• cümə, 29 Mart, 08:44
  • Baku Bakı 5°C

I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir

07.03.23 18:00 621
I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir

Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, qeydiyyat prosesi martın 30-dək www.uif.az portalı vasitəsilə aparılacaq.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növ və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər.

Festival Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ( rəqəmsal incəsənət – “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger), piano ifaçılığı, klassik simli alətlər ifaçılığı, klassik nəfəs alətləri ifaçılığı, Azərbaycan xalq çalğı alətləri ifaçılığı, akademik vokal, estrada oxuma, xanəndəlik sənəti, aşıq sənəti, xor, caz ifaçılığı, solo milli rəqs, milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı, aktyorluq, bədii qiraət, hekayəçilik (stand-up), dekorativ-tətbiqi sənət, rəssamlıq, heykəltaraşlıq) ümumilikdə 21 nominasiya üzrə keçiriləcək.

Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür.

banner

Oxşar Xəbərlər