Əşrəf Heybətov: “Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir”
Onunla çoxdan tanışıq. Amma
Əşrəf bəy bu dəfə mənimlə ilk dəfə harada görüşdüyünü çətin xatırladı. Bundan mütəəssir
olmadım. Çünki o, qırx ilə yaxındı Bakıdan uzaqlarda yaşayır və təbii ki, o
qədər insanlarla oturub-durub ki...Əşrəf Heybətov müasir
təsviri sənətimizin ən istedadlı nümayəndələrindəndir. O, uzun illər Rusiyada
və Almaniyada yaşasa da, əsərlərinin başlıca mövzusu Azərbaycanın gözəl
guşələri, Abşeronun sağlamlıq mənbəyi olan qumlu sahilləri, bu torpağın
insanlarının mənəvi dünyası, vətənin yaxın tarixi ilə bağlıdır. Əsərləri
qırxdan çox ölkədə sərgilənib.O, YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni
Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri",
Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları
incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır."Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində
təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə
kuratorudur. 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif olunub.Ə. Heybətov 2001-ci ildə Azərbaycanın Əməkdar rəssamı, ötən il isə
Xalq rəssamı adına layiq görülüb.Həmyerlimiz hazırda Bakıdadır.
Onunla telefonla əlaqə saxladıq və bizi evinə dəvət etdi.
- Əşrəf bəy, xeyli vaxtdır
buradasınız. Budəfəki gəlişinizin başqa məqsədi var, yoxsa yenə gəzməyə,
dincəlməyə gəlibsiniz?
- Çalışıram ki, hər il yazda və payızda Bakıya gəlim. Budəfəki
gəlişim, əsasən 11-ci Beynəlxalq Humanitar Forumla bağlıdır. Həmin tədbirə
dəvətli idim. Sonra 43-cü Beynəlxalq Mədəniyyət Forumunda iştirak etmişəm.
Məlumat üçün deyim ki, həmin forum üçün çap olunmuş almanaxın üz qabığında
mənim əsərim verilib.Sonra da Şəkiyə getdim.
Əvvəllər də Şəkidə olmuşdum. Belə ki, 33 üç il əvvəl Şəki rayonu ərazisində
sifarişlə 25 mənzərə işləmişdim. O əsərlər Yuxarı Karvansarada asılıb. Ancaq
bəziləri müxtəlif təsirlərdən aşınmışdı. Həmin tabloların bəzisini bərpa elədim
və daha 10 əsər işləyib Heydər Əliyev Mərkəzində sərgi açdım. Avqustda isə
Şüvəlanda, bağda 30 kvadratmetrlik ərazidə panomozaika işləmişəm.Şamaxı şəhərində sənətsevərlərlə görüşüm oldu və əsərlərimin sərgisi
keçirildi. Keçən illərdə Naxçıvanda, Masallıda, Zaqatalada, Xızıda sərgilərim
olub. Bu sərgilərdən maddi qazancımız olmasa da, mənəvi qazancımız çox olur.
Hər şeydən əvvəl, bu sərgilər mənə yeni ruh, enerji və yeni mövzular verir.
Vətənimi daha yaxşı tanıyıram. Eyni zamanda Azərbaycanın mənzərələrini çəkir,
xarici ölkələrdə sərgiləyirəm. Mənə görə, Azərbaycan İsveçrədən də gözəldir.
- Siz Bakıdan gedəndən sonra on beş il Moskvada yaşayıbsınız. Səhv
etmirəmsə, artıq iyirmi üç ildir Almaniyadasınız. Bu səbəbdən sizi
respublikamızda əsasən sənət adamları, xüsusilə rəssamlar tanıyırlar. Buna görə
də, istərdik ki, əvvəlcə oxuculara özünüz haqda
məlumat verəsiniz.
- Bakıda doğulmuşam. İlk evimiz İçərişəhərdə olub. Sonralar o yerdə
Milli Ensiklopediya üçün bina tikdilər. Orta məktəbi bitirəndən sonra
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. Amma
rəssamlığa olan həvəsim universitet təhsilimi yarımçıq qoyub. Tələbəlikdə
tez-tez görkəmli fırça ustası Mikayıl Abdullayevin emalatxanasına gedərdim. İkinci
kursdan çıxıb Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olundum.1980-ci ildə Moskvada Yay Olimpiya Oyunları keçiriləcəkdi.
