cavab verirlər. Gətirdikləri əsas bəhanə də olur ki, iki dövlət başçısı arasında Dağlıq Qarabağ məsələsinin həlli yolunda siyasi müstəvidə danışıqlar getdiyi üçün bu kimi texniki problemlərin ortaya atılması danışıqlara xələl gətirər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər