Güllə səsindən söz bayramına... - FOTOLAR
28 ildən sonra Tap Qaraqoyunlu kəndindəki ilk ədəbi-bədii gecədən reportaj
Şanssız, abrına qısılan
adamların öz haqqını ala bilməsi üçün gərək bir neçə görünməyən əlləri də ola.
Əks təqdirdə, çox zaman onların haqqı tapdalanır, ana südü kimi halalları olana
həsrət qalırlar. Yazıçı İsmayıl Qarayev haqqı olan şöhrətə, diqqətə nə
sağlığında, nə də vəfatından sonra çata bilib. 15-ə qədər roman, 40-dan çox
povest, yüzlərlə hekayə yazan və sağlığında ədəbi mətbuatın qaynar orqanlarında
çalışan dəyərli bir yazıçının əsərləri unudulmalıdırmı? Onun əsərlərinin az
qismi sağlığında nəşr olunub. Ölümündən sonra isə mərhum naşir, ədibin oğlu
Qoşqar İsmayıloğlu atasının bütün əsərlərini çap edib. Bəs Qoşqar bəy olmasaydı
İ.Qarayevin əlyazmalarının aqibəti necə olacaqdı? Fiziki övladları mənəvi
övladların əvəzləməsinin vaxtı yetişməyibmi hələ?
Yol göründü...
27 iyuldakı tədbirə -
İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr edilən "Gecə keçir” adlı
ədəbi-bədii gecəyə yazıçının qızı, araşdırmaçı Vəsimə İsmayılqızı tərəfindən
dəvət olunmuşdum. Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə
keçirilən tədbir yazıçının doğulduğu və dünyadan köçdüyü Tap Qaraqoyunlu
kəndində keçirilirdi. Paytaxtdan gedəndə səfər yoldaşım ədəbiyyatşünas alim,
astroloq Firudin Qurbansoy idi. Yol boyunca Nizami Gəncəvidən Hüseyn Cavidə,
yerdən ərşə, ən pak adamlardan əli qanlı qəddarlığa qədər uzananlar haqda söhbətimiz gedəcəyimiz yolu
"tükətdi” və gəlib mənzil başına çatdıq...
Yazıçının evi...
İ.Qarayevin yaşadığı evin
həyətində Goranboy rayonunun tarixinə aid qədim, tarixi dəyərə sahib qablar,
məişət əşyaları qoyulmuş, xalça-palazlar sərilmişdi. Şəhərin mədəniyyət
idarələrinin əməkdaşlarının təşkil etdiyi milli mətbəx hissəsində isə cürbəcür
təamlar - təndir çörəyi, nehrə yağı, növbənöv şirniyyatlar, yazıçının
həyətindən dərilmiş meyvələr iştirakçılara təqdim edilirdi. Eləcə də
İ.Qarayevin çap olunmuş əsərləri, oğlunun nəşr etdiyi kitablar, habelə şairin
qızı Xanım İsmayılqızının şeir topluları, Vəsimə xanımın hazırladığı müxtəlif
şəhərlərə aid ensiklopediyalar qonaqlara paylanılırdı. Olduqca səmimi, qaynar
atmosfer vardı, kənd sakinləri bu söz bayramının daha gözəl, təmtəraqlı keçməsi
üçün cani-dildən çalışırdılar.
Həyətdəki ağacların arasında
düzülən stol-stullar kənardan kənd toylarını xatırladırdı. Burada kənd mühiti
ilə şəhər ab-havası, yazıçı həyatı ilə sadə insanın güzəranı təbii şəkildə
bir-birini çulğamışdı.
İcra
başçısının şükür etməsi
Sonra Goranboy rayon icra hakimiyyətinin
başçısı Məhərrəm Quliyev əbədi-bədii gecəyə təşrif buyurdu. Həyətə girən kimi
icra başçısı şükür etdi, dedi ki, biz illərdir bu kəndə ancaq camaata erməni
gülləsindən yayınmağı, təhlükəsizlik qaydalarına riayət etməyi öyrətməyə
gəlirdik, ekstremal şəraitdən çıxış yollarını başa salırdıq, indi isə
müharibədən sonra ilk dəfə ədəbiyyat, söz, mədəniyyət bayramına yığılmışıq. Biz
bu günə – mədəniyyətə, ədəbiyyata həsr olunan gözəl bayrama Cənab Prezident,
Ali baş komandan İlham Əliyevin və Azərbaycan əsgərlərinin sayəsində gəlib
çatdıq. Məhərrəm müəllim əvvəlcə tarixi eksponatlarla tanış oldu, daha sonra
isə milli mətbəx yerləşən hissəyə keçib təndirə çörək yapan, cürbəcür təamlar
hazırlayan xanımlarla söhbət elədi, çörək kəsdi...
Vətən yaxşıdır...
