Eyni məhsul, müxtəlif dükanlar, fərqli qiymət

Yəqin ki, bir çoxunuz sizinlə
eyni ayaqqabını, köynəyi geyinən və ya eyni çantanı götürən birini gördükdə,
dərhal yaxınlaşıb həmin məhsulu haradan və neçəyə aldığını soruşmaq
istəyirsiniz. Məsələnin ən maraqlı məqamı isə qarşı tərəfin həmin məhsulu
sizdən kifayət qədər ucuz qiymətə aldığını söyləməsi ola bilər. Bu situasiya
eyni ilə mənim də başıma gəlib.
Bir tədbirdə qarşılaşdığım
rəfiqəmlə təsadüfən ayaqqabılarımızın eyni olduğunun fərqinə vardıq. Və bu an
təbii ki, içimdəki maraq hissi ilə ondan ayaqqabını neçəyə aldığını soruşdum.
Həmin an eşitdiyim rəqəm həqiqətən məni şok etdi. Nə az, nə çox, arada 20
manatlıq fərq vardı. Mənim 60 manat verdiyim ayaqqabını o, 40 manata almışdı.
Yəqin bir çoxumuz razılaşar ki, 20 manat elə də kiçik bir məbləğ deyil. Ona
görə də qərara gəldim ki, bu dəfəki yazımda eyni məhsulların satışındakı qiymət
fərqinin səbəbini araşdırıb, ekspertlərin fikirlərini öyrənim.

Eyni məhsul, eyni mağaza, fərqli qiymət
Bazarda eyni
məhsulun fərqli qiymətlərə satılmasının normal hal olduğunu deyən "AzMarketinq MMC”-nin marketinq direktoru
Seymur Quliyev bildirir ki, bu fərqliliyə təsir edən faktorlar çoxdur: "Nəzərə
almalıyıq ki, satış qiymətləri əsasən pərakəndə mağazalarda formalaşır, çünki
son müştəri ilə təmasda olan paylama kanalı pərakəndə satıcıdır. Əvvəlcə onu da
qeyd edim ki, bir məhsulun eyni mağazada fərqli qiymətə satılması ilə eyni məhsulun
başqa mağazalarda müxtəlif qiymətlərə satılması ayrı-ayrı yanaşmalardır. Eyni
məhsulun eyni mağaza tərəfindən fərqli qiymətlərə satılması dərəcələndirmə
əsasında yaranan qiymətdir və hər müştəriyə, günün saatına, alınacaq miqdara
görə fərqli ola bilər. Məsələn, kino biletlərinin günün ayrı-ayrı saatlarında,
müxtəlif müştəri kütləsinə (ailə, qrup, komfort zona) fərqli qiymətə satılması
və s. kimi situasiyalar buna misal ola bilər. Burada satan və satılan məhsul
eynidir, amma müəyyən amillərdən asılı olaraq fərqli qiymətlərə satılır”.

İşçi sayı, əməkhaqqı, kommunal xərc, iş
saatı, göstərilən xidmət...
Müsahibimizdən
eyni məhsulun ayrı-ayrı mağazalarda fərqli qiymətə satılmasına təsir edən
faktorları soruşduq: "Eyni məhsulu müxtəlif satıcıların fərqli qiymətə satmağı
bir az daha təfərrüatlıdır. Bəzən elə hallar olur ki, eyni küçədə bir-birinə
yaxın olan iki geyim mağazası eyni məhsulu fərqli qiymətə təklif edir. Mağazanın
ödədiyi kirayə haqqı buna təsir edən amillərdəndir. Burada ödənilən məbləğ
mağazanın böyüklüyündən, daxili və xarici interyerindən asılıdır. Həmçinin
işçinin sayı və ödənilən əməkhaqqı, satış nöqtəsinin istifadəsi üçün ödənilən
kommunal xərclər də rol oynayır. Mağazada işçilərin neçə saat işləməsi və iş
saatına görə xərclərin artıb-azalması, satış zamanı müştəriyə göstərilən
xidmətdə fərqlilik (məhsulun daşınması üçün verilən paketin keyfiyyəti və ya
satış zamanı müştərinin özünü xüsusi hiss etməsi üçün edilən xidmətlər),
məhsulların satış nöqtəsinə çatdırılma, stok və anbar xərci, məhsulun satılmaq
üçün alındığı qiymət və s. kimi faktorların qiymətə təsiri olur”.
"Yüksək qiymət yüksək keyfiyyət” düşüncəsi
S.Quliyev deyir
ki, bütün bu faktorları nəzərə alsaq, eyni məhsulu ayrı-ayrı satıcıların niyə
fərqli qiymətə satdığı aydın olar: "Müştəri kimi yanaşarkən qərar vermə zamanı
keyfiyyət və qiymət faktoruna nəzər yetiririk. Bu, məhsulu aldığımız mağazaların
iş prinsipi, xərc bölgüsü haqqında tam məlumatlı olmadığımız üçün baş verir.
Mağazalar bəzən bundan sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırıb,
müştərinin zehnini zəbt etmiş "yüksək qiymət, yüksək keyfiyyət” düşüncəsindən
bəhrələnir. Amma bəzən bunun əksi də olur. Yəni bəzi müəssisələr rəqiblərindən
fərqlənmək üçün qiyməti bir az daha ucuz edir və müştəri cəlb etməyə çalışır”.
Əslində müsahibimiz burada maraqlı bir məqama
toxundu. Deməli, bəzi satış müəssisələri qiymətdə və keyfiyyətdə müştəri
psixologiyasına təsir edə bilib, istədikləri malı istədikləri qiymətə satırlar.
Bəs bunun müqabilində müştəri nə etməlidir? Marketinq direktoru deyir ki, əgər
müştəri almaq istədiyi məhsul haqqında məlumatlıdırsa, yəni keyfiyyət
baxımından bir şübhəsi yoxdursa, o zaman ucuz satılan malı alsın. Yox, əgər
əlavə dəyəri sevirsə, xoş qarşılanmaq, malının daha gözəl görünüşlü paketdə
daşınmağını, mağazadan çıxarkən gülərüz satıcının qapını açaraq onu yola
salmağını istəyirsə, bahalı malı seçsin.
Ödəniş məhsula yox, xidmətə edilir
Bazar araşdırmaçısı, marketoloq Vaqif Hüseynovdan "Sədərək” ticarət
mərkəzində pərakəndə satılan məhsulla digər ticarət mərkəzlərindəki brend
məhsulların qiymətindəki fərqi soruşduq. O bildirir ki, yeni dövrün insanlarının ödənişi məhsula deyil, xidmətə etmələri məhsullar arasındakı kəskin qiymət
fərqinin ən əsas faktordur: "Əslində bəziləri eyni məhsul olduğunu düşünür,
amma eyni məhsul deyil. Eyni məhsul olsa belə, şəhərin mərkəzində olan
mağazalardakı xidmət "Sədərək”dəki xidmətdən kifayət qədər üstün səviyyədədir.
Şərait və məkanın əlverişli olması da qiymətlər arasında fərq yaradır. Yəni bu
kimi nüanslar bilavasitə olaraq qiymətə təsir edir və insanlar onlara
göstərilən xidmətə görə əlavə ödəniş etmiş olurlar. Bəli, eyni məhsulu gedib "Sədərək”dən,
yeraltı keçidlərdən və digər dükanlardan ucuz qiymətə ala bilərlər. Amma onlara
göstərilən xidmət eyni olmayacaq”.

