• cümə, 29 Mart, 14:08
  • Baku Bakı 14°C

Fikrət Sadıxov: Azərbaycan heç bir halda uduzan tərəf deyil

17.05.13 09:10 9779
Fikrət Sadıxov: Azərbaycan heç bir halda uduzan tərəf deyil
Son vaxtlar Bakı-Novorossiysk kəməri ilə neftin ixracının dayandırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi, ABŞ Dövlət Katibi Con Kerrinin, erməni xarici işlər naziri Edvard Nalbəndyanın son bəyanatları, problemin sülh yolu ilə tənzimlənməsində Türkiyənin rolu və sair suallarla bağlı “Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim, hazırda Rusiya və Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Rusiya-Azərbaycan münasibətləri indiyə kimi strateji tərəfdaşlıq xarakteri daşıyıb. Amma, bu da bir reallıqdır ki, iki ölkə arasında müəyyən gərginlik var. Bunun da günahkarı biz deyil, şimal qonşumuz özüdür. Çünki axır zamanlar Rusiya tərəfindən Azərbaycan qarşısında müəyyən şərtlər, tələblər qoyulurdu. Buna misal kimi rəsmi Bakıya təzyiq göstərib Azərbaycanı Vahid Gömrük İttifaqına, Avrasiya Birliyinə üzv etmək cəhdlərini göstərmək olar. Bununla yanaşı, Azərbaycanın Qərb ölkələri ilə münasibətlərini yaxşılaşdırmasına Rusiyanın bəzi dairələrinin qısqanc münasibəti də diqqətdən yayınmamalıdır. Mənim fikrimcə, rəsmi Bakı çalışır ki, Azərbaycan və Rusiya arasındakı gərginlik azalsın, səngisin, stabillik davamlı xarakter alsın.
- Bir neçə ay bundan öncə rəsmi Moskva Qəbələ RLS-dən imtina edib. Bu günlərdə isə Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə daşınmasına dair razılaşmanın ləğv edilməsi barədə sərəncam imzalayıb. Sizcə, Baş nazirin son qərarı siyasi, yoxsa sırf iqtisadi maraqlardan irəli gələn bir addımdır?
- Ola bilsin ki, Azərbaycanın Qəbələ RLS-in icarə haqqını qaldırması və nəticə etibarilə Rusiyanın bu stansiyadan imtina etməsi, rusiyalı baş nazirin belə bir qərar verməsinə müəyyən mənada təsir edib. Bu barədə sadəcə ehtimallar irəli sürmək olar. Bakı-Novorossiysk sovet dönəmindən qalma bir kəmərdir və bu boru vasitəsilə çox az miqdarda neft ixrac olunurdu. Lakin bu kəmər Rusiyanı da, bizi də qane edirdi. Biz heç vaxt bu kəmərlə neft ixracının dayandırılması barədə təşəbbüslə çıxış etməmişik. Əksinə, Azərbaycan bununla bağlı bir sıra təkliflər irəli sürmüşdü. Demişdik ki, Xəzər dənizi ətrafındakı digər ölkələrin nefti də bura əlavə oluna bilər. Eləcə də bunun kimi çoxsaylı təkliflərin adını çəkmək olar. Bu kəmərin genişlənməsi, onun Rusiyaya gedib çatması üçün rəsmi Bakı müxtəlif texnoloji təşəbbüslər göstərmişdi. Ancaq, təəssüflər olsun ki, Rusiya bu təkliflərin heç birinə cavab vermədi. Sanki, Kreml bir məqam gözləyirdi ki, ondan istifadə edib Bakı-Novorossiyskin fəaliyyətinə son qoysun. Mən düşünmürəm ki, Azərbaycan Dmitri Medvedevin qəbul etdiyi qərardan sonra nədəsə uduzacaq. Rusiya tərəfi isə bu addımla uduza bilər. Çünki hər halda bizim ora göndərdiyimiz neftin həcmi bir sıra regionları çox qane edirdi. Əgər ruslar bu qərara gəliblərsə, yəqin müəyyən qayda-qanun dəyişdirmək lazımdır. Bütün hallarda Rusiya özü də bir şey fikirləşib təklif etməlidir. Ona görə ki, bu neft kəməri ilə bağlı biz zamanında öz təkliflərimizi vermişik. Bu kəmərlə neftin ixracının dayandırılmasının da bizə ziyanı yoxdur. Azərbaycan heç bir halda uduzan tərəf deyil.
- Bəs, bütün bu hadisələrin fonunda Azərbaycan-Rusiya münasibətlərinin gələcək perspektivini necə görürsünüz?
- Yaddan çıxarmaq lazım deyil ki, iki dövlət arasındakı münasibətlərdə Rusiyanın mövqeyi mühümdür. Azərbaycanın bir sıra ölkələrlə müqavilələri var. Biz yaxşı başa düşürük ki, Rusiya bizə yaxın, böyük, qonşu dövlətdir. Regiondakı stabillik də onun müəyyən addımlarından asılıdır. Eyni zamanda, Rusiya həm də Minsk qrupunun həmsədridir. Məhz bu kimi səbəbləri nəzərə alıb, adekvat addımlar atmaqla yanaşı, bir sıra siyasi və diplomatik yollarla təkliflər irəli sürməli, hansısa ortaq məxrəcə gəlməliyik.
- Rusiya-Azərbaycan münasibətlərinin bu durumunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeniliklərə ümid etmək olarmı?
