• cümə, 29 Mart, 02:18
  • Baku Bakı 7°C

“Hər barmağında bir mərifət” olan mədəniyyət yazarlarımız

10.07.20 10:15 2745
“Hər barmağında bir mərifət” olan mədəniyyət yazarlarımız
Tikən-toxuyan, musiqi alətlərində ifa edən, oxuyan, şeir-hekayə yazan jurnalistlər
Mədəniyyət çoxşaxəli sahədir. Belə ki, bütün yaradıcılıqları özündə sığdırmağı bacarır. Bu sahədən yazan qələm əhlinin isə, gərəkdir ki, bu barədə az-çox anlayışı olsun. Müsahibə zamanı jurnalistin müsahibini necə tanıması və mədəniyyətdən anlayışının olub-olmaması aydınlaşır. Sevindirici haldır ki, mədəniyyət yazarlarımızın da xüsusi istedadları var. Belə ki, onların bir çoxları jurnalistika ilə bərabər, eyni zamanda peşəkar musiqiçi, pianoçu, rəssam, yazar, şair, ifaçıdırlar. İşdən qalan zamanlarını asudə keçirmələri üçün ikinci sənəti ilə məşğul olan mədəniyyət yazarlarımızı daha yaxından tanıyaq.
"Mədəniyyət" qəzetinin yazarı Gülcahan Mirməmməd uşaqlıqdan şəkil çəkməyi, tikiş tikməyi, toxumağı bacarır, bədii tikmə sənətinə bələddir: "Karantin dövrünü hərə bir cür keçirir. Məsafədən çalışmağa məcbur olanlar evdə qaldıqları müddəti sonraya saxladıqları ev işlərinə, kitab oxumağa sərf edir. Mədəniyyət sahəsindən yazdığım üçün kitab oxumaq, hansısa film, ya tamaşanı izləmək bizim gündəlik işimiz sayılır, üstəlik, ev işlərini heç bir köməkçim olmadan özüm yerinə yetirirəm, buna görə də karantin dövründə daha çox yaradıcılığa vaxt ayıra bilirəm. Yaradıcılıq deyəndə, təkcə jurnalistikanı nəzərdə tutmuram. Onsuz da davamlı yazı yazmaq bizlər üçün vərdişdir. Ta uşaqlıqdan şəkil çəkməyi, tikiş tikməyi, toxumağı, bədii tikmə sənətini xoşlamışam. Bəziləri üçün mənasız məşğuliyyətin, vaxt itkisinin, hətta boş vaxtı nə iləsə doldurmağın sinonimi mənasına gələn hobbilərim mənim üçün zövqlü məşğələ, əsəb dincliyi, görkəmcə başqalarından seçilmək, hətta bəzən özünü ifadə vasitəsidir. Bu qabiliyyət mənə böyüklərin dediyinə görə, adını daşıdığım nənəmdən irsən keçib, ilk müəllimim, yəni həvəsimi görüb əlimə iynə-sap, mil verən isə ixtisasca riyaziyyat müəllimi olan anam olub.
İkinci sinifdə oxuyandan o vaxtkı pionerlər evinin rəsm dərnəyində məşğul olmuşam. Peşəkar rəssam Mirteyyub Xəlilovun məşğələlərində təkcə sulu, yağlı boyalarla işləməyi, karandaşla cizgilərə can verməyi, natürmort qurmağı öyrənmirdik, həm də işıq-kölgə, rəng və forma uyarlığı barədə bilik qazanırdıq. Bu məşğələlərin faydasını çox erkən, tələbə ikən Respublika radiosunda rəssamlarımızın emalatxanalarından reportajlar hazırlayanda hiss etdim. Peşəkar jurnalistikada uşaqlıq həvəsimin - rəsm çəkmək qabiliyyətim söz ehtiyatım qədər köməyimə çatıb - desəm, yalan olmaz. Rəssamlıq barədə təməl biliklər teatr tamaşasını anlamaqda, filmlərin ekran estetikasını duymaqda xeyli kömək edir. Digər tərəfdən isə mədəniyyət jurnalistikası ilə məşğul olmaq mənim geyim, interyer dizaynını öyrənmək, bijuteriya düzəltmək, paltar tikmək, özümə və yaxınlarıma nələrsə toxumaq həvəsimi, deyilənlərə görə, az qala peşəkar səviyyəyə qaldırmağa yardım edib, daha çox da geyim zövqümü cilalayıb".
