AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Füzuli Beynəlxalq Hava Limanı şanlı qələbəmizin növbəti nümunəsidir

Füzuli Beynəlxalq Hava Limanı şanlı qələbəmizin növbəti nümunəsidir

İqtisadiyyat
08 Sentyabr 2021, 11:15 92
Azərbaycan xalqı 30 ildən bəri səbirsizliklə gözlədiyi tarixi qələbənin sevincini yaşayır. Müzəffər İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun Ermənistanın hegemonluğuna son qoyaraq , ərazi bütövlüyümüzü öz gücü ilə təmin etməsi dövlətçilik tariximizi qürurlandırdı. Dünyaya səs salan bu zəfər hər birimizdə qələbənin sevincini yaşatdı. Dünya ictimaiyyətinə də bəllidir ki, bu qələbə 30 il ərzində nüfuzlu beynəlxalq qurumların həll edə bilmədikləri haqq – ədalətin bərpasının nəticəsi idi. Bu şanlı qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu gün böyükdən - kiçiyə qədər hər bir azərbaycanlı vəzifəsindən, əqidəsindən, sosial statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq, özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Biz artıq qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında öz gücümüzlə azad etməyimizlə fəxr edir, öyünür və qürurlanırıq.

Kaspi.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısı indiyədək verdiyi hər bir vədi layiqincə yerinə yetirib. Məhz buna görə də Prezident İlham Əliyev dünyada vədə sadiq lider kimi tanınıb. Dövlət başçımızın bu il yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyularkən verdiyi vədi xatırladan Ç.Qənizadə ölkə Prezidentinin həmin gün dediklərini bir daha xatırlatdı: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Ç.Qənizadə qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş torpaqlarımızda hər dəfə səfərdə olarkən , orada Azərbaycan bayrağını qaldırarkən və yenidənqurma- bərpa işlərinin təməlini qoyduqca qəlbimiz köksümüzə sığmır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan qalib dövlətdir. Dünya ictimaiyyətinə də bəllidir ki, biz öz torpağımıza qayıtmışıq. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin geniş vüsət alması, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında Beynəlxalq hava limanlarının inşası, Şuşada "Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi və digər obyektlərin təntənəli açılışı Prezident İlham Əliyevin 18 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir.

Komitə sədri diqqətə çatdırıb ki, 44 gündə Azərbaycan Ordusu özünün möhtəşəm Qələbəsi ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Erməni vəhşiliyinin bariz nümunəsi olan Qarabağ xarabalıqları indi cənnətə çevrilir. Elə bu günlərdə Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan AZAL-ın "Qarabağ” adlı ən böyük "Airbus A340-500” tipli sərnişin təyyarəsinin sınaq reysi keçirərək Füzuli aeroportunda eniş etməsi şanlı qələbəmizin daha bir göstəricisidir. Bu sınaq uçuşu həm Ermənistana, həm də havadarlarına göz dağı oldu. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi darmadağın etməsinin daha bir nümunəsidir . Artıq Ermənistan və havadarları, xarici düşmənlərimiz Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcburdurlar.

"Düşmənlərimizə göz dağı, xalqımıza isə qürur verən Azərbaycanın "SilkWay” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400” tipli təyyarənin Füzuli Hava Limanına eniş etməsi beynəlxalq aləmdə də böyük maraqla izlənilib. Bu barədə Moldova mətbuatında dərc olunan məlumatlar diqqətimi cəlb etdi. Bu ölkənin aparıcı media vasitələrindən olan "tribuna.md”, "ava.md”, noi.md” və digər portallarında Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl "Azərbaycan hava yollarına” məxsus ən böyük "Airbus A340-500” tipli sərnişin təyyarəsinin sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etməsi barədə xəbərlər öz əksini tapıb. "BBC News”un əməkdaşı da Bakıdan sınaq təyyarəsi ilə Füzuliyə uçanlar arasında olduğunu məmnunluqla diqqətə çatdırıb və bu uçuşun təxminən 30-35 dəqiqə çəkdiyini bildirib. Onlarca belə faktlar göstərmək olar. Bu faktlar da təsdiq edir ki, dünya birliyi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə məmnunluq ifadə edir”, - deyə Ç.Qənizadə bildirib.

Hüquq müdafiəçisi bildirib ki, Füzuli aeroportunun tikilməsi layihəsində digər beynəlxalq hava limanlarında təcrübəsi olan mütəxəssislər iştirak edib və layihə üçün Türkiyə, Çin, İtaliya, İspaniya, Rusiya, ABŞ, Almaniyadan, Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti və aeroport avadanlıqları gətirilib.

Ç.Qənizadə deyib ki, dünya azərbaycanlıları hələ daha çox uğurlarımızla qürurlanacaq. Çünki Qarabağ Azərbaycandır. Biz öz torpaqlarımıza qayıtmışıq.