İqtisadi və hərbi üstünlük qazandıracaq layihələr
Ekspertlərin
fikrincə, beynəlxalq hava limanlarımız, yollarımız nə qədər çox olarsa, regionun
təhlükəsizlik potensialı da bir o qədər yüksək olar
44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə
başa çatdıqdan sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start
verilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın yanvarın 14-də Füzuli rayonuna və Şuşa şəhərinə səfəri çərçivəsində
Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulub. Təməlqoyma mərasimindən sonra
geniş ictimaiyyətə yeni infrastruktur layihəsi barədə açıqlama verən dövlət
başçısı bildirib ki, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı
beynəlxalq standartlara uyğun səviyyədə inşa ediləcək. Burada təyyarələrin qəbulu
və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
Azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli layihə olan Füzuli Beynəlxalq
Hava Limanının əsas məqsədlərindən biri də xarici qonaqların Şuşaya gəlişini təmin
etməkdir. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və
qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Perspektivdə Şuşa şəhərində
Xarıbülbül formasında müasir helidromun inşası da planlaşdırılır.
Naxçıvana yol açılacaq
İşğaldan azad olunmuş ərazilərdə ikinci hava
limanının tikintisinə aprelin 26-dan start verilib. Prezident və birinci
xanımın Cəbrayıl, Zəngilan rayonlarına səfəri çərçivəsində təməli qoyulan Zəngilan
Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava
limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə
qadir olacaq. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar gələcəkdə
Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək. İşğaldan azad
olunan ərazilərdə inşa edilən hər iki aeroport bütün Qarabağ və şərqi Zəngəzur
zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu,
avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Ümumi götürsək, Zəngilanın gələcək
uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq.
Tarixi torpaqlarda aparılan abadlıq-quruculuq işləri
Füzuli, Zəngilandan sonra üçüncü beynəlxalq hava
limanı Laçın rayonunda inşa edilir. Belə ki, Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcərə, Laçına səfəri çərçivəsində
Laçın rayonunun Qorçu kəndinin ərazisində Laçın Beynəlxalq Hava Limanının təməli
qoyulub. Laçın hava limanın inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda
aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bununla yanaşı, Laçın
rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm
amili də özündə ehtiva edir. Belə ki, burada aeroportun tikilməsi ümumilikdə
bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının
artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın
aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava
limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə
dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə
hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
İlk sınaq uçuşları
Sevindirici haldır ki, artıq Füzuli Beynəlxalq Hava
Limanında sınaq uçuşları həyata keçirilir. Belə ki, təməlqoyma mərasimindən cəmi
7 ay sonra – avqustun 20-də Füzuli Beynəlxalq Hava Limanında müntəzəm reyslərin
yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması
üçün xüsusi hava gəmisilə uçuşlara start verilib. Avqust ayının 25-ə qədər
davam edəcək yoxlama, ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış
Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi
ilə gündəlik olaraq həyata keçirilməkdədir.
Hərbi qüdrətin artırılması
Hər üç beynəlxalq hava limanının strateji əhəmiyyətini
"Kaspi” qəzetinə şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki,
Füzuli, Zəngilan və Laçında aeroportların inşası iqtisadi, siyasi və hərbi
baxımdan mühüm hadisədir. Onun sözlərinə görə, ilk növbədə sərnişin və yük
daşınması, o cümlədən hərbi yüklərin çatdırılması, şəxsi heyətin manevr
imkanlarının artırılması, çevik yerdəyişməsi üçün aeroportların rolu əvəzsizdir:
"Misal üçün, Bakıdan Füzuliyə 4 saata gedəcək hansısa təcili yardımı 30-40 dəqiqə
ərzində helikopterlə daha tez çatdırmaq mümkündür. Yaxud təxliyə məsələlərində
aeroportların, təyyarə və helikopterlərin geniş imkanları var. İstənilən halda
hərbi infrastrukturun işğaldan azad olunmuş ərazilərdə yaradılması Azərbaycanın
hərbi qüdrətinin artmasına xidmət edəcək. Ona görə də, bu ərazilərdə beynəlxalq
hava limanlarımız, yollarımız nə qədər çox olacaqsa, o regionun təhlükəsizlik
potensialı bir o qədər yüksək olacaq. Biz kimsənin qarşısında öhdəlik götürməmişik
ki, yeni tikilən aeroportlardan, salınan yollardan hərbi məqsədlər üçün istifadə
edilməsin. İşğaldan azad olunan ərazilər Azərbaycana məxsusdur və biz orada
yaradılan infrastrukturdan öz məqsədlərimiz üçün yararlanacağıq. Yəni istəsək,
o aeroportlara sərnişin və yük təyyarələri, hərbi təyyarələr, helikopterlər,
yaxud pilotsuz uçuş aparatları endirə bilərik. Ümumi götürsək, azad olunan ərazilərdə
inşa edilən 3 beynəlxalq hava limanı Azərbaycanın hərbi qüdrətinin artırılması
istiqamətində də mühüm hadisədir. O aeroportların hər birinin özünəməxsus
funksiyası var. Dövlət bu qədər vəsait sərf edərkən, yeni infrastruktur qurarkən
ən xırda məsələləri belə nəzərə alır”.
Zəngilan logistik hab olacaq
İqtisadçı-ekspert Eldəniz Əmirov da qəzetimizə açıqlamasında bildirib ki, işğaldan
azad olunan ərazilərdə tikilən beynəlxalq hava limanları həm hərbi fəaliyyətin
təşkili, həm də iqtisadi reinteqrasiyaya nail olmaq üçün son dərəcə vacib
infrastruktur layihələrdir. İqtisadçının qənaətincə, cari ilin sonuna qədər əldə
edilən ciddi nəticələri hər kəs görə biləcək: "Hava limanları üzrə vəziyyəti
ayrı-ayrılıqda təhlil etsək, görərik ki, Füzuli və Zəngilan aeroportları bir
çox parametrlərə görə bir-birinə bənzəyir. Laçında olacaq hava limanı isə əvvəlkilərdən
tamamilə fərqlənir. Hər üç koordinata baxsaq, görərik ki, bu, üçbucaq şəkilli
bir halqa – şəbəkə yaradır. Bu təsadüfi seçim deyil. Yerləşmə elə seçilib ki,
bütövlükdə coğrafiya əhatə olunur. Bununla da, gələcəkdə hərbi, iqtisadi,
logistik proseslərin həyata keçirilməsi mümkün olacaq. Füzuli Beynəlxalq Hava
Limanı daxili turistlərin Qarabağa səfərləri zamanı intensiv istifadə olunacaq.
Eyni zamanda bu hava limanı vasitəsilə digər aeroportlarla da əlaqə
yaradılacaq. Zəngilan Beynəlxalq Hava Limanına gəlincə, Zəngəzur dəhlizi fəaliyyətə
başladıqdan sonra Zəngilan logistik hab olacaq. Buradakı hava limanı logistik
habın tərkib hissəsinə çevriləcək, beynəlxalq yükdaşımalarında özünəməxsus rol
oynayacaq”.
Azərbaycanın ikinci Azad İqtisadi Zonası
Ekspert vurğulayıb ki, coğrafi ərazisinə görə, Zəngilan
hava limanı turistlərin, digər sərnişinlərin aktiv istifadəsi ilə yanaşı, hərbi
məqsədlər üçün də yararlı olacaq, kənd təsərrüfatının emal sənayesinin
yaradılmasına müsbət təsir edəcək: "Bu hava limanı gündəlik 4 minə qədər sərnişinə
xidmət göstərəcək. İllik istifadədə bu, kifayət qədər böyük rəqəmə çevriləcək. Düşünürəm
ki, gələcəkdə Zəngilan Azərbaycanın ikinci Azad İqtisadi Zonasına çevriləcək.
Bunun üçün bu coğrafi ərazinin böyük potensialı var. Laçın Beynəlxalq Hava
Limanı isə xarakterik xüsusiyyətlərinə görə özündən əvvəlkilərdən tamamilə fərqlənir.
Coğrafi relyefi nəzərə alsaq, burada hava nəqliyyatı avtomobil yolu və dəmir
yolundan daha aktualdır. Ümumilikdə, hər bir hava limanının öz funksiyası və çəkisi
var. İqtisadi baxımdan əlverişli olan hər bir hava limanı hərbi məqsədlər üçün
də geniş imkanlar açır. İqtisadi və hərbi marağın, fürsətin yarandığı coğrafi
koordinatda, bu istiqamətdə üstünlük əldə edən tərəfdə, istər-istəməz siyasi
dividentlər qazanmaq imkanları da olur. Bu baxımdan, hər üç hava limanının
strateji əhəmiyyətini saymaqla bitməz. Hər üç hava limanının bizim indi təsəvvür
edə bilmədiyimiz yeni üstünlüklərinə gələcəkdə şahid olacağıq. Ən nəhayət, belə
infrastrukturun yaradılması sülh prosesini sürətləndirir. Ermənistan sülh
müqaviləsini imzalamağa təhrik olunur”.
Rufik İSMAYILOV