Həm müəllim, həm ifaçı
75
yaşını tamam edən tanınmış tarzən, Xalq
artisti, professor Vamiq Məmmədəliyevin muğam sənətinin, tar ifaçılığının
inkişafı ilə bağlı arzuları çoxdur
70
yaşı tamam olanda da ondan müsahibə almışdım. Onda məni çalışdığı Mədəniyyət və
İncəsənət Universitetinin Xalq çalğı alətləri ifaçılığı kafedrasının qapısınadək
ötürərək gülə-gülə "inşallah, 75 yaşımda da görüşərik…” demişdi. İllər göz
qırpımında ötdü. Budur, görkəmli tarzən,
Xalq artisti, professor Vamiq Məmmədəliyevin 75 illik yubileyidir.
Dədə-baba yolu
Sənətini sevmək, daim çalışmaq
şövqündən heç nə əskilməyib. Hər gün yaşadığı Kürdəxanı qəsəbəsindən dərs
dediyi kafedraya gəlməyi, tələbələrinə sənətinin sirlərini öyrətməyi həyat
amalı hesab edir. Bu, onun üçün alqoritm kimidir: "Əlim, ayağım, beynim
işləyir. Tələbələrim əsasən magistrlərdir. Elə muğamlar var ki, onları yalnız
mən bilirəm. Çətin muğamları mən tədris edirəm. "Nəva”, "Dəşti”, "Dügah”
muğamlarını tələbələrimə öyrədirəm. "Nəva”nı ilk dəfə mən çalmışam. 1990-cə
ildə şəhidlərin 40 mərasimində ifa etmişəm. Bizdə bu muğamı çalan da, oxuyan da
yoxdur. Dəstgah şəklində alınmır. Soloda Əhməd Bakıxanov, Bəhram Mansurov
çalıb. Amma oxumaq üçün itmiş yerlərə qəzəl uyğunlaşdırmaq lazımdır. Tələbələrə
də "Əsas dədə-baba yoludur. Bu yolu öyrənin, sonra öz bildiklərinizi əlavə edin”
deyə yol göstərirəm”.
Əgər Vasim tar çalsaydı...
Qocaman tarzən görkəmli sənətkarlardan
dərs alıb. Həm ifaçı olub, həm müəllim: "Musiqiyə sevgi mənə ailəmizdən keçib.
Ata-anam həkim idi. O vaxt ziyalılar evlərinə tar alır, çalmağı da özləri öyrənirdilər.
Atam mahnı çalanda biz sevinərdik. Onun o zaman aldığı tar indi mənim evimdədir.
İkinci tarımı isə mənə görkəmli tarzən Sərvər İbrahimov bağışlayıb. Həmin tar
isə 1910-cu ilin alətidir. Bu tarlar mənim üçün çox əzizdir. Biz həmişə tara
baxıb "görən bunu çala biləcəyikmi?” deyə düşünərdik. 1956-cı ildə kəndimizdə dərnək
açıldı. Vasim və digər iki qardaşım tar dərnəyinə getdi, ancaq məni evdən
qoymadılar. Çünki mən solaxay idim, tarı isə sağ əllə çalmaq lazım idi. Nəhayət,
mənim də tar dərnəyinə getməyimə icazə verildi. Əvvəlcə çox əziyyət çəkirdim.
Ona görə də sağ əllə çalmağa başladım. O zaman Vasim də yaxşı tar çalırdı. Əgər
o tar çalsaydı, mən çala bilməyəcəkdim. Onun tar çalmamağı mənim yolumu açdı.
1961-ci ildə artıq tar çalmağı öyrənmişdim”.
Əhməd Bakıxanovun tövsiyəsi
V.Məmmədəliyev hərbi xidmətə
getməzdən əvvəl yaşadığı Kürdəxanı kəndində "Bahar” adlı ansambl yaradıb. Özfəaliyyət
dərnəyi tez bir zamanda tanınır, hər yerdə maraqla qarşılanır: "Hərbi xidmətə
gedəndə tarımı da özümlə apardım. Xidmətdən qayıdandan sonra Mədəni-Maarif
Texnikumunda xor dirijorluğu fakültəsini bitirdim, daha sonra Asəf Zeynallı
adına Musiqi Məktəbinə daxil oldum. Ustad tarzən Əhməd Bakıxanov ifama qulaq asaraq
"sən təhsil almalısan” dedi. MənƏhməd müəllimin tələbəsi oldum və ondan çox şey öyrəndim. Not müəllimim isə
Adil Gəray idi. Sonra Bəhram Mansurovun sinfinə keçdim. Konservatoriyada
oxuyanda not müəllimim Oqtay Quliyev idi. İkinci kursda oxuyanda tələbə
konfransında çıxış elədim və birinci dərəcəli diploma layiq görüldüm. Həmçinin
radionun fondu üçün "Xaric segah”, "Bayatı Şiraz” və "Rahab” muğamlarını, daha
sonra "Humayun” və "Bayatı-Qacar” muğamlarını yazdım. 1988-ci ildə
Konservatoriyada muğam sinfi açılanda rəhmətlik Süleyman Ələsgərovla Oqtay
Quliyev məni o sinfə muğamdan dərs deməyə dəvət etdilər. 1992-ci ildə isə muğam
ixtisas kimi keçirilməyə başladı”.