G.Mirməmməd karantin günlərində "evdə qal, evdə yarat" silsiləsindən xeyli iş gördüyünü bildirir: "Artıq onların bəzisini model olaraq "nümayiş etdirmişəm də". Usta emalatxanalarının, parça-sap mağazalarının bağlı olması üzündən, üstəlik, eyni vaxtda bir neçə işlə məşğul olmağı xoşladığımdan yarımçıq işlərim də az deyil. Etiraf edim ki, adına hənd-mend deyilən məşğuliyyətim - qaynar mədəni həyatın içində olmağa, hətta şənbə-bazar, bayram günləri axşamlarını teatrda, konsert salonunda, müxtəlif mədəni tədbirlərdə keçirməyə alışmış bir insan kimi evə qapanmağa məcbur qaldığımız günlərdə məni boşluqdan, depressiyaya düşməkdən, evdə oturmağın əzabından xilas etdi. İşlərimi görənlər hərdən satışla məşğul olmağım, ya da sifariş götürməyimlə maraqlanırlar. Qəti cavabım budur ki, yox! Ona görə yox ki, bu işlərə yuxarıdan aşağı baxıram, ya özümə yaraşdırmıram. Əsrlər boyu Azərbaycan qadını məhz əl əməyinin sayəsində - xalça toxumaqla, tikmə tikməklə namuslu həyat yaşayıb, məişət çətinliklərini dəf edib. Sadəcə, mən bu gün jurnalist kimi, son illər qiyməti hədsiz dəyərdən düşdüyü üçün uzaqlaşdığım tərcümə ilə pul qazanmaq istəyirəm. Bəlkə sabah vəziyyət dəyişəcək, hobbilərim təkcə zövq, eksklüziv geyim, ya aksessuar kimi gözümü oxşamayacaq, həm də maddi qazanc da gətirəcək ".
"Yeni Müsavat" qəzetinin yazarı, peşəkar pianoçu Xalidə Gəray özünü mətbuatın ilk jurnalist-pianoçusu hesab edir: "Musiqi sahəsində 17 illik təhsilim var. Belə ki, 7 illik musiqi məktəbini (qırmızı attestatla), 3 il musiqi kollecini (qırmızı diplomla), 7 il müddətində isə Bakı Musiqi Akademiyasını (əla qiymətlərlə) bitirmişəm. Hətta 10 il musiqi kollecində pedaqoq-pianoçu kimi də çalışmışam. Bəziləri bu sənətimi jurnalist peşəsi ilə əvəzləməyimi təəccüblə qarşılayır. Lakin jurnalist sənəti də mənim üçün çox əziz və doğmadır. Hələ orta məktəbdə oxuyanda müəllimlərin mənim musiqi deyil, hüquqşünas və yaxud jurnalist peşəsini seçməyimi istəyirdilər. Çünki qiymətlərim hər zaman əla idi və tarix fənnini çox sevirdim. O zaman onlara da söz verirdim ki, musiqi təhsilimi bir qədər davam etdirdikdən sonra mütləq jurnalist sahəsinə gedəcəm".
X.Gəray 10 ilə yaxındır ki, jurnalist peşəsində çalışdığını bildirir: "Onun 6 ili peşəkar və nüfuzlu mətbuat orqanı olan "Yeni Müsavat” qəzetində keçib. Peşəkar musiqiçi olmağım jurnalist peşəmdə çox köməyimə çatıb. Məsələn, ən peşəkar musiqiçilər ilə söhbətləşəndə çox maraqlı, qeyri-adi müsahibələrimiz alınır. Müsahiblərimin bilinməyən tərəflərini açmaq, onun daxilinə ziyarət edib, istədiyim suallara cavab almaq mənim üçün çox asan və rahat olur. Sonda isə müsahibəyə daha bir rəng qatmaq, əhval-ruhiyyəni dəyişmək üçün müsahibimə təklif edirəm ki, ən sevdiyi mahnını canlı, ekspromt birlikdə ifa edək. Nəticədə çox gözəl, maraqlı, yaddaqalan müsahibə ortalığa çıxır.
Məsələn, Xalq artistləri Möhlət Müslümov, Mənsum İbrahimov, Canəli Əkbərov, Cavan Zeynallı kimi tanınmış sənətkarlarımızla bu cür maraqlı müsahibələrimiz və birlikdə ifalarımız olub. Onların hər biri müsahibədən çox məmnun qaldıqlarını bildiriblər. İstənilən vaxt onlardan açıqlama və yaxud müsahibə almaq istəyəndə, məmnuniyyətlə cavab verirlər. Çünki onların qarşısında jurnalist və peşəkar musiqiçi dayanır.
Mətbuatda ən yaddaqalan bu cür müsahibələrimdən biri də Azərbaycanın Rusiyadakı sabiq səfiri politoloq Hikmət Hacızadə ilə olan musiqili söhbətimizdir. "Hikmət Hacızadə ilə qeyri-rəsmi: İfa etdi, oxudu...” başlıqlı videomüsahibənin üzərindən 4 il keçməsinə baxmayaraq, bu gün də maraqla izlənilir. Bəlkə də çoxları bilmirdi ki, Hikmət bəy gəncliyində çox gözəl gitara ifaçısı, rok qrupunun üzvü olub, çox gözəl musiqi duyumu var və sairə. Bu müsahibədə Hikmət bəyin çoxlarına məlum olmayan tərəfləri, xüsusiyyətləri əks olunub".
X.Gəray bir çox sənətkarlarımızın, o cümlədən məhrum əfsanəvi bəstəkarımız Arif Məlikovun müsahibə zamanı onun musiqi istedadına bələd olduqdan sonra bu sənətdən uzaqlaşmağını təəssüflə qarşıladıqlarını da deyir: "Çalışdığım "Yeni Müsavat”da ilk müsahibim məhz əfsanəvi bəstəkarımız Arif Məlikov olmuşdu. Onunla musiqidən, siyasətdən, cəmiyyətdən çox gözəl söhbətimiz olmuşdu. Söhbət zamanı onun məşhur "Komdenin arzuları” əsərindən söz düşəndə, qəfildən royal arxasına keçib, canlı ifa etmişdim. Arif Məlikov bu əsərin piano variantını ilk dəfə dinlədiyini və ifamda çox bəyəndiyini demişdi: "Bu cür istedadı atmağına çox təəssüflənirəm. Məncə, sən yenə də düşün”.
Lakin hər zaman qeyd edirəm ki, jurnalist peşəsi mənim üçün çox önəmli və məsuliyyətli bir işdir. Düşünürəm ki, jurnalist hansı sahədən yazmasından asılı olmayaraq, cəmiyyətdə mövcud olan digər sahələrdən də anlayışlı, məlumatlı olmalı, daim öz üzərində çalışmalı, araşdırmalar aparmalıdır".
Kulis.az-ın əməkdaşı Günel Musanın gözəl səs imkanları var. Ona bəzən mədəniyyət yazarlarının "xalq artisti" də deyirlər. Deyir ki, bir az şablon səslənsə də, səs bizdə genetik bir istedaddır: "Amma heç vaxt özümü müğənni kimi təsəvvür edə bilməmişəm. Həmişə evdə heç kim olmayanda oxuyurdum. Altıncı sinifdə oxuyanda idman dərsindən sonra paltar dəyişmə otağında Sibel Canın "Berivanım” mahnısını oxumuşdum. Ən yaxın 3 sinif yoldaşım idi, bir də mən. Bir də gördüm qapının ağzında "Bəxtiyar” filmində olduğu kimi millət yığılıb. Məktəbdə hamı bacımın yaxşı səsi olduğunu bilirdi, çünki bacım musiqi məktəbinə gedirdi, məktəb tədbirlərində həmişə o oxuyurdu. Məni nə qədər elədilər, "səhnəyə” çıxmağa razı sala bilmədilər. Amma sonralar səsim məktəbdə mənə kömək elədi. Kimya dərsindən zəif idim. Müəlləməm məni oxutdurub qiymət yazırdı. Müğənni olmaq istəyim olmayıb, amma həmişə dünya musiqisi ilə, öz musiqi tariximizlə yaxından maraqlanmışam. Bu bilgilərim mənim musiqi zövqümü formalaşdırıb. Jurnalisitikada mənə səsimin yox, musiqi anlayışımın olmasının, musiqi haqqında bir çox şeydən xəbərdar olmağımın köməyi dəyir. Çünki mənim müsahiblərim əsasən müğənnilər, musiqiçilər olur. Və bu sektorun adamları ilə həmsöhbət olmaq üçün o sahə haqqında anlayışın olması mütləqdir. Musiqişünas deyiləm, amma tam əminliklə deyə bilərəm ki, müğənnilərin əksəriyyəti nə özümüzün, nə də dünya musiqisi haqqında mənim qədər məlumatlı deyil".
