İlham Əliyev: “Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”
Azərbaycan
Prezidenti: "Biz Dağlıq Qarabağla o
zaman danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi
maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan
çıxarsın və bizim əraziləri tamamilə tərk etsin”
"Ermənistan
rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, mənim
cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman
danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən
bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz
olaraq qalmasını istəyiblər. Lakin elə onların da hamısı buna fərqli tərzdə
nail olmağa çalışıblar. İndi isə baş nazir Paşinyanın öz təklifi haqqında
danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbul
edilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbul
edilən olduğunu söyləmişəm”.
Kaspi.az xəbər verir ki, bu barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı panel müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət
başçısı qeyd edib ki, erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz
evlərinə qayıtmaq istəyirlər. Azərbaycan
Prezidentinin sözlərinə görə, bu, onların fundamental hüququdur: "Onlar Ermənistan rəhbərliyinə
görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər. Söhbət Dağlıq
Qarabağdan getmir. Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə
qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O,
çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80
faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən
də artıqdır. Buna görə, "Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. "Dağlıq
Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var:
Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun:
münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan
və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o,
tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar
aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin
qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları
Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə
bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki,
onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq
istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya
bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Jurnalistlərin
qarşılıqlı səfərlərinə münasibət bildirən Prezident İlham Əliyev deyib ki, bu təcrübənin mənfi və
müsbət tərəfləri qiymətləndirilməlidir: "Çünki həm
Ermənistan, həm Azərbaycandakı cəmiyyətin bir hissəsi bu formatı o qədər
dəstəkləmədi. Lakin bu, hər iki liderin qərarı idi ki, buna bir cəhd edilsin.
Biz sülh yolu ilə məsələnin həlli üçün hər bir imkanı sınaqdan keçirmək
istəyirik. Erməni xalqını inandırmaq istəyirik ki, onlar daim bu cür yaşaya
bilməz. Onlar bizimlə çözüm tapmalıdırlar və gələcəkdə qonşu kimi sülh
şəraitində yaşamalıdırlar”.