Həm pul, həm təcrübə
Xanəndə müşayiəti çox güclü
olduğundan gəncliyindən bəri görkəmli xanəndələri müşayiət edib. Tələbə olarkən
Hacıbaba Hüseynovun sinfində dörd il təmənnasız konsertmeystr işləməsi ona
böyük təcrübə qazandırıb. "O dövrdə Əhsən Dadaşov, Sərvər İbrahimov, Hacı
Məmmədov kimi tarzənlər var idi. Elə virtuoz sənətkarların yanında ifa etmək
hər kişinin işi deyildi. Mən Hacı Məmmədovun ansamblında aparıcı tarzən
işlədim. Mütəllim Mütəllimovdan üzü bəri bütün klassik xanəndələri müşayiət
eləmişəm. Ona görə deyirəm ki, nə yaxşı mən bu sənəti öyrənmişəm. Cabbar
Qaryağdıoğlu həmişə deyirdi ki, sənətini öyrən, lap dağın dibində də olsan,
gəlib səni tapacaqlar. Məni də tapdılar”.
El şənlikləri də onun üçün
məktəb olub. Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Süleyman
Abdullayev, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Könül
Xasıyeva, Qəndab Quliyeva və başqa xanəndələri həm Bakı kəndlərində, həm
rayonlarımızın el şənliklərində müşayiət edib: "Yaxşı tarzən muğamı mükəmməl
bilməlidir ki, xanəndəni oxutdursun. Toylarda həm pul qazanır, həm də təcrübə
toplayırdım. Toylar əsl məktəb idi”.
Şuşada
konservatoriya yaratmaq
Görkəmli tarzən Şuşada iştirak etdiyi
"Xarı Bülbül” festivalının sevincini unuda bilmir. "Ürəyim dağa döndü” deyir:
"1976-cı ildə Şuşada olmuşam. Putyovka ilə dincəlməyə getmişdik. Amma orda
ansambl düzəldib konsertlər verməyə başladıq. Şuşaya daxil olanda istər istəməz
ab-hava dəyişir. Şuşa musiqi beşiyidir. O vaxt Süleyman Ələsgərov
Konservatoriyanın Şuşa filialını açmaq istəyirdi. Ancaq Şuşa işğal olundu. Həmin
filial da 5 il Bakıda fəaliyyət göstərdi. İndi Şuşa azaddır. Şuşada çoxlu işlər
görülüb. Artıq orada konservatoriya yaratmaq olar”.
Məni
"müəllim” çağırın
Sənəti
ona xalqın hörmətini qazandırıb. "Mən həmişə məclisin yuxarı başında otururdum.
Yenə də məni yuxarı başa çağırırlar. Həmişə xalqdan hörmət görmüşəm. Xoşbəxt o
adamdır ki, özü olmayanda da haqqında yaxşı danışsınlar. Hamıya
deyirəm ki, adım yadınızdan çıxsa, məni "müəllim” çağırın. Müəllim öyrədən
deməkdir”.
Xoşbəxtəm
ki...
4 övladı, 12 nəvəsi var Vamiq müəllimin.
Özünü "Qəhrəman baba” adlandırır. Tar çalmağın, muğamın sirlərini öyrətdiyi tələbələrinin
sayını isə çoxdan unudub: "Xoşbəxtəm ki, həm ifaçıyam, həm müəllim. Məni belə təqdim
edirlər: muğam bilicisi və muğam tənqidçisi. Heç nə mənim gözümdən yayınmır”.
Bu yaxınlarda prezident İlham Əliyev qocaman
tarzənin musiqi sənətimizin inkişafındakı xidmətlərini qiymətləndirərək ona mənzil
hədiyyə edib. Zəhmətini layiqincə dəyərləndirdiyinə görə dövlət başçısına minnətdarlığı
sonsuzdur.
Görkəmli
tarzənin muğam sənətinin, tar ifaçılığının inkişafı ilə
bağlı arzuları çoxdur. Onları həyata keçirmək üçünsə özünə ömür arzulayır:
"Heç bilmirəm illər necə gəlib keçdi. Təkcə onu bilirəm ki, həmişə
amalım yaxşılıq etmək olub. Həyatımdan razıyam. Mənə görə ən böyük var-dövlət
sağlamlıqdır. Bəzi görəcəyimiz işlər var. Oxunmayan muğamlar var ki, onlar
hazırlayırıq. Yaradıcılıq işlərimiz çoxdur...”
Təranə
Məhərrəmova