• cümə, 29 Mart, 18:23
  • Baku Bakı 14°C

Hədəf keyfiyyət olmasa…

04.03.23 04:30 1312
Hədəf keyfiyyət olmasa…

Ölkəmizdə infuzion məhlulların istehsalının təşkili vacib hesab edilir. İstehsalı da sadə texnologiya ilə başa gəlir. Bəs bu işin ölkəmizdə keyfiyyətli təşkili mümkündür?

Azərbaycan dərmanla bağlı idxaldan asılı ölkədir. 5-6 il öncə ölkəmizdə dərman istehsalına başlanması ilə bağlı xəbərləri aldıqca sevinirdik. Düşünürdük ki, nəhayət dərmanımız öz ölkəmizdə də istehsal olunacaq və yerli istehsalın üstünlüklərindən faydalanacağıq. Zaman keçdi, ancaq gözləntilər özünü doğrultmadı.

Bu günlərdə isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və şirkətlərdən biri arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalandı. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur. Ümumi dəyəri 13,7 mln. manat olan layihədə AİŞ-in payı 20% təşkil edir. Pirallahı rayonunda yerləşəcək müəssisənin illik istehsal gücünün 20 mln. ədəd məhsul olacağı bildirilir.

Yayılan məlumatda qeyd olunur ki, layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb. Doğrudan da səmərəli, rentabelli olacaqmı?

“Bu, o qədər sadə texnologiyadır”

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, əczaçılıq dünyada hər zaman rentabelli sahə olub. Çünki əczaçılıq məhsullarına daim tələbat var: “Səhiyyənin bütün strukturlarının, demək olar ki, əczaçılıqla bağlılığı var. Xüsusilə epidemiyalar, pandemiyalar dönəmlərində əczaçılıq sənayesinin istehsal imkanlarının artırılması müşahidə olunur. O cümlədən, burda infuziyalara və bu kimi preparatlara ehtiyac daha çox yaranır. İnfuzion preparatların ölkədə istehsalı vacib və əhəmiyyətli məsələ olmalıdır”.

İ.Hüseynlinin sözlərinə görə, infuzion məhlulların istehsalı sadə texnologiyadır: “İnfuzion dərman preparatlarının tərkib hissəsini əsasən su təşkil edir. Suya müəyyən qramlarda müxtəlif xammallar da əlavə edilir. Sovet vaxtı Azərbaycanın əczaçılıq sənayesi bugünkü ilə müqayisədə xeyli inkişaf etmişdi. Bu tipli preparatların istehsalı aparılırdı. Hətta bəzi hallarda Azərbaycanda fəaliyyət göstərən apteklər aptek şəraitində bu mayeləri hazırlayaraq rayon ərazisindəki xəstəxanalara verə bilirdilər. Bu, o qədər sadə texnologiyadır”.

“Keyfiyyəti təmin etdikdən sonra…”

Ekspert bildirdi ki, texnologiyanın sadə olması bu işin uğurlu alınacağının zəmanəti deyil: “Nə qədər uğurlu olacağını deyə bilmirəm. Çünki infuzion dərman preparatlarının istehsalı ilə məşğul olacaq şirkətin şpris istehsalı zavodu fəaliyyət göstərir. İlkin olaraq illik istehsal gücü 150 milyon ədəd olacaq zavoddur. Nə qədər müasir texnologiyalar tətbiq edilməsinə baxmayaraq, keyfiyyət baxımından ölkəyə idxal olunan şprislərlə müqayisədə tələbata tam da uyğun deyil. Bu şprislərdən istifadə edən insanların narazılıqları olur. Hədəf keyfiyyət olmalıdır”.

“Böyük əhəmiyyət kəsb edəcək”

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli deyir ki, infuzion məhlulların istehsalı hazırda səhiyyəmiz üçün önəmli məsələdir: “Çünki icbari tibbi sığorta çərçivəsində artıq səhiyyənin maliyyələşmə mexanizmi dəyişib. Stasionar müalicə tamamilə icbari tibbi sığorta çərçivəsində təminata alınıb. Stasionar müalicədə isə infuzion məhlullar geniş şəkildə istifadə olunur. İcbari tibbi sığorta çərçivəsində dərman preparatlarının davamlı, fasiləsiz təchizatı baxımından bu müəssisə böyük əhəmiyyət kəsb edəcək”.

“Bazarda öz yerini tutması üçün…”

M.Məmmədlinin sözlərinə görə, istehsal ediləcək məhsulların iqtisadi baxımdan səmərəli olması üçün zamanında bazarda öz yerini tutması lazımdır: “İnfuzion məhlullar səhiyyənin bütün sahələri üçün mühüm əhəmiyyət kəsb edir, o cümlədən də, stasionarlarda. Yəni bazarda kifayət qədər tələb var. Bu baxımdan effektivliyi yüksək olacaq.

Dərman istehsal edən müəssisələrdəki məhsulların istehlakının istənilən səviyyədə olması üçün menecment işi düzgün qurulmalı, dərman preparatlarının təbliği doğru şəkildə aparılmalıdır. Yəni tibb işçiləri, əhali arasında məlumatlandırmanın yaxşı olması da mühüm əhəmiyyət kəsb edir.

Daxili bazarı qorumaq üçün icbari tibbi sığortanın əhatə etdiyi, o cümlədən, Səhiyyə Nazirliyinə tabeli müəssisələrdə Azərbaycanda istehsal olunan preparatlardan istifadə tələbi qoyulmalıdır. Bütün bunlar məcmu halında olduqda, effektini görəcəyik. Həmin müəssisələrin də rentabelliyi yüksələcək”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər