• bazar, 07 Iyun, 05:11
  • Baku Bakı 22°C

İncəsənət xərc tələb edir

17.11.16 12:31 2030
İncəsənət xərc tələb edir
Artıq bir neçə ildir ki, yerli seriallarımız çəkilir. Bunun gözəl hal olduğunu deyir və keyfiyyətinin yaxşılaşacağına ildən ilə ümidlərimiz daha da artır. Di gəl ki, serialların ssenarilərinin daha maraqlı ola biləcəyi halda, nə üçün xarici ssenarilərə müraciət edildiyi, yazarlarımızın əsərlərinin isə rəflərdə qaldığı kimi fikirlərin ardı-arası kəsilmir. Kinoşünaslar, yazarlar daha maraqlı mövzularla serial bazarında öz məhsulumuzu istehsal edə biləcəyimizi deyirlər.Biz də mövzu ilə bağlı serial sahəsində sözünü demiş mütəxəssislərin fikirlərini öyrəndik.
"Tamaşaçı üçün keyfiyyət o qədər də maraqlı deyil”
Yazıçı, kinodramaturq İlqar Fəhmi Azərbaycan klassik ədəbiyyatına maraq göstərdiyini qeyd etdi. Bildirdi ki, onun könlündən keçən bir neçə əsər var: "İki əsər var ki, onların ssenarisi əsasında serial çəksələr, bu mənim ürəyimcə olacaq. Onlardan biri Nizaminin "Xosrov və Şirin” poemasıdır. Orada elə bir dramaturgiya var ki, müasir melodramlar onun yanında heç nədir. Məhəbbət üçbucağından tutmuş, ən dərin psixoloji qatlara qədər hər şey bu poemada var. Ən böyük arzularımdan biri də olub ki, "Dəli Kür” romanı əsasında film yox, bir serial çəkilsin. Çünki bu romanda bütöv bir seriala sığışa biləcək tarixi hadisələr, gözəl materiallar var. İnanıram ki, bu romandan 15 hissəli gözəl bir serial alınar. Orada milli koloritlərimizi əks etdirən keçmiş dövrün düşüncə tərzinin dərin qatlarından nəticə çıxarmaq olar. Bundan başqa, "Qətl günü” filmi çəkilib, ancaq istərdim ki, müasir standartlara cavab verən yüksək səviyyədə bir film çəkilsin. O elə bir vaxt çəkilib ki, Azərbaycanda texnika cəhətdən müəyyən çətinliklər var idi”.
İ.Fəhmi deyir ki, xalq yazıçısı Anarın son əsəri olan "Gözmuncuğu”ndan çox gözəl bir film çəkmək mümkündür. Burada müasir düşüncə tərzində, müasir filmlərdə gördüyümüz mistik-magik məqamlar maraqlı olar.

Bütün bu istəklərinin arzu şəklində olmasına təəssüf edən yazıçı hazırda efirlərə yol tapan seriallarımızdan da danışdı: "Sosial sorğular göstərir ki, əhalinin çox hissəsi daha çox nəyə baxır. Kino insanların gündəlik əyləncələrinin bir hissəsidir. Hesab edirəm ki, ekran qarşısında əyləşən tamaşaçıların izlədikləri filmlərdə, seriallarda qəbul edə biləcəkləri bir mesaj olmalıdır. Hansısa fəlsəfi, ağır məzmunda bir serial çəkmək istəyirik. Çalışırıq ki, ona geniş tamaşaçı kütləsi baxsın. Ancaq alınmır. Ekran qarşısında əyləşən tamaşaçı istəyir ki, ən ağır fəlsəfi əsərlərdə belə, müəyyən əyləncə olsun. 90 faiz tamaşaçı üçün mədəniyyət, düşüncə əyləncənin bir hissəsidir. Mən də vaxtım olduqca seriallarımızı izləyirəm. Biz də serial üzərində işləyirik. Gündəlik məişət qayğıları üzərində qurulan seriallar daha çox effekt verir, elə özümün çəkdiklərim də daxil olmaqla. Elə ki, bir balaca müəyyən psixoloji dərinliklərə, məqamlara toxunuruq - reytinq düşür aşağı. Bu da onu sübut edir ki, kütləvi tamaşaçı üçün keyfiyyət o qədər də maraqlı deyil. Düzgün qurulmuş, çəkilmiş, içində əyləncə qatı olan əsər geniş tamaşaçı kütləsini daha çox cəlb edir”.
"Ssenaristlərimiz "copy paste” etməyi daha rahat hesab edirlər”
Yazar, ssenarist Gülay Hüseynova bizimlə söhbətində bildirdi ki, onun qələmi və xarakteri romantik komediya janrına daha uyğundur. Məhz bu səbəbdən bu janrda ssenari yazmaq istəyir: "Azərbaycanda çəkilən serialların əksəriyyətini keyfiyyətsiz hesab edirəm. Problem nə janrda, nə də aktyordadır. Ssenaristlərin qələmlərinin mürəkkəbi bitib, kompyuterdə "copy paste” etməyi daha rahat hesab edirlər. Hansı seriala baxırsan, onların ssenarsinin türk filmlərindən oğurlandığının şahidi oluruq. Burda bir neçə amil rol oynayır. Məsələn, rejissorun sağlam keçmişi varsa, nə çəksə, izləniləcək. Və ya baş rollarda məşhur simalar varsa, hər biri öz kütləsini arxasınca gətirəcək”.