Olimpiadaya hazırlıqla əlaqədar Moskvada Gənclərin Beynəlxalq Moda Mərkəzində
bir əsər işlədim. Əsəri yüksək qiymətləndirdilər. Elə o vaxtdan Moskvada qalıb
yaşadım, Rəssamlar İttifaqının üzvü oldum və emalatxana aldım. Moskva illərində
çoxlu sərgilərdə uğurlu çıxışlarıma görə, 1991-ci ildə mənə Azərbaycanın
Əməkdar rəssamı adı verdilər. İlk fərdi sərgim Moskva Beynəlxalq Münasibətlər
İnstitutunda keçirilib. O zaman indiki Prezidentimiz İlham Əliyev həmin
institutda dərs deyirdi. Sərgim də onun köməyi ilə baş tutub.1995-ci ildə ailəmlə Almaniyaya köçdüm.
- Almaniyaya gedişiniz necə
oldu?
- Sovetlər dövründə iki-üç dəfə Almaniyada sərgilərimiz olmuşdu. O
vaxtlar SSRİ-də "perestroyka" dövrü idi. Siyasi və sosial problemlər
çox idi, aləm qatışmışdı bir-birinə. Mənim xanımım iqtisadçı alimdir. Getdik, bizə ev verdilər, kömək etdilər.
Çətinlikdən qurtardıq. Koblents
şəhərində yaşayırıq. Ora kurort şəhəridir. Təbii ki, həmin şəhərə gələndə məni
tanımırdılar. Bir dəfə şəhər üçün divar üzərində 450 kvadratmetr olan tablo
işlədim. Bu iş altı ay çəkdi. Yəqin bilirsiniz ki, Almaniya 16 torpağa bölünüb.
Biz Rayland-Pfalzin torpağında yaşayırıq. Divar üzərində işlədiyim əsərə də
"Rayland-Pfalzin sinfoniyası" adı vermişdim. O işimdən sonra həmin
şəhərdə məni rəssam-monumentalist kimi tanımağa başladılar. Almaniyada ilk
fərdi sərgim 1993-cü ildə Kölndə - Türk Kültür Mərkəzində təşkil olunub.
- Orada azərbaycanlı sənət
adamlarından kimlər var, kimlərlə dostluq edirsiniz?
- Mənim çox yaxın dostum İsaq Dəvəlidi. O, istedadlı rejissor, aktyor
və ozandır. Vətənpərvər insandır. Sonra sənətşünas Samirə xanım İsmayılova.
Bariton səsli opera müğənnisi Elxan Ağaquliyev. Bu yaxınlarda xərçəng
xəstəliyindən vəfat edən rəssam Gündüz Əlizadə ilə yaxın dost idik.
- Emalatxananız ürəyinizcədir?
- Bəli. Emalatxanam genişdir, işləmək üçün rahatlıq var. Oranı
Azərbaycan mədəniyyəti mərkəzi də saymaq olar. Çünki emalatxananın divarlarında
Azərbaycanla bağlı əsərlərlə yanaşı, vətənimizə aid zəngin kolleksiya da
yaratmışam. Azərbaycanın xəritəsi, bayrağı, gözəl mənzərələri, suvenirləri
bəzəyir oranı. Gələn qonaq özünü bir anlığa Azərbaycandakı kimi hiss edir.
Qonaqlarım olanda, onlara Azərbaycan haqqında söhbət açır, ölkəmizə aid
hədiyyələr, kitablar bağışlayıram.2006-cı ildə mən Mədəniyyət Xadimlərinin Avropa Assosiasiyası təşkil
etmişəm və həmin quruma azərbaycanlı sənət adamları da daxildir.
- Bəs Azərbaycanın
Almaniyadakı diasporunun üzvü kimi nə kimi işlər görürsünüz?
- Bizim əsas işimiz orada Azərbaycanı tanıtmaq, tariximizi,
mədəniyyətimizi, iqtisadiyyatımızı təbliğ etməkdi. Bu məqsədlə də müxtəlif
sərgilər, görüşlər, müzakirələr keçiririk. Qeyd edim ki, Bakıda keçirilən Dünya
Azərbaycanlılarının hər iki Konqresində iştirak etmişəm. İşimizin yaxşı səmərə
verməsi üçün bu tədbirlərdə bizə lazımi istiqamət verilib.