Böyük
və tanınmış markalar arasındakı qiymət fərqi
Marketoloq deyir
ki, keyfiyyət məsələsinə gəlincə isə, markalar öz adlarına görə satış etdikləri
üçün keyfiyyətə böyük önəm verirlər: "Brend məhsul satan ticarət mərkəzləri
imiclərinə xələl gəlməməsi və müştəri məmnuniyyətinə önəm verdikləri üçün
keyfiyyətə xüsusi diqqət yetirirlər. Yəni tutaq ki, hansısa tanınmış bir marka keyfiyyətsiz
mal sataraq öz dəyərini aşağı salmaq istəməz. Ona görə keyfiyyət məsələsində
adi satış müəssisələrinə nisbətən tanınmış markalar daha çox maraqlıdırlar. Bu
dediklərim xırda mağazalar ilə böyük ticarət mərkəzlərində olan qiymət və
keyfiyyət fərqinə aid idi. Amma böyük və tanınmış markalar arasındakı qiymət
fərqinə gəlincə, bu, həmin şirkətlərin özlərinin reklamına xərclədiyi məbləğə
görə dəyişir. Yəni onlar marka dəyərini qaldırmaq üçün reklama xərclədikləri
pulu məhsuldan çıxardırlar. Məsələn, bir marka satışda daha çox maraqlı olduğu
üçün orta və aşağı təbəqəni götürərək qiyməti aşağı qoyur. Amma başqa bir marka
isə qiyməti maksimum baha qoyur və ancaq yuxarı təbəqə üçün xidmət göstərir”.
Sahibkarların
qiymət qoymaq siyasəti
Müsahibimizdən
xırda satış müəssisələri arasındakı qiymət fərqini də soruşduq: "Həmin
mağazalarda qiymət qoyma siyasəti birbaşa olaraq sahibkarın özündən asılıdır.
Belə ki, yuxarı qiymət qoyaraq satır, bir müddət sonra alver olmadıqda,
qiymətləri aşağı salır. Digər bir tərəfdən, orada işləyən satıcılar məhsulun
qiymətini müştərinin xarici görünüşünə görə təyin edirlər. Yəni sənin daha
yaxşı geyimlə daxil olub 50 manata aldığın məhsulu, bir başqası daha sadə
geyimlə 30 manata ala bilər. Həm də peşəkar satıcılar işlədikləri müddətdə o
qədər insan görüb tanıyıblar ki, mağazaya daxil olan alıcının nə üçün ora
gəldiyini dərhal bilirlər. Yəni sənin həmin malı almaq, yoxsa sadəcə qiymət
soruşmaq üçün mağazaya daxil olduğunu anlayanda, sənə fərqli qiymət deyirlər”.
İstehlakçı
və istehsalçı hüquqlarının pozulması
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki,
hazırda bazarda anormal vəziyyət hökm sürür: "Demək olar ki, hər gün istehlakçılar
qiymətlərin bu vəziyyətindən şikayət üçün bizim birliyə zəng vururlar. Təbii
ki, azad bazar iqtisadiyyatıdır, vergiləri vaxtında və tam həcmdə ödəmək şərti
ilə kim nəyi neçəyə istəsə, həmin qiymətə də sata bilər. Heç kim buna mane ola
bilməz. Lakin ölkəmizdə olan liberal bazar iqtisadiyyatından, həmçinin
biznesmenlərə yaradılmış rahat şəraitdən sui-istifadə edib, istehlakçıların
hüquqlarını pozanlar var. Bəzi satış müəssisələri brend malları imitasiya edib,
üzərinə etiket vurmaqla və ya həmin məhsulu ölkəyə qaçaqmalçılıq yolu ilə
gətirərək aşağı qiymətə satırlar. Əslində, bu həm istehlakçı, həm də istehsalçı
hüquqlarının pozulmasıdır. Son dövrlər bu hal xüsusilə də kosmetika
məhsullarında müşahidə olunur. Təsəvvür edin, bir firma heç bir qanuna uymadan,
vergi vermədən, sənədsiz şəkildə həmin malların satışı ilə məşğul olur və
bazarda haqsız rəqabət yaradır”.

E.Hüseynov deyir
ki, Azərbaycan bazarının bütün seqmentlərində bu problem var: "Lakin bunu da
vurğulamaq istəyirəm ki, bahalı mal heç də keyfiyyətli məhsul demək deyil.
Hətta bəzən bahalı brendlərdə belə saxta, keyfiyyət göstəricisi aşağı olan
məhsullar ola bilər. Azad İstehlakçılar Birliyi vətəndaşların ucuz və
keyfiyyətli mal almaları üçün çalışır. Və bunun üçün bəzi keyfiyyətsiz malların
bazardan çıxarılması istiqamətində bir sıra işlər görür. Vətəndaşlara məsləhət
görərdim ki, məhsul alarkən satış müəssisəsindən məhsulun sertifikatını
soruşsunlar. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə,
alıcıların malın bütün sənədlərini soruşmaq, bu haqda məlumat əldə etmək hüququ
var”.
Günel Azadə
