• şənbə, 27 Aprel, 03:42
  • Baku Bakı 14°C

İntellektinə güvənən şagirdlərin yarışı - Fotolar

29.01.19 19:18 1523
İntellektinə güvənən şagirdlərin yarışı - Fotolar
"Kaspi” liseyi "World Scholar's Cup” intelektual yarışına yenidən ev sahibliyi edir. Liseyin Bakıxanov filialı artıq ikinci ildir ki, intellektinə güvənən şagirdlər üçün qapılarını açıb. "Dünya Alimlər Kuboku”nun Bakı raundu ötənilki kimi yenə də qələbəliklə keçir. Yarışmanın ümumilikdə 10 ildən çox tarixi olsa da, artıq 70-dən çox ölkəni əhatə edə bilib. Mütəmadi olaraq hər il regionlarda yarışa seçim turlarını keçirmək üçün fərqli ölkələrdə seçmə mərhələləri təşkil olunur. Yekun mərhələ olan "Global Raund" isə 6 böyük mərkəzdə, fərqli ölkələrdən olan minlərlə şagirdin iştirakı ilə keçirilir. Yarışmanın final mərhələsi isə ABŞ-ın Yale Universitetində 6 raundun qalibləri arasında aparılır. Şagirdlərin dünyagörüşü, bilik və qabiliyyətlərini praktiki cəhətdən inkişaf etdirməsinə köməklik göstərən "Dünya Alimlər Kuboku” yarışmasına məktəblilər aşağı və yuxarı yaş qrupları üzrə 3 nəfərlik komandalar şəklində qatılırlar.
Cənubi Qafqaz regionu üzrə təkcə Azərbaycanda təşkil olunan intellektual yarışma artıq ənənəvilik hüququ qazanmağa başlayıb. Qeyd edək ki, 4 ayrı panel üzrə aparılan yarışmanın fərqli kateqoriyaları var. "Scholar's bowl” - strateji və səsli müsabiqə ümumi zalda aparılır və hər sual öncəkindən çətin olur; "Collaborative writing” - verilən mövzular əsasında esselər yazılır və dəyərləndirilir; "Scholar's challenge” - bu müsabiqədə iştirakçının bilikləri test imtahanı əsasında yoxlanılır; "Komanda debatı” - müəyyən mövzu əsasında debat yarışı aparılır.
"Kaspi” liseyində 28-29 yanvar tarixlərində - iki gün davam edən yarış bir-birini əvəz edən panellərdən ibarət oldu. Hər panel şagirdlərin özünütəsdiqinə, dünyagörüşünü sərgiləməyə, məntiqini ortaya çıxarmağa imkan yaratdı. Şagirdlər esse yarışlarında, ingilis dillində keçirilən debatlarda, strateji intellektual müsabiqələrdə, yoxlama sınaq imtahanlarında iştirak etdilər. Şagirdlər yarış boyunca xarici dil biliklərini inkişaf etdirmək, komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək şansı qazandılar. Yarışın əsas məqsədlərindən biri də, uşaqların sosiallaşmasına dəstək verməkdən ibarət idi. Yarış müddətində yeni tanışlıqlar qazanan, keyfiyyətli fikir mübadiləsində olan azyaşlılar, bilikləri ilə paralel, əhatə dairələrini də genişləndirdilər.
«Kaspi» liseyinin beynəlxalq layihələr üzrə koordinatoru Elxan Tahirov qəzetimizə açıqlamasında artıq ikinci ildir keçirilən yarışmanın get-gedə populyarlıq qazandığını bildirdi: "Builki müsabiqədə ümumilikdə 260-a yaxın şagird iştirak edir. Yarışma ingilis dilində keçirildiyi üçün dövlət məktəblərindən daha çox, özəl məktəblər qatılıb. Sevindirici haldır ki, dünyanın bir neçə ölkəsində keçirilən yarışma Azərbaycanda da təşkil olunur. Həmçinin Cənubi Qafqaz ölkələri arasında bu yarışmaya ev sahibliyi edən yeganə dövlət Azərbaycandır”. E.Tahirov yarışmanın məqsədindən danışaraq, şagirdlərin daha çox humanitar fəndə özlərini ifadə etmək qabiliyyətlərini, məntiqi təfəkkürlərini ölçməyə əsaslandığını bildirdi: "Bu yarışmada qalib olanlar final turuna, yəni 6 mərhələdə keçirilən "Global round” yarışmasına adlayırlar”. Keçən ilə nisbətən yarışmaya bu il marağın daha da artdığını bildirən E.Tahirov, müsabiqənin hələlik paytaxt şagirdlərinin iştirakı ilə məhdudlaşdığını qeyd etdi: "Hələ ki, yarışmada yalnız