Tədbir şəhid Xudayarın
ifasındakı məşhur "Xudayar təsnifi” ilə başladı. Xudayarın səsi şən duyğuları
iftixar göz yaşlarına çevirdi. Ətrafa göz gəzdirəndə gördüm ki, neçə xanım
içini çəkə-çəkə ağlayır, kişilərsə cib dəsmalları ilə göz yaşlarını silirlər. Bildiyiniz
kimi, Tap Qaraqoyunlu kəndi müharibədən çox əziyyət çəkib və neçə-neçə insanlar
savaş dönəmində öz yaxınlarını, əzizlərini itirib, bir sıra sakinin evinə ciddi
ziyan dəyib. Daim döyüş həyəcanında yaşayan kənd sakinləri üçün Xudayarın səsi
həm də ötən 28 ilin acı xatirələrini canlandıran "film lenti” idi.
Pirin kəraməti...
Qeyd edim ki, bu ocaqda –
İ.Qarayevin həyətində tarixi pir var və uzun illərdir ki, inanclı insanlar bu
müqəddəs məkanı ziyarət edirlər. Maraqlı fakt odur ki, 28 illik müharibə
dövründə nə pirə, nə də yazıçının evinə düşmənin atdığı çoxsaylı mərmilərdən
heç bir xətər toxunmayıb. Və inanclı insanlar bu faktı təsadüfi saymırlar. Ötən
28 illik dövrdə daim ölüm təhlükəsi altında yaşayan kənd əhli yaşadıqları yeri heç
vaxt tərk etməyiblər və cəsurluq göstərərək bu kəndə "alınmaz qala” mətinliyi
bəxş ediblər.
Bu günə yazılan qismət
Tədbirin başlanğıcında Aşıq
Yolçu İ.Qarayevin şeirini oxudu. Sonra səhnəyə dəvət olunan Goranboy rayon icra
hakimiyyətinin başçısı müharibədən, Qarabağ zəfərindən, İsmayıl Qarayevin həyat
və yaradıcılığından ətraflı danışdı. Vokalist Şahin İsmayılovun ifasında
"Goranboy” mahnısı ilə davam edən ədəb-bədii gecədə İ.Qarayevə həsr olunmuş "Öz
ömrünü yaşamayan adam” filmindən bəzi kadrlar göstərildi.
F.Qurbansoy və mənim
çıxışımdan sonra yazıçı Qərib Mehdi İ.Qarayevin yaradıcılığı və şəxsiyyəti
barədə danışdı. Şairin qızı, tanınmış şairə, bəstəkar X.İsmayılqızının çıxışı
da təsirli oldu. O, səmimi nitqi zamanı kövrələrək ürəyini və gözlərini
boşaltdı. Atasından, qardaşından, dədə-baba ocağındakı xatirələrdən danışan
X.İsmayılqızı nitqini belə bitirdi: "Biz bu tədbiri çox gözləmişik, atamın 80
yaşında bu günü gözlədik, olmadı, 85 də eynən, 90-da da alınmadı. Qismət bu
günə imiş. Xatırlayaq ki, xatırlasınlar, unutmayaq ki, unutmasınlar”.
Bir neçə ziyalının
çıxışları və müğənnilərin musiqi nömrələri ilə davam edən ədəbi-bədii gecə
Vəsimə İsmayılqızının çıxışı ilə yekunlaşdı. O, ədəbi-bədii gecənin təşkilinə
görə rayon rəhbərinə təşəkkür edərək bu tədbirin gələn il üçün bir başlanğıc
olduğunu bildirdi. Çünki gələn il İ.Qarayevin 95 illik yubileyinin keçirilməsi
planlaşdırılır. Qeyd edək ki, dəyərli yazıçının evi yaxın tarixdə yenidən bərpa
olunub. Bircə, həyətdə üzərinə İ.Qarayevin şeiri yazılan iri banneri, kitablarının
fotolarının sıra ilə düzüldüyü lövhəni görmək bəs edir ki, Vəsimə xanımın
atasının ədəbi irsinə vurğunluğunun miqyasını anlayasan.
Yaxşı qurtardıq...
Tədbirin şirin yerində
qəfil bir kişi peyda oldu. Gəlib əyləşdiyimiz masanın ətrafında X.İsmayılqızının
yanında dayanıb soruşdu: "Məni tanıdın?” Xanım müəllimə ha düşünsə də,
tanımadı. Bəy də "ağır şərt” irəli sürdü ki, əgər məni tanımasan çıxıb gedəcəyəm.
Adını dilə gətirməsə də, sonradan insafa gəlib ipucu verdi: "İsmayılın oğluyam”.
Düzü, o saat ağlıma gəldi ki, yəqin İ.Qarayevin başqa xanımdan olan övladıdır,
indi qəfil "zühur” eləyib. Sən demə, mənim ağlıma gələn fikir masa
ətrafındakıların hamısının ağlına gəlibmiş. Sonra məlum oldu ki, sadəcə
həmsöhbətlərin ataları adaş imiş, özlərisə uşaqlıq dostları. Gülüşdük...
Pak sonluq...
Tədbir yekunlaşana yaxın
şimşək çaxdı, ədəbi-bədii gecənin sonunda isə insanın ruhuna nur çiləyən narın
yağış başladı. Tədbir hər mənada fərqli oldu: bu ədəbi-bədii gecə alqış yox,
yağış sədaları ilə tamamlandı...
Fərid Hüseyn