• çərşənbə axşamı, 19 mart, 13:26
  • Baku Bakı 8°C

“Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir”

09.07.20 18:52 5357
“Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir”
Birinci vitse-prezident Mehriban Əliyeva bu əmanətə sahib çıxır və qayğı göstərir
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva daim öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin problemlərini diqqət mərkəzində saxlayıb. Mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacibliyini dəfələrlə vurğulayan Mehriban ƏliyevaAzərbaycan hərbçilərinin, Qarabağ müharibəsi əlillərinin, o cümlədən Aprel döyüşlərində sağlamlığını itirən qazilərimizin, şəhidlərimizin əmanəti sayılan ailə üzvlərinin qeydinə qalıb. O, hələ 2016-cı ilin 7 aprelində şəhid anaları ilə görüşüb. Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna onun adından ehsan verilib. Azərbaycanın birinci xanımı Vətən uğrunda qəhrəmanlıqla həlak olan, şəhidlik zirvəsinə ucalan, həmçinin yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə söhbət edib, onlaın fikirlərini dinləyib, problemləri ilə maraqlanıb. Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın birinci vitse-prezidentinin daim diqqət mərkəzində olub, onların bir sıra problemləri öz həllini tapıb.


Yüzlərlə Qarabağ qazisi aktiv həyata qayıdıb

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu, 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə, layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirib.


Vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanlar

Bundan başqa, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə 2019-cu il aprelin 3-də keçirdiyi görüş də hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atdığını, bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib. 2019-cu il avqustun 18-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə torpaqlarımızın işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad edən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr etdiyini bəyan edib. Bu barədə rəsmi "İnstagram" səhifəsindəpaylaşım edən Mehriban Əliyeva Vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanlar qarşısında baş əydiyini qeyd edib. Bildirib ki, onların şücaəti, adları Azərbaycan tarixinə və xalqımızın qəlbinə əbədi olaraq həkk olunub.


Şəhidlər ölməz, Vətən bölünməz!

2017-ci il iyunun 22-də medianın ictimailəşdirdiyi bir məqam da Azərbaycan dövlətinin, eləcə də Mehriban xanımın şəhid ailələrinə qayğı ilə yanaşdığını bir daha sübut edib. Belə ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadə vaxtilə "Para” BOKT ASC-dən kredit götürüb. Sonradan şəhidin ailə üzvləri tərəfindən kredit ödənməyib, borc yaranıb. "Para” BOKT ASC də kredit borcuna görə məhkəməyə müraciət edib. Nəticədə şəhid ailəsi evini itirmək təhlükəsi ilə üzləşib. Bu məsələ mediada ictimailəşdirildikdən dərhal sonra Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışıb və bildirib ki, bütün şəhid ailələri, o cümlədən Xaliq Əzizzadənin ailəsi Mehriban Əliyevanın diqqətindədir. Bunun ardınca şəhid Xaliq Əzizzadənin banka olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib. 2019-cu ilin noyabrında isə Birinci vitse-prezidenti Mehriban Əliyevayanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin "Xalq Bank”da olan krediti ödənib və buna görə bankda girovda olan mənzili ailəsinə geri qaytarılıb. Bununla yanaşı, şəhidimizin həyat yoldaşının müalicəsi də təmin olunub. Bu kimi faktlar çoxdur.


"Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır”

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı indiki dövrdə də heç bir sosial layihə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindən kənarda qalmır. Onların tapşırığı ilə bütün həssas qrupların, o cümlədən şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın ötən gün mediaya açıqladığı məlumat bunu növbəti dəfə təsdiq edir. S.Orucovanın açıqlamasından belə məlum olur ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələrinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti müsbət cavablandırılıb. Onun sözlərinə görə, hər iki ailə uzun müddətdir çətin şəraitli, qəzalı vəziyyətdə olan evdə yaşayır: "Bizim təşkilata – "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymağa, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”.
Şəhid ailələri bizim baş tacımızdır