Bakının təhsil müəssisələrində oxuyan şagirdlər iştirak edir. Gələn ildən məqsədimiz yarışmanı regionlara da yaymaqdır. Yarışma, iştirakçıların natiqlik, özünüinkişaf qabiliyyəti üçün əhəmiyyətlidir. Bu yarışlarda fənn olimpiadalarına maraq artır. Olimpiada hərəkatı isə artıq respublika səviyyəsində geniş vüsət alır”. Koordinator humanitar sahənin - özünüifadə sahəsinin, debatların və s. kölgədə qalmaması üçün bu sahələri inkişaf etdirməyə çalışdıqlarını deyir: "Başqa yarışmalarda şagirdlərin üzərində imtahan stressi olur. Ancaq bu yarışmalarda şagird əylənərək çalışır. Şagird bilik dərsi nümayiş etdirməkdən çox, yeni qabiliyyətlər qazanmağa gəlir”. E.Tahirov bildirdi ki, builki yarışmaya qatılanlar arasında keçənilki yarışmanın iştirakçılarından da var. Belə ki, şagirdlər arasında hazırlaşıb keçən ilki yarışa nisbətən daha yaxşı iştirak edənlər olur. Şagirdlər özlərinə əminliklə çıxış edirlər. Biz onları müşahidə etdikcə, aralarında qeyri-adi qabiliyyətlilərin olduğunu görürük”.
E.Tahirov məlumat verdi ki, bir neçə kateqoriya üzrə keçirilən yarışmada "Ən yaxşı debat”, "Ən yaxşı komanda”, "Ən yaxşı esse”, "Ən yaxşı test” (dünyagörüşü ilə bağlı suallar), "Sürətli məntiqi suallar” və s. kateqoriyalar üzrə şagirdlər öz qabiliyyətlərini nümayiş etdirirlər.
Yarışmada iştirak şərtlərinə gəlincə, hər məktəb öz səviyyəsində komandasını seçə və bir neçə komanda ilə iştirak edə bilər: "Bunun üçün limit yoxdur. Senior və Junior qrupları (aşağı və yuxarı yaş qrupları), hər qrupun da ayrı nominasiyası var”. Yarışmanın qalibə verdiyi üstünlükdən danışan E.Tahirov bildirdi ki, iştirakçısı "Global” mərhələdə mükafat qazansa, təhsilini humanitar fənlər üzrə davam etdirəcəyi təqdirdə, müəyyən təqaüdlər almaq imkanı əldə edə bilər: "Hələliksə, həmin mərhələdə ölkəmizdən iştirak edən olmayıb. Çünki "Global” mərhələdə şagirdlərin iştirakı üçün pul tələb olunur. Yəni iştirak etmək istəyən pul ödəyib o yarışmaya qatılmalıdır. Maliyyə isə şagirdlərin qarşısında iştirak üçün maneə yaradır”.
Yarışın ikinci günü keçirilən istedad şousunda şagirdlər öz bacarıqlarını nümayiş etdirərək əyləncəli vaxt keçirməyi bacardılar. Bağlanış mərasimində müxtəlif kateqoriyalarda önə çıxan şagirdlər həm qrup, həm də fərdi şəkildə kubok və medallarla təltif edildilər.
Turnir bu il də uğurlu təşkilatçılıq və yeni istedadların üzə çıxması ilə yadda qaldı. Ən əsası, şagirdlərin özünəinamını artırmaq və özlərini sınamaq, zəka yarışmalarına qatılmağa motivasiya, dünyagörüşlərini formalaşdırmaq baxımından, yarışmanın əhəmiyyəti bir daha təsdiqini tapdı.
Yarışmanın yekunu olaraq komanda yarışlarında fərqlənən komandalar Kaspi Liseyi, Azərbaycan Britaniya məktəbi, Bakı Oksford məktəbi və Landau məktəbi oldular.
Aşağı yaş qrupu üzrə inşa (writing ) kateqoriyasında
1-ci yer :
Nurgul Cahandarlı (Baki Oksford Liseyi”,
2-ci yer:
İbrahim Aslanlı (Bakı Oksford Liseyi),
3-cü yer:
Məryəm Quliyeva (Kaspi Liseyi),
Komanda şəklində inşa qalibləri:
1-ci yer:
Oksbridc Akademiyasi,
2-ci yer:
Kaspi Liseyi,
3-cü yer:
Azərbaycan Beynəlxalq Məktəbi

Da Vinci mukafati:
Aydan Əllezova (Kaspi Liseyi),
Çempion alimlər:
Aqsin Əlisoy (Kaspi Liseyi, aşagı yaş qrupunda),
Yuxarı yaş qrupunda Leyla İsgəndərli (Landau Məktəbi)
Yuxari yaş qrupunda inşa qalibləri:
1-ci yer:
Leyla İsgəndərli (Landau məktəbi)
2-ci yer:
Bikəxanım Hüseynli (Kaspi Liseyi),
3-cü yer:
Tamilla Axundlu (Oksbridc Akademiyası).
Təranə Məhərrəmova







banner

Oxşar Xəbərlər