• çərşənbə axşamı, 19 mart, 09:55
  • Baku Bakı 8°C

Hər saatın öz musiqisi?

06.08.22 05:00 1563
Hər saatın öz musiqisi?

“Bəli, musiqi həyatımıza, psixikamıza, əhvalımıza, qərarlarımıza təsir göstərə bilir. Bununla bağlı tədqiqatlar var. Radiolar o tədqiqatlara baxıb hansı saatda hansı musiqinin xoş olduğunu öyrənə bilərlər. Ancaq bu da o demək deyil ki, hamı o mahnını sevəcək”.

Günün müxtəlif saatlarında radioda müxtəlif musiqilər dinləyirəm. Məsələn, səhər sakit və həzin mahnı eşidəndə ürəyim sıxılır, darıxıram. Sanki səhərin ritmik ahəngi ilə həmin həzin mahnının aramlı ritmi üst-üstə düşmür və mənim ruhumda bir qarışıqlıq yaranır. Musiqi dinlədiyim ruhumun ritmi fiziki ritmimdən geri qalır. Belə olanda özümü pis hiss edir və bundan qurtulmaq üçün dərhal başqa dalğaya keçirəm. Radio dalğası ilə birgə öz dalğamın da dəyişdiyini hiss edirəm. Ritmimə, ab-havama uyğun mahnı tapan kimi, sanki ruhumla fiziki durumum bir-birini tamamlayır, vəhdət halına gəlir. Görəsən, bunun bir izahı, qaydası varmı? Ümumiyyətlə, radioda günün hansı saatlarında hansı mahnılar səsləndirilməlidir? Redaktorlar musiqi seçimini necə edirlər?

Yaşa, zövqə uyğun seçim

İctimai Radionun direktoru – DJ Fateh deyir ki, musiqi pleylistinin formalaşdırılması çoxşaxəli və mürəkkəb prosesdir: “Amma indi bunun üçün mövcud olan xüsusi proqram təminatları prosesi xeyli asanlaşdırır. Əsas olan radionun hansı musiqi formatında çalışmaq istəməsidir. Yayımçı formatı auditoriyanın yaşına, zövqünə və gözləntilərinə uyğun seçir. Yayımçıların sayı az olanda populyar olmayan formatları gözləmək sadəlövhlük olar. Onu da nəzərə alsaq ki, radioların əsas auditoriyasını sükan arxasında olan, əmək qabiliyyətli, ortayaşlı kişilər təşkil edir, seçiləcək formatların sayı o qədər də çox deyil”.

 

Pleylistin çevik  dəyişməsi

“Vacib olan musiqi pleylistinin çevik dəyişə bilmə xüsusiyyətidir” deyir Fateh: “Ona görə də maksimum kiçik hissəciklərdən ibarət olmalıdır ki, saat gedə-gedə, onun içində nələrisə dəyişmək mümkün olsun. Bu səbəbdən pleylistdə mahnıların rubrikatoru pis olmaz. Misal üçün, ingilislərin bu kontekstdə HOT dedikləri yeni çıxan, HIT dedikləri populyar, REGULAR hesab etdikləri ifaçının formata uyğun olan, amma o qədər də populyar olmayan mahnısıdır. Onların və digər tələblərə cavab verən mahnıların düzgün sıralanması musiqi redaktorunun istedadına bağlıdır. Onun işi diskoteka diceyi kimi bu mahnıları elə ardıcıllıqla düzməkdir ki, hər hansı keçid dinləyicini dalğanı dəyişməyə məcbur etməsin. O ki qaldı yeni mahnıların pleylistə düşməsinə, ümumiyyətlə, bir radionun musiqi fondunun formalaşmasına, bu, güc aparan və xüsusi diqqət tələb edən arxivləşmə işidir. Önəmli olan isə radionun yeni mahnıları və ifaçıların külliyyatını necə qəbul etdiyinə dair məlumatın bütün prodüser, leybl sahibləri və ən əsası ifaçılarda olmasıdır. Onlar bilməlidirlər ki, filan radio mahnıları qapıdan, digəri isə e-mail vasitəsilə qəbul edir. İkinci vacib məsələ formata uyğun filtrlərin mövcud olması və onların tərəfdaşlarla şəffaf fəaliyyət göstərməsidir. İşin davamı isə yuxarıda qeyd edildiyi kimi, musiqi redaktorunun çiyninə düşən yükdür”.

Ruh halına birbaşa təsir edən musiqi

Psixoloq Orxan Oruc deyir ki, günün hansı hissəsində hansı musiqini dinləmək kimi konkret bir tövsiyə yoxdur: “Baxır kimə hansı musiqi necə təsir edir. Ola bilər ki, birinə xoş olan musiqi, o birinin xoşuna gəlməsin. Elə insanlar var ki, birdən-birə aktivləşə bilmir, ona görə də günün əvvəlində daha həzin, ortada daha dinamik, axırına doğru isə gərgin olurlar. Və onların əhvalına da o cür mahnılar uyğun gəlir. Amma elə insanlar var ki, yuxudan oyanan kimi rok musiqisinə, elələri də var ki, bütün günü meditativ musiqiyə və ya muğamlara, yaxud klassik musiqiyə üstünlük verir. Bu, həm də zövq məsələsidir. Amma ümumilikdə kütləvi verilən  musiqi insanların əhvalına, həmin andakı ruh halına birbaşa təsir göstərə bilir. Amma bəzi ölkələrdə aparılan araşdırmalardan sonra günün hansı hissəsində necə musiqi dinləməklə bağlı tövsiyə xarakterli standartlar var”. 

Məqsədli musiqilər

“Bəzi müəssisələr musiqi dinləməkdən yaxşı mənada manipulyasiya kimi istifadə edirlər” deyir psixoloq: “Şirkət daxilində müəyyən saatlarda musiqi verirlər ki, əməkdaşların işə motivasiyası artsın. Geyim dükanı, restoranlarda da müxtəlif musiqilərdən istifadə olunur. Onların hərəsinin öz məqsədi var. Geyim dükanalarında ritmik mahnılar verilir ki, seçim vaxtı daha sürətli qərar verək. “Fastfood”larda insanlar tez yeyib getsin deyə daha dinamik, bəzi restoranlarda isə müştərilərin daha çox qalıb, daha çox yemək sifariş verməsi üçün sakit və mülayim musiqilər səsləndirilir. O ki qaldı radioya... Burada da zövq və xarakter məsələsi var. Elə insanlar var ki, yol gedərkən radioda söhbətə qulaq asmağı, elə insanlar var ancaq musiqi dinləməyi sevir. Təkcə bizdə yox, bütün dünyada eyni vaxtda eyni konsepsiyalı verilişlər olur radioda. Hətta reklam belə odluqda başqa dalğalarda eyni tipli reklamlar gedir. Bu da radio və TV-lərin marketinq siyasətidir. Əksər radio və TV-lər bu məqamda daha çox özlərini düşünürlər, nəinki dinləyiciləri, izləyiciləri. Ümumilikdə deyə bilərəm ki, bəli, musiqi həyatımıza, psixikamıza, əhvalımıza, qərarlarımıza təsir göstərə bilir. Bununla bağlı tədqiqatlar var. Radiolar o tədqiqatlara baxıb hansı saatda hansı musiqinin xoş olduğunu öyrənə bilərlər. Ancaq bu da o demək deyil ki, hamı o mahnını sevəcək”.

Hətta intiharlara səbəb olur

Orxan bəy bəzi ölkələrdə qadağan olunmuş musiqilərin də olduğunu deyir: “Çünki həmin musiqilər insanların əmək fəaliyyətlərinin azalmasına, depressiyaya düşməsinə və hətta intiharlara belə səbəb olur.  Məsələn, 2000-ci illərdə Türkiyədə Murat Kekillinin “Bu akşam ölürüm” mahnısı çox məşhurlaşmışdı. Kütləvi şəkildə bu mahnı radiolarda səsləndirilirdi. Və sonradan həmin mahnının populyar olduğu ildə Türkiyədə  intiharların sayının pik həddə olduğu aşkarlanmışdı. Düzdür, mahnı konkret olaraq intihara məcbur etmir. Amma insanlara psixoloji təsir edir. Kimsə depressiv vəziyyətdədirsə, bu cür mahnılar onun vəziyyətini daha da dərinləşdirir.  Sevgilisindən ayrılan biri həmin vaxt pozitiv bir mahnı dinləsə ona bir cür, kədərli mahnı dinləsə başqa cür təsir edəcək. Yenə də deyirəm, konkretlik olmasa da, hər bir insanın emosional durumundan, yaşadıqlarından, xarakterindən asılı olaraq musiqi ona təsir göstərə bilir”. 

Xanım Aydın

banner

Oxşar Xəbərlər