Çəyirdəyi də valyuta gətirir - ARAŞDIRMA
Üzümçülükdə
tullantısız istehsal prosesinin təşkili olduqca vacibdir. Bunun üçün ölkəyə
yeni texnologiyalar gətirilməli, qabaqcıl ölkələrin təcrübəsi əsasında
istehsalat sahələri açılmalıdır. Bu isə fərdi sahibkarlığın inkişaf etdirilməsi
ilə bilavasitə əlaqəlidir.
Azərbaycan
xalqının təsərrüfat həyatındaüzümçülük mühüm yer tutur. Ölkə ərazisində əlverişli
təbii-coğrafi şərait olduğuna görə, üzümçülük xeyli inkişaf yolu keçib. Hətta bəzi
bölgələrimizdə sözügedən təsərrüfat növü əhalinin əsas məşğulluğunu təşkil edib
və etməkdədir.
Geoloji tarixin üçüncü dövründə
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq
Elmi Tədqiqat İnstitutunun yaydığı məlumata görə, hazırda Şimali Amerika, Şərqi
Asiya və Avropa əraziləri dünyada üzüm bitkisinin mənşə mərkəzləri hesab
olunur. Avropa, Qafqaz respublikaları, xüsusilə də Azərbaycan üzüm bitkisinin ən
qədim mənşə, yaranma və formalaşma mərkəzlərindən olub, yabanı üzüm formaları
və qiymətli yerli üzüm sortları ilə zəngindir. Bu bitkinin qazıntılar zamanı
tapılan yarpağının qalıqları və toxumları sübut edir ki, üzüm bizim planetin
geoloji tarixinin üçüncü dövründə meydana gəlib. Buna əyani sübut olaraq Azərbaycanın
Naxçıvan bölgəsindən tapılan yabanı üzümün daşlaşmış qalıqlarını ən dəyərli
tapıntı kimi göstərmək olar.
Orda tullantıya heç nə getmir
Bütün bu faktlar bir daha təsdiq edir ki, Azərbaycan
üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərindən biridir. Ölkəmiz
qədim üzümçülük və şərabçılıq diyarıdır. Lakin təəssüf ki, bu ənənə və geniş
imkanlardan lazımi səviyyədə istifadə edilmir, müasir dövrdə üzümçülükdə, ümumən
istehsalatda dəyər zəncirini tam qura bilmirik. Xarici ölkələrdə, o cümlədən
Türkiyədə isə üzümdən sadəcə giləmeyvə, quru meyvə - kişmiş kimi istifadə
edilmir, şərab hazırlamaqla proses yekunlaşmır. Üzümün çəyirdəyi xaricə idxal
olunur, yaxud dərman vasitələrinin hazırlanmasında istifadə edilir. Üzümün
qalıqlarından heyvan qidası da hazırlanır. Nəticə etibarilə üzümdən tullantıya
heç nə getmir. Bu meyvədən maksimum fayda götürülür.
Sahibkarlıq subyektlərinə dövlət dəstəyi
İqtisadi baxımdan olduqca gəlirli sahə sayılan
üzümçülükdə, ümumən istehsalatda dəyər zəncirini təşkil etmək üçün hansı
addımlar atılmalıdır? Dəyər zəncirinin təşkili iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətlidir?
Bu, ölkəyə, o cümlədən təsərrüfatçıya nə verir? Milli Məclisin Aqrar siyasət
komitəsinin üzvü Azər Badamov mövzu ilə bağlı "Kaspi” qəzetinə
açıqlamasında üzümçülük və şərabçılığın Azərbaycanda qədim tarixə sahib
olduğunu diqqətə çatdırıb. Millət vəkili təəssüflə vurğulayıb ki, ötən əsrin
90-cı illərinin əvvəlində bu sahələrdə geriləmə müşahidə olunub: "Həmin
vaxtlarda üzüm plantasiyaları ləğv edildi, istehsalat dayandı. Lakin həm
ümummilli lider Heydər Əliyevin prezident olduğu illərdə, həm də Cənab İlham
Əliyevin ölkəyə rəhbərlik etdiyi tarixdən indiyə qədərki dönəmdə kənd təsərrüfatının
digər sahələri kimi üzümçülüyün inkişafına da xüsusi diqqət yetirilib. Bununla
bağlı müvafiq dövlət proqramları qəbul edilib, sərəncamlar imzalanıb. Ölkədə
üzümçülüyün ən azı əvvəlki səviyyəyə çatdırılması başlıca vəzifə kimi qarşıya
qoyulub”.
Fermerlərin üzərinə düşən məsuliyyət
İqtisadçı deputat söyləyib ki, hazırda üzümdən
ancaq meyvə, quru meyvə kimi istifadə olunur, müxtəlif adda şərablar
hazırlanır. O, bunun kifayət etmədiyini xatırladıb: "Üzüm istehsalında da dəyər
zəncirini yaratmaq mümkündür. Bir çox xarici ölkələrdə belə bir nümunələr var və
onlar üzümdən daha səmərəli şəkildə istifadə edirlər. Həmin ölkələr son məhsula
qədər tullantısız emal prosesi həyata keçirirlər. Azərbaycanda hələlik
üzümçülükdə belə bir təcrübə tətbiq edilməsə də, fındıqçılıqda buna rast gəlmək
mümkündür. Emal prosesində fındığın özü ilə yanaşı qabığından da istifadə
olunur. Üzümçülükdə də tullantısız istehsal prosesinin təşkili olduqca
vacibdir. Bunun üçün ölkəyə yeni texnologiyalar gətirilməli, qabaqcıl ölkələrin
təcrübəsi əsasında istehsalat sahələri açılmalıdır. Bu isə fərdi sahibkarlığın
inkişaf etdirilməsi ilə bilavasitə əlaqəlidir. Dəyər zəncirinin son mərhələsinə
qədər icra olunması da bu çərçivədə sahibkarlardan, fermerlərdən asılıdır”.
İqtisadi səmərə
Millət vəkili deyib ki, üzümçülükdə dəyər zəncirinin
təşkilini sahibkarlar, fermerlər özləri könüllü şəkildə həyata keçirməlidirlər:
"Fermer, sahibkar maraqlı olmalıdır ki, mövcud imkanlardan yararlanmaqla
üzümçülükdə son məhsula qədər emal prosesini qursun. Öz növbəsində bu, həmin
sahibkarın, fermerin gəlirlərini artıracaq, heyvandarlığın inkişafına təsir edəcək,
ümumilikdə ölkə iqtisadiyyatına töhfə verəcək. Üzvi tullantıların emal prosesinə
cəlb olunması gübrələrin hazırlanmasına səbəb olacaq. Bu kimi müxtəlif istiqamətdə
müsbət nəticə əldə etmək mümkündür. Hər bir tullantının emal və yenidən
istehsala qaytarılması həm yeni iş yerlərinin yaradılması, həm də iqtisadi səmərə
deməkdir”.
Rufik İSMAYILOV