"525-ci qəzet"in mədəniyyət yazarı Şahanə Müşfiq incəsənətin bir neçə sahəsinə maraq göstərdiyini desə də, ən çox şeirləri, hekayələri ilə tanınır: "Düzünü desəm, ağlıma gələn bütün istedadlarımın hamısı incəsənətlə bağlıdır. Bunlar istedaddırmı, yoxsa maraq, sevgi - bunu da dəqiq bilmirəm, amma hamısıyla ayrı-ayrı məşğul olmuşam. Elə buna görə də jurnalistikanın mədəniyyət sahəsində özümü tapmışam. Jurnalistikaya ədəbiyyatdan gəlmişəm. Filologiya fakultəsinin məzunuyam, bu sahədə təhsilimi hələ də davam etdirirəm. Hazırda ədəbi yaradıcılığıma da davam edirəm. İki kitab müəllifiyəm ("Qaranlıqlar günəşi" və "Şahanənin nağılı"). Şeirlər, hekayələr yazıram. Filoloji təhsil və yazmaq bacarığı, təbii ki, jurnalistika fəaliyyətimdə də çox köməyimə çatır. Ondan başqa, pianoda həvəskar şəkildə ifa etməyi bacarıram. Təhsilini mən yox, qardaşım alıb. Uşaq vaxtı onunla birlikdə pianoda ifa etmək xoşuma gəlirdi. Bir neçə mahnını çala bilirəm. Vaxtilə iki il xoreoqrafiya ilə məşğul olduğumdan, rəqslə də aram çox yaxşıdır. Rəqsi çox sevirəm. Hərdən fikirləşirəm, əgər bu sahədə olmasaydım, ya rəqqasə, ya da aktrisa olardım. Çünki aktrisalığa da həm marağım, sevgim, həm də qabiliyyətim var. Bunu yaxşı bilirəm. Təvəzökar ola bilməyəcəm, üzrlü sayın (gülür). Bakı Dövlət Universitetində 4 il ərzində dram klubun ən fəal üzvlərindən olmuşam. Hüseyn Cavid yaradıcılığından İblis, Səlma ana, İlyas Əfəndiyevin "Unuda bilmirəm" pyesində Nərmin, M.S.Ordubadinin "Qılınc və qələm"ində Qətibə, Cəfər Cabbarlının "Sevil" dramında Sevil, "Almaz" pyesində, Rəsul Rzanın "Vəfa" pyesində Vəfa rollarını ifa etmişəm. Bütün bunlar mənə bir mədəniyyət yazarı kimi məşğul olduğum sahəni daha dərindən duymaq və yazılarımda əks etdirmək şəraiti yaradır. Əgər incəsənətdən kənardakı qabiliyyətlərimi soruşsanız, fərqli yeməklər, şirniyyatlar bişirməyi xoşlayıram və sən demə, çox yaxşı da bacarırammış. Bunu da karantin zamanında kəşf eləmişəm. Çünki əvvəllər məcbur olduqca, ac qalmamaq üçün tez-bazar nələrsə hazırlayırdım, dərindən məşğul olmağa, bir növ mətbəxin "nazını çəkməyə" təhsildən, işdən vaxtım olmurdu. Amma indi nisbətən rahatlıqdır. Mətbəxlə dostlaşmışıq".
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər