İkitərəfli ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq
Türkiyə və Azərbaycan Cənubi
Qafqazda təkcə region üçün deyil, Uzaq Şərqdən Londona qədər əhəmiyyət daşıyan
strateji layihələr həyata keçirir
Azərbaycanın Xarici İşlər naziri
Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına ilk rəsmi səfərini edib. Səfər
çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə əvvəlcə təkbətək,
ardınca hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli
görüş olub. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici
İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.Xarici işlər nazirlərinin
görüşündə tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən
siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər istiqamətlərdə
əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq bildirib, bu əlaqələrin daha
da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında
mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra
da davam etdiriləcəyindən əminlik ifadə olunub. Görüşdən sonra Xarici İşlər
nazirlərinin mətbuat üçün brifinqi keçirilib. M.Çavuşoğlu Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribat törətməsinə
diqqət çəkərək bir daha bəyan edib ki, Azərbaycan tək deyil, Türkiyə bütün
imkanları, gücü ilə onun yanındadır və yanında olmağa davam edəcək.
Strateji
layihələrlə bağlı fəaliyyət gücləndiriləcək
M.Çavuşoğlu Azərbaycan və
Türkiyənin birgə mühüm layihələr həyata keçirdiklərini xatırladaraq, strateji
layihələrlə bağlı fəaliyyətin gücləndiriləcəyini söyləyib. Həmçinin elm,
mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün işlərin görüləcəyini
vurğulayıb. Qeyd edib ki, Türkiyədən Naxçıvana dəmir yolunun və qaz xəttinin
çəkilməsi Azərbaycan ilə Türkiyə arasında qarşıda duran ən mühüm məsələlərdən
biridir: "Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarət həcmini 15 milyard
dollara çatdırmaq planlaşdırılıb. Qəbul edilən qərarların tətbiq edilməsini
birgə izləyəcəyik. Digər tərəfdən qarşılıqlı investisiyalar artır. Hər iki ölkə
Cənubi Qafqazda təkcə region üçün deyil, Uzaq Şərqdən Londona qədər əhəmiyyətl
daşıyan strateji layihələri həyata keçirdi. Bakı-Tbilisi-Ceyhan boru xəttini,
TANAP layihəsini misal göstərmək olar. Qardaş Türkmənistan, Qazaxıstan və
Özbəkistanın layihələrə daxil olması üçün səylərimizi davam etdirəcəyik”.
Konkret
hədəflər, istiqamətlər müəyyənləşdirilib
Azərbaycan Xarici İşlər nazirinin
ilk rəsmi səfərini Türkiyəyə etməsini, orada aparılan danışıqları,
səsləndirilən bəyanatları "Kaspi” qəzetinə şərh edən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvü Ceyhun Məmmədov deyib ki, hər iki ölkə arasında əlaqələr
strateji xarakter daşıyır. Millət vəkili bildirib ki, Türkiyə daim Azərbaycanın
yanında yer alıb, ölkəmizi dəstəkləyib: "Qardaş Türkiyə taleyüklü məsələlərdə
hər zaman Azərbaycanın yanında olub, dəstəyini əsirgəməyib. Bu baxımdan
Azərbaycan da Türkiyə ilə əlaqələrə böyük önəm verir. Hər iki ölkə arasında bir
çox istiqamətlərdə, o cümlədən ticarət sahəsində yüksək səviyyəli əlaqələr var.
Xarici işlər nazirlərinin görüşündən sonra Mövlud Çavuşoğlunun mətbuata
açıqlamasında qeyd olunduğu kimi, iki ölkə arasında ticarət dövriyyəsinin 15
milyard dollara çatdırılması planlaşdırılır. Bunun üçün konkret hədəflər,
istiqamətlər müəyyənləşdirilib. Türkiyə Azərbaycan qazının alıcısıdır.
Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars və sair bu kimi layihələr
çərçivəsində hər iki ölkə arasında böyük, dərin əməkdaşlıq mövcuddur. Bununla
yanaşı, Orta Asiya respublikalarının Azərbaycandan tranzit olmaqla keçən
layihələri çərçivəsində də ölkəmiz müəyyən addımlar atır. Həmin ölkələrin
TANAP-da təmsil olunması üçün müvafiq işlər görülür”.
Gələcəyə
hesablanmış uğurlu siyasət
Millət vəkili söyləyib ki,
Türkiyə iqtisadi baxımdan güclü bir dövlət olduğu üçün Azərbaycanın bu ölkə ilə
münasibətləri inkişaf etdirməsi mühüm əhəmiyyət daşıyır: "Azərbaycan və Türkiyə
arasında qarşılıqlı əlaqələr mövcuddur, qarşılıqlı səfərlər edilir, birgə layihələr
həyata keçirilir. Hazırda Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər
keçirilir. Bu amil də ikitərəfli münasibətlərin inkişafı nöqteyi-nəzərdən
xüsusi əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycanı xalqlarımızı ortaq mədəniyyət,
dəyərlər birləşdirməklə yanaşı, hər iki ölkə regionun qlobal enerji
layihələrində aktiv iştirak edir. Bu iki ölkənin iştirakı olmadan bölgədə
hansısa qlobal layihənin baş tutması qeyri-mümkündür. Bütün bunlar
Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasına əyani misaldır.
Təbii ki, münasibətlərin bu səviyyədə olması hər iki dövlət başçısı arasında
olan əlaqələrdən də qaynaqlanır. Azərbaycan və Türkiyə prezidentlərinin bu
mənada xidmətləri, rolu inkar edilməzdir. Bu birliyi heç nə sarsıda bilməz. Hər
iki ölkə bilir ki, onların birlikdə olmasına, birgə çalışmalara böyük ehtiyac
var. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə parlamentləri arasında da
münasibətlər yüksək səviyyədədir. Bütün bunlar ölkə rəhbərlərinin düzgün,
gələcəyə hesablanmış uğurlu siyasətinin nəticəsidir”.
Qarşılıqlı
münasibətlərdə yeni səhifə
Milli
Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa
Qasımlıbildirib ki, böyük layihələr təkcə Azərbaycan və Türkiyə üçün deyil, region
dövlətləri, o cümlədən Mərkəzi Asiyanın yeni müstəqil dövlətləri üçün də
əhəmiyyət daşıyır. Tarixçi alim vurğulayıb ki, böyük layihələr regionun və
dünyanın geosiyasətinin dəyişməsinə təsir edir: "Xarici İşlər naziri Ceyhun
Bayramovun ilk rəsmi səfərini Türkiyəyə etməsi, orada müzakirə olunan məsələlər
yalnız ikitərəfli münasibətlər çərçivəsinə sığmır, regional və beynəlxalq
əhəmiyyət daşıyır. Xarici İşlər naziri Ceyhun Bayramovla bərabər, Müdafiə
naziri Zakir Həsənovun Türkiyəyə səfər etməsi, hər iki nazirin Prezident Rəcəb
Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi hadisəsinin isə anlamı daha dərindir.
Unutmayaq ki, Türkiyə eyni zamanda Qafqaz dövlətidir. Ona görə də bu ölkənin
Qafqazda gedən proseslərdən kənarda qalması mümkün deyil. Bütün bunları nəzərə
alaraq, hesab edirəm ki, Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin
Türkiyəyə səfəri, orada keçirilən görüşlər, aparılan müzakirələr qarşılıqlı
münasibətlərdə yeni səhifə açacaq”.
Torpaqları
işğaldan azad etmək məqsədi
Politoloq
Fikrət Sadıxov azərbaycanlı nazirlərin Türkiyə səfərini şərh
edərkən bildirib ki, səfər çərçivəsində qardaş ölkədə keçirilən görüşlər,
aparılan danışıqlar, həmçinin Prezident R.T.Ərdoğan tərəfindən C.Bayramov və
Z.Həsənovun birlikdə qəbul edilməsi mühüm mesajdır. Onun sözlərinə görə,
ölkəmizi hərtərəfli dəstəkləyən rəsmi Ankara bununla həm də ona işarə edir ki,
əgər, Dağlıq Qarabağ münaqişənin həllində hərbi yoldan istifadə olunarsa,
Türkiyə Azərbaycanla birlikdə bunu etməyə hazırdır: "Türkiyənin xarici siyasət
istiqamətləri artıq reallaşmağa başlayıb. Bu xarici siyasi istiqamətlərin
reallaşmasının əsas prioritetləri Azərbaycana dəstək verməkdir. Xüsusilə də,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi kontekstində. Bu məsələlər
diplomatik səviyyədə ölkənin xarici işlər naziri ilə ciddi şəkildə müzakirə
olundu. Əvvəlcə Türkiyənin Xarici İşlər Nazirliyi səviyyəsində, daha sonra
dövlət başçısı səviyyəsində bu məsələlər masaya yatırıldı. Bu, mühüm bir
istiqamətdir. Dəfələrlə Türkiyə rəsmiləri bunu bəyan ediblər. Türkiyə rəsmiləri
müxtəlif beynəlxalq tribunalarda Azərbaycanı dəstəklədikləri haqqında
bəyanatlar səsləndirib, ölkəmizin haqlı mövqeyini müdafiə ediblər. Bütün bunlar
o deməkdir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək məqsədi və
hədəfi Türkiyə tərəfindən tam dəstəklənir”.