Dramın öz publikasının olduğunu deyən Gülay Hüseynova komediyanın risk gətirdiyini vurğulayır: "Bir qrup insan ağlamağı sevir deyə, o ehtiyacını ödəmək üçün bütün ağlamalı filmləri izləyir. Komediya isə riskli janrdır. Çünki insanların heç de hamısı eyni şeyə gülmür. Ya gərək bayağı zarafat edəsən ki, hamı başa düşsün, ya da gərək çəkməyəsən. İntellektual yumora hər insan gülmür, çünki anlamırlar. Kino sahəsinə yeni gələnlər isə adətən qorxu janrı ilə başlayırlar ki, büdcə düzəldib əsas istədikləri filmi çəksinlər. Çünki tamaşaçını qorxutmaq ağlatmaqdan da, güldürməkdən də asandır”.
"Tarixi əsərlərimizin ekranlaşdırılmasını istəyirəm”
"Cehizsiz gəlinlər”, "İki ömür” seriallarının ssenari müəllifi Valeh Əhmədov isə deyir ki, insanlar öz həyatlarında rastlaşdıqları problemlərə uyğun mövzuları izləməyə daha çox meyillidirlər: "Bizim çəkdiyimiz seriallarda məişət problemləri, ailədaxili problemlər yer alır. Bu kimi problemlər tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşanır. Danılmaz faktdır ki, məişət qayğılarına dair yazılan ssenarilər daha çox izlənilir. Buna baxmayaraq, bir ssenarist kimi daha çox tarixi filmlərin və serialların çəkilməsinin tərəfdarıyam. Bu da çox böyük maliyyə tələb edir. Misal üçün, Türkiyədə, Amerikada bu tip filmlər çəkilir. Mən tarixi əsərlərimizin ekranlaşdırılmış variantını efirdə görmək istəyərəm və sevərək də ssenarisini yazaram”.

V.Əhmədov komediya və dram janrlarının öz izləyicilərinin olduğunu da əlavə etdi: "Misal üçün, Hollivudda daha çox dram filmləri izlənilir. Onların çəkdikləri seriallarda da dram janrı üstünlük təşkil edir”.
"Bir otaq, bir həyət, beş-altı adam - vəssalam”
Yazıçı Cavid Zeynallı son vaxtlar kinonun onu ədəbiyyatla müqayisədə daha çox maraqlandırdığını bildirdi: "Qısametrajlı ssenarilər yazmışam, planda bir neçə tammetrajlı film ssenariləri yazmaq var. Ona görə kinoda gedən prosesləri daha yaxından izləməyə çalışıram. Açığı, seriallara ara-sıra baxıram, daimi hansınısa izləmirəm. Amma məlumdur ki, bizim seriallar daha çox ailə-məişət mövzusunda çəkilir. Bu, təbiidir, heç kimi qınamaq lazım deyil. Çünki əvvəla, ailə-məişət mövzuları təhlükəli deyil, problem yaratmır, hər yerdə yaşıl işıq yandırılır. İkincisi, az maliyyə aparır. Bir otaq, bir həyət, beş-altı adam - vəssalam. Təbii ki, bu "xəsisliklə” sənət yaratmaq olmaz. İkincisi, mövzular bir-birinə oxşayır. Bunun səbəbi də bizim fantaziya kasadlığımızla bağlıdır. Təcrübə, sistemli təşkilatçılıq yoxdur, ssenari yaradıcılığı ilə bağlı məqsədyönlü, davamlı iş aparılmır. O ki qaldı hansı mövzuların əhatə edilməsini istəyərdim, bura ən müxtəlif əsələr, mövzular daxildir. Bizdə belletrist ədəbiyyat yaxşı inkişaf edib. Xeyli maraqlı nümunələr var, onları çəkmək olar. Məsələn, Xalidə Hasilovanın, Vidadi Babanlının, Salam Qədirzadənin və başqalarının əsərlərini uyğunlaşdırmaq şərti ilə. Bundan başqa, tarixi seriallar yerinə düşər. Amma bu, əlacsız ssenaristə 50 manata bir seriya yazdırmaqla başa gəlməyəcək”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər