Fransızın “sülhməramlı göz”dən yayınması - ŞƏRH

Millət
vəkillərinin fikrincə, rusiyalı sülhməramlılar Fransa vətəndaşını Azərbaycan
ərazisinə buraxırsa, demək, onların başqa niyyəti var. Əgər hər hansı yoxlama,
nəzarət yoxdursa, deməli, sabah başqalarını, həmçinin terrorçuları da
Xankəndinə buraxa bilərlər.
Fransa
prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri,
Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekres bu günlərdə Ermənistana,
oradan da gizli şəkildə Qarabağa qanunsuz səfər edib. Rusiyalı sülhməramlıların
müvəqqəti nəzarət zonasına daxil olan Laçın dəhlizindən keçməklə Xankəndi
şəhərinə gələn V.Pekres, qondarma qurumun nümayəndələri ilə görüşüb.

Ərazi bütövlüyünə hörmətsizlik
Fransızların
ermənipərəst olmaları, məhz buna görə də Azərbaycana münasibətdə ədalətsiz
addımlar atmaları məlumdur. İndiki situasiyada təəccüb və qəzəb doğuran məsələ
xarici ölkə vətəndaşının rəsmi Bakıdan hər hansı razılıq almadan Azərbaycanın
ərazisinə qanunsuz daxil olması, həmçinin Laçın dəhlizində bu kimi məsələlərə
nəzarət etməli olan Rusiya hərbçilərinin fakta göz yumması, Fransa
prezidentliyinə namizədi Xankəndiyə buraxmasıdır. Bu hadisə rusiyalı
sülhməramlıların öz missiyasının öhdəsindən gələ bilmədiyini, terrorçuları
zərərsizləşdirmək, təxribatçı hərəkətlərin qarşısını almaq əvəzinə, qanunsuz
səfərlərə, Qarabağda erməni terrorçularının səngər qazmasına, yeni cəbhə xətti
yaratmasına sadəcə seyrçi qaldıqlarını nümayiş etdirir. Belə olan halda
Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizini nəzarətə götürməkdən, ölkəmizin
ərazi bütövlüyünə hər kəsi hörmətlə yanaşmağa məcbur etməkdən başqa çıxış yolu
qalmır.

Hüquqi məsuliyyət
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr
müavini Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib ki,V.Pekresin Xankəndinə səfəri ciddi qanun pozuntusudur. Deputatın sözlərinə
görə, onun müstəqil Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan
sərhədlərini qeyri-qanuni yollarla keçərək suveren ərazilərimizə daxil olması
hüquqi məsuliyyət yaradır: "Hadisə təkcə hüquq məsələsi deyil. Son dövrlərdə
Fransada prezidentliyə namizədlərin bunu bir ənənə halına gətirmə cəhdləri
sistemli siyasi davranışdan xəbər verir. Bu da regionumuzda yaranmaqda olan
kövrək sülh prosesinə ciddi ziyan vurur. Pekresdən əvvəl prezidentliyə digər
namizəd Erik Zimmurun da bənzər hərəkətlər etməsi bu sistemli və məqsədli
davranışın tərkib hissəsidir. İlk baxışda bu hadisələr Fransada keçiriləcək
prezident seçkilərində erməni əsilli seçicilərin səslərini qazanmaq cəhdi kimi
görünə bilər. Bu, seçkiöncəsi kampaniyanın tərkib hissəsi olan keçici
səbəblərlə izah edilsə də, əslində başqa səbəblər var. Hələ 44 günlük müharibə
dövründə biz Fransa rəsmilərinin həmsədrlik missiyası ilə uzlaşmayan radikal
mövqe nümayiş etdirdiklərinin şahidi olmuşduq”.