- Mənə elə gəlir ki, Qarabağ münaqişəsinin həlli yolunda heç bir dövlətin, xüsusilə aparıcı ölkələrin bu məsələdə yumşaq yanaşmasına inanmaq lazım deyil. Təəssüflər olsun ki, siyasətdə simpatiya, antipatiya, inanmaq, nifrət etmək, sevmək anlayışı çox arxa plandadır. Mən düşünmürəm ki, Rusiya bu münaqişənin həllində hansısa ciddi bir rol oynayacaq. Bunu, münaqişənin həlli istiqamətində indiyə qədər keçilən yollar da göstərir. Bütün bu kimi amilləri nəzərə alaraq, Azərbaycan enerji resursları, hərbi, iqtisadi, siyasi baxımdan güclü, qüdrətli, möhkəm və aparıcı bir dövlətə çevrilməlidir. Onu da yaddan çıxarmayaq ki, hər bir güclü dövlətin öz maraqları var. Onlarla müəyyən mənada hesablaşırlar. Bu mənada biz də heç kəsə ümid etməməliyik. Azərbaycan özü Dağlıq Qarabağ problemini nə vaxtsa həll etməlidir. Çünki bu günə qədər hansısa dövlətin bizə yaxın olması, bizə dərs verməsi, bu problemi həll etmək baxımından, sadəcə olaraq bir nəticə vermir.
- Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Parisdə səfərdə olarkən fransız həmkarı Loran Fabiusla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun təklif etdiyi 6 əsas prinsipi imzalamağa hazır olduqlarını bəyan edib. Sizcə, ermənilər bununla nə demək istəyirlər?
- Əvvəla, bu altı prinsipdən ibarət sənəd hələlik heç kəsə bəlli deyil. Söhbət hansı prinsiplərdən gedir, mən başa düşə bilmirəm. Bu, birinci məqam. İkincisi, əgər bu sənəddə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunması öz əksini tapıbsa, biz bunu iki əlimizlə imzalamalıyıq. Lakin orada yenə də hansısa bir virtual təkliflər irəli sürülürsə, o zaman təbii ki, biz heç bir belə sənədə imza atmamalıyıq. Buna bizə heç kəs məcbur edə də bilməz. Nəhayət, Ermənistan xarici işlər nazirinin nə mənəvi, nə də siyasi baxımdan belə danışmağa heç bir hüququ yoxdur. Ona görə də hesab edirəm ki, Nalbandyanın bəyanatı uydurmadır.
- Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan hazırda Amerikada səfərdədir. Dağlıq Qarabağ probleminin həlli məsələsinin də bu görüşlər çərçivəsində müzakirəsi gözlənilir. Sizcə indiki məqamda ABŞ münaqişənin həllinə hər hansı töhfə verə bilərmi?
- Səfər zamanı təbii ki, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Mən əminəm ki, Türkiyənin baş naziri bu məsələni gündəmə çıxaracaq və bu münaqişə ətrafında müzakirələr gedəcək. Bizim yaxın müttəfiqimiz olan Türkiyənin bu məsələni ciddi şəkildə tanınmış siyasətçilərin qarşısında qoyması da normaldır. Çünki onlar başa düşməlidir ki, Azərbaycan heç vaxt öz torpaqlarından imtina etməyəcək. İkinci tərəfdən, Türkiyə gərək ABŞ-ı müəyyən mənada başa salsın ki, Azərbaycan torpaqları işğaldan azad edilməmiş, Dağlıq Qarabağ problemi həll olunmamış, məcburi köçkünlər öz evlərinə qayıtmamış Türkiyə-Ermənistan yaxınlaşması baş verməyəcək. Bax, bu məsələ ətrafında düşünürəm ki, ciddi müzakirələr aparılmalıdır. Təəssüflər olsun ki, Dağlıq Qarabağ məsələsi aparıcı dövlətlərin, xüsusilə Amerika Birləşmiş Ştatlarının əsas prioriteti deyil. Amerika üçün əsas prioritet İranda, Suriyada olan vəziyyət, Yaxın Şərqlə bağlı problemlərdir və sair. Görünür, indiyə qədər ABŞ-da axıra qədər dərk etməyiblər ki, enerji təhlükəsizliyi Azərbaycanın geosiyasi stabilliyindən asılıdır. ABŞ-ın regiondakı maraqları da bu stabillikdən asılıdır. Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması isə, onu deməyə əsas verir ki, indiki stabillik hər an pozula bilər.
- ABŞ Dövlət Katibi Con Kerri münaqişə ilə bağlı son açıqlamasında nizamlama prosesində Türkiyənin rolunun artırılmasını önə çəkib. Sizcə, amerikalı diplomat bununla nə demək istəyib?
- Amerika diplomatı öz bəyanatlarında reallığı əks etdirir və bu, düzgün bir yanaşmadır. Həqiqətən, Türkiyə faktiki olaraq regionda aparıcı bir dövlətə çevrilib. O, həm Qərblə, həm də Rusiya normal münasibətlər qurub. Ona görə də müəyyən qədər Türkiyə amilindən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istifadə edilməlidir. Çünki bu məsələnin həllində Türkiyə çox maraqlı bir dövlətdir. Amma mənə elə gəlir ki, ABŞ diplomatının bu bəyanatı havada asılmış bir açıqlama olacaq. Con Kerrinin bəyanatları konkret əməllərlə yoğrulmalıdır. Əgər onlar istəyir ki, Türkiyə ciddi şəkildə vasitəçilik etsin, o zaman buna imkan və şərait yaratmalıdırlar. Sadəcə bəyanatlarla, şüarlarla deyil, konkret addımlar atmaqla dəstək verməlidirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər