Geyinib-keçinib, ətirlənib, gülə-gülə cəbhəyə gedən şəhid
"Heç vaxt
döyüş meydanında kimisə tək qoyub getməzdi”
"Oktyabrın
18-i səhər mənə zəng vurdu, sevinə-sevinə "Füzulini azad etdik, artıq bizimdir”
dedi. Düzdür, ondan bir gün öncə Ali Baş Komandan İlham Əliyev Füzulinin azad
olunması xəbərini elan etmişdi. Yəni xəbərimiz var idi, amma qələbə xəbərini
oğlumun dilindən almaq, üstəlik bu qələbədə onun da payı olduğunu bilmək məni
daha da sevindirdi, fərəhləndirdi” – bu sözləri
İkinci Qarabağ Savaşının iştirakçısı, şəhid Vüsal Şahmarlı haqqında danışan
atası Mərdan Tarverdiyev söylədi.
Füzuli
şəhərinin düşmən tapdağından azad edilməsində, bu sevincin bütün
azərbaycanlılara yaşadılmasında böyük payı olan şəhidimizi yaxından tanıyaq.
Qeyd
edək ki, Vüsal Şahmarlı 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı
kəndində anadan olub. Ailəsi Rusiyaya köçdüyü üçün 1-ci sinfə Rusiyanın Tümen
şəhərində gedib. 4-cü sinfi bitirəndə, ailə Azərbaycana qayıdır, Vüsal orta
təhsilini 138 saylı tam orta məktəbdə davam etdirir. Məktəbi bitirəndən sonra
isə 2014-cü ildə hərbi xidmətə yollanır. Qayıtdıqdan sonra isə bizneslə məşğul
olur. İkinci Qarabağ Savaşı dövründə isə ehtiyatda olan atıcı əsgər olaraq
orduya çağırılır, təlimlərdə iştirak edir, oktyabrın 6-da isə döyüşlərdə
iştirak etmək üçün Füzuli rayonuna gedir."Şərəflə
yaşadı”
Anası Sevər Səfərovanın sözlərinə görə, Vüsal təkcə ailənin sevimlisi
deyildi, həm də onu tanıyan hər kəsin sevgisini, hörmətini qazanırdı: "Rusiyada
Vüsalın uşaqlığı çox gözəl keçib. Dil, din fərqi olsa da, orda özünə çox yaxşı
dostlar qazanmışdı. Həm sinif yoldaşları, həm də yaşadığımız binadakı, məhəllədəki
uşaqlarla gözəl münasibəti var idi. Vətənə gələndən sonra da burda çox qısa
müddətdə yaxşı dostları oldu, müəllimlərin, sinif yoldaşlarının, məhəllədəki
insanların sevgisini, hörmətini qazandı. 24 il bu dünyada qonaq oldu, amma
baxıram ki, bu yaşa hər şeyi sığdırıb. Qeyrətli, namuslu, şərəflə yaşadı,
ətrafındakıların hörmətini qazanırdı. Hara gedibsə, harda olubsa, həmişə özünə
hörmət qazanıb. Çağırış gəlməmişdən 3 gün əvvəl yeni işə düzəlmişdi. Şəhid
olandan sonra yas mərasiminə 3 gün birgə işlədiyi iş yoldaşları da gəlmişdilər.
Deyirdilər ki, 3 gün bizimlə işlədi, amma qəlbimizdə xüsusi yer tutmuşdu. Deyirmişlər
ki, bu necə qeyri-adi insandır? 3 gün ərzində necə insan olduğunu göstərmişdi.
Harda 1-2 saatlıq da olurdusa, orda hörmət, sevgi qazanırdı. Fəxr edirəm ki,
elə oğlum olub”.
Anası
deyir ki, Vüsalın ali təhsil almaq arzusu da olub, amma gerçəkləşmir, o da
digər sevdiyi sahəyə - biznesə yönəlir: "Birinci qrupa hazırlaşırdı. Aviasiya
Akademiyasına qəbul olmaq arzusunda idi. Birinci il daxil ola bilmədi deyə,
hərbi xidmətə getdi. Qayıdandan sonra biznesə yönəldi. Biznesə, ticarətə marağı
var idi. Atasının da işi bu sahədə olduğu üçün elə o istiqamətə getdi”.
El qeyrəti
çəkən oğul…
S.Səfərova
deyir ki, Vüsal el qeyrəti çəkən oğul idi: "Sentyabr ayında, hələ heç müharibə
başlanması söhbəti yox idi, söz gəldi, Xocalı faciəsindən danışdıq. Vüsal
1996-cı ildə doğulub, Xocalı hadisəsini
dərslərdə oxuyub öyrəniblər. Mən həmin gecə ermənilərin Xocalı sakinlərinə,
qadınlarımıza, körpələrimizə, qocalarımıza etdiyi işgəncələri danışırdım.
Gördüm ki, dərin əsəb keçirir, halı pisləşir. Dedi ki, danışma. El qeyrəti
çəkən oğul idi. Döyüşdə iştirak etmək üçün çağırış gələndə də, geyinib-kecindi,
ətirləndi, gülə-gülə döyüşə getdi. Rusiyada böyümüşdü, amma vətənə bağlılığı
çox idi. Vətəni, bayrağı sevirdi. Bayraq günü, Qurtuluş günü, Müstəqillik günü
olanda, sosial şəbəkədə Heydər Əliyevin "Mən fəxr edirəm ki Azərbaycanlıyam”
videosunu paylaşırdı. Azərbaycanlı olmağı ilə fəxr edirdi”.
"Onu
arxam-dayağım bilirdim”
Atası Mərdan Tarverdiyev deyir ki, həmişə Vüsal kimi oğlu olduğu üçün fəxr
edib: "Çox qabiliyyətli, qanacaqlı, böyük-kiçik yerini bilən, qohum-əqrəba
içərisində hörməti olan oğul idi. Onu arxam-dayağım bilirdim. Elə bir oğul
böyütdüyüm üçün fəxr edirdim. Nə isə bir iş tapşırsam, öhdəsindən qısa vaxtda
gəlirdi. Sevinirdim, fərəhlənirdim ki, bacarıqlı oğlum var. İndi də fəxr edirəm
ki, elə bir oğlum olub. Azərbaycanın işğal altında olan torpaqlarının azad
edilməsi uğrunda döyüşdü və şəhid oldu. Həmişə başımızı uca tuturdu, indi də
tutdu”.
Vüsal
həm də Aprel döyüşlərinin iştirakçılarından olub. Atası bildirdi ki, Vüsal "kaş
müharibə dayanmazdı, torpaqlarımızı geri alardıq” deyirmiş: "Vüsal 2016-cı il
aprelin 1-də hərbi xidmətini başa vuracaqdı. Həmin vaxt aprel döyüşləri
başladı, o döyüşlərdə də iştirak etdi. Aprel döyüşü qısa müddət davam etdi,
həmişə istəyirdi ki, torpaqlarımız azad olunsun, o da döyüşlərdə iştirak etsin.
Gələndən sonra dedi ki, kaş müharibə dayanmayaydı, torpaqlarımızı azad edəydik.
Vətən, torpaq, el-obası üçün yanan, vətənini, bayrağını sevən oğul idi. 2020-ci
ilin sentyabrın 21-də çağırış gəldi və o, hərbi komissarlığa getdi. Bir müddət
hərbi hissədə təlim keçdilər. Sentyabrın 27-si müharibə başlayanda, onlar hələ
də təlimdə idilər, danışanda deyirdi ki, əsgərlikdə də olmuşuq, 24 yaşım var,
orda müharibə gedir, biz hələ təlim keçirik. Biz döyüşdə olmalıyıq. Oktyabın
6-sı sevinərək zəng vurub döyüşə getməsi xəbərini verdi. Füzuli bölgəsində
döyüşə başladı. Deyirdi ki,
Qarabağ bizimdir və onu geri alacağıq”.
"Onu nə qədər
çox sevdiyimi bildirdim”
Döyüşdə
olduğu müddətdə isə tez-tez ailəsi ilə əlaqə saxlayırmış. Bir zəngdə isə
atasından halallıq istəyir: "Bilirdi ki, fikrimiz ondadır, ona görə, imkan
tapdıqca zəng vururdu, yaxşı olduğunu deyirdi. Bir gün axşamüstü zəng elədi.
Dedi ki əməliyyata gedirəm, hücuma keçirik. Hər şey ola bilər. Öz aləmində
şəhidlik zirvəsini nəzərdə tutub bunu deyirdi. Xahiş etdi ki, 24 ildə nə
əziyyətimi çəkibsənsə, halal elə. Tutuldum, telefonu anasına verdim. Heç kimə
heç nə demədim, amma gecəni yata bilmədim. Səhəri gün yenə əlaqə saxladı, onu
nə qədər çox sevdiyimi bildirdim. Onun haqqında danışmaq çox çətindir”.
"Haqsızlığa
susmurdu”
Döyüş yoldaşı Xaliq Həsənzadə Vüsalı qısa müddətdə çox yaxşı tanıdığını deyir:
"Vüsalla döyüşə getməmişdən öncə iştirak etdiyimiz təlimdə tanış olduq.
Oktyabrın 6-da döyüşdə iştirak üçün bizi Füzuliyə apardılar. Şəhid olana qədər
də bir yerdə olduq, bir yerdə döyüşdük, əməliyyatlarda iştirak etdik. Müharibə
elə yerdir ki, adamları tanımaq üçün elə də çox vaxt lazım olmur. Qısa müddətdə
onu tanıdım. Heç vaxt döyüş meydanında kimisə tək qoyub getməzdi. Son nəfəsinə
kimi yanında olmağa çalışırdı. Hamımız belə idik, bir-birimiz üçün canımızdan
keçməyi hər an gözə alırdıq. Vüsal şəhid olanda, bizim qrup 2-3 gün özünə gələ
bilmədi”.
Bəli, haqsızlığa susmayan Vüsal Azərbaycanın haqqı olan doğma torpağını geri qaytarmaq üçün də susmadı, bunun üçün öz canından keçdi.
Qeyd edək ki, Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Aygün Asimqızı