- Sizin Azərbaycanla bağlı
əsərləriniz çoxdur. Həmin tablolarda, qrafik əsərlərdə yurdumuzun gözəl
yerləri, milli-mənəvi dəyərlərimiz, bayramlarımız, tanınmış insanlarımız,
xüsusilə Bakının çoxsaylı tarixi məkanları, muğamımızın insanda yaratdığı ovqat
və sair öz əksini tapıb. Bu əsərlərdə bütövlükdə Azərbaycanımızın keçmişi, bu
günü, eyni zamanda insanlarımızın mənəvi dünyası əksini tapıb. Bu, sizin
vətəndən uzaqlarda - Avropanın göbəyində də vətənlə nəfəs aldığınızı sübut
edir.Ancaq biz sizin yaxın tarixi keçmişdə
xalqımızın müstəqillik uğrunda mübarizəsini əks etdirən və bu yolda başımıza
gətirilən fəlakətlərlə bağlı əsərləriniz olduğunu da bilirik. Yaxşı olar ki, bu
barədə məlumat alaq.
- 2016-cı ildə Taleh Heydərovun köməkliyi ilə Berlinin məşhur Şults
qalereyasında Xocalı faciəsi ilə bağlı
25 əsərim və üç metrlik pannom sərgiləndi. Bu ilin fevral ayında məni
Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət etdilər. O
mərkəzin rəhbəri Nigar xanım Qasımovadır. Nigar xanımın təşəbbüsü ilə həmin
mərkəzdə Xocalı ilə bağlı geniş bir sərgi açdıq. Həmin əsərlərim hələ də
oradadır.
- Sizin 20 yanvar faciəsi ilə
bağlı da əsəriniz var. Həmin panno sənətçilərlə yanaşı, ictimaiyyət tərəfindən
də yüksək qiymətləndirilir.
- Bilirsiniz o əsər necə yaranıb? 2001-ci ilin 11 sentyabrında
Nyu-Yorkda böyük terror aktı həyata keçiriləndə minlərlə insan həlak oldu. Bu
faciə bir insan kimi mənə də çox pis təsir elədi. Buna görə də, 10 gün ərzində
həmin mövzuda böyük panno işlədim. Həmin əsər beş il emalatxanamda qaldı. Sonra
ABŞ-ın Almaniyadakı baş konsulu o əsəri öz ölkəsinə göndərdi. Bir müddət sonra
Nyu-York şəhərinin merindən mənə təşəkkür məktubu gəldi. Hazırda həmin panno
Nyu-Yorkdakı faciə qurbanlarının xatirə muzeyindədir.Rəhmətlik politoloq Vəfa
Quluzadə bizim bağ qonşumuz olub. Çox səmimi insan idi. Onunla arabir
söhbətlərimiz olurdu. O eşitmişdi ki, mənim 11 sentyabr faciəsi ilə bağlı
əsərim ABŞ-da nümayiş olunur. Bir gün mənə dedi ki, Əşrəf, sən azərbaycanlısan,
bəs niyə öz xalqının başına gətirilən faciələrlə bağlı əsər işləmirsən?
Doğrusu, onun bu sözləri mənə təsir etdi. Bu söhbətdən sonra İstiqlal Muzeyinə
təqdim etdiyim əsəri işlədim. Sonra
Novruz bayramına aid də böyük panno işləmişəm.
- Böyük yazıçı Çingiz
Aytmatovla dostluğunuz necə başlanıb?
- Çingiz Aytmatov mənim həyatımda, dünyagörüşümdə böyük rol oynayıb.
O, məşhur yazıçı olsa da, çox sadə insan idi. Biz onunla Moskvada sərgidə tanış
olmuşduq. Sonra xaricə köçəndən sonra da dəfələrlə görüşdük. Onda Çingiz
Aytmatov Brüsseldə səfir idi. Sonra Benilüksün səfiri oldu. Lüksemburqda mənim
sərgimi Çingiz Aytmatov açıb. Mən onu bütün əsərlərini sevə-sevə oxumuşam.
Çingiz ağanın bir portretini də işləmişəm. Onun mənə yazdığı bir neçə məktubu
indi də qiymətli sənəd kimi saxlayıram. Çox yerdə deyirdi ki, Əşrəf mənim
ruhumun dostudur. Bu sözləri mən həmişə çox böyük fəxrlə dilə gətirirəm...
Kölndə, Bonnda onun bir sıra görüşlərinin təşkilatçısı mən olmuşam. O, məna
həyat tərbiyəsi verib... Sənətdə isə Səttar Bəhlulzadəni əsas müəllim sayıram.
- Xaricdə indiyədək neçə sərginiz olub?
- 40-dan çox ölkədə olub. Əsasən Avropa ölkələrində. Bundan əlavə,
Misirdə, İordaniyada, Mərakeşdə, Tunisdə keçirilib. İki dəfə də Hindistanda.
Moskvada isə altı dəfə. Azərbaycanda da elə il olur iki-üç dəfə əsərlərim
sərgilənir. Sərgiləri doğma yurdumun sənətsevərləri qarşısında hesabatım kimi
qiymətləndirirəm.
- Hansı ölkədə keçirilən
sərginiz daha çox yadda qalıb?
- Rumıniyada keçirilmiş sərgim daha unudulmaz olub. O vaxt
Azərbaycanın həmin ölkədəki səfiri Eldar Həsənov Rumıniya prezidentini də açılışa dəvət etmişdi. Sərgi Prezident
Sarayında keçirildi. Ancaq həmin gün prezidentin vacib işi olduğu üçün əvəzinə
vitse-prezident iştirak elədi. Sərgi böyük təntənə ilə başa çatdı.Bundan əlavə, 2006-cı ildə Nyu-Yorkda BMT-nin, sonra isə
NATO-nın Brüsseldəki iqamətgahında fərdi sərgim keçirilib. Onu da deyim ki,
həmin qurumlarda sərgisi təşkil olunan ilk azərbaycanlı rəssamam.
- Daha çox hansı saatlarda
işləyirsiniz?
- Əvvəlcə deyim ki, mən çox pis yatıram - gün ərzində təxminən 3-4
saat. Daha çox gecələr - sübhədək işləyirəm. İşləyəndə də xalq və bəstəkar mahnılarımıza dönə-dönə qulaq
asıram. Belə demək olarsa, gecələr zəngin musiqimiz mənim həmdəmim olur.
Qürbətdə vətənlə bağlı hər bir duyğu şirindir...
- Əsərlərinizdə, belə demək
olarsa, qırmızı rəng hakimlik edir. Niyə belə?
- Mənə görə, qırmızı mübarizlik, azadlıq rəmzidir. Daha işıqlı
rəngdir.
- İnsan yaşa dolduqca,
istər-istəməz, uşaqlıq illərinə qayıtmaq istəyir. Bayaq dediniz ki, İçərişəhərdə
doğulubsunuz. O illərdən nələri dilə
gətirmək istərdiniz?
- Bilirsiniz, mənim uşaqlığım o qədər də xoş keçməyib. O illərdən
ürəyimdə daha çox ağrılı-acılı xatirələr qalıb. Buna görə də, uşaqlığımdan
danışmağı xoşlamıram. Amma İçərişəhərə dair əsərlərimdə uşaqlıq arzularım
müəyyən qədər öz əksini tapıb. Onu da
deyim ki, İçərişəhər bu gün ütülənmiş şəkildədir. Səliqə-sahman var, ancaq elə
bil, orada hər şey turistlərə xidmət edir: restoranlar, otellər, müxtəlif
ölçülü budkalar.
- Heç uşaqlıq dostlarınızla
əlaqə saxlayırsınız?
- Əlbəttə. İnsan dostsuz qanadsız quş kimidir. Uşaqlıq dostlarımdan
daha çox, ehtiyatda olan polkovnik, vəkil Mürvət Əliyevlə görüşürük. Mənim bacım, qardaşım yoxdur, ancaq o, mənə
qardaş kimidir.
- Əşrəf bəy, deyirlər, dostunu
mənə göstər, sənin kim olduğunu deyim. Bu söhbət zamanı da daha çox həyatda
qismətiniz olan, dostluq etdiyiniz xeyirxah adamlardan danışdıq. Əsərləriniz
barədə isə kifayət qədər söhbət aça bilmədik. Ümid edirəm ki, Bakıda
keçiriləcək növbəti sərgilərinizdə bu barədə daha geniş söhbət açacağıq. Onu da
deyim ki, iki il sonra 70 illik yubileyiniz olacaq. Harada yaşamağınızdan asılı
olmayaraq, Siz və sizin kimi insanlar bu yurdun qürbətdə yanan işıqlarıdır. Biz
belə soydaşlarımızla fəxr edirik!
Söhbətləşdi Səməd Məlikzadə