“Evimizin yanından keçən təcili yardım maşınlarının səsi adamı vahiməyə salır”
Milan Konservatoriyasının professoru Mais Nuriyev:
"İndi İtaliyada hər kəsin daxilində sağlam bir adrenalin və qonağı qucaqlamaq
üçün böyük bir istək var”
Koronavirus
pandemiyasının ən şox yayıldığı ölkələr sırasında İtaliya birincilik təşkil
etdiyindən, dünyanın gözü bu ölkədədir. Hər gün yoluxanlarla,
ölənlərlə və sağalanlarla bağlı rəqəmlər sürətlə dəyişir. Vəziyyətdən minimum
itki ilə çıxmaq üçün ölkə əhalisi karantin qaydalarına ciddi əməl etməkdədir.İtaliyadakı "Azəri” Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının professoru Mais Nuriyevkarantin dövründə yaşantılarını bizimlə böluşdü:
-
Mais müəllim, uzun müddətdir ki, gərginlik içindəsiniz. Bu vəziyyətdən necə
qurtulmağa çalışırsınız?
- Hazırda təkcə İtaliya xalqı deyil, bütün dünya əhalisi
uzun müddətdir ki, gərginlik içindədir. Artıq COVID-19 infeksiyasına yoluxması
təsdiqlənmiş xəstələrin sayı bir milyona yaxinlaşır. İtaliyada koronavirusa yoluxanların sayı başqa
ölkələrə nisbəttdə daha yüksəkdir. Ölkədə bu yolxucu xəstəlikdən ölənlərin sayı
həddən artıq çoxdur. Hər axşam evimizin yanından keçən təcili yardım
maşınlarının səsi adamı vahiməyə salır. Gecələr yata da bilmirsən. Bir az
öskürən kimi qorxuya düşürsən. Hazırda qurbanlar və sağalanlar da daxil olmaqla
yoluxmuş insanların ümumi sayı 110574 nəfərdir. İtaliyada koronavirusdan indiyədək
13155 nəfər dünyasını dəyişib və itki
verməkdə davam edirik. Amma
16847 nəfər sağalanlar da var ki, bu da bizə ümid verir. Həmçinin İtaliyada
koronavirusa yoluxanların ölümü ilə bağlı təfərrüatlar da məlum olub. İtalyan səhiyyə xidmətinin
araşdırmasına istinadən, yoluxanların 99 faizindən çoxunun digər sağlamlıq
problemləri olub. Ölənlərin orta yaşı 79-dur. Bu rəqəmlər 1 aprel tarixinə
aiddir.Üç gün öncə
İtaliyadakı Azərbaycan səfirliyi, bütün dövlət orqanları, həmçinin xaricdəki
bütün İtaliya səfirlikləri dövlət bayraqlarını Covid-19 epidemiyasının
qurbanlarının xatirəsinə yarıya qədər endirdilər.
- Bu sual çox aktualdır: italyanlar karantin
həyatına necə riayət edirlər?
- Bəli, bu gün
İtalyada insanlar karantin hayatı yaşayir. Hazırda hamı həmrəy olaraq əllindən
nə gəlirsə, bir-birlərinə kömək edirlər. Maska düzəldənlər, öz restoranlarını xəstəxana
yeri kimi istifadəyə verənlər, könüllülər, yaşlı, xəstə adamlara qulluq edənlər
çoxalıb. Maddi yardım edənlər də çoxdur. Onu da deyim ki, burada əhali arasında
maska ajiotajı da yoxdur. Maska apteklərdə satılır. TV proqramlarında təhlükəsizlik
hallarına riayət olunma qaydaları hər an reklam olunur. Əlbəttə, evdə oturmaq
da çətindir. TV-də, sosial şəbəkələrdə verilən informasiyalar, filmlərin hamısı
gərginliyi daha da artirir, insanı qorxu içində saxlayır. Bu, çox dəhşətdir.
Qorxu, çaxnaşma hallarından insan sağalmaq əvəzinə, daha da təşvişə düşür.
Bunun üçün biz evdə oturduğumuz müddətdə özümüzü ələ almağa və səmərəli işlərlə
məşğul olmağa çalışırıq. Hesab edirik ki, problemləri unudaraq bu virusu məhv
edib ona qalib gəlmək olar. İtaliyada artıq hamı karantin qaydalarını ciddi qəbul
edir və əməl edir. Biz bu yolla xəstəliklə birlikdə ciddi mübarizə aparırıq.
Çünki biz təkcə özümüzü deyil, hamını düşünməliyik: bır nəfər hamını, hamı da
bir nəfəri. Hamı çalışıb özünə ev daxilində məşğuliyyətlər tapsa, yaxşı
olar. Məsələn, idmanla, yaradıcılıq işləri
ilə məşğul olmaq mənə vaxtın tez və mənalı keçməsinə kömək edir. Dostum Davide
Gualtieri Azərbaycanı sevir və ölkəmizlə bağlı çoxlu şeirləri var. Birlikdə Molla
Pənah Vaqif, Nəsimi kimi klassiklərin, o cümlədən müasir şairlərimizin də şeirlərini
italyan dilinə tərcümə etmişik. Əsas odur ki, dost-tanışla danışarkən onlara dərd
verməyəsən, əksinə, başqasında olan qorxunu yüngülləşdirəsən.
- Sizcə, nəyə görə İtaliyada bu yoluxma daha
böyük vüsət aldı? İtalyanlara xas hansısa xüsusiyyətlər yoluxmada rol oynadı,
yoxsa əvvəldən məsələyə etinasız yanaşdılar?
- İtalyanlar gəzməyi,
şən həyatı çox xoşlayırlar. Onlar ünsiyyətcil xalqdır - qonaq getməyi,
dostlarla birgə şənlənməyi, görüşərkən iki dəfə öpüşməyi xoşlayırlar. Belə
hallar əlbəttə, koronavirusun sürətlə yayılmasına şərait yaratdı. İtaliyada
COVID-19 pandemiyasının ilk faktı yanvarın 30-da, Çindən gələn iki turistin
Romada testdən keçirildiyi zaman aşkarlandı. Artıq mart ayında virus İtaliyada
digər Avropa ölkələrindən daha çox yayıldı. Dünyada aktiv halların ümumi sayına
görə ABŞ-dan sonra, ölüm sayına görə birinci siralarda durdu. İtaliya Çinə və
oradan ölkəyə birbaşa uçuşları dayandıran iki Avropa ölkəsindən birincisi oldu.
İnfeksiyanın yayılmasını ehtiva edən ilk tədbirlər arasında İtaliyanın
şimalındakı 11 bələdiyyədə - Lombardiya və Venetoda karantin tətbiq olundu.
Sonrakı günlərdə Baş nazir Cüzeppe Konte məhdudlaşdırıcı tədbirlərin daha sərt
hala gətirilməsi və tədricən bütün ölkə ərazisinə tətbiq olunması ilə bağlı bir
sıra sərəncamlar verdi. Lakin düşünürəm ki, gərək əvvəldən məsələyə ciddi
yanaşılaydı. Çoxları qadağan olunmuş zamanlarda təhlükəsizlik hallarına fikir
vermədi. Sərhədlər də sərbəst oldu. İtaliyaya əsasən Çindən gələnlər çox oldu.
Bununla xəstəlik sürətlə artdı. İtaliya xalqı dindardır. Ölkə xristian dininin
mərkəzidir. Koronavirus yayılmağa başlayarkən Roma Papası iman gətirən
insanların özlərini tək, ehtiyac içində hiss etməmələri üçün "Kilsələrin açıq
qalması yaxşıdır”- dedi. Ancaq din adamları birlikdə dualar edərkən məsafə
saxlamırdılar. Sonra digər qadağalar kimi, kilsələrə getmək də qadağan olundu.
Lakin gec idi. 50 adam pandemiyaya qarşı dua edərkən artıq xəstəliyə
yoluxmuşdu. Burada da xalqa edilən çağırışlara hamı vaxtında qulaq asmadı.
Milan zonasında küçədə bazarlar fəaliyyət göstərirdi. İnsanlar qatarla gedib gəlirdi.
Metro işləyirdi. Bütün bunlar virusun ölkə ərazisində yayılmasında rol oynadı.
Hazırda karantin dovrundə bütün restoran, kütləvi yiğıncaqlar, hətta insanların
bir-birinə yaxınlaşması və s. kimi hallar qadağan edilib. Hamı iqtisadi ziyan
içindədir. Ümumiyyətlə, İtaliya iqtisadiyyatına böyük zərbə dəydi. Böyük turizm
şəhəri olan Florensiya koronavirusun yayılması səbəbindən boş səhraya çevrildi.
İtaliyada kommersantlar çox narahatdırlar: «Biz heç bir həll yolu görmürük”
deyirlər. Ölkə təhlükəli "qırmızı zona”ya çevrilib. Amma virusla mübarizə üçün
dövlət tərəfindən lazımi tədbirlər də görülməyə başlanılıb.Hazırkı mənzərəyə
gəlincə, yalnız supermarketlər işləyir. Heç kəs evindən 200 metrdən aralı gedə
bilməz və yanında icazə sənədi gəzdirməlidir. Onu da qeyd edim ki, İtaliya əcnəbilərin
leqallaşdırılması, miqrasiya məsələlərinin gündəmə gətirilməsi mövzusunu yenidən
araşdırmaqdadır.
- Hazırda İtaliyada yaşayan çinlilərlə
bağlı hansı müşahidələriniz var? Onların
sayı çoxdurmu?
- İtaliyadakı
çinlilər sürətlə böyüyən bir diaspordur. 2006-cı il siyahıyaalınmasına əsasən,
onlar 144,885 nəfər təşkil edri və bu rəqəm yalnız qanuni immiqrantları, Çin -
İtaliya vətəndaşlarını və İtaliyada anadan olanları əhatə etmir. Statistik cəhətdən
çox sayda çinlinin yalnız restoran fəaliyyəti ilə məşğul olduğu İngiltərə və
Hollandiyadan fərqli olaraq, İtaliyadakı çinlilərin əhəmiyyətli bir hissəsi
geyim və aksesuar tikməklə məşğuldur. İtaliya gəzetlərində "Çinlilər İtaliyanı
necə ələ keçirirlər” başlıqlı yazı vardı. "Suriyadan gələn qaçqınlar və
afrikalı miqrantlar üçün narahat olduğunuzda, çinlilər İtaliyanı sakit şəkildə
işğal edirlər”- deyə yazılmışdı. Florensiyanın yaxınlığında Prato adlı kiçik
bir şəhər var və Avropada toxuculuq sənayesinin mərkəzlərindən biri hesab
olunur. Bu, 90-cı illərə qədər belə idi. İndi daha çox "İtaliyanın Çin
paytaxtı” kimi tanınır. Prato Çin miqrantlarının sayına görə Avropa şəhərləri
arasında liderdir.
- Prato şəhəri çinliləri nə ilə cəlb edir?
- Hər şey
toxuculuq sənayesindəki böhranla başladı. 1990-cı illərdə pul qənaət etmək üçün
İtalyan istehsalçıları əmək qabiliyyətli və iddiasız çinliləri işə almağa
başladılar. İllər keçdi… 2000-ci illərdə çinli sahibkarlar italyan həmkarlarından
toxuculuq fabriklərini icarəyə götürməyə və almağa başladılar. Sonrakı on il ərzində
çinlilər fabrik və dükanlarını tikməyə başladılar, buna görə öz toxuculuq sənayelərini
təşkil etdilər və 3000 italyan müəssisəsini iflasa uğratdılıar. Fakt budur ki,
Prato müəssisələrində tikilən bütün geyimlər "İtaliyada
hazırlanmışdır" etiketlidir. Çinlilərin onu Çin parçalarından tikməsi
faktı sayılmır. Bundan əlavə, miqrant işçilərin maaşları azdır, buna görə,
geyim ucuz və rəqabətlidir. Prato Rikardo Marininin Sənayeçiləri Birliyinin
prezidenti bununla bağlı "Çinlilər və firmalar əsasən ticarət qaydalarına hörmət
etmədikləri üçün sağ qalırlar. Demək olar ki, heç bir vergi ödəmirlər,
insanları qeyri-qanuni yollarla işə götürürlər, sosial ödənişlər etmirlər, şəhərin
göstərdiyi xidmətlərə, məsələn, zibil yığmasına görə pul ödəmirlər və s. Nəticədə minimal xərclər alırlar və çox aşağı
qiymətlərlə satırlar” demişdi.İtalyanlarin bir
xüsusiyyəti də var: onlar başqa xalqların mədəniyyətlinə, o cümlədən yeməklərinə
maraq və hörmətlə yanaşırlar. Cinlilərin restoranları hər axşam adamla dolu
olurdu. Lakin koronavirusla baglı İtaliyada hələ karantin elan olunmamışdan əvvəl
adamlar Cin restoranlarına az getməyə başladılar. Həmçinin çinlilərə münasibət
də dəyişdi. Hər yerdə onların bu xəstəliyi ölkəyə gətirmələri ilə bağlı
informasiyalar verilir, yarasa və ilan yeməkləri haqqında danışılırdı.
- Son günlərdə mətbuatda İtaliyanın 95 və 102
yaşlı sakinlərinin virusa qalib gəlməsi barədə xəbərlər eşitdik. İtalyanlar çox
zərər çəksələr də, Avropada həmçinin ən uzunömürlü sakinləri ilə məşhurdurlar.
Sizcə, bu uzunömürlülüyün sirri nədədir?
- İtalica
Grondonanin 102 yaşı var. O, koronavirusdan sağaldı və yaxınlarda xəstəxanadan
evə buraxıldı. Onun adı tarixə düşərək bütün dünyaya səs saldi. "Onu Highlander
adlandırırlar” - deyə qocanı müalicə edən həkim Vera Sicbaldi deyir: "Bizim
üçün o, sadəcə böyük Liguriali olmaqla, həm də güclü, qətiyyətli və davamlıdir”.
Liguria bölgəsinin prezidenti Covanni Toti isə "Linaya təşəkkür edirəm! Adınız
təsadüfi deyil, Italica! Siz tariximizin gözəl səhifəsisiniz!" deyir.Bəli, İtaliyada
uzunömürlülər var. Onlar gəzməyi, fəaliyyətdə olmağı, şən həyatı, pozitiv olmağı,
yaxşı və orqanik yeməyi xoşlayırlar. Onlarda başqalarına kömək və yaxşılıq etmək
xüsusiyyətləri var. İtalyanlar ənənələrinə böyük hörmətlə yanaşırlar. Onların
fikrincə, fasiləsiz işləmək olmaz. İtaliyada bütün dünyada qeyd olunan Pasxa,
Yeni il və Milad kimi bir sıra bayramlar var. Xristianlığın təsiri ənənəvi
olaraq İtaliya cəmiyyətində böyük rol oynayır. Buna görə İtaliyada bir çox
insan dini ayinlərə ciddi əməl edir. Bəzi adətlər xoş təəccübləndirə bilər, məsələn,
köhnə və lazımsız şeyləri atmağı və Yeni il ərəfəsində - il ərzində yığılan mənfi
enerjini çıxartmaq üçün qabları sındırmağı məcbur edən bir adət var. Romada
Yeni il gecəsində bir çoxu "uğurlar” üçün körpüdən Tiber çayına tullanır.
Neapolitanlar atəşfəşanlığı sevirlər. Beləliklə, italyanların ənənələri olduqca
spesifikdir və şəhərdən şəhərə dəyişir. Bütün bunlar onların sağlamlığında və
uzunömürlülüyündə rol oynayır.
- İtalyanların eyvanda mahnı oxumasının canlı
şahidi olubsunuz? Sizin yaşadığınız yerdə
də oxudularmı?
-Yox,
italyanlarin canlı oxumaqlarının şahidi olmamışam. Lakin internetdə bu
paylaşımları gördüm və mən də paylaşdım. Adama emosional baxımdan müsbət təsir
göstərir. Bu, insanlarin birliyi, qorxuya və dəhşətə qarşı həmrəy olmalarına
sübutdur.
- İstərdik ki, müsahibəmizi pozitiv notlarla
bitirək. Son iki ayın müsbət tərəfləri nə oldu?
- Təbii ki, əsl problem üzləşdiyiniz çətinliklər
deyil. Koronavirus
pandemiyası həqiqətən bizi sınamasına baxmayaraq, əminəm ki, həyatımızda bir
neçə müsbət məqamlar da var. Koronavirus və milli karantin dovru hamımizi həftələrlə
evə kilidlədi. Ancaq biz həyatınızda yaxşı olan ən azı 10 şeyi yazsaq, sonra da
həmişə bu müsbət düşüncələrdən başlasaq, yaxşı olar. Hər çətinliyin bir həlli
yolu var. Bəzi insanlar yalnız və ya hər şeydən əvvəl mənfi tərəfləri düşünürlər,
bu, düzgün deyil. Pozitiv düşünmək və heç vaxt xoşbəxt olmaq ümüdini itirməmək
lazımdır.Bu müddətdə daha dəstəkləyici və ünsiyyətcil olmağa,
başqaları ilə ünsiyyət qurmağa can atdıq. İndi İtaliyada hər kəsin daxilində sağlam
bir adrenalin və qonağı qucaqlamaq üçün böyük bir istək var.
Təranə Məhərrəmova,
Sevda Güləhmədova