İqtisadi böhran olmayacaq? - ŞƏRH

Ekspertlər hesab edirlər ki, Rusiya ilə Qərb dövlətlərinin
iqtisadi gücü arasında fərq kifayət qədər böyük olduğu üçün sanksiyalar böhrana
səbəb olmayacaq. Əvvəlki illərin təcrübəsinə görə, iqtisadi böhran o zaman baş
verir ki, Qərb ölkələrində, xüsusən ABŞ-da böhran olsun. ABŞ iqtisadiyyatının
isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan təsirlənəcəyi gözlənilmir.
Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik
genişmiqyaslı müharibəyə səbəb olub. 2014-cü ildə Krımı, Luqanskı, Donetski
işğal edən Rusiya 8 ildən sonra daha geniş əraziləri ələ keçirmək planını işə
salıb. Ötən ayın son həftəsindən bu yana paytaxt Kiyev daxil olmaqla,
Ukraynanın Rusiya və Belarusla sərhəddəki bütün yaşayış məntəqələrində şiddətli
döyüşlər gedir. Müharibəni dayandırmaq üçün fevralın 28-də Belarus ərazisində
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar heç bir nəticə
verməyib. Görünən budur ki, Rusiya bütünlüklə Ukraynanı işğal etmək niyyətindən
geri çəkilən deyil.
Tarix təkrarlanacaq?
Belə bir fonda ABŞ, Böyük Britaniya, Avropa ölkələri,
Avropa İttifaqı Rusiyaya qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq edirlər.
Burada başlıca məqsəd Rusiya iqtisadiyyatını çökdürmək, işğalçını cəzalandırmaqdır.
Lakin tarix göstərir ki, bu cəza tədbirlərindən – iqtisadi sanksiyalardan, sadəcə
Rusiya deyil, bütün dünya, hətta bu sanksiyaları tətbiq edənlərin özləri də əziyyət
çəkirlər. Xatırlayırsınızsa, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan,
Abxaziya və Osetiyanı işğal etməsindən sonra da bu ölkəyə qarşı sanksiyalar tətbiq
edilmişdi. Bir çox ekspertlər hesab edir ki, həmin sanksiyalar dünyada 2007-ci
ildən özünü göstərən iqtisadi tənəzzülü böhrana çevirdi, dövlətlər milyardlarla
vəsait itirdi, iqtisadi aktivlik tamamilə aşağı düşdü. Ukraynaya hücum etdiyinə
görə Rusiyaya tətbiq edilən yeni sanksiyalar tarixin təkrarlanmasına – dünyada
yeni iqtisadi böhrana səbəb ola bilərmi?

Rusiya və Qərb ölkələrinin iqtisadi gücü
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
deyib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların, sadəcə bu ölkəyə deyil,
Rusiya ilə xarici ticarət dövriyyəsində olan bütün dövlətlərə, o cümlədən qonşu
ölkələrə təsiri olacaq. Millət vəkili Rusiya və Qərb iqtisadiyyatı arasında
kifayət qədər böyük fərqin olmasına diqqət çəkib: "Rusiyanın xarici ticarət
dövriyyəsinə, idxal və ixracına fikir versək, görərik ki, bu ölkənin illik
ixracatı 4 milyard dollardan artıq deyil. Avropadakı bir sıra ölkələrin
ixracatı Rusiya ilə müqayisədə daha çoxdur. 2020-ci ildə pandemiya səbəbindən
Rusiya ixracatında azalmalar müşahidə olunmuşdu. Belə bir fonda Qərb ölkələrinin,
xüsusən də Rusiya ilə iqtisadi əməkdaşlıq edən dövlətlərin iqtisadiyyatına təsirlər
mütləq olacaq. Bu, öncədən proqnozlaşdırılır. Onu da nəzərə almaq lazımdır ki,
Rusiya ilə Qərb dövlətlərinin iqtisadiyyatı, iqtisadi gücü arasında fərq kifayət
qədər böyükdür. Məhz bu səbəbdən də Rusiyaya qarşı tətbiq edilən sərt iqtisadi
sanksiyalar dünyada yeni bir iqtisadi böhrana səbəb olmayacaq. 2008-ci ildə
yaşananların, eləcə də əvvəlki illərin təcrübəsinə görə, iqtisadi böhran o
zaman baş verir ki, Qərb ölkələrində, xüsusən ABŞ-da böhran olsun. ABŞ
iqtisadiyyatının isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan təsirlənəcəyi
gözlənilmir. Təsirlər olsa da, ciddi təsirlər olmayacaq. Bu baxımdan
sanksiyaların dünyada yeni böhranla nəticələnəcəyi gözlənilən deyil. Amma
müharibənin nə qədər müddətə davam etməsi, sanksiyaların tətbiqindən sonra
qlobal iqtisadi və siyasi durum, bütövlükdə dünya iqtisadiyyatına təsir edən
faktorlar sırasında olacaq. Hələlik mövcud sanksiyalar, Qərb dövlətlərinin, o
cümlədən ABŞ-ın iqtisadi potensialı və gücü kontekstində yeni qlobal böhran
gözlənilmir”.

Sanksiyaların müsbət tərəfləri
İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, 2008-ci ildə dünyada yaşanan
böhranın o dövrdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqəsi olmayıb.
Onun sözlərinə görə, 2008-ci ildə yaşanan böhranın təməli hələ 2007-ci ildə dünyada
özünü büruzə verən iqtisadi hadisələrlə qoyulub, ümumdünya iqtisadi böhranı da
məhz 2007-ci ildə olub: "2007-ci ildən özünü göstərən və 2008-ci ildə də davam
edən ümumdünya iqtisadi böhranının Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla hər
hansı əlaqəsi olmayıb. Bu baxımdan, indi Rusiyaya tətbiq edilən sanksiyaların
da dünyada yeni iqtisadi böhran yaradacağını düşünmürəm. Düzdür, Rusiya ilə
böyük ticarət dövriyyəsi olan ölkələrdə bunun, təbii olaraq fəsadları hiss
olunacaq. Amma eyni zamanda bir çox ölkələr üçün kifayət qədər müsbət tərəfləri
də olacaq. Hansı ki, həmin ölkələr Rusiya ilə ixracatda rəqib olmaq
potensialına malikdir. Beləliklə, Rusiya ixracının sanksiyalara məruz qalması
digər ixracatçı ölkələr üçün əlavə imkanlar yaradacaq. Rusiyaya tətbiq edilən
sanksiyaların dünyada böhranı yaratmaq üçün böyük çəkiyə malik olmadığını,
yalnız Rusiya üçün ciddi təsiredici qüvvəyə çevriləcəyini statistik rəqəmlərlə
də ifadə etmək mümkündür. Belə ki, dünyanın quru sahəsi 148 milyon kvadrat
kilometrdir. Rusiyanın quru sahəsi 17 milyon kvadrat kilometrdir. Bu, dünya quru
sahəsinin təxminən 11,5 faizini əhatə edir. Rusiyanın ümumi daxili məhsulu
dünyanın ümumi daxili məhsulunun heç 2 faizini təşkil etmir. Dünyanın ümumi
daxili məhsulunun həcmi 90 trilyon dollardan yuxarıdır. Rusiyanın ümumi daxili
məhsulunun həcmi 1,7 trilyon dollar olaraq qiymətləndirilir”.
Rufik İSMAYILOV
