• cümə, 26 Aprel, 05:04
  • Baku Bakı 16°C

İnsanlarda ateroskleroz xəstəliyi müşahidə edilən zaman ağıl və intellekt zəifliyi artır

25.02.23 18:00 640
İnsanlarda ateroskleroz xəstəliyi müşahidə edilən zaman ağıl və intellekt zəifliyi artır

Ateroskleroz qan damarlarının xroniki xəstəliyidir. Xəstəlikdə ağırlaşma müşahidə edilən zaman ağıl və intellekt zəifliyi artır. Bu problemdən əziyyət çəkən şəxslər həkim nəzarətində olmalı, lazımi pəhriz və rejim mütəxəssis tərəfindən təyin olunmalıdır. Xəstəliyin əsas xüsusiyyəti “pis” xolesterinin damarların daxili divarlarında yığılması, divarların qalınlaşması və elastikliyini itirməsidir. Damarlar yağ və kirəcləşmədən qalınlaşır, elastikliyin itirir, sıxılır ki, bu da orqanlarda qan çatışmazlığı yaradır və nəticədə damar tutulur. Qanın laxtalanması müşayiət olunduqda, tromboza meyillilik yaranır və orqanlarda işemik zədələnmə meydana çıxır.

AZƏRTAC xəbər verir ki, bunu Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışova deyib.

Onun sözlərinə görə, ateroskleroz damar divarına lipid və ya kalsium duzları çökməsi ilə əlaqədar yaranır və getdikcə damarın mənfəzi daralır. Nəticədə həmin damarın qidalandırdığı nahiyədə qanazlığı olur. Bu da beynin müxtəlif hissələrində nekroz, qliya kimi problemlərin yaranması ilə nəticələnir: “Xəstəlik ürək-damar patologiyalarının inkişafının əsas səbəblərindən biridir. Bunlara ürəyin işemik xəstəliyi və miokard infarktı da aiddir. Aterosklerozun yaranma səbəblərinə 40-dan yuxarı yaş, hipertoniya, siqaretçəkmə, şəkərli diabet, artıq çəki, qanda “pis” yağların yüksək göstəricisi, irsi meyllilik, xolesterinlə zəngin qidaların istifadəsi daxildir. Ümumiyyətlə ateroskleroz ölümlə nəticələnən təhlükəli xəstəliklərdən hesab edilir. Heç bir insan aterosklerozun başlanğıcını hiss etmir. Belə ki, bu proses tədricən, gənc yaşlardan başlayır. Lakin müasir tibbin köməyi ilə ateroskleroz erkən mərhələdə təyin edilir və sonrakı müalicəsi öz effektini göstərir. Buna görə tez-tez xolesterol və lipoproteinlərin qanda təyinini aparmaq lazımdır. Xəstəliyin əsas simptomları baş ağrısı, qulaqda səs-küy, başgicəllənmə, əsəbilik, əmək qabiliyyətinin zəifləməsi, yuxusuzluq və digərləridir”, - deyə nevroloq bildirib.

Aterosklerozun qarşısını almağın yollarından danışan mütəxəssis: “ Xəstəliyin qarşısını almaq üçün, ilk növbədə, siqaretdən imtina etmək, çəkini tənzimləmək, yeməkdə müəyyən məhdudiyyətlər yaratmaq və fiziki fəaliyyəti artırmaq lazımdır”, - deyə qeyd edib.

banner

Oxşar Xəbərlər