Kəndlərdə içməli su təminatı ilə bağlı layihələr həyata keçirən xanım - Fotolar

Ünsiyyət qurmaq bacarığı, fikirləri doğru ifadə edə bilmək danışıqların özəyidir. Etika Akademiyasının
rəhbəri kimi bir çox iaşə obyektlərinə, insan resurslarına təlimlər keçirlər. Ölkəmizdə
fəaliyyət göstərən bir çox şirkətlər korporativ məsuliyyətlərinə də ciddi
yanaşırlar. Onlarla aparılan danışıqlar sayəsində təhsildə aztəminatlı
ailələrə, internat məktəblərinə və su problemləri olan regionlara dəstək
durmağa çalışırlar. Müsahibimiz Etika Akademiyasının rəhbəri, hüquqşünas Günel
İbrahimlidir.

- Günel xanım, niyə məhz içməli su problemləri ilə
bağlı layihələr?
- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya
əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə
edir. Ona görə də, dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin
problem sayılır. Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla
doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz
çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə
bağlıdır. Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə
görə respublikamız Cənubi Qafqazın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda
8300-dən artıq irili-xırdalı çay var.Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə
təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam
imzalayıb. Sərəncamdan irəli gələrək, ölkədə əhalinin keyfiyyətli içməli su ilə
təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə
başlanılıb. Bu məqsədlə ölkə Prezidentinin tapşırığı ilə "İçməli su"
Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun 50-yə yaxın inzibati
ərazi tədqiq olunub. Rayonlarda -
Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala
və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul
tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış və bir çoxunda
qurğular artıq əhalinin istifadəsinə verilmişdir. Ölkənin
regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə
də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış
məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin
sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq.Ona görə də, bir çox özəl şirkətlər, Qeyri
Hökumət Təşkilatları bu layihələrin icrasında önəmli rol oynayırlar.

- Layihələrin maliyyə mənbələri hansı şirkətlərdir?
- Sırf su üzrə
layihəmizin 80% maliyyə dəstəyini JTİ şirkətindən (Japon Tabacco İnternational) alırıq. Digər hissəsini öz təşkilatımızın
büdcəsi hesabına həyata keçiririk. Mən Etika Akademiyasından əlavə Milli QHT
Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilat çərçivəsində layihələrinin
icrasını həyata keçiririk. Son 4 ildə İsveçrədə
mənzillənən, nümayəndəliyi Bakıda da olan JTİ ilə əməkdaşlıq edirik. 2014-2018-ci
illər ərzində 10 rayonda layihə icra etmişik. 50000 dən artıq əhalinin
içməli su ilə təminatını əhatə edə bilmişik.

- Layihələr hansı rayonlarda icra edilib?
- Kürdəmir, Balakən,
Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi, Tovuz və Samux rayonlarıdır.
Bu il daha 3 kəndi n içməli su probleminin həll edilməsi nəzərdə tutulub. İlk layihəmiz
Kürdəmir rayonunun Qarasaqqal kəndində oldu. O kənddə kanal suyunun
təmizlənməsi ilə içməli su əldə edə bildik. Çox çirkli olduğuna görə, bizdən
öncə də cəhd edənlərin qurğuları qırılırdı. Lakin müasir ionlaşdırma
texnologiyasından istifadə edərək, davamlı içməli su mənbəyi əldə edə bildik. O
layihəyə görə Amerika Ticarət Palatası
tərəfindən birinci yerə layiq görüldük.

- Bir layihənin icrasına nə qədər vaxt sərf
edirsiniz? Bir xanım olaraq tikinti, qazıntı işlərini idarə etmək çətin deyil?
- Bir layihə
təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır, əgər bu
sub-artezian quyusudursa, təxminən 85 -95 metr dərinlikdən su əldə edilir.
Nasosla üzə çıxarılır. Tonlarla tutumu olan çən quraşdırılır. Əgər suyun
təmizlənməsidirsə, xüsusi qurğular qurulur və tam içməli su əldə edilir.Xeyr, artıq
çətin gəlmir. İlk layihələrimdə daha çox həyəcanlı idim. Artıq 10 kənddə
layihənin idarəsi və icrası təcrübə qazandırıb. Mütəxəssislərdən ibarət
komandamız var . Bu, geoloqlar, tikinti üzrə peşəkarlar və su üzrə ekspertlərdən ibarət bir
komandadır. Regionlarımızın sosial-iqtisadi inkişafı və rifahı üçün ölkə
başçısı cənab İlham Əliyev daim sərəncamlar verir, maliyyə ayırır, diqqət
yetirir. Biz də öz vəzifə borclarımızdan kənar sosial məsuliyyətimizi tam dərk
etsək və töhfəmizi versək, bu inkişafa daha sürətlə nail olarıq.
Kaspi.az