Regionda yeni müharibəni stimullaşdırmaq
Millət
vəkili söyləyib ki, Ermənistana münasibətdə Fransanın ardıcıl mövqeyi var. Onun
fikrincə, bu münasibət beynəlxalq hüquqa zidd olmaqla Azərbaycana qarşı yönəlmiş
bir mövqedir, erməni işğalçılıq siyasətinin və faşizminin dəstəklənməsidir.
H.Babaoğlu deyib ki, bu cür davranışlar regionda yeni müharibəni stimullaşdıra
bilər: "Müxtəlif görüşlərdə sülhdən danışan baş nazir Nikol Paşinyan bu cür
sülhə zidd avantüralara həvəslə imkan yaradır. Vaxtilə onu hakimiyyətə gətirən
Corc Sorosa xəyanət edən Paşinyan indi də 44 günlük müharibədə ona ən böyük
dəstək verən Makrona xəyanət edir. Onun siyasi rəqiblərini Fransada olan erməni
seçicilərin gözündə qəhrəmanlaşdırır. Belə ikibaşlı oyunlar Azərbaycanı qəti
qərarlar qəbul etməyə vadar edə bilər. Əgər belə davam edərsə, Azərbaycan bir
gün Gorus-Qafan yolunda olduğu kimi Laçın dəhlizində də gömrük və sərhəd
postları quracaq. Bundan heç kəs təəccüblənməməlidir. Çünki Azərbaycan öz
suveren ərazilərində hər hansı qərar qəbul etməkdə tam sərbəstdir”.

Qeyri-qanuni silah-sursat daşınır
Milli
Məclisin üzvü rusiyalı sülhməramlıların davranışlarına da diqqət çəkib. Qeyd
edib ki, sülhməramlı kontingent missiyanı Üçtərəfli Bəyanatın tələblərinə uyğun
həyata keçirə bilmir, yaxud da bunu istəmir: "Çoxsaylı faktlara istinadən deyə
bilərik ki, Laçın dəhlizindən hələ də Azərbaycanın ərazisinə qeyri-qanuni
silah-sursat daşınır. Müxtəlif vaxtlarda üçüncü ölkələrin vətəndaşları və
erməni rəsmiləri bu dəhlizdən istifadə edərək Azərbaycanın ərazisinə daxil
olur. Bütün bunlar 10 noyabr 2020-ci il tarixli Üçtərəfli razılaşmanın
tələblərinə ziddir. İndi isə Fransa vətəndaşı Valeri Pekres Azərbaycan
ərazisinə daxil olur və rusiyalı sülhməramlılar buna göz yumur. Ona görə də
Valeri Pekres Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilməli,
Rusiya sülhməramlılarına isə ciddi şəkildə öz missiyaları bir daha
xatırladılmalıdır”.

Separatizmə, terrorçuluğa açıq dəstək
Böyük
Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafahesab
edir ki, Azərbaycan tərəfi sülhməramlılarla bağlı Rusiyanın xarici işlər
nazirliyinə kəskin münasibət bildirməlidir. Deputatın sözlərinə görə,
Azərbaycan Laçın dəhlizində yalnız erməni vətəndaşların Ermənistana və Qarabağa
sərbəst, təhlükəsiz gediş-gəlişi üçün şərait yaradıb: "Laçın dəhlizi xarici
ölkə vətəndaşlarının, o cümlədən fransalı bir tərbiyəsizin Xankəndinə
Azərbaycanla razılaşdırılmayan, qanunsuz səfərləri üçün nəzərdə tutulmayıb. Bu,
Azərbaycan sərhədlərinin pozulması deməkdir. Fransalı prezidentliyə namizədin
son hərəkəti separatizmə, terrorçuluğa açıq-aşkar dəstək verməkdir. Son hadisə
də daxil olmaqla bu kimi məsələlər çox ciddi şəkildə Rusiya qarşısında
qaldırılmalıdır”.

"Bu,
Azərbaycan tərəfini məcbur edir ki...”
Deputat
vurğuladı ki, əgər oradakı kontingent həqiqətən sülhməramlı missiya yerinə
yetirirsə, Xankəndinə yalnız o şəhərdə yaşayan, yaxud oradakılarla, həmçinin
Ermənistanla bağlılığı olan erməniləri buraxmalıdırlar: "Yox, əgər rusiyalı
sülhməramlılar Fransa vətəndaşını Azərbaycan ərazisinə buraxırsa, demək,
onların başqa niyyəti var. Sülhməramlılar hər hansı yoxlama aparmadan
Xankəndinə gələnləri şəhərə necə buraxa bilərlər? Əgər hər hansı yoxlama,
nəzarət yoxdursa, deməli, sabah başqalarını, həmçinin terrorçuları da
Xankəndinə buraxa bilərlər. Ona görə də, buna sıradan bir hadisə kimi yanaşmaq
olmaz. Bu, Azərbaycan tərəfini məcbur edir ki, Laçın dəhlizinə Ordumuzun
nəzarət etməsi məsələsini gündəmə gətirsin. Prosesə müdaxilə etməkdən başqa
yolumuz qalmır”.
Rufik İSMAYILOV
