• cümə, 26 Aprel, 05:25
  • Baku Bakı 16°C

İlham Əliyev: "Bu rayonun, bölgənin əsl adı Basarkeçərdir"

17.08.21 20:15 277
İlham Əliyev: "Bu rayonun, bölgənin əsl adı Basarkeçərdir"
Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir,
Kaspi.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı deyib.
Dövlət başçısı bildirib:
"Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona "Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda "Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın "Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri.
Biz indi bu yoldan istifadə edirik. Ermənilər üçüncü yolu da çəkmək istəyirdilər - Cəbrayıla gedən yol. Bu haqda müharibə zamanı dəfələrlə öz fikirlərimi bildirmişdim və beləliklə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi. Onlar, hətta bu yolda da olublar, onu da görüblər və Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşasına da etiraz bildirməmişdilər. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq".
banner

Oxşar Xəbərlər