• cümə, 26 Aprel, 22:57
  • Baku Bakı 22°C

“Əsrin müqaviləsi” ilə müasir Azərbaycan dövlətinin təməli qoyuldu

12.12.18 14:00 994
“Əsrin müqaviləsi” ilə müasir Azərbaycan dövlətinin təməli qoyuldu
XX əsrin sonlarında Azərbaycan üçün çox çətin situasiya yaranmışdı. Ermənilər torpaqlarımızın bir hissəni işğal etmişdi, yaranan vəziyyətdən istifadə edənlər isə ölkədə hərc-mərcliyin hökm sürməsinə rəvac verirdi. Bunun qarşısı təcili alınmazsa, xalqımızı daha çətin günlərin gözlədiyi aydın məsələ idi. Ölkənin siyasi liderə, qətiyyətli addım atacaq rəhbərə ehtiyacı var idi. Məhz bu dövrdə Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi.O, geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etmək üçün gecə-gündüz çalışdı. Məhz onun zəhməti, gərgin əməyi sayəsində Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. Ulu Öndər ilk növbədə siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirərək ölkəni çətin vəziyyətdən xilas etdi. O dövr üçün möcüzə hesab edilən "Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkə iqtisadiyyatı yavaş-yavaş dirçəlməyə başladı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişilisöylədi ki, tarixən neft Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb: "Ölkəmizin neft sərvətlərindən daim müxtəlif ölkələr bəhrələnib. Yalnız XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan xalqı öz sərvətinə sahib oldu və Ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası nəticəsində neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının inkişafına xidmət etməyə başladı. Hər bir uğurlu inkişaf edən ölkənin inkişafının başlanğıc nöqtəsini müxtəlif amillər təşkil edir. Azərbaycanın 25 ildə uğurlu, sürətli inkişafının başlanğıc nöqtəsini isə neft sərvətləri və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” ilə başlayan uğurlu neft strategiyası təşkil etmişdir”.
Millət vəkili bildirdi ki, bu strategiyanın əsas tərkib elementlərində biri də neft dəyərlərinin qeyri-neft, mədəni dəyərlərə çevrilməsi oldu: "Məhz neftdən əldə edilən gəlirlərin ölkə iqtisadiyyatının yenidən qurulmasına, ordu quruculuğunun ən yüksək səviyyəyə çatdırılmasına, milli-mədəni dəyərlərin həm ölkə daxilində, həm də dünyada yayılmasına yönəldilməsi Azərbaycanın 25 ildə əldə etdiyi uğurlu nəticələr sayılır. Azərbaycan iqtisadiyyatı MDB-də ən rəqabətədavamlı iqtisadiyyatdır, Azərbaycan mədəni irsini artıq bütün dünya tanıyır və qoruyur, Azərbaycan ordusu regionda ən güclü ordudur. Milli neft strategiyasının əsasları Ulu öndər Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdur. Hələ o zaman dənizdə neft yataqlarında kəşfiyyat işlərinin genişləndirilməsi, Dərin Özüllər Zavodunun inkişafı, dənizdə üzən qazma qurğularının yaradılması sonradan müstəqillik əldə edən Azərbaycanın neft sərvətlərindən istifadə etməsində əvəzsiz rol oynadı”.

T.Mirkişili söylədi ki, müstəqilliyin ilk illərində ölkədə yaranan ictimai-siyasi və hərbi vəziyyət xarici investorların Azərbaycana cəlb edilməsinə imkan vermirdi: "Xarici investisiyalar və texnologiyalar olmadan isə dənizin dərin qatlarında yerləşən neft yataqlarını istismar etmək mümkün deyildi. Məhz belə bir şəraitdə Heydər Əliyevin şəxsinə olan inam və onun bütün uğurlara zəmanət kimi çıxış etməsi 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasına səbəb oldu. Bu müqavilə Heydər Əliyevin neft strategiyasının başlanğıc nöqtəsi oldu. Neft strategiyasının sonrakı mühüm həlqələri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və istismarı oldu. Bu kəmər Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəm bünövrəsini qoydu. Neft gəlirlərinin şəffaf və effektiv bölüşdürülməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması neft strategiyasının mühüm tərkib hissəsi idi. Beləliklə, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini və inkişafını təmin edərək, sonrakı illərdə həm də Azərbaycan dövlətinin regionda söz sahibi olmasına səbəb oldu”.

İqtisadçı, millət vəkili Azər Badamov də qeyd etdi ki, Heydər Əliyevi müasir neft strategiyasının banisi hesab etmək olar: "Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl Azərbaycan neftinin istehsalı və emalı ilə bağlı müəyyən razılıq əldə olunmuşdu. O müqavilələr imzalansaydı və yaxud qüvvəyə minsəydi, bu gün inkişaf etmiş Azərbaycandan danışa bilməzdik. Çünki həmin müqavilələr şirkətlərin və xarici qüvvələrin maraqlarını müdafiə edirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bunun qarşısı alındı. Onun sayəsində Azərbaycanın maraqlarına xidmət edən yeni müqavilə hazırlandı. O vaxt neft şirkətinin vitse-prezidenti olan İlham Əliyev Ulu öndər Heydər Əliyevlə birgə dünyanın aparıcı şirkətlərini ölkəmizə sərmayə yatırmağa inandırdı. Bu, o dövrdə çox vacib idi. Çünki həmin dövrdə müharibə şəraitində idik və şirkətlər Azərbaycana investisiya yatırmaqda maraqlı deyildi. Amma Heydər Əliyev bunun öhdəsindən gəldi və ölkəmizin maraqlarını müdafiə edən müqavilənin imzalanmasına nail oldu. Bu müqavilə "Əsrin müqaviləsi” adını aldı. "Əsrin müqaviləsi” ilə biz müasir Azərbaycan dövlətinin təməlini qoymuş olduq. Müqavilə imzalandıqdan sonra neft sənayesi yavaş-yavaş inkişaf etməyə başladı. Azərbaycanın iqtisadi əsasları Ulu öndərin rəhbərliyi altında və onun imzası ilə bağlanan neft müqaviləsinin sayəsində qoyuldu. Neft sektoru bu gün də ölkə iqtisadiyyatının əsasını təşkil edir. Bütün bunlar Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti və inamı sayəsində baş verdi. O, ölkəmizin növbəti illərdə də inkişafını təmin edəcək addım atmışdı. Ona görə də Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisi hesab olunur”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifovdeyir ki,Heydər Əliyev dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu: "Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi”nin imzalanması isə inqilabi bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Məhz "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki edilən yatırımların 2,2 milyard dolları neftdən kənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artmağa başladı. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verilməsi və bununla da ölkədə sahibkar ordusunun yaradılması oldu. Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə çox qısa bir zamanı çərçivəsində nəinki Azərbaycanın kövrək müstəqilliyini qoruyub möhkəmləndirə bildi, eyni zamanda respublikanın sosial-iqtisadi inkişafında və ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Bir sözlə, onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bu gün də cənab Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların bənzərsiz yeni - Azərbaycan modeli meydana gəldi”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər