Heyrətamiz “tender oyunu - ARAŞDIRMA
Ekspertlər deyirlər ki, dövlət satınalmaları sahəsində
açıq tenderlərin daha şəffaf, hesabatlı, ölkənin iqtisadi zərurətinə cavab verən
şəkildə keçirilməsi üçün mütəşəkkil qanunvericilik bazasının yaradılmasına
böyük ehtiyac var.
Yeni yaranan, təcrübəsi olmayan, ya da eyni ünvanda
bir şəxsin adına qeydiyyatı olan şirkətlərin
dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olması faktlarına dəfələrlə
rast gəlirik. Nəinki yeni yaranan, təcrübəsi olmayan, bir çox hallarda fərqli
sahədə ixtisaslaşan şirkətlər fəaliyyət növü ilə əlaqəsi olmayan tenderlərdə
qalib gəlir. Ümumiyyətlə, tender müsabiqələri ilə bağlı narazılıq artsa da,
"tender oyunu” adı altında belə xəbərlərlə tez-tez rastlaşırıq.
Və hətta elə olur ki, cəmisi bir gün əvvəl
qeydiyyatdan keçən şirkət bir gün keçirilən tenderi qazanır. Dövlət vəsaiti hesabına
keçirilən satınalmalardakı problemlərin hələ də həll olunmaması nəticəsində vəsaitlər
mənimsənilir, real rəqabət olmadığı üçün ortada keyfiyyətli iş də olmur. Bəs nə
üçün tenderdə yeni şirkətlərin qalib gəlməsi ənənə halını alıb? Bu cür halların
aradan qaldırılması üçün hansı işlər görülməlidir?
"Tenderdə iştirak üçün məhdudiyyət yoxdur”
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov deyir ki, "Dövlət satınalmaları haqqında” Qanunda
şirkətin yaranma tarixindən asılı olaraq tenderdə iştirak etmək üçün hər hansı
məhdudiyyət nəzərdə tutulmayıb: "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
tenderdə iştirakına şərait yaradılması məsələsinə gəlincə isə həmin Qanunun
50-1-ci maddəsində göstərilir ki, ehtimal olunan qiyməti 3 milyon ABŞ
dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin)
satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı
ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron
satınalma vasitəsilə keçirilir”.
Ə.Həsənov borcu olan şirkətin tenderin qalibi elan
edilməsi ilə bağlı da məlumat verib: "Qalib elan edilə bilər. Burada əsas tələb
qalib şirkətin ”Dövlət satınalmaları haqında" Qanunun 6.2.5-ci maddəsinə əsasən,
Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin
olmamasıdır. Sahibkarlıq subyektlərində cari borcların olması tenderdə iştirak
və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır”.
Aşkar edilən nöqsanlar
Hesablama Palatası isə dövlət satınalmaları sahəsində
problemlərin hələ də davam etdiyini bildirib. Palatanın hesabatında bildirilir
ki, müxtəlif qurumlarda aparılan auditin nəticələri göstərib ki, dövlət satınalmaları
sahəsində aşkar edilmiş nöqsanlar arasında büdcə qanunvericiliyinin və dövlət
satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin
mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olub. Bundan
başqa, palata aşkar edib ki, bəzi qurumlar müxtəlif növ tədbirlər üzrə qüvvədə
olan normativlərə əməl etmədikləri üçün artıq xərclər yaranır. Bəzi hallarda
qeyri-büdcə gəlirlərinin əldə edilməsi üçün zəruri tədbirlər görülmədiyinə görə
dövlət büdcəsindən əlavə vəsaitlərə tələbat və istifadəyə yol açılır. Palatanın
diqqət çəkdiyi digər maraqlı məqam odur ki, bəzi hallarda qurumun vəzifə və
funksiyalarına aid olduğu halda, həmin işlərin yerinə yetirilməsi üçün kənar təşkilatlarla
satınalma müqavilələri bağlanılır və icra edilir.
"Tenderi məmurlara bağlı şirkətlər udur”
İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, tenderlərdə şəffaflığın artırılması istiqamətində
son illər tədbirlər həyata keçirilsə də, neqativ halları aradan qaldırmaq
mümkün olmayıb. Ekspertin sözlərinə görə, qaydalar nə qədər ədalətli, şəffaf
olsa da, bunu tətbiq edən müxtəlif məmurların, qurumların, qərar qəbul edən şəxslərin
neqativ maraqları olur və prosesdən pul qazanmaq, dövlət büdcəsinin
resurslarını mənimsəmək istəyirlər: "Tenderdə şəffaflığın artırılması son illər
yaxşılaşsa da, problemlər aradan qalxmayıb. Burada müxtəlif yollarla spesifikasiyalar,
qərarların qəbulu zamanı müxtəlif meyarlara əsaslanma, spesifikasiyaların bilərəkdən
çətin formalaşdırılması, hətta arzulanmayan şirkət tenderin qalibi olursa, o
tenderin nəticələrinin əsassız olaraq ləğvi, şirkəti özlərinə tabe etdirmək cəhdləri,
onların ödənişlərinin gecikdirilməsi, aktlarının imzalanmaması geniş yayılmış
praktikadır. Burada bir çox hallarda, təəssüf ki, məmurlara bağlı şirkətlərin
tenderi udması faktları da olur. Bu da biznes mühitinə mənfi təsir göstərən
amillərdən biridir”.
"Bu, rəqabəti çətinləşdirir”
Ekspert vurğulayır ki, neqativ halların aradan
qaldırılması üçün tenderdən narazı qalan şirkətlərinin şikayətlərinin operativ
sürətli həlli mexanizmləri olmalıdır: "Məmurların tenderdə ədalətli şəkildə
seçilən, amma arzu olunmayan şirkəti müxtəlif üsullarla tenderdən kənarda
qoyması bu sahə ilə bağlı neqativ fikir formalaşdırır, şirkətləri bu prosesdən
kənarlaşdırır. Bu, rəqabəti çətinləşdirir, uğurun meyarlarını pisləşdirir və
resursların səmərəsiz istifadəsinə, dövlət büdcəsinin mənimsənilməsinə gətirib
çıxarır”.
Satın alan təşkilatın xeyrinə olan müddəalar...
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, dövlət satınalmaları haqqında qanunda
kifayət qədər boşluqlar var: "Dövlət büdcəsində xərc hissənin reallaşması, büdcə
vəsaitlərinin xərclənməsi üçün istifadə olunan istiqamətlərdən biri də, məhz
dövlət satınalmalarıdır. Ona görə də dövlət satınalmaları sahəsində açıq
tenderlərin daha şəffaf, hesabatlı, ölkənin iqtisadi zərurətinə cavab verən şəkildə
keçirilməsi üçün mütəşəkkil qanunvericilik bazasının formalaşdırılmasına böyük
ehtiyac var. Çünki dövlət satınalmaları haqqında qanunda kifayət qədər
boşluqlar, satın alan təşkilatların öz xeyirlərinə qərar qəbul etməsi üçün müəyyən
müddəalar mövcuddur”.
"Ölkədən valyuta çıxışına zəmin yaranır”
Ekspert vurğulayır ki, Satınalmalar haqqında Azərbaycan
Respublikasının qanununa yeni müddəaların daxil olunmasına böyük ehtiyac var.
Eləcə də, satınalmalarla bağlı elektron portal təkmilləşdirilməlidir: "Dövlət
satınalmaları istiqamətində yeni hüquqi bazanın yaradılmasına böyük ehtiyac duyulur.
Dövlət satınalmaları şəffaf və rəqabətli bir mühitdə formalaşmayanda ölkədən
valyuta çıxışına zəmin yaranır”.
Məlumat üçün onu da bildirək ki, "Dövlət
satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin 6.2.1-ci bəndində açıq şəkildə
yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə
peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin,
idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Aygün ƏZİZ