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənmillət vəkili Musa Qasımlı deyib ki, koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət və hökumət qurumlarımızın birinci vəzifəsi vətəndaşın sağlamlığını təmin etməkdir. Deputatın sözlərinə görə, ilk gündən qəbul edilən düzgün qərarlar nəticəsində bu istiqamətdə mühüm işlər görülüb, fabrik və zavod, modul tipli xətəxanalar istifadəyə verilib, avadanlıqlar alınıb, sosial yardım paketləri həyata keçirilib: "Bütün bunlarla yanaşı, dövlətimiz su təchizatı, yol tikinitisi və başqa sahələrə də xeyli vəsait ayırıb. Ən çox diqqəti cəlb edən məqam bu ağır şəraitdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial problemlərinin həllinə xüsusi qayğı göstərməsi, onları öz nəzarətinə götürməsidir. Bu münasibət şəhid ailələrinin bizim baş tacımız olaraq daim dövlətimizin nəzarəti altında olduqlarını təsdiq edir, eyni zamanda bu, Mehriban xanımın humanist, insanpərvər fəaliyyətinin bir hissəsidir. Bir daha təsdiq olunur ki, nə qədər ağır vəziyyət yaransa belə, dövlətimiz şəhid ailələrini bundan sonra da unutmayacaq, daim onların yanında olacaq”.


Xalqın yanında olmaq

Deputat Nəsib Məhəməliyev ümumbəşəri bəla hesab olunan koronovirus pandemiyasının dünya iqtisadiyyatına çox böyük zərbə vurduğunu dilə gətirib. Qeyd edib ki, Azərbaycanda da iqtisadi fəallıq aşağı düşüb, karantin rejiminin tıtbiq olunduğuna görə bir çox iş yerləri bağlanıb: "Belə bir vəziyyətdəəhalinin sosial rifah halının yaxşılaşdırılması üçün Prezidentİlham Əliyevin tapşırıqlarına uyğun olaraqdövlətin həyata keçirdiyi sosial siyasətlə yanaşı, Birincivitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da çoxsaylı layihələr icra edib. Respublikamızın elə bir rayonu, bölgəsi, yaşayış məntəqəsi yoxdur ki, Fondun könüllüləri orada yaşayan tək-tənha, kimsəsiz insanların, imkansız ailələrin yanında olmasın. Ələlxüsus pandemiya dövründə belə bir həssas təbəqənin ərzağa və digər zəruri mallara olan tələbatını ödəmək, onların yaşam ümidini artırmaq, xalqın yanında olmaq çox əhəmiyyətlidir. Təhlillər göstərir ki, COVİD-19 virusu olduqca təhlükəlidir və ondan heç kim sığortalanmayıb. Hər səhər gündəlik xəbərlərlə tanış olarkən, bu və ya digər yerlərdə cəmiyyətimizin dəyərli insanlarının virusa yoluxduğunun şahidinə çevrilirik. Ayrı-ayrı tanınmış insanların, Qarabağ qazilərinin xarici ölkələrdə müalicəsinin zəruruliyi barədə məlumatlara rast gəlirik. Bütün bu kimi fors-major vəziyyətlərin, son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu- Mehriban xanım Əliyeva. Şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələrinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil veriləcəyi xəbəri söylənilənlərə daha bir misaldır. Təbii ki, həm bu addım, həm də uzun illər ərzində həyata keçirilən sosial layihələr, göstərilən diqqət və qayğı, çəkilən əziyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir”.


Uğurlu siyasətin mərkəzində insan amili dayanır

Sadalanan bütün bu faktlar Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin Qarabağ qazilərinə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya bariz nümunələrdir. Hər iki kateqoriyadan olan vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha onu göstərir ki, insan amili dövlət başçısının, onun ən yaxın silahdaşının uğurlu siyasətinin mərkəzində dayanır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər