Fotoqrafiya əlçatan sənətdir - Fotolar

Fotoqraflar tarixi yaradanlardandır. Bu tarixi
qorumaq, sahib çıxmaq və o sənəti gələcək nəslə çatdırmaq isə bizim
borcumuzdur. Azərbaycan foto tarixini qoruyan və bu gün də fotoqrafları bir
araya toplayan, böyük layihələr həyata keçirən, Azərbaycanı beynəlxalq arenada təmsil
edən Azərbaycan Fotoqraflar Birliyinin 20 yaşı tamam olur. Biz də Birliyin
sədri Mirnaib Həsənoğlu ilə görüşdük. Müsahibimizlə Sovet dövrünün fotoqrafiya
sənətindən müasir dövrə qədər davam edən proseslərdən danışdıq.
- 1982-ci ildən fotoqrafiya
sənəti ilə məşğulsunuz. O gündən bəri bu sənətdə nələr dəyişib?
- O gündən fotoqrafiya sənətində çox şeylər dəyişib.
Sovet dövründə bu sənətə müəyyən yanaşmalar vardı. XX əsrin sonunda fotoqrafların
həyatının çox hissəsi qaranlıq otaqda keçirdisə, indi fotoqrafların günü monitor
qarşısında keçir. Əvvəllər fotoqraf deyəndə, insanlar başqa birinin bacarmadığını
bacara bilən şəxs düşünürdü. Fotoqraflara sehrbaz kimi baxırdılar.

- Bəs indi necə
baxırlar?
- Fotoqrafiyanın öz qolları var - məişət, jurnalist,
art, texniki fotoqrafiya. Bunların hamısının özünün müəyyən çalarları var. Bəzən
elə zənn edirlər ki, fotoqrafiya yalnız məişət üçün işlənilir və gündəlik toy,
nişan şəkilləri çəkmək üçün istifadə edilir. Hərdən deyirlər ki, şəkil çəkməyə
nə var ki, düyməni basırsan və foto hazırdır. Fotoqrafiya tarixin bir yazı vasitəsidir.
Sən istədiyin vaxt onu açıb oxuya, çap olunmuş fotolara isə istədiyin vaxt baxa
bilərsən. Ancaq müasir dövrün bizə verdiyi vasitələr daimi və qalıcı deyil. Hansısa
informasiya vasitəsi, sayt bağlananda ordakı yazılar itir, ancaq çap olunmuş hansısa
bir kitab, yaxud da şəkil daima yaşayır. Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanda
fotoqrafiya incəsənətin bir növü kimi tanınmır.
- Fotoqrafiyanın
incəsənətin çoxşaxəli qollarından biri olmasına nə mane olur?
- Dünyanın bütün ölkələri bu problemli dövrdən keçib.
Avropada 50-ci illərdə fotoqrafiyanı incəsənətin bir növü kimi tanıtmaq üçün böyük
təzyiqlərə məruz qalıblar. Hazırda fotoqrafiya orada incəsənətin bir qolu hesab
edilir. O ki qaldı sualınıza, sadalaya bilərsinizmi, hansı təhsil mərkəzlərimizdə,
dövlət qurumlarımızda fotoqrafiya şöbəsi var? Çox arzulayırıq ki, ölkədə
fotoqrafiya evi olsun. Foto və kino sənədləri idarəsi mövcuddur ki, bu da tomoqrafiyanın
təbliği ilə məşğul deyil. Hansı muzeyin qapısını döyüb, hansısa bir fotoqrafın yaradıcılıq
fotolarını istəsək, təbii ki, tapa bilməyəcəyik. İncəsənət Muzeyinin elə fondu varmı
ki, sənət əsərləri olan fotoları saxlayır?

- Noyabrın 20-də
Azərbaycan Fotoqraflar Birliyinin 20 yaşı tamam olur. Yəqin ki, bu birliyin 20
ildə qət etdiyi yol heç də asan olmayıb.
- Elədir. Azərbaycanda Fotoqrafiya təşkilatının
yaranma tarixi 1998-ci ilə dayanmır. Bundan əvvəl də - 1898-ci ildə Aleksandr Muşon
tərəfindən ilk dəfə olaraq Bakı Fotoqraflar dərnəyi yaradılıb. O vaxt dərnək ictimai
birliklərə deyilirdi və dərnəyin 50 nəfər üzvü var idi. 1923-cü ildə foto-kino işçilərinin
həmkarlar ittifaqı yaradıldı. Həmkarlar təşkilatı insanların hüquqlarının qorunması,
onların işlə təmin olunması kimi məsələlərdə böyük dəstəkçi rolunu oynayırdı. 70-ci
ildə "Xəzər” foto klubu yarandı və ətrafına fotoqraflardan ibarət bir komanda
cəlb etdi. Həmin illərdə bazar günləri Azərinformun («Azərtac») forumları
olurdu, fotoqraflar yığışırdılar, yaradıcı mühit var idi. Bu fotoklubun tərkibində
azərbaycanlılar azlıq təşkil edirdi. Bir də 1994-cü ildə bir yerə toplaşdıq. Onun
da ilhamvericisi məşhur kinooperator Rafael Qəmbərov oldu. İlk toplaşmağımızın nəticəsi
1995-ci ildə Fransanın Nond
kinofestivalı nəzdində Azərbaycan
fotosərginin açılması ilə nəticələndi. O dövrdə ilk addımı belə atdıq. Həmin illər
fotoqrafiya ilə bağlı kitabları tapmaq olmurdu və yeganə məlumat mənbəyimiz "Sovetski Foto Jurnal”-ı idi.
- Sovet foto
jurnalistikasının fərqliliyi nə idi?
- Sovet foto jurnalistikuasının özünün qaydaları var
idi. O qaydalar dünya fotoqrafiyasına qarışa bilmirdi. Sovet dövründə heç kimə icazə
verilmirdi ki, hansısa problemi qabartsın. Fotoqrafiya sənəti yaranandan təbliğat
maşınının qolu rolunu oynayıb. Belə ki, plakatlarda, divarlarda əks olunan
rəsmlər insanları çağırışa səsləyirdi. Kapitalist və sosialist dövründə də hər kəs
fotoqrafiyadan təbliğat maşını kimi istifadə edib. Foto jurnalistika sənətinin
özünün də qızıl və tənəzzül dövrü olub ki, qızıl dövrü 20-ci ildən 50-ci illərə
qədər davam edir. Bu dövrlərdə informasiya yalnız fotolarla verilirdi.
İnformasiya daşımağına görə çap mətbuatının gücü var idi.

- Bəs
tənəzzül dövrü nə zamandan başladı və buna səbəb nə oldu?
- Foto jurnalistikanın tənəzzülə uğramasına səbəb
televiziyanın yaranması oldu. Çünki televiziyanın ötürdüyü operativliyi, canlılığı
foto jurnalistika verə bilmirdi. Televiziyanın ötürdüyü informasiyada video material
gedir və hər şey real idi. Evdə oturub çay içərək o xəbərləri izləyə bilirdik.
Televiziya gəldikdən sonra mətbuat öz operativliyini itirdi.
- AFB dəstəyini
kimdən alır?
- Biz dövlət dəstəyi almırıq. AFB 1998-ci ildən
bəri ictimai təşkilatdır. Burada heç kim bizi məcbur etmir ki, bu işi sən
görməlisən. Bu işdə barmaqla sayılası insanlar axıra qədər bizə dayaq olublar.
Bu işlərlə məşğul olmaq insanın vaxtını, zamanını alır, kənardan təşkilata
basqılar olduğu üçün çoxu imtina edib gedir. Əgər sərgi olmalıdırsa, fotoların
silinməsi və zalın süpürülməsinə qədər bütün əziyyəti biz çəkirik. Bu da
insanların çoxunun xoşuna gəlmir. İctimai təşkilatı saxlamaq çətin məsələdir.Fanatik adamların hesabına ayaq üstə qalırıq.
Vaxtilə Rafael Qəmbərov bu təşkilatın məsuliyyətini öz çiyinlərində daşıyırdı.
Bir il Şahin Hüseynov bu məsuliyyəti öz üzərinə götürdü. Bunun üçün kimsə öz iş
yerini, emalatxanasını verir, beləcə, fəaliyyətimizi davam etdirirdik. Daha
sonra Asiyat Fətullayev AFB-ni idarə etdi. Müəyyən müddətdən sonra məsuliyyəti
mən öz çiyinlərimə götürdüm. Fotoqraflar Birliyini təsis edəndə 4 nəfər idik -
Rafael Qəmbərov, Asim Talıb, mərhum Namiq Məmmədov və mən.

- Niyə ən sonda
siz rəhbər təyin edildiniz?
- Heç zaman təşkilatın sədri olmağı arzulamamışam.
Təşkilat yarananda mənim sədr olmağımı istədilər. Bildirdim ki, özümü sədr kimi
görə bilmirəm. Daima təşkilatda sədr müavini olmuşam. Harada olmağımdan asılı
olmayaraq, layihənin altından bu birliyin imzasını qoyurdum. İstər AFB-də olum,
istər olmayım. Bu təşkilatı yaradanlardan biri də mənəm. Bu təşkilata sədrlik
edəndə mənim də söykəndiyim insan olub.
- Kim olub o
insan?
- Bu, fotoqraf Rauf Umudov olub. Daim AFB-nin yükünün
biri mənim çiynimdə olubsa, digəri onun çiynində olub.
- 2002-2007-ci
illərdə AFB Foto Festivalı keçirərək böyük marağa səbəb olmuşdu. Hazırda elə
bir layihə gözlənilirmi?
- Hələ ki nəzərdə tutulmayıb. Çünki maliyyəmiz
yoxdur.

- Bu gün hər əlinə
fotoaparat alan özünü fotoqraf elan edir. "İnstagram” səhifələrinə baxanda, hər
kəs "fotoqraf”dır. Bu məsələ sizi narahat etmirmi?
- Bu normaldır. Təkcə Azərbaycanda deyil, bütün dünyada
hazırda eyni proses gedir. Fotoqrafiya
əlçatan sənətdir.
- Bəs siz özünüz
toy fotoqrafiyası ilə məşğul olmusunuzmu?
- Əgər fotoqrafsansa, çörəyini bu sənətdən
qazanmalısan. Vaxt olub ki, mən vinetka, toy şəkilləri də çəkmişəm. Ancaq
müasir toy fotoqraflığı mənə yaddır. Bu günün toylarını çəkən fotoqraflarına az
qalırlar ki, tamadalığı və təşkilatçılığı da yükləsinlər. Mən başqa dövrdən
gəlmiş biri olduğum üçün bu sahə mənim üçün maraqsızdır. İnsanlar istedadlıdır,
pul qazanırlar. Burda nə var ki?Biz o vaxt toya gedəndə şəkli plyonkaya çəkirdik.
Orda həmin plyonkanı yuyurduq. Əgər ağ-qara plyonka iki maddədə yuyulursa,
rəngli plyonka 5 maddədə yuyulur. Onun çapı 5 prosesdən keçirdi. Saatyarımdan
sonra məclisdə camaatın fotolarını verirdim. Çox ağır iş idi. Hər dövrün öz
üsulu var.
- Əvvəllər böyük
albomlar hazırlanır və bəzədilirdi. Belə ki, bizdən əvvəlki nəslin tələbəlik,
əsgərlik, məktəb illəri üçün ayrı-ayrı albomları olurdu. Bizim dövrün gəncləri
isə fləşkartlar, hard disklərdən istifadə edir.
- Sizin o fləşkartınız nə zamansa xarab olacaq.
Rəqəmsal texnologiya çıxanda kiçik disklər var idi. İçərisində bir neçə megabaytlıq
şəkil saxlamaq olurdu. Daha sonra CD və DVD disklər çıxdı. Həmin texnologiyalarla
yazılan materiallar cüzi bir problem yaranan zaman həyatınızın və yaradıcılığınızın
üzərindən xətt çəkir. Ancaq o albomların
məhv olduğunu görmüsünüzmü? Vaxt var idi, həmin dövrün gəncləri albomlarda
özünü ifadə edirdilər. İndi "Facebook” insanların özünüifadə vasitəsidirsə, o
zamanlar da albomlar insanların özlərinin ifadə vasitəsi idi. Hərbi xidmətdə əsgərlər
albomlar düzəldirdilər ki, təkcə albomun düzəldilməsinə əziyyət çəkib pul xərcləyirdilər.
Fotoların ətrafı bəzədilir, altına sözlər, arxasında xatirələr yazılırdı.

- Mirnaib bəy, bu
gün foto klublar varmı və onlar sizə hansı şəkildə bağlıdırlar?
- Fotoqrafiyanın inkişafına dəstək verən təşkilat
yaranır. Bunlara "Art faktor”, "Gilavar” foto klublarını misal göstərə bilərəm.
Bu çox sevindirici haldır. Həmin təşkilatlar fotoqrafları bir yerə cəm edir və burda
yaradıcılıq prosesləri gedir. Bəziləri düşünür ki, biz bu təşkilatların yaranmasına qısqanclıq edirik. Ancaq məsələ
belə deyil. Biz buna ancaq sevinə bilərik. Mən bunu alqışlayıram. Bu o deməkdir
ki, Azərbaycanda foto sözünü deyən "ağ qarğa” mən deyiləm, məndən başqaları da
var.
- Sosial şəbəkələrin
çoxluğu fotosərgilərə olan marağı azaldıb?
- Azərbaycanda hazırda fotosərgi təşkil edəndə
gələn olmur. On min fotoqrafdan sərgiyə heç yüz nəfər gəlmir.
- Bəlkə PR düzgün
şəkildə qurulmur?
- Əgər sən fotoqrafsansa və eşidirsən ki bir
fotosərgi olacaq, niyə getmirsən? Bəlkə görəcəksən ki, səndən gözəl çəkib,
bəlkə oradan nəsə öyrənəcəksən? Bu, qlobal problemdir. Sərgi salonlarında
keçirilən sərgilərə insanlar gəlmir. Hər zaman sərgi salonlarını açıq məkanda
keçirməyin vacibliyini vurğulayıram. Uzun müddətdir ki, deyir və təşkilatlara
da müraciət edirəm ki, açıq məkanlarda sərgi təşkil edək. İçərişəhərdə Polşa
foto-festival keçirdik. Çox arzulayırdıq ki, metroda sərgi olsun. Artıq bunlar
da həyata keçməyə başlayır. Gün ərzində metrodan minlərlə insan istifadə
edirlər, elə insanlar ki, onlar ömrü boyu bir dəfə əsil fotoya yaxınlaşıb
baxmayıblar. Əgər o sərnişin səhər işə gedəndə heç olmasa 3 fotoya baxacaqsa,
bu onun qazancıdır. Bu yaxınlarda Dənizkənarı Bulvarda oranın köhnə
şəkillərindən ibarət fotosərgi açıldı. İnsanlar bulvarı gəzəndə fotolara da
baxdılar. Dünyanın bir çox hava limanlarında fotosərgilər təşkil edilir. Hər kəs
hava limanında alış-veriş etmək istəmir ki. Zamanını keçirmək üçün nə iləsə
məşğul olmalıdır. Mən bir çox hava limanlarında 3-4 saat sərgiyə baxmışam.
Bunun verdiyi zövq tamamilə başqadır. Monitorda baxdığımız foto, çap olunub
divara vurulandan tamamilə fərqlidir. Niyə evlərə rəsm əsərləri, fotolar
asırlar? Gələn insan divardakı rəsmə baxır və zövq alır. Bunlar səni nəsə düşündürməyə
vadar edir. İnsanlar planşetlərdə, monitorlarda yaşayır. İndi insanlar sərgiyə
getməli deyil, sərgilər insanın ayağına gəlməlidir. Dövr bunu tələb edir.
- Sosial
şəbəkələrdə italyan fotoqrafın afrikalı uşağın quzğun tərəfindən yeyilməsi və
fotoqrafın heç bir müdaxilə etməməsi və bunun da uşağın ölümü ilə nəticələnməsi
ilə bağlı hekayə paylaşılır. Fotoqraflarla bağlı bu tip hekayələr çoxluq təşkil
edir və bu şəkillər müsabiqələrdə qalib olur. Belə bir situasiya ilə
rastlaşsaydınız, siz nə edərdiniz?
- Bu sual artıq şablonlaşıb. Bütün dünyada müzakirə
mövzusuna çevrilir ki, belə bir anda kömək edərdinmi, yoxsa sənət xatirinə o uşaqların
ölümünə göz yumardın? Əslində italyan fotoqrafa foto çəkiləndən sonra böyük
basqı olub. Belə ki, o uşağın öldüyü yerdən 5 km aralıda uşaqlar üçün
düşərgə var imiş, onu həmin düşərgəyə verib xilas edə bilərmiş. Həmin hadisədən
sonra fotoqraf özünə qəsd edib. Əslində fotojurnalistlər daha çox can xilas
edir. Çox uzağa getməyək, fotoqraf Elnur Babayevin qaçqın şəhərciyində yaşayan
uşaqlara etdiyi köməkliklərin şahidi olmuşam.
Xəyalə Rəis