Türkiyə
Azərbaycana daim dəstək olmağa hazırdır
Siyasi şərhçi deyib ki, həm
hərbi-texniki əməkdaşlıq baxımından, həm də Dağlıq Qarabağ münaqişəsinin hərbi
yolla həlli məsələsində Türkiyə Azərbaycana daim dəstək olmağa hazırdır: "Bunu
irimiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri də təsdiq edir. Artıq bir neçə
gündür bu təlimlər davam edir. Müdafiə Nazirliyinin yaydığı son məlumata görə,
avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş
Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər
yüksək rütbəli zabitlər də Azərbaycana səfərə gələcək. Türkiyənin geniş
tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava
qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək
Səviyyəli Müşahidəçi Günü çərçivəsində təlimlərin birinci mərhələsinin sonuncu
epizodunu izləyəcək. Bütün bu baş verənlər beynəlxalq ictimaiyyət, o cümlədən
işğalçı Ermənistan və onun havadarları tərəfindən də diqqətlə izlənilir. Bu
hərbi təlimlər xaricidə böyük bir reaksiya doğurur. Xüsusilə Ermənistanda böyük
şok effekti yaradır. Düşünürəm ki, bu nəticənin özü də Türkiyə-Azərbaycan
münasibətlərini, qarşılıqlı dəstəyin səviyyəsini tam çılpaqlığı ilə əks etdirir”.
Həmsədrlər
münaqişənin həlli üçün səy göstərmirlər
Politoloq
Elxan Şahinoğlu C.Bayramovun xarici işlər naziri vəzifəsində ilk
rəsmi səfərini Türkiyəyə reallaşdırmasını gözlənilən hadisə kimi dəyərləndirib.
O, qəzetimizə açıqlamasında bildirib ki, bu, strateji müttəfiqliyin ruhuna
uyğundur: "Rusiya xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu
Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun
özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və
Kreml bu amillə hesablaşmalıdır. Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı
Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında
Türkiyə rəsmisi, həmişə olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin
fəaliyyətini bu sözlərlə tənqid edib: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini
tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə
səy göstərmirlər. Mövlud Çavuşoğlunun sonrakı açıqlaması da maraqlıdır: "Bu
ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum
edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik.
Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”. Mövlud
Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad
etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq”.
Müttəfiqlik
qarşılıqlı dəstəyi diqtə edir
Siyasi şərhçinin fikrincə, nazir C.Bayramovun
həmkarı M.Çavuşoğlu ilə görüşdə "bizim birliyimiz əbədidir” ifadəsini
səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin
haqq işini dəstəklədiyini vurğulaması böyük önəm daşıyır: "Müttəfiqlik qarşılıqlı
dəstəyi diqtə edir. Ceyhun Baryamovun açıqlaması o deməkdir ki, rəsmi Bakı
Türkiyənin Cənubi Qafqazla yanaşı, digər bölgələrdəki siyasətini də
dəstəkləyir. Rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk Qrupunun
toplanması vacibliyini bildirib. Bu, o deməkdir ki, Bakı da Ankara kimi
həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini
istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında
müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı
var. Böyük ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni
hərtərəfli müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin
daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər.
Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi,
Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub.
İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri
Türkiyəyə uzanıb. Demək, bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir”.
Rufik
İSMAYILOV